Dul qadının tənhalığı  

 

 

(Əvvəli 25 dekabr 2021-ci il şənbə sayımızda)

 

İddiaçı qədər narazı qalsa da, hirsini büruzə vermək istəmədi. Səhərin soyuğu onu titrədirdi, vağzal yaxınlığındakı yeməkxanada səhər yeməyi yedi, canını qızdırmaq üçün bir neçə stəkan çay içdi. Yediyi xaş onun xoşuna gəlmişdi, xörək paylayan onun araqdan imtina etdiyini eşidəndə, bildirdi ki, bilsəydim sənə heç xaş verməzdim, biz xaşı arağın xatirinə bişiririk. Belə soyuqda, özü xaş yeyəndə araq içməyən adamı birinci dəfədir ki, görürəm. Araq həm səhərin xeyirə açılması əlamətidir. İlk dəfədir ki, bunu bilməyən naşı adama rast gəlirəm. Eybi yoxdur, bizim adamlara oxşamırsan, görünür, gəlməsən, bizdə gəlmələrə o qədər də hörmətlə yanaşılmır, onlara qız da vermirik.

İddiaçı qəndi dişləyib, çayı hortdada-hortdada içib, ona cavab verdi:

- Kiminsə qızına elçi düşmək vaxtım çoxdan keçibdir, ona görə də belə münasibətlə rastlaşmayacağam. Çalışacağam ki, sizin qaydaları yaxşı öyrənim, səhvə yol verməyim.

- Öyrənmək heç də yaxşı davranmaq demək deyil, bizim camaatın toyuq sürüsü xasiyyəti vardır, yad cücəni, fərəni toyuqlar dimdiyi ilə necə döyəcləyib, qana bulayırsa, bizimkilər də qan axıtmasalar da, yad adama çəp baxmaqla onu hövsələdən çıxarırlar. Hindu qəbiləsinin qaydalarını öyrənmək, onların arasında heçsakit yaşamağa qarantiya vermir.

- Siz elinizə hər yeni gələni belə qorxudursunuz. Azərbaycanlılara qonaqpərvər xalq deyirlər, bəs sizin qonaqpərvərliyiniz harada qaldı?

Xörək paylayan dedi:

- Hər deyilənə inanma, həyatı öyrən. Koroğlu haqqında elə danışırlar ki, guya o, Bağdada təyyarə sürəti ilə səfər edirmiş, sazı ilə qılıncını qarışıq salırmış. Eyvazı da, Nigar saçına taxmaq üçün guya durna teli gətirməyə göndəribmiş. Durna telinin qadının baş bəzəyi olduğunu bu əfsanədə eşitmişik. Avropa qadınları isə sonralar dəvəquşu lələyinə həvəs göstərirdilər. Görürsən, rəvayətlərimizdə bəzən çox şeyin dəqiqliyinə elə də fikir verilmir. Biz isə onları, hinduşka qozu udan kimi ağına-bozuna baxmadan uduruq.

Ona dil çatdıra bilməyəcəyini qət edən qonaq pulunu verib, bu çoxdanışan xidmətçidən uzaqlaşmaq istədi, yoxsa o da zarafat edirmiş kimi, ona bir qapaz ilişdirə bilərdi. Buranın adamlarından hər şeyi gözləmək olardı. Saat 9-a qədər şəhər parkındakı skamyada oturub gözlədi, qonşu skamyada oturan iki nəfər dünən gecəki toyda çox araq içdiklərindən, ciblərindəki bütün pulları şabaş kimi və musiqiçilərə hədiyyə kimi xərclədiklərindən peşmanlıqla danışırdılar. Xanəndənin də qızlara, qadınlara göz vurmasından gileylənirdilər. O, həm də oxuyanda inək kimi dilini çıxarıb, tez-tez dodaqlarını yalayırdı.

 

Birinci katibin kabinetində MK katibi ilə görüşdü, kabinet sahibi qaş-qabaqlı idi, onu narazı bir şəkildə qarşıladı və sonra söhbətin məxfiliyini nəzərə alıb, kabineti tərk etdi. 5-10 dəqiqəlik söhbətdən sonra aldığı təlimata uyğun olaraq, yaxındakı mədəniyyət evinə getdi və əvvəlcədən qabaq sıraların birində yer tutdu. Onun yanında əyləşənlər danışıb gülürdülər.

