Namiq Həsənov :"Havayı nəinki yazmaq, hətta danışmaq da istəmirəm"  -

 

 

- Əslində elə mediaya da məhz tarixdən gəlmişəm. Biz oxuyan vaxtlar "Gənclik" jurnalı çap olunurdu və jurnalın baş redaktoru şair Məmməd İsmayıl idi. O  gəldi bizim fakültəyə və dedi ki, jurnalda tarixçilər üçün bir səhifə yer ayırırıq və kim yazısı ilə, məqaləsi ilə çıxış etmək istəyirsə müraciət edə bilər. Beləcə  fəaliyyətim jurnaldan başladı. Sonra Akademiyanın orqanları var idi - "Tarix", "Elm" qəzetləri.  Mən ilk yazı və məqalələrimi orada yazmağa başladım. Amma bununla da  bitmədi. Universiteti bitirdikdən sonra iqtisadiyyat üzrə ixtisaslaşdım. O vaxt alimlərin məvacibi də çox aşağı idi, yönəldim məhz jurnalistika sahəsinə və getdim "7 gün" qəzetində çalışdım və bu da artıq jurnalistika sahəsində fəaliyyətimin ilk mərhələləri oldu.

 

- Nəqliyyatdan televiziyaya...

 

- Çoxları elə bilir (gülümsəyir). Amma  əslində mən Nəqliyyat Nazirliyində deyil, əvvəl Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırdım. Ondan  sonra televiziyaya getdim. Sonra da televiziyadan Nəqliyyat Nazirliyinə. Bəlkə də mən yeganə insanam ki, nazirlikdən televiziyaya, televiziyadan nazirliyə getmişəm. Hər iki nazirlikdə də mətbuat xidməti rəhbəri olmuşam. Təsəvvür edin orada işləyirdim, sadəcə televiziyaya marağım sayəsində mən Lider kanalına müraciət etdim   3 il fəaliyyət göstərdim. Hətta Vergilər Nazirliyində çalışdığım vaxt da paralel olaraq Lider televiziyasında aparıcı idim. Mənim üçün jurnalistika sahəsi daha maraqlı olub - öz sözünü demək, rahatlıq, hətta deyərdim bir az da "ulduz xəstəliyi" ... (gülümsəyir). Ona görə də mənə dörd divar arasında oturmaqdansa görünmək, tanınmaq daha yaxşıdır.

 

- Vaxtilə "Lider" kanalında redaktor və "167-ci saat" analitik proqramının aparıcısı olmusunuz. Niyə məhz "167-ci saat" ?

 

- Həmin veriliş hər bazar günü axşam 22:00 da efirə gedirdi və həftə 168 saatdan ibarətdir. Həmin saatda isə 167-ci saat başlayırdı və verilişin sonu 167-ci saatın tamamına tuş gəlirdi. Hətta verilişi də belə başlayırdım ki, bu saata qədər baş verən ən mühüm hadisələrin təhlilini bu saatın sonunadək izləyəcəksiniz. Sağollaşanda isə görüş yerimiz və vaxtımız dəyişməz olaraq qalır - deyirdim. Çünki bu verilişin saatını başqa saata keçirmək mümkün deyildi, mahiyyət itərdi. Və üç il fasiləsiz canlı efirə çıxmışam bu verilişdə. Bu veriliş isə ilin ən ciddi ictimai- siyasi verilişi nominasiyasına layiq görülmüşdü.

 

- Hər kəs ədalətdən danışır, amma bəzən zülümkar olanlar da həmin insanlardır. Sizin üçün ədalət və zülüm nədir?

 

- Yaradandan başqa heç bir yerdə ədalət axtarmaq doğru deyil. Bir məsəl var, deyir əvvəlcə işdə ədalət, sonra iş yeri axtarmalısan. Ədaləti axtarmaq lazım deyil, bu qarşılıqlı olmalıdır. Əgər özün ədalətsizsənsə, qarşındakından bunu gözləməyə haqqın yoxdur. Ona görə də kimsənin haqqına girmək lazım deyil. Bizə verilən ömrün nə vaxt bitəcəyini bilmirik. Bərabərhüquqlu yaşamalıyıq.

 

- Bəs Namiq Həsənov haqsızlıqla üzləşibmi?

 

- Dəfələrlə... amma bunu biruzə verməmişəm, içimdə bunu çəkmişəm. Ətrafımdakılara bildirməmişəm, bildiklərində belə, demişəm ki, elə də bir problem yoxdur, günah məndə olub. Və həmişə də günahı özümdə axtarıram. Bundan sonra da haqsızlıqla üzləşəndə günahı ətrafda deyil, hər zaman özümdə axtararam. Insan başqasını günahlandıra bilər. Amma o insana güvəndiyi üçün harada səhv etdiyi üçün özü ilə üzləşməlidir. Onsuz da qarşılıqlı asılılığın iki tərəfi var və hər iki tərəfdə səhv mütləq olur.

