Mollanın kələkbaz külfəti
"MOLLA
NƏSRƏDDİNİN BEŞ ARVADI" TAMAŞASINDAN
QEYDLƏR
Qadın-kişi problemi, az qala, dünya yaranandan olub, yəqin həmişəlik də olacaq. Zaman-zaman sorğular çıxır
qarşımıza: qadın
ağıllıdır, yoxsa
kişi?; qadın üstündür,
yoxsa kişi?; evdə qadının sözü keçməlidir,
yoxsa kişinin? Və sair və ilaxır.
Beləcə davam edir bu iki cins
arasındakı "soyuq
müharibə".
Ədəbiyyatımız, incəsənətimiz də
xali deyil bu problemdən. Hətta iddia
edə bilərik ki, elə incəsənətin
də, ədəbiyyatın
da əsas problemlərindən biri və birincisidir qadın-kişi münasibətləri.
Uzun illərdir Azərbaycan Dövlət Akademik Musiqili Teatrın repertuarında olan və hər
dəfə seyrçilər
tərəfindən sonsuz
maraqla izlənilən
məşhur özbək
yazıçısı İbrahim
Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" iki hissəli komediyası da qadın-kişi problemini ortaya qoyur. Molla Nəsrəddin bizə
şifahi xalq ədəbiyyatımızdan, bir-birindən
gülməli, duzlu-məzəli
lətifələriylə tanışdır.
Hazırcavablığı, çətin məqamda ağıllı qərarları,
gözlənilməz hərəkətləriylə
təkcə bizim deyil, bütün türk dünyasının
sevimli obrazı olan Molla Nəsrəddin
bu tamaşada da həm güldürməyi,
həm də düşündürməyi bacardı.
Dilsuz Mustafayevin Azərbaycan dilinə tərcümə
etdiyi bu səhnə əsərinin
quruluşçu-rejissoru Əməkdar
incəsənət xadimi
Əsgər Əsgərov,
quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Leyla Ağayeva,
rejissor-assistenti Tamilla
Aslanovadır.
Tamaşada rolları Əməkdar
artistlər Əkbər
Əlizadə, İqrar
Salamov, aktyorlar Əliməmməd Novruzov,
Mehriban Zaliyeva, Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Ruslan Mürsəlov və Şaban Cəfərov ifa edirlər.
Səhnə əsərinin baş qəhrəmanı Molla Nəsrəddin (Əkbər
Əlizadə) özündən
müştəbeh, özünü
çox sevən bir insandır. Elə bu
xüsusiyyətinə görədir
ki, sarayda şahın yanında ehtiyatsızlıq edib ağzından bir söz çıxarır.
Şahın öz arvadından qorxduğunu deyən Mollanı şah böyük bir ev və dörd arvadla "mükafatlandırır".
Elə bütün hadisələr
də bundan sonra başlayır. Məsələ bundadır ki,
Molla Nəsrəddin
30 ildir Fatmayla evlidir. Onun şahın təkidiylə
yenidən evləndiyindən,
özü də dörd arvadı birdən aldığından
Fatmanın xəbəri
yoxdur. Molla da hələlik
kəbin kəsilənə
kimi bu hadisəni
qarısından gizləmək
fikrindədir. Sonra başlayır
təzə arvadlarla tanışlıq. Bu arvadların da hərəsi bir biçimdə, hərəsi
bir xasiyyətdə, hərəsi bir ailədəndir. Məsələn, şahın Mollaya "layiq gördüyü"
arvadlardan birincisi Cənnət şahın baş cəlladının
qızı, şəhər
hakiminin bacısı qızıdır. Bu xəbər
Mollanı lap qorxuya salır. O bilir ki, daha qaçacaq
yeri yoxdur.
Bir az sonra
bütün arvadlar-Təmənna,
Zibeydə, Tutu da gəlib öz gələcək ərləriylə
tanış olurlar. Ən sonda isə Mollanın 1-ci arvadı,
30 illik qarısı Fatma hadisədən xəbər tutur. Təbii ki, bütün qadınlar kimi bunu normal qarşılamasa,
qışqırıb-bağırsa da, şahın verdiyi fərmana o da tabe olur.
İrəliləyən hadisələr bu evin də, bu arvadların da şah tərəfindən Mollaya verilən dərs olduğunu göstərir. Mollanın təzə arvadları Fatmayla birləşib qadın ağlına şübhəylə yanaşan, qadınları aşağılayan, onlara xor baxan Nəsrəddinə kələk gəlirlər. Hamısının isə bir məqsədi var: qadın ağlının gücünü Mollaya və onun kimi özündən müştəbeh kişilərə sübut eləmək. Əlbəttə, Molla da köhnənin mollasıdır. Ona kələk gəlmək, onu aldatmaq hələm-hələm iş deyil. Necə deyərlər, "sən saydığını say, gör molla nə sayır..."
Səhnə əsərini daha maraqlı və baxımlı edən nüanslardan biri də Molla Nəsrəddinlə bağlı uşaqlığımızdan eşitdiyimiz, əzbər bildiyimiz baməzə əhvalatlara, lətifələrə yer verilməsi idi. Bütün bu lətifələrin və Molla Nəsrəddinə yaraşacaq komik əhvalatların cəm olduğu tamaşa peşəkar aktyor oyunu ilə də yaddaqalan oldu. Baş roldan epizodik rollara qədər hər kəs öz işinin öhdəsindən ustalıqla gəlməyi bacarırdı.
Təbii ki, Musiqili Teatrda tamaşa izləyirsənsə, onun musiqilərindən də danışmaq lazımdır. Musiqisiylə, sözləriylə əzbər bildiyimiz mahnıların sözləri çox böyük ustalıqla əsərə və əhvalatlara uyğunlaşdırılmışdır. Məhz buna görə də özbək əsəri olmasına baxmayaraq, tamaşa azərbaycanlı seyrçidə çox doğma duyğular yaradır.
Siz də ailədə və cəmiyyətdəki
qadın-kişi münasibətlərinə bir
də Molla Nəsrəddinin və onun külfətinin gözüylə baxmaq, qəhrəmanlarını komik situasiyalara salan kələklərin nə olduğunu
bilmək, gülmək və düşünmək istəyirsinizsə,
yolunuzu Azərbaycan Dövlət Akademik Musiqili Teatrından
salın. Axı bizim çoxbilmiş
Molla özünün
külfətiylə birgə yolunuzu
gözləyir...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 25 yanvar.- S.8.