Sözün tablosu  

 

 

Ömrümün 40 ildən çoxu nəşriyyatlarda keçib. Bu 40 ildə çox kitabların redaktoru olmuşam. Sayını belə unutmuşam. Duman çəmənliyə necə hopursa, mənim ömrümün anları redaktoru olduğum kitabların səhifələrinə eləcə hopubdur.

Redaktoru olduğum  sonuncu kitab görkəmli şairimiz Ramiz Məmmədzadənin "Bir ömürdü, o da keçdi beləcə..." kitabıdır. Ramiz Məmmədzadə sözün qədrini, çəkisini, dəyərini bilən, onu daim urvatlı tutan şairdir. Ramiz müəllimin "Bir ömürdü, o da keçdi beləcə..." kitabında toplanmış şeirlərini, bədii publisistik məqalə esselərini oxuyanda onun şair ömrünün heç bəhrəsiz olmadığını, yaradıcı duyğularla keçdiyini gördüm. Öz sözü ilə desək, mənzərə daha aydın olar:

 

İşıq umdum hər açılan səhərdən,

Arxasınca ha yüyürdüm, ha qaçdım.

Kimsə məni aşıranda yəhərdən,

Mən əl atıb üzəngidən yapışdım.

Bir ömürdü,

O da keçdi beləcə...

 

Dağa baxdım papaq düşdü başımdan,

Fəqət yenə dayanmadım, yeridim...

Neçə atlı çapıb keçdi qarşımdan,

Mən bu yolda suya döndüm, əridim...

Bir ömürdü,

O da keçdi beləcə...

 

Şairin sözlə çəkdiyi tablonu göz önünə gətirdinizmi? Ramiz Məmmədzadə vətəndaş şairdir. Mən bu sətirləri yazarkən xəyalən 1990-cı ilə qayıtdım. Elə bildim Dağüstü parkdayam, 20 Yanvar şəhidlərini anmağa gələnlərə Ramiz Məmmədzadənin kiçikhəcmli, lakin kədər, qürur dolu "O gecə" kitabını paylayırdılar. Yadımdadı, "O gecə" poeması 1990-cı ildə "Gənclik" nəşriyyatında 100 min tirajla çap edilmişdi. O da yadımdadır ki, Ramiz Məmmədzadə ona çatası qələm haqqını Şəhidlər xiyabanının tikinti fondunun hesabına köçürtmüşdü.

 

"Bir ömürdü, o da keçdi beləcə..." deyən şair kitabında toplanmış şeirlərində, publisistikasında kimləri anmayıb, kimləri yada salmayıb. "Ağdamın baməzə adamları" silsiləsindən oxuduğum şeirlər gözəgörünməz mələklər kimi məni Ağdamlı günlərə qaytardı. Ağdamlıların yaxşı tanıdığı - unudulmaz ədibimiz Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər", "Şeyx Şəban", "Haqq Mövcud" hekayələrinin qəhrəmanları kimi koloritli, sadə, səmimi insanları - "Dəli" Dilbəri, Uzun Əbişi, Forslu Rəşidi, Poto Çərkəzi, Xasay kişini, Dəmirçi Şəmili, Faytonçu Çərkəzi bir daha görüb seyr etdim. Erməni faşistlərinin Ağdamı işğal edərkən yurdundan, doğma mühitindən perik saldığı bu insanların xarakterik xüsusiyyətləri Ramiz müəllimin silsilə şeirlərində əbədiləşibdir. Bu silsilə şeirlərdə o insanlar doğma şəhərlərində, öz yurd-yuvalarındadırlar.

 

"Bir ömürdü, o da keçdi beləcə..." torpağını, yurdunu, Vətənini canından artıq sevən vətəndaş şairin məhəbbətinin, nisgilinin, nigarançılığının, ümidinin müasirlərinə, gələcək nəsillərə ünvanladığı ismarıcların dəyərli toplusudur.

 

Budur, neçənci dəfədir kitabını vərəqləyirəm, bəzi səhifələri təkrar oxuyuram: "Bahar fəsli qəfil çiçəklənmiş ağac görəndə keçirdiyim hissi keçirirəm". Bu sətirləri oxuyanda sanki mən bahara qovuşdum. Xəyalımda Ramiz Məmmədzadənin səsi canlandı:

 

"Hanı torpağım, anam Qarabağım? Hanı Şuşam, hanı Ağdamım, hanı küçəm, hanı ata evim, hanı oxuduğum 1 nömrəli məktəb, hanı qohum-qardaşım, hanı bağlar, bağçalar, hanı babam, nənəm uyuyan Qarağacı qəbiristanlığı, hanı göylərə qalxan Ağdam - Şuşa - Laçın yolları? Ha boylanıram, ha baxıram, görə bilmirəm".

 

Siz bu sətirlərdəki səssiz qəlb hıçqırtılarını eşidirsinizmi? Sizi bilmirəm, mən eşidirəm. Bu sətirləri yazanın qəlb çırpıntılarını duymadan oxumaq olarmı? "Ağdam - ruhum, canım, arxam, həyanım, ümid yerim, beşiyim, məzarım" deyən Ramiz Məmmədzadənin zahirən sərt görünən surətinin arxasında incə bir ürəyin döyüntüsünü görməmək insafsızlıq olar. Ağdam işğaldan azad olunandan sonra: "Mən Ağdama - evimizə sonsuz istəklərlə dönmək arzusundayam" deyən Ramiz müəllimin bu arzusu 28 il doğma yurdun həsrəti ilə yaşayan hər bir ağdamlının istəyinin ifadəsi deyilmi?!