 

- "Axtaran tapar" deyirlər, özünüzdə günah axtardığınız zaman tapırsınız?

 

- Dərhal tapıram. Amma bəzən elə şeylərlə üzləşirəm ki, tapmaq mümkün olmur. İstər iş, istərsə digər münasibətlər olsun hələ də axtarışdayam. I Pyotrun barmağında həmişə bir yazı olub "Mən şagirdəm, özümə müəllim axtarıram". Mən də həmişə özümə savad axtarıram, doğru savadı verən müəllim, insan axtarıram. İnsan hər zaman axtarışda olmalıdır. Hətta deyim ki, insanın daxilində "google" olmalıdır. O qədər baza olmalıdır ki, axtaran kimi tapa bilsin. Amma lazımsız şeyləri də beyində format etməyi bacarmalıdır.

 

- Namiq müəllim, bioqrafiyanıza baxanda müxtəlif sahələrdə fərqli mövqelərdə olmusunuz. Bir yerdə qərarlaşa bilməmək nədən irəli gəlir?

 

- Əslində mən bir yerdə qərarlaşmağı sevən insanam. Amma tələb o deyil.  Və olunan təklifləri dəyərləndirmişəm. Ondan yüksək vəzifə və əmək haqqı olub. Heç vaxt yerimdə sayan biri deyiləm. Su da bir yerdə qalsa, xarab olar. Ona görə də inkişaf üçün stimuldur.

 

- Hazırda Azərbaycan Televiziyası ilə əməkdaşlıq edirsiniz. Bugünkü televiziyalar sizi qane edirmi?

 

- Açığını desəm, qane etmir. Bizim televiziyada son bir- iki il olar ki, yeniliklər, layihələr var. Mənim də layihələrim var, bəzi səbəblərə görə reallaşa bilmir. Digər televiziyalardan isə ümumiyyətlə maarifçilik yöndən verilişlər çatışmır. Əyləncə ilə bayağılıq səhv düşüb deyərdim. Bayağılıq baş alıb gedir və mən bunların əleyhinəyəm. Bu da istənilmədən ailəmizin, çevrəmizin tərbiyəsinə mane olur. Çünki gördükləri budur. İstəyərdim ki, televiziyalar insanları maarifləndirən verilişlərə daha çox əhəmiyyət versinlər.

 

- Bəs indi necə, efirə çıxmaq kimi bir planınız var?

 

- Təbii ki var, kim ki, yox deyir, bu inandırıcı olmaz. Ömür boyu efir arzusunda olmuşam. Xaricdə yaşlı insanlar daha çox efirdə olur. Çünki onların sözü cəmiyyətdə qəbul edilir. 25 yaşındakı insan 55 yaşında birinə dərs deməyi mümkünsüzdür. Heç olmasa elə yaşda olmalısan ki, formalaşasan və sənin sözünü cəmiyyət qəbul etsin. Söz qəbul olunmursa, danışılmasa yaxşıdır.

 

- İnşallah ki, reallaşar. Efirlərdən narazılığınızı bildirdiniz. Senzura yenidən qayıtmalıdır?

 

- Məncə, senzura insanın öz daxilində olmalıdır. İnsan sözünü ölçüb-biçib deməlidir. Bir insanın savadı, tərbiyəsi onun öz senzurasıdır. Söz azadlığı deyə bir şey var. İnsan deyəcəyi sözü düşünüb danışar. Əgər montaj varsa canlı efirə gərək qalmaz. İndi canlı efirlərdə nə qədər səhvlər var.

 

- Təbiilik önəmlidir yəni...

 

- Əlbəttə, bilirsiniz insaın bir cümləsindən bilinir onun səmimi yaxud saxta olmağı. əgər nəyisə əzbərləyib çıxırsansa tamaşaçı səni qəbul etməz. Məsələn, Sizə müsahibə verirəm, suallarınızla tanış deyiləm və görürsüz ki, necə təbii alınır. Bədahətən olmalıdır və insan özünə əmindirsə, söz bazası varsa o istənilən mövqedən çıxış edə bilər. Yoxdursa, hesab edirəm ki, o buna layiq deyil.

 

- Təbiilikdən danışmışkən sosial şəbəkələrin sürətli inkişafı televiziyanı arxa plana ata bilər?

