Axına qarşı üzmək  

 

 

İstirahət etmək, havamı dəyişmək üçün çox zaman Göygölə (bölgə) gedirəm. Bakının səs-küyündən, cansıxıcı havasından, sıxlıqdan yaxamı qurtarmaqdan ötrü bu dəfə də üzümü dağlara tutdum. Göygöl haqda, oradakı vətəndaşlarımızın məişəti, yaşayışı haqda bir məqaləmdə ətraflı yazmışdım. Camaatı çox mehriban, qonaqpərvər, əliaçıq və səmimidirlər. Başqa bölgələrimizdə olduğu kimi, burada da əhali seyrəkdir. Dolanışıq üçün dünyanın müxtəlif yerlərinə səpələniblər. Son 44 günlük müharibə zamanı çoxu iş-gücünü buraxıb tələm-tələsik Vətənin hayına gəlmişdi.

 

Budəfəki səfərim qısa çəkdi. Amma yeni tanışlar tapdığıma sevindim. Rəfiqəmin müəllimə yoldaşları söhbət zamanı məktəbə yeni təyin olunmuş direktoru o qədər təriflədilər ki, onunla tanış olmaq marağı yarandı. Çünki məktəb direktorunu bu qədər tərifləyən müəllimlərlə ilk dəfə idi, rastlaşırdım. Razılaşdıq ki, sabah görüşək.

 

Məktəbdə çox gənc, sadə və səmimi, həmçinin möhkəm xarakterli bir xanımla - direktorla qarşılaşdım. Aytəkin Əliyeva son onilliklərin yetişdirdiyi bir çox direktor tiplərindən xeyli fərqli, bu stereotipləri, "standart"ları darmadağın edən əsl ziyalı, savadlı, demokratik düşüncəli və vətənpərvər bir xanımdır.

 

Aytəkin Əliyeva Göyçə mahalı, Basarkeçər rayonunun Nərimanlı kəndində doğulub. 2003-cü ildə Bakıda İlqar Əbülhəsənov adına orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə daxil olub. Magistr təhsilini Gəncə Dövlət Universitetinin Azərbaycan tarixinin yeni və ən yeni dövrü ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib, 2007-ci ildən  Səməd Vurğun adına Göygöl şəhər 3 nömrəli orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 2019-cu ildə Direktorların işə qəbulu müsabiqəsində yüksək bal toplayaraq Təhsil nazirinin əmri ilə Emil Vəliyev adına Göygöl şəhər 5 nömrəli orta məktəbə direktor təyin olunub. Müəllim kimi ilk fəaliyyətə başladığı ildən direktor olanacan ölkədə Təhsil Nazirliyinin keçirdiyi bir çox respublika miqyaslı layihə və müsabiqələrdə fəal iştirak edib, müsabiqələrin qalibi olub. O, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qafqaz Universitetinin birlikdə layihəsi olan "Direktorların hazırlıq kursu" layihəsi çərçivəsində 41 nəfər müdavim arasında 4-cü yeri tutub. 2017-ci ildə isə Təhsil Nazirliyi tərəfindən keçirilən "Təhsil menecerlərinin peşəkar inkişafı" müsabiqəsinə qatılan Aytəkin Əliyeva Göygöl rayonu üzrə Təhsil meneceri seçilib.

 

