Qədim Gəncə zibilliklərdən təmizlənir

 

Gəncə Dövlət Tarix-Mədəniyyət qoruğunun otuz illik probleminin həllinə başlandı

 

Bir müddət öncə, Gəncə ərazisindəki orta əsrlərə aid qala, körpü və digər tarixi tikililərə uzun illərdir ki, biganə münasibətin rüsvayçı nəticəsi - həmin tarixi abidələrin zibillik altında batması məsələsindən narahatlıqla söhbət açmış və qeyd etmişdik ki, Gəncənin mərkəzi hissəsindən şimal-şərq istiqamətində 5 kilometrlik məsafədə, Gəncəçay sahilində yerləşən, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisinə daxil olan Qədim Gəncə qalasının uzaq keçmişdən əsrimizəcən gəlib-çıxan qalıqları və onun ətrafındakı digər tarixi yadigarlar bu əraziyə əsasən son üç oniliik ərzində fasiləsiz olaraq atılmış məişət və tikinti tullantıları ilə qalaqlanaraq əmələ gəlmiş "yeriyən zibil təpələri" altında məhv olmaqdadır. Xatırladaq ki, elmi-tarixi əhəmiyyəti nəzərə alınaraq, hələ 1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən, qədim Gəncənin ərazisi qoruq elan olunub. Bu qoruğun hüdudları ümumən 1482 hektarlıq qədim Gəncə ərazisini əhatə edir.

Sevindirici haldır ki, məsələ ictimailəşdirildikdən sonra şəhərin yerli strukturları təcili olaraq tarixi yadigarların xilası yönündə təxirəsalınmaz addımlar atıblar. İlkin mərhələ kimi, Gəncə Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində genişmiqyaslı təmizlik işləri aparılıb. Qala və digər tikililərin qalıqlarının, eləcə də yaxınlıqdakı "Comərd Qəssab türbəsi"nin ətrafı məişət tullantılarından təmizlənib, tarixi əhəmiyyətli məkanları tanıtmaq üçün onların üzərinə yeni məlumat lövhələri quraşdırılıb. Həyata keçirilən müvafiq işlərə yerli Mənzil Kommunal Təsərrüfat İstehasalat Biriliyinin texnikası və əməkdaşları ilə yanaşı, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun və AMEA-nın mütəxəssisləri də cəlb olunublar.

 

Şəhər rəhbəri Niyazi Bayramov Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunda başlanılan təmizlik işləri ilə yaxından tanış olmaq üçün əraziyə baş çəkib. O qeyd edib ki, burada aparılacaq abadlıq və bərpa işləri nəticəsində qədim Gəncə qalasının qorunub saxlanılması gələcəkdə turizmin inkişafına da təkan vermiş olacaq. Eyni zamanda, şəhər rəhbəri sakinlərə ətraf mühitə qarşı diqqətli olmağı da tövsiyə edib.

 

Yeni ilin ilk günlərində qədim Gəncə qalasının taleyi ilə bağlı xoş xəbər şəhər ictimaiyyəti tərəfindən məmnunluqla qarşılanıb.

 

"Qədim Gəncədən, Nizami dövründən qalan tarixi izlərin uzun illər ərzində itib-batmaq təhlükəsi altında olması millətimizə yaraşan hal deyildi. Şükürlər olsun, deyəsən, bu təhdidin qarşısının alınması üçün ilk addımlar atılır. Mərhum dostum, şair Rübailin misraları yadıma düşür: "Gəncəni sevənə Gəncə gencədir; Sədaqət hər şeydən burda öncədir..." Hamılıqla öz əməllərimiz və həmrəyliyimizlə yurdumuza sədaqətimizi nümayiş etdirsək, bütün problemlərə həll yolları tapmaq olar", - deyə şəhərin hörmətli ağsaqqallarından olan 84 yaşlı professor Zaur Həsənov öz fikirlərini bildirib.

 

Qeyd edək ki, sözügedən ərazidə orta əsrlərə məxsus qala divarları və bürclərininin, üç körpünün və digər tikililərin qalıqları mövcuddur. On əsr ərzində, 7-ci əsrin sonlarından 17-ci əsrin əvvəllərinədək Gəncə şəhəri məhz burada mövcud olub. Sovet dövründə müxtəlif vaxtlarda qədim şəhər ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı burada çox qiymətli tarixi artefaktlar aşkarlanıb. Ərazi zibilliklərdən qurtulduqdan sonra bu araşdırmaların davam etdirilməsi üçünimkan yaranacaq.

 

Zakir MURADOV,

Gəncə

 

525-ci qəzet.- 2022.- 6 yanvar.- S.6.