“Azərbaycan riyaziyyatçıları”
kitabı nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun müəllifi olduğu “Azərbaycan riyaziyyatçıları” ensiklopedik soraq kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitab 496 səhifədən
ibarətdir. Nəşrdə 12 akademik, AMEA-nın
14 müxbir üzvü,
177 elmlər doktoru və professor haqqında məlumat verilib.
Kitabın elmi redaktoru Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Hamlet İsaxanlıdır.
Oxuculara təqdim olunan “Azərbaycan riyaziyyatçıları”
kitabında qədim dövrdən indiyədək
Azərbaycanda riyaziyyat
elminin inkişafında
xidmətləri olmuş
alimlər haqqında biblioqrafik məlumat verilib. Kitabda dünya
elm xəzinəsinə misilsiz
töhfələr vermiş,
orta əsrlərin böyük ensiklopedik azərbaycanlı alimi Nəsirəddin Tusi, ondan əvvəlki elmi mühitin formalaşma mərhələləri,
Tusinin sələfləri
və xələfləri,
XX-XXI əsrlərdə ölkəmizdə
riyaziyyatın inkişafında
mühüm rolu olmuş AMEA-nın akademikləri, müxbir üzvləri, riyaziyyat üzrə elmlər doktoru və professorlar haqqında ensiklopedik məlumatlar xronoloji ardıcıllıqla
şərh olunub.
Kitab riyaziyyatın
tarixi ilə məşğul olan alimlər, riyaziyyat müəllimləri, tələbələr
və geniş oxucu kütləsi üçün nəzərdə
tutulur.
525-ci qəzet.- 2022.- 7 yanvar.- S.8.