Aytəkin xanımın uğurlarını saymaqla bitməz. Əsas məqsədim Aytəkin xanımın direktor təyin olunduğu məktəbdə onun idarə üsulu, tədris metodu, kollektivdə qazandığı hörmət və məhəbbətin səbəblərindən danışmaqdır. O, direktor təyin olunduqdan sonra məktəbin həyatında böyük canlanma, çox gözəl ab-hava yaranıb.  Aytəkin Əliyeva məktəbin əvvəlki vəziyyətindən bir kəlmə də danışmadı,  əsasən öz işindən danışmağı daha çox sevir. O, ilk gündən məktəbdə ola biləcək bütün neqativ hallara qarşı, bir növ, müharibə elan edir. Başlıcası müxtəlif bəhanələrlə şagirdlərdən və müəllimlərdən pul yığmağı qəti şəkildə qadağan edir. Dərslər müəllimlərin diaqnostik imtahandan topladığı ballar üzrə bölünür. Məktəbdə əmək intizamı möhkəmləndirilir, buna əməl etməyənlər  cəzalandırılır. Aytəkin Əliyeva açıq mübarizə yolunu seçir, rəhbərlik etdiyi kollektivin gücünü eyni məqsəd üçün səfərbər edir, ciddi və möhkəm xarakteri ilə bütün çətinliklərin öhdəsindən məharətlə gəlir və sonda qalib olur, çünki kollektiv onu müdafiə edir. Məktəbdə sağlam ab-hava yaradan gənc direktor fəaliyyətini dinamik inkişaf, işi düzgün qurmaq, uğurlara gedən yolu daha da genişləndirmək və sürətləndirmək məqsədinə yönəldə bilir və zamanla bu  işlərin miqyasını genişləndirir. Daha mütərəqqi yeniliklər etmək, şagirdlərin elmə, biliyə marağını artırmaq üçün yeni yollar düşünür, dövlətin, Təhsil Nazirliyinin dəstəyindən bacarıqla faydalanır.

 

Aytəkin Əliyeva  2017-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən "Təhsil menecerlərinin peşəkar inkişafı" müsabiqəsinə qatılıb, Göygöl rayonu üzrə Təhsil meneceri seçilib, təhsil naziri Emin Əmrullayev tərəfindən 2021-ci ilin fevral ayında "Virtual məktəb"in yaradılmasında səmərəli fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub, Təhsil Nazirliyinin bir sıra layihələrinin Göygöl rayonu üzrə icrasında fəal iştirak edib. O həmçinin Təhsil Nazirliyinin keçirdiyi Təhsildə inkişaf və innovasiyaları üzrə I Qrant müsabiqəsində "Bilici anam", III Qrant müsabiqəsində isə "Gənc müəllimlərə dəstək" layihələrinin qalibi olub.

 

Aytəkin Əliyeva "Sosial mediada fəal iştirakına görə "Təşəkkürnamə ilə təltif olunub. 2021-2022-ci tədris ilindən onun direktor işlədiyi məktəbdə ilk dəfə olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin bir neçə layihəsi tətbiq olunur.Bunlardan  biri 3-4 yaşlı uşaqların müxtəlif bacarıqlarını inkişaf etdirmək üçün çox dəyərli layihələrdən olan "İcma əsaslı məktəbəqədər təhsil" layihəsidir.Layihə erkən yaşda təlimin uşağın sosial-emosional, kiçik və böyük motor və intellektual bacarıqların yaxşılaşmasına müsbət təsir etməsini, onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq həyata keçirilir.

 

Digər layihə ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsi məqsədi ilə təşkil edilən "Peşə təmayüllü siniflər"layihəsidir. Bu layihə üzrə məktəbin 10 -cu sinif şagirdləri üçün  İT (kompyuter texnologiyaları ) və dərzi köməkçisi ixtisası fəaliyyət göstərir . Bu, çox təqdirəlayiq bir haldır. Orta məktəbi bitirən yeniyetmələr müstəqil həyata artıq hazır bir mütəxəssis kimi qədəm qoyurlar.

 

Bundan başqa məktəbin 6-cı sinifləri üzrə STEAM layihəsi tətbiq edilir. STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır. Bu layihənin mənə maraqlı gələn ən mühüm cəhəti uşaqların bütün fənlərdən məlumatlı olmasını təmin etməsidir. Layihənin yuxarı siniflərdə də tətbiqi bir problemi aradan qaldırardı: hamımız bilirik ki, şagirdlər orta məktəbin yuxarı siniflərində yalnız imtahan verəcəkləri qrupun fənlərini oxuyur, o biri fənlərə laqeyd yanaşır, çox zaman həmin fənlərdən bixəbər qalırlar. Məncə, bu layihəni bütün məktəblərdə tətbiq etmək çox xeyirli nəticələrə gətirib çıxarardı.