 

 

- Artıq sosial şəbəkələr televiziyanı arxa plana atıb. Davos Forumuna baxsanız görərsiniz ki, artıq bulud texnologiyaları var və hər şey smartfonlarda cəmləşdiyi üçün televizora baxış sayı azalıb. Təkcə facebook, youtube və s.dən söhbət getmir. Onlarla sosial şəbəkələr var və onların hər birinə konkret olaraq meyl var və hər birinin öz kütləsi var. Bu kütləvi izləyicilər əlində telefon işlədirlər, hər şeyə əllərinin içi boyda smartfonda izləyə bilirsə, ona böyük televizorlara baxmağa gərək yoxdur. İnsanlar ancaq böyük formatda ekranda filmə baxmaq üçün televizorlardan istifadə edirlər. Xəbər də anında yayılır. Amma sosial şəbəkələrin də lehinə deyiləm. Mən istəməzdim ki, orada dövlət əleyhinə hərbi sirrlərin yayılması ilə bağlı məlumatlar yayılsın. Sosial şəbəkələrdən öz ehtiyaclarını ödəmək üçün istifadə etməlisən. Bekar adamlar girib onun, bunun ünvanına söz atır, təhqir edir, bunlara görə sosial şəbəkələrin tərəfdarı deyiləm. Ancaq ki, maariflənmə baxımından dəstəkləyirəm. Zaman da göstərir ki, televiziya və radio zamanla gündəmdən çıxacaq. 2018-ci ildən sonra Norveçdə fm radioları ləğv etdilər. Dünyanın 22 milyonundan çox fm radioları ləğv edilib, dövriyyədən çıxıb. Sosial şəbəkələr televiziya və radionu kölgədə qoyur.

 

- Bir müddətdən sonra Azərbaycanda da bu hal baş verə bilər, yəni?

 

- Deməzdim. O nöqteyi-nəzərdən yanaşsaq bu gün 200-300 il yaşı olan qəzetlər də yaşayır. Hər bir şeyin öz vaxtı var. Bəlkə də biz o bum vaxtını yaşayırıq. Mənə elə gəlir ki, Azərbaycanda bizim ömrümüzə qədər aktuallığını itirməyəcək. Televiziya sosial şəbəkəni öz arxasınca apara bilsə bu çox yaxşı olar. Mən istəməzdim ki, bu gün televiziyalar sosial şəbəkələr vasitəsilə tanınsın. Əksinə, sözügedən sosial şəbəkələr televiziya vasitəsilə tanınsın istəyərdim.

 

- Bəs bu sosiallıq peşəkarlıq və tamaşaçı səviyyəsini itirə bilərmi?

 

- Artıq itirib. Televiziyaya cilalanmış, yonulmuş insanlar çıxır, necə deyərlər. Sosial şəbəkələrdə isə belə deyil. Kimin bir "accaunt"u varsa yaradıb girib ağızlarına və ağıllarına nə gəlirsə paylaşırlar. Baxırsan ki, normal paylaşıma 100 like gəlmir, amma hansısa səviyyəsiz, bayağı paylaşımın baxış və bəyənmə sayı yüksəkdir. Halbuki maraqsız və məzmunsuzdur. Bu isə o deməkdir ki, ya tamaşaçı arxanca gəlir, ya da sən tamaşaçının arxasınca gedirsən. Rəhmətlik Xəyyam Mirzəzadənin bir sözü var, deyir: televiziyada olan mahnıları küçədə zümzümə edərdik, indi küçədə olan mahnıları televiziyaya gətiririk. Bayağılıq budur və mən heç istəməzdim belə olsun.

 

- Paralel olaraq mətbuatda da imzanızı hər zaman görmüşük. Elmi publisistik məqalələr müəllifisiniz. Bundan danışardıq.

 

- Elmi məqalələr o vaxt yazırdım ki, dissertasiya üçün müdafiə edirdim. Təəssüf ki, yarımçıq qoydum. İndi həmin məqalələrimdən Bakı Dövlət Universitetində dərslik kimi istifadə edirlər. Amma mən daha çox publisistika ilə məşğul oldum. Qəzet və saytlarda öz fikirlərimi yazdım. Köşə və rubrikalar şəklində yazırdım. 350-dən çox yazım çıxıb. Amma indi yazmıram. Çünki o vaxt yazdıqlarıma görə qonorar da alırdım. İndi isə belə deyil. Bəlkə də təklif olunsa, yenə də yazaram. Daxilimdə o potensial var, gördüklərimi də qələmə alıram. Amma havayı nəinki yazmaq, hətta danışmaq da istəmirəm.

 

- Sifarişlə, belə başa düşdüm ki...

 

- Bəli, amma mənim sifarişimdir, mənə sifariş edilmir. Yəni pulunu verirsənsə yazım. Kimsə mənə sifarişlə yazı yazdıra bilməz.

 

- Fərqli peşələrə eyni anda yiyələnmək çətin deyil?

