Qardaşdan da yaxın...
Faiq Hacıyevin 75
yaşına bütün dostları adından təbrik
Yaxın
vaxtların söhbətidi, on beş kitabdan ibarət
"Əsərlər" çoxcildliyimin
altıncısını tərtib eləyəndə
"Naxçıvan dağları" adlı bir şeiri nəzərdən
keçirirdim. Səmimiyyətimə şəkk eləməyə
hansısa əsasınız olmasın gərək,
inanın, şeiri monitorda oxuyub başa çatan kimi
barmaqlarım kompüterin şrift düymələri üzərində
gəzdi, nə yazdığımı təkrar oxudum.
"Naxçıvan dağları"
başlığının altındakı
yarımçıq cümlə belə idi: Ən səmimi
insan, yaxın dostum Faiq Hacıyevə. Niyə
belə alındı? Faiq müəllimin bu
işıqlı dünyada yaşayan ən səmimi insanlardan
biri olmağına kim nə deyə bilər?
Bir şərtlə, təki ömründə heç olmasa
bircə dəfə onunla görüşmüş olasan... Bu belə, yaxşı, bəs hansı əsasla Faiq
müəllimi ən yaxınn dostum adlandırıram?
Dostluğumuzun yaxınlıq dərəcəsini, Faiq müəllimlə
əlaqədar olaraq deyirəm, indi dəbdə olan ifadəylə
söyləsək, ara məsafəsini tale
və qismətin rastlaşdırdığı doğma-yad,
yaxın-uzaq tanışlardan heç biri müəyyən edə
bilməz. Bir yana baxanda mənim verdiyim tərif
də birtərəflidir və həqiqəti mükəmməl
şəkildə ifadə eləmək iddiası sərgiləmir.
Sözü ora gətirirəm ki, çevrədəki insanlara
münasibətdə onun, yəni Faiq müəllimin ən
yaxın dostlarının kim, kimlər
olduğu qərarını yalnız Faiq müəllimin
özü verə bilər! Hər halda, indi sizə
"Naxçıvan dağları" deyilən həmin
yazını təqdim edirəm, çünki söhbətin
mabədi bundan sonra daha aydın, bəlkə elə sizə də
mənim qədər zəruri görünəcək...
Daşlar
bir-birinə necə bağlandı;
ayaqdı,
bədəndi,
başdı
elə bil.
Dağ
var ki, basılmaz, igid oğlandı,
Dağ da
var
çürümüş dişdi elə bil.
Bilinməz
kasıbdı, zəngindi torpaq -
bir
qırpım alafı, əncəri yoxdu.
Torpaqdan
özgə cür püskürür hər dağ;
bu
dağın o dağa bənzəri yoxdu.
Çapdı
sərt küləklər qəzəb atında,
Qayanın min yerdən köksü deşildi.
Bunlar ki,
dağ deyil,
günün
altında
Bərkimuş
əsrdi, qurumuş ildi!
Ömür
nəmənədi, zəifcə şam ki,
qaralar
bir əsim bərkdən, çətindən.
Dağlara
baxanda az qalıram ki,
durub yerə
girim xəcalətimdən!
Biri sual
dağdı,
başqası nida -
Sıldırım hikmətlər tutub aranı.
Ya
daşa çevrilir həyat burada,
ya da ki,
daşlardan həyat yaranır...
Şeirdə, misraların axarında və ruhunda əntiqlik
(antik), poetik obyektin təbiətindən gələn xına
çalarları görünsə də, qədim
Naxçıvan torpağı mənim nəzərlərimdə
ta uşaqlıq illərindən bugünəcən, Vaqif Səmədoğlu
demiş, "uzaq, yaşıl ada" timsalında
canlanır. Orasını deyim, bizim Bəhmənlidən
ötüb keçən qatarların aşağı və
yuxarı baş üzrə hərəkət cədvəlinin
iki əsas dayanacağı olmuşdu, Bakı -
Naxçıvan. Erməni işğalından sonra
"Bakı -
Naxçıvan" qatarının hərəkət etdiyi dəmiryolunun
beli Horadiz stansiyasında qırıldı. Həmin tarixəcən
bu yol üzərindəki bütün şəhərlərin,
yaşayış məntəqələrinin (Ələt,
Əli Bayramlı, Saatlı, Qaradonlu, Horadiz, Həkəri,
Mincivan, Meqri, Qafan, Ordubad, Culfa, Naxçıvan) qan damarı
sayılırdı. Sərnişin
daşınması bu yolun missiyasınin ən cüzi bir hissəsi
idi. Bu yolla yük qatarları gecə-gündüz
nələr, nələr daşımırdılar, ilahi?!