 

Raykomun birinci katibi konfransı açıb, nümayəndələri salamladı. Mərkəzi Komitə katibinə "xoş gəlmisiniz" dedi. Uzun-uzadı məruzə etdi, elə təsəvvür yarandı ki, bu qalıb, hələ bir neçə il tutduğu vəzifədə işləyəcəkdir.

 

Sonra çıxışlar başlandı, natiqlərin çoxu katibi kəskin tənqid etdiyi halda, bir neçəsi onun xidmətlərini, xüsusən iki kənddə artezian quyusu qazdırmağını, parkda müdrik adamların sözlərindən ibarət plakatlar düzdürdüyünü tərifləyirdi. Maşın-traktor stansiyasının direktoru isə birinci katibin köməkliyi ilə rayona ilk dəfə özüyeriyən kombaynın gətirilməsindən, onun səmərəli işindən danışdı. Barama idarəsinin müdiri isə qeyd etdi ki, barama qurdlarını saxlamağa yer çatmayanda katib göstəriş verdi ki, mədəniyyət evləri və məktəblər bu məqsəd üçün yer ayırsınlar. Lakin digərləri onu da qeyd etdi ki, məktəblər və mədəniyyət evləri kümxanaya çevriləndən, üfunətdən məktəblilər siniflərə, adamlar da kinoya baxmaq üçün klublara girə bilmirdilər. Katib barama qurduna göstərdiyi qayğının cüzi bir hissəsini insanlara da sərf etsəydi, bu, daha yaxşı olardı. Camaat narazılıq etdikdə o demişdi ki, elə etməyin ki, "baramaya qulluqdan bir addım da olsun geri çəkilmək olmaz" əmrini verim, o, Stalinin rusca Stalinqrad döyüşündən əvvəl "Ni şaqu nazad!" əmrini yada salıb, özünü gülünc qaydada ona bənzətməyə çalışmışdı.

 

Köhnə katib, rayon partiya üzvlərinin siyahısına da salınmamışdı, iddiaçının adı çəkildikdə, zaldan səslər eşidildi: "O kimdir, biz onu tanımırıq, siyahıdan çıxın". MK katibi ayağa durub izah etdi ki, həmin adam təcrübəli yoldaşdır, Mərkəzi Komitə digər rayonlarda da bunu tətbiq edir, işgüzarlığı ilə fərqlənənləri raykomun tərkibinə daxil edir. Səs-küydən sonra zal sakitləşdi. İddiaçı şükür edirdi ki, qaldırıb ona suallar vermədilər, buraya nə məqsədlə gəldiyi ilə maraqlanmadılar.

 

Gecə saat 2-dən keçəndən sonra səsvermənin nəticələri oxundu. İddiaçının familiyası, adı, atasının adından sonra, siyahını oxuyan uca səslə dedi:

 

- Lehinə "0", əleyhinə 258 nəfər.

 

Beləliklə, o vaxtlar dəbdə olan "qutudan çıxmadı" sözü yada düşdü. İddiaçı çox pərt idi, ancaq pərtliyini yanında oturanlardan gizlətmək istəyirdi ki, heç kəs onu tanımasın.

 

İclasdan çıxıb mehmanxanaya getdi, ona dörd adamlıq otaqda yer verdilər. Səhərə qədər yata bilmədi, saat 7-yə işləyəndə paltarını geyinib vağzala getdi, o vaxtkı qaydada talon alıb platformaya keçdi. Arvadına tapşırmışdı ki, uşaqları və bəzi şeyləri də götürüb qatarla rayon mərkəzinə gəlsin. Onlar birinci katib üçün olan evdə yaşamalı idilər, lakin bu xoşbəxtlik onun ailəsinə qismət olmadı.

 

Qatar vağzalda yavaş-yavaş hərəkət edib dayandıqda, iddiaçı arvadının və uşaqlarının əda ilə vaqondan düşməyi gözləmək üçün tamburda dayandıqlarını gördü. İddiaçı arvadına qışqıra-qışqıra dedi:

 

- Düşməyin, sonrakı stansiyaya, köhnə Qrenfildə keçin, mən də başqa vaqona oturub gəlirəm.