 

 

- Yuli Sezara deyiblər ki, siz necə olur ki, üzüm yeyə-yeyə həm əmr verirsiniz, həm də yazırsınız. Deyir, mən bir neçə işi bir arada görməyi sevirəm. Düşünürəm ki, çətin olmamalıdır. Əgər bacarıq varsa,  niyə çətin olsun ki... Bizim bir yazıçımız var Mirzə Kazım bəy - o şahmat oynaya-oynaya bir rusa tacik dilinin qrammatikasını öyrədirdi. Təsəvvür edə bilirsiniz? O adamlar dühadır. Dahi adamlar az-az olur. İki əli ilə eyni anda yazı yazan adamlar, musiqi yazarkən paralel başqa iş görən insanlar... Lui Pasterin beyninin bir yarısı olmayıb. Ancaq o günortayadək fizika ixtisası üzrə namizəd olub, günortadan sonra kimya ixtisası üzrə. Öz toyunda isə gəlib labaratoriyadan götürüblər ki, bu gün sənin toyundur. Yəni xırda məişət qayğılarına belə vaxt ayıra bilməyən bir insan olub. Ona görə də bir adam bir neçə işi bir arada görəndə uğurlu alına bilər. Tomas Enistonun 1033-dən çox ixtirası var. Amma onun qapısı həmişə ağır açılıb. Deyir, mənim evimə gələn adam su çəninə 1 litr su vurur, ona görə də qapım ağır açılır. Belə insanlar var. Demirəm ki, onlar kimiyəm, amma mən də bir neçə işi eyni vaxtda görməyi sevirəm.

 

- Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan... deməli bu fikirlərlə razı deyilsiniz?

 

- Yox, təbii ki, bir peşəyə məxsusi yiyələnməlisən. Məsələn, mən tarixçiyəmsə o deməkdir ki riyaziyyat fənnini öyrənməməliyəm? Yəni bu zəka varsa, niyə də istifadə olunmasın? Peşəkar tarixçi olum, bu o demək deyil ki, Nyutonun qanununu bilməyim, Mendeleyev cədvəlini bilməyim, Paskalı bilməyim. Bunları bilməyimin mənim üçün heç bir maneçiliyi yoxdur. Albert Enşteynin fikirlərini bilib, Viktor Hüqonu oxuyuram. Tarixçiyəm deyə o demək deyil ki, ancaq tarixi bilim, vəssalam. Əksinə, beyin kotan kimi bir şeydir, nə qədər işlətsən paslanmaz.

 

- Həmçinin Teleradio Akademiyasında çalışırsınız. Fərqli fəlsəfəniz, yanaşmalarınız olur. Müdavimləriniz arasında fərqli təfəkkürə malik olanlar olurmu?

 

- Çox azdır, təəssüf ki... İstəyərdim, buraya öz peşələrini, ixtisaslarını artırmağa gələndə əvvəlcədən hazırlıqlı olsunlar. Amma baxırsan ki, ali təhsilli, jurnalistika ixtisasını bitirən gənclər ixtisasını artırmaq üçün buraya gəlir və jurnalistikanın əlifbasından belə xəbəri yoxdur. Belə şeylərlə çox rastlaşırıq. Hətta siz təsəvvür edin 3 aylıq proqramı bitirib israrla burada qalıb işləmək belə istəyirlər. Və onları başa salmaq olmur ki, sən xalq qarşısına çıxmaq üçün hazır deyilsən.  Belə şeylər də olur. Amma mən çox sevinirəm ki, getdikcə müdavimlərin də səviyyəsi artır. Mən də bir əməkdaş, müəllim olaraq çalışıram biliklərimi ötürüm və onlar da bu sənətə oyuncaq kimi, tanınmaq kimi baxmasınlar. Bu gün efirə çıxıb səhər metro qarşısında dayanıb deməsinlər ki, görəsən məni tanıyırlar ya yox. Bu düşüncə ilə yanaşmasınlar. Biz də Akademiya olaraq çalışırıq ki, bunları qaydasına salaq.

 

- Onların arasında sevgi olur, yoxsa pərakəndə gəliblər?

 

- İndi sənətə sevgi deyil, pula, villaya, maşına, şöhrətə sevgi var. Sənətə 100 nəfərdən birində olardı, indi o da yoxdu. Heç kim məvacib almadan çalışmaq istəməz və bu hesab edirəm normal haldır. Sənətə sevgi platonik bir şeydir.

 

- Bu gün Namiq Həsənov özünü hansı pillədə görür?

 

- Məsələ burasındadır ki, mən pilləkənin ortasında hiss edirəm. Nə aşağı gedə bilmirəm ki, gənc olam, nə də yuxarı qalxa bilmirəm ki, pensiyaya çıxam.

 

Şəlalə CAMAL

 

525-ci qəzet.- 2022.- 11 yanvar.- S.11;14.