Yuxarı baxma!.. 

 

 

Bir müddətdir kino həvəskarlarının gündəmini baş rollarda Leonardo di Kaprio Cenifer Lourensin oynadığı "Yuxarı baxma" ("Dont look up") filmi zəbt edib. Hara baxırsan, müzakirə gedir. Bəyənməyənlərin daha çox olduğu qənaətinə gəlincə, filmi mən izləmək istədim. Yadımdadır, illər əvvəl "2012" adlı film çəkmişdilər, yayımlanmadan öncə o qədər təbliğat aparılmışdı ki, insanlar 2012-ci ilə girməkdən qorxurdular. "Yuxarı baxma"nın da o tərz filmlərdən biri olduğunu sandım. Amma yanıldım! İroniya ilə dolu olan film yaşadığımız həyatı incəliklə gözlər önünə sərir. İzləyən hər kəsin özünü yansıdan epizodlarla qarşılaşması qaçılmazdır.

Film teleskopla ulduzlara baxan gənc doktorant Keytin quyruqlu ulduzu görməsi ilə başlayır. Bundan sonra professor Randal ulduzun sürətini hesablamaq niyyətinə düşür. Məlum olur ki, bu ulduz altı ay on dörd gün sonra dünyaya çırpılıb onu yox edəcək. Həm bu hadisənin yaradacağı sunami atom bombası gücündə partlayışlar, 11 ballıq zəlzələlərlə baş verəcək. Xəbər qısa zamanda evə çatır. "Pleyboy" juralının keçmiş mankeni olan prezident alimləri saraya dəvət edir. Qarşısında oturan Keyt Randal ona dünyanın yox olacağını izah etməyə çalışırlar. Onların dediyinə əhəmiyyət verməyən ölkə başçısı isə bir vaxtlar erotik filmlərdə rol alan keçmiş sevgilisini Konstitutsiya Məhkəməsinin rəhbəri vəzifəsinə təyin etdikdən sonra ölkədə yaranan çaxnaşmanı aradan qaldırmaq hayındadır. NASA-nın rəhbəri alimlərin iddialarını əsassız adlandırır. Vəziyyət eynilə COVİD həyatımıza girərkən məlumatı olmayan hər ağızdan bir avazın gəldiyi günləri xatırladır. Məsələn, alimlər qlobal istiləşmə, iqlim dəyişikliyi ilə bağlı da illərdir bar-bar bağırırlar. Hər birimiz bu prosesə yaşadığımız mövsümlərin ildən-ilə bir az daha dəyişməsi ilə canlı şahidik. Bəs bu fəlakəti insanların neçə faizi ciddiyə alır? Neçəsi bu durumdan narahatdır? Bax, bu, sual altındadır.

Alimlər quyruqlu ulduz təhlükəsinin gücündən danışanda prezident gülür onları aşağılayır. Xəbər ölkəyə yayılanda isə cəmiyyətə üç fikir hakim kəsilir; "sonumuz çatır", "quyruqlu ulduz olduğuna mən inanmıram", "əşşi, boş söhbətidir". Dövlət başçısının əhəmiyyət vermədiyi, hətta susmaqları üçün təhdid edilən hər iki alim televiziyaya çıxmağa qərar verirlər. Bu dəfə aparıcının lağlağısına məruz qalırlar. Eyni verilişə dəvət edilən müğənni isə rəğbətlə qarşılanır. Efirdən sonra reytinqə baxırlar müğənnini danışdığı dəqiqələrin yüksək nəticə göstərdiyi halda, alimlərin danışıq müddətlərində reytinqin aşağı düşdüyü görülür. Yəni izləyicilər üçün onların dediyi maraq kəsb eləmir.

Filmdəki digər maraqlı epizod isə rüşvətlə bağlıdır. Ulduzun dünyaya Çilidən düşəcəyi ehtimal edilir. Ona görə , ölkə başçısına pul verib onu bu mövzuda danışmaması üçün susdururlar. Fikir verirsiniz, bayağı verilişlər, ucuz proqramlar, standart televiziyalar, rüşvətin hər şeyin önünə keçməsi, insanları şou əhlinin daha çox maraqlandırdığı, alimlərə dırnaqarası baxıldığı bir dünya necə gözəl ssenariləşdirilib?!