 

Arvadı hirslənmişdi, deyəsən, təzə vəzifə kişinin başını xarab edib, doğma yeri əvəzinə mən niyə Qrenfildə keçməliyəm, mən məgər almanam, nəyəm. Onun heçbaşa düşmədiyini görən iddiaçı, vaqon dayanan kimi qalxıb, arvadına dedi:

 

- Yaxşı, mən də sizinlə növbəti stansiyaya gedirəm. Alınmadı, əziyyətim, xahişim boş çıxdı.

 

Onlar vaqona keçdilər və arvadının əvvəlki yerində oturdular.

 

- Mən heçbaşa düşmürəm.

 

Əri dedi:

 

- Burada başa düşməməklik nə var ki? Məni heç raykomun tərkibinə də seçmədilər, çünki yoldaş Abdullayev nümayəndələrin narazılığından qorxub, məni MK birinci katibinin özünün məsləhət gördüyünü demədi. Bəlkə də, yaxşı ki, demədi, məni rüsvay edib, zaldan qovardılar. Dünən səhər vaqondan düşəndən bildim ki, mənim bəxtim gətirməyəcəkdir. Bir nəfər məni dostuna oxşadıb başıma güclü bir qapaz vurdu. Onda fikirləşdim ki, yeni raykom katibini belə qarşılamırlar. Xruşşov hər şeyi dəyişdirmişdir. Stalinin, Bağırovun vaxtında heç kim cəsarət edib, Mərkəzi Komitənin göndərdiyi meymuna da etiraz edə bilməzdi. İndi nümayəndələrin səsi əsas götürülür.

 

Arvadı onun bu söhbətinə qulaq asıb, hirsləndi:

 

- Sən həmişə əfəl olmusan, cəsarətsizsən. Gərək qalxıb mübarizə aparaydın, qışqıraydın ki, saxtakarlıq edilib, mənə verilən səslərin oğurlandığını deyəydin. Sənin yerinə mən olsaydım, ya oranı dağıdardım, ya da hökmən seçilərdim. Allah yerimizi dəyişik salıb, bundan sonra sənə özün kimi fərsiz dostun da heç bir vəzifə verməyəcək. Sən də daim onu tərifləməklə məşğulsan, görünür, ora təsadüfi gəlib düşmüş adamdır.

 

Əri dedi:

 

- Yaxşı, bu söhbəti yığışdıraq, ətrafdakılar qulaq asır. Əngələ keçə bilərik.

 

Demoqrafik dəyişikliklərə fərqli münasibətlər

 

Bəli, vəzifəlilərin arvadları və vəzifə tutmaq həvəsində olan qadınların bir hissəsi başqa silkə mənsub olduqlarını göstərmək üçün özlərini lovğa aparmağa və ədabaz danışmağa üstünlük verirlər. Əvvəllər bakılı qadınlar kişilərdən daha çox rayondan gələnlərə yuxarıdan aşağı baxırdılar, hətta kənddən çıxmışların vəzifələri kütləvi qaydada tutması ilə də razılaşmayıb, narazılıqlarını olduqca eybəcər qaydada bildirməkdən də çəkinmirdilər. Bir vəzifəli adamın bakılı xanımı hökumət bağında rayonluların çoxluğunu heç cür qəbul edə bilmədiyindən, hədyan qaydada deyirdi:

 

- Biz artıq ayaq altında qalmışıq. Necə deyərlər, at ölüb, itin bayramıdır. Çünki vəziyyət dəyişmişdir, yuxarı vəzifələrdə olan bakılıları barmaqla saymaq olar.

 

Ali məktəb müəllimi olan bir qadın ona cavab verməyi lazım bildi:

 

- Bəlkə heyifsiləşənsən ki, Bakının kosmopolit şəhər olmasına son qoyulmuşdur, axı bununla öyünənlər az olmamışdır. Lakin şəhərin demoqrafiyası XX əsrin 60-cı illərindən başlayaraq əsaslı, həm müsbət dəyişikliyə məruz qalmış bu proses sonrakı illərdə daha sürətlə davam etmişdir. Azərbaycanın paytaxtında əsasən titul millətin yaşaması vaxtdan qəbahət sayılır?

