Əbədiyyət yolçuları
haqqında poetik hekayətlər
Bu kitabda toplanan
şeirləri nə
həyəcansız oxumaq olur, nə
də dinləmək. Bir tərəfdən
şairin yüksək
sənətkarlıqla qələmə
aldığı
və 44 günlük
müharibə dövründə
həsr etdikləri elegiyalar ürək parçalayır, şəhid
balaların gözlərini
qırpmadan vətən
yolunda həlak olmaları, cavan canlarına qıymaları,
hər cür qana-qadağaya, savaşa lənətlər doğurur,
digər tərəfdən
mərd anaların dünyaya yalnız qəhrəmanlıq, şücaət
göstərmək üçün
gətirdikləri cavanların
döyüş yolunu
heyranlıqla
müşahidə edir,
ürəyində hər
əsgərə, zabitə,
çavuşa əhsən
deyirsən, əmdiyiniz
süd halalınız
olsun, pıçıldayırsan.
Elşad
Barat təmkinlə hər
kəsin qısa tərcümeyi-halını "Ölümsüzlər"
kitabında verir. Beləliklə, oxucu qəhrəmanını doğru-dürüst
öyrənir, avtobioqrafiyasına bələd
olur. Əlbəttə, bu real faktlar
çox lazımdır
və kitabın müəllifi səhifələrə
səliqə ilə yerləşdirib. Hamı bilir
ki, döyüşçü
şəhadətə qovuşandan
sonra ikinci tərcümeyi- halı yazılır və başlanır. Şair məhz
sevib-seçdiyi qəhrəmanının
- igid əsgərin və ya cəsur
şəhidin yeni tərcümeyi-halını şeirə
gətirir, ona bədii don biçir.
Toplanan onlarla nümunədə
biz bunun şahidi olduq və gənc
qələm adamının
ustalığına, səriştəsinə
məftunluğumuzu gizlədə
bilmədik. Bir də
çox istərdik ki, bu kitab
təkcə şəhid
ailələrinin məxsusi
kitabı olmasın, bütün Azərbaycanımızda
oxunsun, sevilsin, təbliğ edilsin.
"Ölümsüzlər" əgər
yazılan ön sözləri (Sabir Rüstəmxanlı, Adil Əliyev, Ağacəfər
Həsənli) nəzərə
almasaq, Elşad Baratın "Şəhid
analarına" və
"Körpə şəhid
qızlarına" şeirləri
ilə açılır.
O qadınları vəsf
elmək azdır, onların önündə
səcdə eləmək
gərəkdir. O balaca
qızlara təskinlik
vermək, ovundurmaq bir yana,
onları öpüb bağrımıza basmalıyıq.
Yetimliklərini heç
zaman hiss etdirməməliyik
ki, qəddi-qamətləri
əyilməsin, üzləri
solmasın. O anaların
səbri, təmkini xalqımızı böyütdü.
Ey şəhid doğan ana,
Əbədi ucalmısan,
Günəşə, Aya qədər.
Sənin
balan apardı,
Bizi Şuşaya
qədər.
Cəmi
beş bənddən ibarət "Körpə
şəhid qızlarına"
şeiri çox təsirlidir. Oxucu göz yaşlarını
saxlaya bilmir. Müəllif gah atasının
çərçivədəki şəklinə baxıb
kövrələn kiçicik
qızcığazın duyğularını
ifadə edir, gah yuxuda atalı
günlərinin rəsmini
çəkir, danışdırır,
gah da hadisələrə
özü kənardan
müdaxilə edir, bənzətmələrlə, obrazlarla
vətən müharibəsi
iştirakçısının surətini canlandırır.
Görüşüb yuxuda söhbət edirlər,
Çatmayır ümidim, xəyalım sənə.
Az qala kövrələ şəhid
balası,
Ata dillənir ki,
nə alım sənə?
Şəhid Xansu Qurbanov əslən Babək rayonunun Cəhri kəndindəndir. Birinci Qarabağ savaşında
qohumlarından iştirak
edib və o, hər dəfə veteranların, qazilərin
söhbətlərinə həyəcanla
qulaq asır, sanki özünü ön cəbhədə görüb. Ən nəhayət,
balaca Xansu boy atıb əsgərlik yaşına çatıb,
əvvəl Naxçıvanda
N saylı hərbi hissədə xidmətə
başlayıb. Kəşfiyyatçı kimi hərbi təlim keçib. Müəllim bacısı
Xanım Elsevər qızının söylədiyinə
görə mənfur ermənilərlə İkinci
Qarabağ savaşı
başlayandan Xansunun rahatlığı qeybə
çəkilmişdi, döyüşlərə
can atırdı və
tezliklə arzusuna çatdı. Hadrutdan Qırmızı Bazara qədər irəlilədi, Şuşanın
həndəvərində mərdliklə
vuruşdu. Bir axşamüstü
xain düşmənin
gülləsinə tuş
gəldi.
Salam, ey gedən adam,
Salam, ey qalan şəhid!
Sən iyirmi yaşında
Şuşanı alan şəhid!
Anan ilə danışdım,
Dərdi üyüdən anam.
Hamımızın anası,
Səni böyüdən ana.
Bu kitab Azərbaycanın
şəhidlik xəritəsidir. Ölkənin elə bölgəsi, rayonu yoxdur ki,
vətən uğrunda
şəhid verməsin.
