Magistraturaya qəbul prosesi: ümumi mənzərə və yeniliklər
Dövlət İmtahan Mərkəzi
(DİM) bütün istiqamətlər
üzrə imtahanların
daha obyektiv və şəffaf keçirilməsi məqsədilə
mütəmadi olaraq müxtəlif layihələr
həyata keçirir,
imtahanlarda istifadə olunan tapşırıqlar
bazasını, habelə
bilik və bacarıqların daha dəqiq yoxlanılmasına
imkan verən qiymətləndirmə alətlərini
təkmilləşdirir, yeni
formatda yoxlama-ölçmə
materiallarından istifadəyə
üstünlük verir.
Ali təhsilin magistratura
səviyyəsinə qəbul
mexanizminin daha da təkmilləşdirilməsi,
imtahanda istifadə olunan yoxlama-ölçmə
materiallarının etibarlılıq
səviyyəsinin yüksəldilməsi
üçün hər
il cari
ildə keçirilən
imtahanların nəticələrinin
elmi-statistik təhlili
də aparılır.
Bu təhlillər əsasında ixtisaslı
və peşəkar mütəxəssislərdən ibarət ekspert qrupunun iştirakı ilə imtahan proqramlarında, zərurət
olarsa, müəyyən
dəyişikliklər edilir,
eyni zamanda imtahanın məzmunu ilə bağlı elmi-metodik işlər həyata keçirilir.
Dövlət İmtahan Mərkəzinin
Direktorlar Şurasının
sədri Məleykə
Abbaszadə deyir ki, magistraturaya qəbul imtahanının,
son iki ildə olduğu kimi, DİM tərəfindən mərkəzləşdirilmiş
qaydada beynəlxalq təcrübəyə uyğun
yalnız bir mərhələdə keçirilməsi
və imtahanda məntiqi təfəkkürün,
informatika və xarici dil üzrə
biliklərin yoxlanılması
nəzərdə tutulur.
Növbəti imtahanda
da bakalavrların bu sahələr üzrə biliklərinin yoxlanılması üçün
qiymətləndirmə aləti
olaraq test üsulundan istifadə olunacaq.
DİM sədrinin sözlərinə
görə, 2022-2023-cü tədris
ili üçün də test imtahanı iki dəfə - bir dəfə fevral və ya mart ayında, ikinci dəfə isə may və ya iyun ayında
təşkil etməyi
planlaşdırılır: "Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə magistratura ixtisaslaşmalarına
və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul
olmaq istəyən bakalavrların qəbul imtahanındakı nəticələri
Dövlət İmtahan
Mərkəzinin Təhsil
Nazirliyi ilə razılaşdırılmaqla müəyyən
etdiyi müsabiqə şərtini ödədikdə,
onlar Mərkəzin elan etdiyi müddətdə
qabiliyyət imtahanında
iştirak etməlidirlər.
İxtisaslaşma seçimi isə
qəbul və qabiliyyət imtahanlarının
nəticələri elan
olunduqdan sonra aparılacaq. Qəbul və
qabiliyyət imtahanlarında
göstərdikləri nəticəsi
müsabiqə şərtlərinə
uyğun olan bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar".
M.Abbaszadənin sözlərinə əsasən,
xüsusi qabiliyyət
tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının
ixtisaslaşmalarını və
jurnalistika üzrə
magistratura ixtisaslaşmalarını
qəbul imtahanını
verdikdən sonra
DİM-in elan etdiyi müddətdə Mərkəzin
rəsmi internet saytında
qeydiyyatdan keçən,
qabiliyyət imtahanından
"məqbul" qiymət
alan bakalavrlar seçə biləcəklər:
"İxtisaslaşma seçimi
"Magistratura səviyyəsi
üzrə ixtisaslaşma
seçimi cədvəli"nə
uyğun həyata keçirilir. Seçdikləri
ixtisaslaşmalar üzrə
müsabiqə bakalavrların
imtahandan topladıqları
bal əsasında aparılır. Hər bir bakalavr ixtisaslaşmaların müsabiqəsinə
öz istəyinə uyğun olaraq cari ildə iştirak etdiyi ya birinci, ya
da ikinci imtahanda topladığı
balla qoşula bilər".
M.Abbaszadə vurğulayıb ki, magistr olmaq istəyənlərin
xarici dil üzrə yazı və danışıq bacarıqları 2024-cü ildən
yoxlanılacaq. Magistratura səviyyəsinə qəbul
imtahanında növbəti
ildə də məntiqi təfəkkürün
yoxlanılması, xarici
dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və
açıq tipli test
tapşırıqlarından istifadə olunacaq: "Hər bir xarici
dil üzrə test blokuna dinləyib-anlama üzrə bir audiomətn əsasında
qapalı tipli beş test tapşırığı
da daxil ediləcək. Bakalavrlara kömək məqsədilə
hazırlanmış audiomətnlərin
nümunələri DİM-in rəsmi internet səhifəsində
yerləşdirilib. 2024-cü
ildən etibarən keçiriləcək magistratura
səviyyəsinə qəbul
imtahanlarında isə
xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının
yoxlanılması da nəzərdə tutulur.