Bəhmənlidə, həmin bu dəmiryolunun
qırağında yerləşən evimiz sutka ərzində
keçən qatarların sayı qədər, ən azı
15-20 dəfə silkələnirdi. İndi Mərdəkanda
hər gecə yatağıma uzananda gözümü
(özümdən asılı olmayaraq) 15-20 saniyə tavana
dikib gözləyirəm ki, indicə yaxınlıqdan bir qatar səsi eşidiləcək və relslər
üzərində fırlanan polad təkərlərin təsirindən
evimiz silkələnəcək. Bu baş vermir, əvəzinə
hərdən elə olur, deyirsən bəs Göy
yarılır. Dəmiryolu yoxdu yəni,
indi başımızın, evimizin üstündən hava yolu
keçir, təyyarələr uçur.
Mətləbdən uzaqlaşmayaq, həyatımın
Bakı dövrü (1972-ci ildən) başlayandan sonra məni
Naxçıvan torpağına bağlayan dəmiryoldan,
qatarlardan daha çox oradan qanadlanıb yüksələn xətirli
insanlar oldu.
Əlbəttə, bu baxımdan xalqımızın məhz
oradan başlanğıc alan mənəvi,
tarixi qaynaqları, Naxçıvanın yetişdirdiyi idrak
örnəkləri, dövlət xadimləri ön sırada gəlir.
Onları bizdən əsrlər ayırır,
biz onları görməmişik.
Görkəmli coğrafiyaçı alim Səfərəli
Babayevin bir kitabının redaktoru olmuşdum. O, toponomiya, təbiət və
tarix abidələri, "Kitabi Dədə Qorqud"
dastanındakı təsvirlərlə səsləşən
real coğrafi relyefin müqayisəsini aparmış və
sübut etmişdi ki, ana kitabımız dediyimiz eposda cərəyan
edən hadisələrin baş verdiyi ən
inandırıcı məskənlərdən biri də
Naxçıvan ərazisidir.
Naxçıvan
deyəndə gözlərimiz qarşısında orta əsrlərə
aid iki möhtəşəm dəyər canlanır: Memar,
Əbubəkr oğlu Əcəmi Naxçıvani və
tariximizdə ilk milli Azərbaycan dövləti olan Atabəylər
dövləti.
Qürur doğuran şərəf lövhəsini istənilən
miqyasda genişləndirə bilərik. Sadəcə, XIX əsrin
ikinci yarısı, XX əsrin ilk 20 ilində, Azərbaycan intibahının
bizə ən yaxın qızıl dövründə Cəlil
Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid
Ordubadi öndə olmaqla Naxçıvan mühitindən qopub
bütün ölkəmizi, cəmi Qafqazı, Yaxın Şərqi
ziyalandıran böyük simaları qeyd etməklə kifayətlənirik.
Eləcə də təsdiqləyirik ki, xilaskar dövlət
başçısı, uzaqgörən siyasətçi, Ulu
öndərimiz Heydər Əliyevin adıyla şaxələnən,
əbədi bir çinar kimi qol-budaq açan Əliyevlər
nəslinin göstərdiyi müstəsna xidmət və ləyaqət
bu gün bütün xalqımıza və hər bir azərbaycanlıya
məxsus sərvətdir!
Mən Naxçıvanda 10 gün qalıb (1986) bu qədim
diyarı qarış-qarış gəzmişəm. Səfər
qeydlərimi silsilə şəklində o zamanlar
çalışdığım "Sovet kəndi" qəzetində,
sonralar "Sınıq güzgü" kitabımda dərc
etdirmişəm. Orada Əshabi-Kəfdən,
Duzdağdan, Əlincədən, "Badamlı",
"Sirab", "Vayxır" mineral su mənbələrindən,
Əcəmi seyrəngahından, Möminə xatun türbəsindən,
Sədərək sınırından baxanda Türkiyə ərazisində
əzəmətlə ucalan, həmişə başı
çalmalı Ağrı dağından, Qazançı,
Saltaxta, Xanağa kəndlərindən, İlanlı
dağdan, Nehrəmdə Cəlil Məmmədquluzadənin
xatirəsini yaşadan nişanələrdən bəhs
etmişdim. Naxçıvanda olarkən Əli
Şamilov, Əkbər Əliyev, Cəlil Vəzirov, Akif
Axundavla çay süfrəsi arxasında saatlarla çəkən
söhbətlərimizi xatırlayıram. Qüdrətli
qələm sahibləri, Nurs və Əylis doğumlu Məmməd
Arazın, Əkrəm Əylislinin mənə, eləcə də
özləri ilə bərabər, özlərindən sonra gələn
ədəbi qüvvələrə qayğıları barədə
mətbuatda dönə-dönə yazılıb.
