"Zəfərin Amili" və "Yeni bir səhər" kitabları təqdim olunub

 

Sentyabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xalisə xanımın müəllifi olduğu "Zəfərin Amili" Aygün Bayramlının müəllifi olduğu "Yeni bir səhər" adlı kitabların təqdimat mərasimi keçirilib. "Zəfərin Amili" kitabı xatirələr toplusudur, avtobioqrafik səciyyə daşıyır. "Yeni bir səhər" kitabı isə şeirlər toplusudur.

Tədbiri açıq elan edən yazıçı, dramaturq, AYB-nin katibi Elçin Hüseynbəyli ərsəyə gələn kitablar barədə  ilkin məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Avtobioqrafik xarakter daşıyan "Zəfərin Amili" kitabının kövrək notlara kökləndiyini bildirib. O vurğulayıb ki, "Yeni bir səhər" kitabı da incə duyğuların poetik təsviri ilə zəngindir.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı ərsəyə gələn kitabların məziyyətlərindən söhbət açıb.

Öncə "Zəfərin Amili" barədə fikirlərini bölüşən F.Xudanlı sözügedən kitabın yaranma prosesindən bəhs edib. II Qarabağ savaşında şəhid olmuş Amil Hüseynovun həyat yoldaşı Xalisə xanımın xatirələrinin məcmusu olan kitabın mahiyyətindən söhbət açan idarə rəisi kitabdakı bəzi təsirli məqamları qeyd edib.

F.Xudanlı digər kitab barədə xoş fikirlər səsləndirib. O bildirib ki, "Yeni bir səhər" kitabının regiondakı ədəbi mühitin canlanmasına mütləq təkan verəcək.

İdarə rəisi sonda təqdimatın təşkilinə görə AYB- minnətdarlığını bildirib.

Yazıçı Seyran Səxavət hər iki kitabın bədii yükü, strukturu, dil-üslub məsələləri barədə söhbət açıb. Ötən illərin xatirələrini tədbir iştirakçıları ilə bölüşən yazıçı "Zəfərin Amili"ni digər məzmun cəhətdən səsləşən əsərlərlə müqayisə edib.  "Yeni bir səhər"də toplanan şeirlər barədə müsbət rəyini bölüşüb.

Kitabların redaktoru, şair Ramil Əhməd kitabların redaktə prosesi, spesifik məqamlar, müəlliflərin yazı texnikası barədə fikirlərini səsləndirib, hər iki müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

AYB-nin mətbuat katibi, şair Xəyal Rza Kürdəmir Regional Mədəniyyət İdarəsinin əvvəlki təşəbbüslərindən, ərsəyə gələn kitablardan bəhs edib. O, tədbirdə təqdim olunan kitabları da təqdirəlayiq hesab edib.

Sonda müəlliflər hər kəsə minnətdarlıqlarını bildiriblər, təqdimatın keçirilməsindən məmnunluqlarını ifadə ediblər.

 

Nadir Yalçın

 

525-ci qəzet.- 2022.- 24 sentyabr.- S.9.