M.Abbaszadə bildirib ki, ən
mühüm istiqamətlərdən
biri də imtahan verənlərə elmi-metodik köməyin göstərilməsi, onların
zəruri məlumatlarla
təmin olunmasıdır. DİM-in rəsmi internet səhifəsində
ardıcıl olaraq imtahan proseslərinin təşkili və keçirilməsi ilə bağlı zəruri məlumatlar, metodik materiallar və tövsiyələr, imtahanda
istifadə olunan qiymətləndirmə alətlərinin
hər bir tipinə və növünə aid tapşırıqlar
yerləşdirilir, onlayn
sınaq imtahanları
təşkil olunur.
DİM-in prioritet fəaliyyət
istiqamətlərindən biri
də jurnalların və vəsaitlərin dərc olunmasıdır ki, bu nəşrlər
imtahana hazırlaşanlar
üçün əsas
məlumat və bilik mənbələrindəndir:
""Magistr" jurnalının
saylarında magistraturaya
qəbul qaydaları, eyni zamanda məntiqi
təfəkkürün yoxlanılması,
xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, eləcə də məntiqi təfəkkürün
yoxlanılması üzrə
izahlı test tapşırığı
nümunələri təqdim
edilir. Magistraturaya qəbul elanı,
məntiqi təfəkkürün
yoxlanılması, informatika
və xarici dillər üzrə test modelləri, ixtisaslaşma
seçimi cədvəli
və digər zəruri materiallar isə jurnalın növbəti saylarında
dərc olunacaqdır".
Magistraturaya qəbul prosesində
tətbiq ediləcək dəyişiklik
barədə danışan
təhsil eksperti Kamran Əsədov bildirib ki, sözügedən
proses yalnız xarici dil fənninə
yox, eyni zamanda, gələcəkdə
Azərbaycan dili fənni ilə bağlı da tətbiq edilməlidir: "Azərbaycan
təhsil sistemi 1992-ci
ildən etibarən
test üsulu ilə qəbul planı həyata keçirir. İndi bizim şagirdlərimiz ali məktəblərə qəbul
olmaq üçün
test imtahanından istifadə
edir. Aydındır ki, bu üsul əzbərçilik
üzərində qurulub.Bu
ciddi bir problemdir".
Təhsil
eksperti hazırda magistraturaya qəbul olan şəxslərin sərbəst yazı qabiliyyətinə, fikir ifadə etmə bacarığına o qədər
də malik olmadığını diqqətə
çatdırıb:
"Onların əldə
etdikləri informasiyalar
əzbərçilik üzərində
qurulub. Ona görə bu
gün ən ciddi problemimiz onlarda yazı, fikir ifadə etmə vərdişlərini
formalaşdırmaqdır".
K.Əsədov magistraturaya qəbul qaydalarında tətbiq ediləcək yeniliyi kifayət qədər müsbət qarşıladığını söyləyib və səbəbini açıqlayıb: "Nəzərə alaq ki, bizim magistratura pilləsində təhsil alan gənclərimiz elmi məqalələrini xaricdə dərc etdirməlidir. Onlar yalnız hər hansısa qrammatik qaydanı, sözləri əzbərləməklə buna nail ola bilməzlər.Yazı vərdişləri onlarda yeni bacarıqları ortaya çıxaracaq. Beləcə bizim magistraturaya və gələcəkdə doktorantura qəbul olacaq, eyni zamanda, elmlə məşğul olacaq peşəkar gənclərimizin prosesə qoşulmağına imkan verəcək".
Məleykə Abbaszadənin söylədiyinə görə, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli fərmanı ilə ölkədə dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılıb. Bu illər ərzində Komissiya böyük bir inkişaf yolu keçib, zəngin texniki bazaya, müasir informasiya texnologiyalarına, geniş elmi-metodoloji potensiala və yüksək intellektli kadr heyətinə yiyələnib, bütövlükdə Azərbaycan cəmiyyətinə xidmət edən yeni, demokratik tələbə seçimi sistemi yaradıb. Bu sistem nə qədər möhkəmlənirsə, onun faydalılığı və effektivliyi də bir o qədər artır, nə qədər təkmilləşirsə, cəmiyyətdəki nüfuzu də bir o qədər yüksəlir. Bu gün Azərbaycan cəmiyyətində biliyin qiymətləndirilməsinin mövcud sisteminin obyektivliyinə, ədalətliliyinə möhkəm inam formalaşıb. Bu da tələbə qəbulunda biliyin qiymətləndirilməsini həyata keçirən dövlət qurumu olaraq DİM-in qazandığı ən böyük nailiyyətlərdəndir. İmtahanların obyektiv və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək DİM-in iş prinsipidir: "Biz əzbərçiləri, biliklər toplayıb onları tətbiq etməyi bacarmayan, misalları həll etməyi bacarmayan, qərar qəbul etmək imkanı olmayan insanları yox, tədris prosesində öz fikirlərini şifahi və yazılı ifadə etməyi bacaran, əldə etdiyi bilikləri praktikada tətbiq etməyə qadir olan, yeni və mütərəqqi informasiyalara açıq olan insanları seçməyə çalışırıq. Əsas məqsəd qəbul kampaniyasının gedişində obyektivliyi, düzgünlüyü, şəffaflığı qoruyub saxlamaqdır. Fikrimcə, DİM üzərinə düşən ağır və məsuliyyətli işin öhdəsindən lazımınca gəlir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 11 yanvar.- S.10.