Universiteti bitirdiyim il Məmməd Araz mənə
tələbnamə verib, hansısa bir rayon qəzetinə
göndərilməyimin qarşısını almış,
Bakıda qalıb çalışmağıma
yardımçı olmuşdu. Məmməd əmi
ilə bir süfrə başında əyləşib
çörək kəsdiyimi xatırlamıram. Lakin hələ gənc olduğum vaxtlarda
böyük ürəkli şair Məmməd Araza balaca
ürəyimdə elə güclü məhəbbət
vardı ki, o duyğuları yalnız və yalnız dostluq
adlandırmaq olardı. Xatırlayıram, bizim ədəbi
nəsil Əkrəm Əylislinin cazibədar, Buzbulağın
suyu kimi saf hekayə,
povest və romanlarının
işığında uçur, onunla görüşlərə
can atır, təmaslarımızdan isə zövq, bilik, enerji
alırdıq. Naxçıvan əsilli digər və
çox sayda qələm əhlini də dost saya bilərəm:
Namiq Həsənov, Zeynal Vəfa, Hidayət Səfərli,
Mövsüm Mövsümov, Məmməd Məmmədov,
Muxtar İmanov, Kamran Əliyev, Cəfər Cəfərov,
Natiq Səfərov, Cavanşir Eloğlu, Rüstəm Behrudi, Sərdar
Zeynal, Elçin Səlcuq, Səfər Alışarlı...
Dünyadan
köçənlərə rəhmət və qalanlara
sağlam can, uzun ömür arzusu ilə söhbəti yenə
naxçıvanlı dostum, ən azı 35 il
ərzində mütəmadi olmasa da, müəyyən
münasibətlərlə (ad günü, xeyir-şər məclisləri,
ədəbiyyat tədbirləri) bir masa ətrafında qərar
tutub unudulmaz saatlar yaşadığım o insanın, Faiq
Hacıyevin üzərinə gətirirəm.
Faiq
müəllim özü, ailə mühiti, ümumiyyətlə
avtobioqrafiyası
barədə danışmağı demək olar
ki, sevmir. Bildiyim kasad məlumat bundan ibarətdir ki, o, 1947-ci
ildə Naxçıvanda, yaxşı bir ailədə
doğulub, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq
fakültəsini Ramiz Rövşən, Seyran Səxavət,
Sabir Rüstəmxanlı, Mövlud Süleymanlı, Möhbəddin
Səməd, Camal Yusifzadə, Çingiz Əlioğlu kimi bu
günün ciddi ədəbi simaları ilə təqribən
eyni vaxtlarda oxuyub və onlarla dərin, mənalı dostluq eləyib.
Mənim Faiq müəllimlə
tanışlığımın səbəbkarları da
yuxarıda adları sıralanan ədiblər olmuşlar.
Faiq Hacıyev uzun illər Naxçıvan da daxil olmaqla,
Azərbaycanın müxtəlif bölgələrində
hüquq-mühafizə orqanlarında, dövlət təhlükəsizliyi
sistemində yuxarı vəzifələrdə
çalışıb. Amma biz, onun dostları görüşlərimiz
zamanı heç fərqində deyildik ki, özünün
xidmət sferasında Faiq Hacıyevin ranqı, vəzifə mərtəbəsi,
rütbəsi nədir, necədir.
İfrat sadəlik, bərabərhüquqluluq, səmimiyyət,
qonaqpərvərlik, həqiqətpərəstlik onun
tutduğu vəzifələrin ən yüksəyi olub və
indi də belədir. Dostluğumuz öz yerində, hətta təminat
verməyə borcluyam ki, onu şəxsən tanımayanlar belə
Faiq Hacıyev kimi soydaşı olduğuna görə bir
rahatlıq duyğusu keçirə bilər.
O,
sözün gerçək mənasında həqiqi
ziyalıdır; Faiq Hacıyevə görə yüksək
insani məziyyətlərə malik olmaq, xeyirxahlıq,
savadlılıq, uzaqgörənlik kimi keyfiyyətlər hər
hansı bir insanın mahiyyətini dəyərləndirmək
üçün başlıca meyarlardır, açar sözlərdir.