 

Köhnə Bakının pərəstişkarı olan qadın daha da əsəbiləşdi:

 

- Kəndlilərin basqını baş vermişdir. Əvvəllər elə məlum olmayan bir region qabağa çıxmışdır, onlardan bəziləri əndazədən çıxan iddialarını artıq gizlətmirlər. Abşeron rayonunun bir iri vəzifəlisi lovğa-lovğa deyirmiş ki, elə edəcəm ki, yarımadada vəzifələri ancaq mənim həmyerlilərim tutsun. Rəhbər vəzifələrin hamısını bizim adamlar tutmalıdır, çünki biz başqaları ilə müqayisədə buna daha çox layiqik. Hətta Moskvanın küçələrində satılan elmlər doktoru diplomunu alan biri akademiyanın hökmən üzvü olmasını tələb edirdi. Başqa bir özündən razı regionun adamları barədə isə deyirdilər ki, oxumağa, zəngulə vurmağa meyl etdiklərindən vaxtında onlar elmə yaxın düşməmişdilər. Onlara öz muğam məbədini tikdirmişik, qoy orada rahib xidməti göstərmələri ilə məşğul olsunlar.

 

Beləliklə, əvvəllər yalnız rüşeymi hiss olunan xalqın, millətin parçalanması kimi xoşagəlməyən bir proses baş vermiş sürət götürmüşdü, az saylı xalqlar da bundan istifadə edib, öz əlahiddə hüquqları barədə daha ucadan danışmağa başlamışdılar. Ermənilərin seperatizmindən ibrət dərsi götürülməklə, millətlərarası münasibətlərə diqqət artırılmış, mərkəzdən qaçma meyllərinin qarşısı tam alınmışdır. Qatı regionçuluq xəstəliyinə tutulan, traybalizmi yaymağa çalışan bəzi vəzifəli şəxslər bu qorxulu virusu yaydıqlarından dövlət institutlarından uzaqlaşdırılmışdır.

 

Yerliçiliyin, regionçuluğun evkalipt ağacı kimi sürətlə boy atmasında qadınların rolu böyük idi. Vaxtilə atası böyük vəzifə tutmuş bir qadın savadsızlığına uyğun gəlməyən bir vəzifəyə təyin olunandan sonra, parovoz vaqonları dartan kimi yerlilərini irəli çəkməklə məşğul oldu. İşçiləri ona çıxış yazırdılar, onları söyüb, təhqir edirdi ki, mənası məlum olmayan sözləri çıxışın mətninə doldurursunuz, mən də oxuyanda biabır oluram. Niyə Koroğlu, Qaçaq Nəbi dastanlarından bir şey yazmırsınız. Bibliyadan misal çəkir, əcnəbi dahilərdən sitat gətirirsiniz. Onlar bizə yaddır. "Biz bir rəhbər idarə kimi elə problemlərlə məşğuluq ki, qızlarımızı, qadınlarımızı patriarxal ruhda tərbiyə etməliyik. Dahi yazıçılarımız Əli Vəliyevdən, Süleyman Rəhimovdan, lap elə dastanı uğurla köçürüb romana çevirən bir yerlimizdən niyə sitat gətirmirsiniz? Mənim üçün evdə saxladığım pişik Benqal pələngindən də qiymətlidir. Mən sizi nə qədər öyrətməliyəm? Vallah cana doymuşam, istəyirəm hamınızı birdən işdən qovum, folklor institutundan xına yaxmadan, üzərlikdən, çərşənbə axşamlarını keçirməkdən, pirlərin coğrafiyasından yaxşı baş çıxaran elmi mütəxəssisləri dəvət edim. Onlar xalqın qədim adət-ənənələrini yaddan çıxmağa qoymurlar, əvəlikli omac bişirməyi, qurutlu xəngəl hazırlamağı, fəsəli yaymağı bərpa eləyib, geniş tətbiq edirlər. Əsl intibah budur, keçmişimizi diriltməkdir. Bu xörəklərin hansı pitsadan pisdir? Biz onsuz daAya, nə Marsa uçanıq. Allaha şükür ki, müdrik bayatılarımızdan da yuxarı dırmaşmaqla, televiziya kanallarımızın xidməti hesabına meyxana milli incəsənətimizin ən qiymətli növünə çevrilmişdir. Biz "aman", "aman" zəngulələri ilə, meyxananın bayağı yarıfars dilindəki beytləri ilə dünyanı fəth edə bilərik. Biz xalça toxuyanda, heç Avropa yorğanın daolduğunu bilmirdi. Bax bunları önə çəkməliyik.

 

(Ardı var)

 

Telman Orucov

525-ci qəzet.- 2022.- 8 yanvar.- S.22.