Filmdə bir məqam da diqqəti çəkir. Dünyanın üçüncü milyarderi professor Randaldan üzərində çalışdığı nəhəng layihəyə quyruqlu ulduzun zərər verib-verməyəcəyini soruşur. Aldığı cavab xoşuna gəlmir əlində professora aid 40 milyon data olduğunu, bağırsaqlarındakı poliplərdən xəbərdar olduğunu necə öləcəyini bildiyini deyərək onu təhdid etməyə çalışır. Əslində, bu səhnə gələcəyin hansı formatda olacağını, dataların həqiqətən bir sistemdə toplandığını, hər kəsin haralardansa asılı olacağından xəbər verir. Bu gün həmin milyarderlər böyük gücə malikdirlər dünyada baş verən fəlakətlərin onların sərvətinə sərvət qatdığı danılmazdır. Təkcə pandemiya zamanı 100 milyard dollar sərvəti olanların sayı xeyli artıb. Halbuki 40 il əvvəl ilk sırada olan amerikalının cəmi 2 milyard dolları sərvəti vardı.

Filmdə göstərilən xalqa gəldikdə isə, görürsən ki, həqiqətən sıyrılmış şəkildə, paranoya içində yaşayırlar. O dərəcədə ki, ölkə rəhbərinin gah nala, gah mıxa vurmasına bir söz deyən yoxdur. Nə deyirsə, qəbul edilir. Əvvəlcə ona qulaq asmayıb mətbuata çıxan alimləri fırıldaq çıxardır. Ancaq seçkilərdə işinə yarayacağını düşünərək vəziyyəti lehinə çevirməyə çalışır. Şüarı isə "Yuxarı baxma" olur. O əsnada quyruqlu ulduz "Yer"ə gözlə görüləcək qədər yaxınlaşır. Məsələ burasındadır ki, heç bunu da sorğulayan yoxdur. Filmdə sakitləşdirici qəbul edənlərin sayı da diqqət çəkir. Məsələn, professor Randal bu məsələdə əməlli-başlı problemlidir. Oğlu da sakitləşdirici qəbul edir. Keyti sevgilisinin anası qəbul etmədiyi üçün o da sakitləşdiricidən istifadə edir. Əslində, üç-dörd nəfərin timsalında bütün xalqın həblərdən asılı həyatı və psixologiyalarının pozuq olduğu göstərilir. Ona görə də, bilən-bilməyən hər kəs danışır, fikir bildirir. Quyruqlu ulduz məsələsində elmi faktlar ortada olduğu, yuxarı baxarkən göründüyü təqdirdə hələ də "var", "yoxdur", "boş söhbətdir" kimi müzakirələr gedir. Bütün bu fikirlərin söyləndiyi platforma isə təbii ki, sosial şəbəkələr olur. Bu film dünyanın bütün ölkələrinin aşağı-yuxarı bir-birinin bənzəri olduğunu göstərir.

Sual yaranır: dünya bu vəziyyətə necə gəlib çıxdı? Hər bir ölkə eyni üsuldan istifadə edir? Elmə inam niyə yoxdur ya üçün yox oldu? Propaqandanın təsir gücü niyə hər şeyi üstələdi? Yüz milyarddan artıq sərvət sahibi olan adamların şirkətlərin dünyanın başına gətirəcəyi fəlakətlər nələrdir? Dünyada baş verən qlobal hadisələr, çalxantılar onların idarəçiliyindədirmi? Bunlara cavab tapmaq lazımdır. Çünki sosial şəbəkə "imperatorluğu" həmin şəxslərin əsas xəttidir təəssüf ki, o xətt dünyanın gələcəyi, xalqlar üçün çalışır.

 

 

Türkan TURAN

 

525-ci qəzet.- 2022.- 8 yanvar.- S.17.