 

ADA Universiteti Qazax Müəllimlər Seminariyasının tarixi binası qarşısında keçirilən tədbirdə ölkəmizdə yüksəkixtisaslı müəllimlər yetişdirmək səylərinə dəstək vermək məqsədilə "Bir müəllimin manifesti"ni elan edib və bu barədə niyyət sazişi imzalanıb. Elan olunan manifestdə bildirilir ki, ADA əməkdaşları bölgələrə gedərək məktəblərdə çalışacaq, həmin məktəblərdən qabaqcıl müəllimləri seçib ixtisasartırma üçün ADA-ya gətirəcəklər. Burda təhsil alacaq müəllimlər müsahibə əsasında seçilir. Həmin müsahibədə iştirak edən 500 nəfərdən  seçilən 40 nəfərdən biri də Aytəkin Əliyevadır. Seçilən müdavimlər  həm Qazax Müəllimlər Seminariyasında, həm ADA-da, həm də ADA-nın Vaşinqtondakı mərkəzində təlim kursunda təhsil alırlar. Beləcə, onlar qazandıqları  beynəlxalq təhsil təcrübəsini regionlarımızda tətbiq edəcək, bunu bir missiya olaraq bölgələrimizdəki məktəblərlə və müəllimlərlə bölüşəcəklər. Aytəkin Əliyeva da bu təlim kurslarında qazanacağı təcrübəni işlədiyi məktəbdə tətbiq etməklə məktəbin uğurlarının siyahısına zaman keçdikcə daha yenilərini əlavə edəcək.

 

Adətən, oxucunu naümid buraxmağı, onda neqativ düşüncə yaratmağı heç vaxt sevməmişəm. Çalışıram ki, hər oxuyan özü üçün müsbət nəsə götürə bilsin, pozitiv düşüncə ilə həyat enerjisi yüksəlsin.  Aytəkin xanımla görüşməzdən əvvəl müəllimlərin danışığını dinləyərkən  düşünmüşdüm ki, bu xanım axına qarşı üzür.  Lakin onunla söhbətimizdən sonra fikrim tamam dəyişdi. O, axına qarşı üzmür, axını öz arxasınca çəkib aparmağı bacarır. Vəzifə kreslosunda uzun illər passivcəsinə əyləşib heç bir yeniliyi tətbiq etməyən, fəaliyyəti saxta tədbir sənədləri tərtib etməklə məhdudlaşan, uğurları yalnız məktəbdən yayınıb instituta hazırlaşan uşaqların qəbul sayı ilə ölçülən direktorlar çoxdur. Məncə, həm təhsildə, həm də digər sahələrdə işi bu cür bacarıqlı gənclərə həvalə etmək lazımdır ki, neqativ hallar aradan qalxsın, ölkənin xoşbəxt gələcəyinə ümidimiz daha da çoxalsın.

 

Mən Aytəkin Əliyevanın son bir neçə ildə qazandığı uğurlardan söz açdım. Çox istərdim ki, dövlətin etibar edib iş tapşırdığı bütün məsul şəxslər öz işlərini bu cür vicdanla, ləyaqətlə yerinə yetirə idilər. İnanıram ki, gələcəkdə  peşəkarlığı, savadı, əsl ziyalı xarakteri ilə seçilən bu xanım  haqqında daha çox xoş sözlər eşidəcək və uğurlarına şahid olacağıq. Aytəkin xanıma bu yolda dönməzlik və yeni zirvələr fəth etməyi arzulayıram

 

 

HƏCƏR

525-ci qəzet.- 2022.- 25 yanvar.- S.13.