 

Ramiz Məmmədzadənin 272 səhifəlik kitabında onun poetik ruhunun zərifliyinin ifadəsi olan çeşidli, rəngarəng şeirləri, pafosdan, şişirtmədən uzaq xatirələri ilə yanaşı, akademik Rafiq Əliyevə, şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğluna, Xalq yazıçısı Elçinə, Xalq şairi Vahid Əzizə, yazıçı-jurnalist Rafiq Hacıyevə, filologiya elmləri namizədi, el ağsaqqalı Sadıq Murtuzayevə, millət vəkili Aqil Abbasa, şair-dramaturq Ramiq Muxtara, dostu Dilafətə  ünvanladığı ədəbi məktublarında, vida esselərində qələmdaşlarının yaradıcılıqlarına, şəxsiyyətlərinə sayğı dolu fikir mülahizələri ilə tanış oluruq.

 

"Bir ömürdü, o da keçdi beləcə..." kitabını həm Ramiz Məmmədzadənin ömür kitabı adlandırmaq olar. Şair "Unudulmazım" adlı xatirəsində dünyasını vaxtsız dəyişmiş ömür-gün yoldaşı Həqiqət xanımla tanışlığından, onunla ailə qurmağından, oğul-qız valideyni olmaqlarından, xanımını əbədi itirdiyi o ağır gündən söz açaraq yazır: "1993-cü ilin qışında dünya sökülüb dağıldı. Yer, göy bir-birinə qarışdı...

 

Həqiqət son günləri ilə çırpınırdı... Həmin ilin qarşıdan gələn yaz aylarında unudulmaz Həqiqətin 53, Firuzə qızımızın 13 yaşı tamam olacaqdı..." 

Bu sadə, amma kədərli sətirləri oxuyub duyğulanmışdım. Telefon açıb, qəm yemə, Ramiz müəllim, qəzavü-qədərdən kim qaça bilib ki, demək istəyirdim.

 

Həmişə nikbin ovqatda gördüyüm Ramiz müəllim atası Yaqub Məmmədovun 18 fevral 1943-cü ildə Rusiyanın Oryol vilayətində həlak olması xəbərini eşidəndə 12 yaşında olub. Çox sonralar bilib ki, leytenant rütbəsi daşıyan atası 74-cü atıcı alayın siyasi hissə üzrə komandir müavini olub. 12 yaşlı yeniyetmə üçün 34 yaşlı atanı itirməyin demək olduğunu yəqin ki, təsəvvür etmək çətin olmaz. 22 yaşında ərini itirmiş Zəhra xanım bir daha ailə qurmamış, min bir zəhmətlə körpələrini böyütmüşdür. Faşist xislətli ermənilər Ağdamı işğal etdikdən sonra Zəhra xanım da Bakıda köçkün həyatı yaşamışdı. Min təəssüf ki, minlərlə köçkün kimi Zəhra anaya da Qarabağın işğaldan azad olduğu mübarək günü görmək qismət olmadı. 2003-cü ildə Bakıda haqqa qovuşdu. Anasının keşməkeşli həyatını yana-yana xatırlayan Ramiz Məmmədzadənin aşağıdakı sətirlərindən təsirlənməmək olmur:

 

"Ah, yazıq anam, müdrik anam, birinci sinfə belə getməyən bilikli anam, ruhun sevinsin, indi Ağdama, evimizə, küçəmizə qayıdırıq... Birmərtəbəli, kürsülü, üçgözlü ata evimizin həlak olduğu dəqiq tarix yadımdadır - 16 yanvar 1993-cü il. Şeytan erməni sürüsünün Ağdama soxulmasına hələ yeddi ay vardı..."

 

Beləcə, həyatın hər üzünü görmüş Ramiz Məmmədzadə öz gücünə, xeyirxah adamların sayəsində ali təhsil almış, uzun illər Mərkəzi Komitə və Nazirlər Kabinetində, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Maarif evində məsul vəzifələrdə çalışmışdır.

 

44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasını hamı kimi Ramiz Məmmədzadə də böyük sevinc, qürur hissi ilə qarşılamışdır. Kitabında dərc etdiyi "Ağdamda evimiz" məqaləsində yazır:

 

"O günü - 23 noyabr 2020-ci ildə cəngavər Prezidentimiz İlham Əliyev və fəxrimiz, vüqarımız Mehriban xanım yaralanmış, təhqir edilmiş, yazıq günə qalmış Ağdam Cümə məscidini ziyarət edəndə baxıb ağladım, elə bil yuxu görürdüm, möcüzəyə düşmüşdüm nəydi...

 

Ali Baş Komandanımız məscidin rəngi qaçmış həyətində haqsızlığa, zülmə qarşı üsyan edirdi, erməni eybəcərliklərini, onların faşist xislətini faktlarla ayaqlar altına çırpırdı. Qalib bir millətin zəfər himnini ucadan oxuyurdu... Haqqın, ədalətin təntənəsini bütün planetə bəyan edirdi...

Mən ağlayırdım, əfsanəvi qələbə həyəcanından, torpaq, yurd-yuva həsrətinin yanğısından od almışdı məni".

 

"Bir ömürdü, o da keçdi beləcə..." kitabı haqda bu kiçik təəssüratımı müəllifin öz poetik pıçıltıları ilə bitirmək istəyirəm:

 

Gilas əkdim,

sığal çəkdim başına,

Çata ömrüm nola gilas yaşına...

Nə yaxşı ki sən çıxmısan qarşıma,

Sənin bəxtin mən özüməm, bilsənə,

Gilas vaxtı durub bizə gəlsənə.

 

4 yanvar 2022-ci il

 

Mustafa ÇƏMƏNLİ

 

525-ci qəzet.- 2022.- 7 yanvar.- S.14.