İnanmıram ki, kimsə ondan inciyib, Faiq müəllimin
könlünə dəyən hansısa bir ifadəyə, hərəkətə
isə vicdanı üstündə olan kəs yol verə bilməz.
Faiq Hacıyev bizim Azərbaycanda mənim
tanıdığım ən həssas və elitar oxuculardan,
eyni zamanda ciddi ədəbiyyatın alovlu təbliğatçılarından
biridir. Dəfələrlə dostumun mütaliə dairəsinin
miqyasına heyrətimi onun özünə, açıq
şəkildə bildirmişəm.
O, tələbə
dostlarının (S.Rüstəmxanlı, S.Səxavət,
R.Rövşən, Ç.Əlioğlu...)
yaradıcılığını məxsusi, bir az da qürur
hissi ilə dəyərləndirir, onların bütün
kitablarını, ədəbi jurnallardakı
çıxışlarını dəqiqliklə izləyir, əsərlərin
bir çoxundan müəyyən parçaları əzbərdən
xatırlayır.
Çox xoşdur ki, hardasa bir yazımı oxuyub bəyənəndə mənə də dərhal telefon açıb təşəkkürünü elə formada bildirir ki, guya bu əsəri yazmaqla məhz ona böyük bir yaxşılıq eləmişəm. Faiq müəllimin necə istəkli, gərəkli bir dost, hələ lap gənclikdən mükəmməl bir insan olduğunu müşahidə etmək üçün yazıçı Seyran Səxavətin "Qaçaqaç" romanında Faiq müəllimə həsr olunmuş təfərrüatlı təsvirlər yaxşı ki, qələmə alınıb və bu baxımdan artıq, o, gözəl ziyalı, istedadlı dövlət xadimi, ədəbi söz vurğunu, əla dost Faiq Hacıyev zəmanəmizin müsbət milli-ədəbi obrazları sırasına daxildir.
Təbii ki, Faiq məllimi cəmiyyətin gözündə yüksəldən səbəblər Göydən yağmayıb və Yerdən çıxmayıb. Məncə, o, bütün yaxşı göstəricilərinə görə onu yetirən, böyüdən, şəxsiyyət kimi formalaşması yolunda zəhmətlərə qatlaşan, bir çox üstünlükləri isə ona irsən ötürən nəslinə, şəcərə mühitinə minnətdar olmalıdır.
Və nəhayət, istəkli Faiq Hacıyevin 75 illik yubileyi (1947, 6 Yanvar, yəni günü bu gün) münasibəti ilə ona mənən bağlı olan dostların hamısının məsuliyyətini öz üzərimə götürərək qələmə aldığım, onun parlaq şəxsiyyəti ilə müqayisədə xeyli sönük görünən yazıya nöqtə qoyuram.
Və bir qədər də bizim əziz, doğma qardaşımıza bənzəyən Naxçıvan dağlarına həsr elədiyim şeirlə başlanan qeydlərimi 7 il öncə Faiq Hacıyevə həsr olunmuş digər bir şeirimlə bitirsəm, yerinə düşər və söz vaxtına çəkər zənnindəyəm!
Xəyalən boylanıb əsmər üzünə,
bu şeiri yazıram onun adına...
Sanki bahar yeli əsir üzümə -
Şadlanır duz günü,
cümə, adına!
Əl tutub, köksünə sıxanda səni,
Varlığın bürünür yaz havasına.
Qovur dost üzünü bürüyən çəni,
Hər kəsi dindirir öz havasına.
Ovuc xətlərində
tale yozulur,
Ovcunda gətirir keçmişi mənə.
Qardaşdan
yaxındı desəm, az olar...
Sözdən
də yaxındı bu kişi mənə!
Bəlkə
də seyiddi...
cəddindən
artıq? -
Payız fərqimiz var, qış fərqimiz var.
Ona ərk
edirəm həddindən artıq,
Çox da ki, arada yaş fərqimiz var.
Hərdən
düşünürəm, çıxdaş eləyib
mənim
o qüdrətdə varmı tanışım?
Adamı
uzaqdan sərxoş eləyir
Dəyirmi
üzündən süzülən işıq!
Sərbəst
girişində azadlıq postu,
dədəm, babam tikən qırx çeşməli ev!
Seyranın,
Ramizin tələbə dostu,
mənimsə oxucum - Faiq Hacıyev...
5 yanvar, 2022
Vaqif
BƏHMƏNLİ
525-ci qəzet.- 2022.- 6 yanvar.- S.10;11.