İsmayıl Nəbi oğlu
Qəsəbov Qazaxın
Çaylı kəndində
doğulub, Elzamin Təhməzov Bərdənin
Şirvanlı Köyündə,
Cəmil Məmmədli
isə İsmayıllı
şəhərində. Tərcümeyi-halların rəngarəngliyi bölgələrimizi əks
etdirir. O kitabdan öyrənirik ki, şəhid Bayram Qasımov Gədəbydəndir.
Səid Rəşidzadə
Horadizdən (Füzuli
rayonu), Vüqar Quliyev Ağsudan, Ətraf Qənimətov Laçından, Aqşin Ənvərli qədim Qəbələdən, Ağababa
Abasov Şabranın Uzunboya obasından, Ayaz Abbasov Cəlilabadın
Bəzirəvanından, Tərlan
Quliyev Astaranın Ərçivanından, Cəbrayıl
Dövlətzadə Sumqayıtdan,
Mehrab Niftəliyev Qubadan, Kamil Yusifzadə paytaxt Bakıdan, Tahir Əlizadə Biləsuvardan,
Vüqar Ələkbərov
Ucardan, Tural Aslanov Yardımlıdan, Arəstə Baxışova
Xaçmazdan, Qənbər
Qənbərli Tərtərin
Kəngərlisindən, Vüsal
Kazımov Lənkərandan,
Kamal Məmmədov Balakəndən, Sahil Məmmədov Ağcabədidən
və s.
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə
şəhidlərimizin hünər
və rəşadətləri
qiymətləndirilib, orden
və medallarla təltif olunublar. Onlardan Milli Qəhrəman adına
yüksələnlər də
var. Bəli, Azərbaycanın
ərazi bütövlüyünün
təmin edilməsi hər kəsin arzusu idi. Təəssüf ki, şəhidlərimiz
həmin ərazi bütövlüyünə axıtdıqları
qanları hesabına çatdılar, əbədiyyətə
qovuşdular, behiştlik
oldular. Deyir, heç kim
unudulmur, heç nə yaddan çıxmır. İndi
bu sözlər dillər əzbəridir:
Əbədi qalacaqsan,
Bu Vətənin canında.
Hamımız baş əyirik,
Ruhunun qabağında.
Söz yox ki, onların hər biri bir
ailənin övladıydı,
dərd çəkəniydi,
yük daşınayıydı. Həmin ailələrin
sevinci getdi, əvəzində qubarı
gəldi, qapıları
dərd döydü.
Xızı rayonunun Sitalçay
kəndindən hərbi
xidmətə yollanan Elnur Ağaəhmədov kimi ölümündən
sonra 4 medalla təltif olundu subay Elnur. Ona həsr edilən
şeir də orijinallığı və
poetikliyi ilə seçilir, sanki nakam igidin həyat
amalını ifadə
edir:
Zəfər yolun uzanır
Cənnətin bağlarına,
Xızının dağlarından
Şuşanın dağlarına.
Rza Məmmədov
isə qədim Şirvan torpağında
- Şamaxının ən
iri yaşayış məskənində - Göylər
kəndində dünyaya
göz açmışdı. Gözəl səsi,
avazı vardı, hərdən yoldaşlarını
ətrafına toplayır,
pəsdən oxuyur, onları nikbin olmağa çağırırdı.
Gözəl boy-buxuna malik
bu ortaboy oğlan sifətcə də seçilirdi. Füzuli uğrunda gedən qızğın döyüşlərdə
igidliklə həlak oldu, orden və
medallarla təltif edildi.
İndi
bizim borcumuz,
Onları yaşatmaqdır.
Hər şəhid bir tarixdir,
Hər şəhid
uca dağdır.
Şəhid Xalid Hassan beynəlmiləl
ailənin övladı. Bu gəncin atası Misir Ərəb Respublikasındandır. Anası Maya Quliyeva
Ağdamın Saybalı
kəndindəndir. Xalid Sumqayıtda
doğulub, on yaşında
ikən ailəsi Qazaxıstanın Almatı
şəhərinə köçüb.
O, bir neçə il Bərdə
şəhərində təhsil
alıb, orta məktəbi isə Almağıda bitirib. 2020-ci iilin Tovuz
hadisələri Xalidə
təsir edir,
general-mayor Polad Həşimovun
ölümü yurdsevər
Xalidi daha da hiddətləndirir.
Beləliklə, könüllü surətdə savaşa atılır. İgid
əsgər Kəlbəcər-Şuşa yolunun Ağdərə istiqamətində
qəhrəmancasına həlak
olur.
Salam, könüllü əsgər,
Könüllü şəhid, salam.
Bu şeiri sən söylə,
Mən susuram, mən lalam.
Necədir anan üçün,
Yuxu olmaq, səs olmaq.
Necədir Vətən üçün,
Ölüb, müqəddəs olmaq.
Və yaxud şəhid mayor Ramiz Ağayevin qısa ömür yoluna nəzər salaq. O, peşəkar hərbçiydi, hələ Lerik şəhərində orta məktəbdə oxuyarkən arzusu-istəyi müstəqil Azərbaycanın ordu quruculuğuna dəstək durmaq, zabit kimi fəaliyyət göstərmək idi. Muradı çin oldu. Ramil mükəmməl hərbi təhsil aldı, ancaq alçaq niyyətli mənfur qonşularımızın ölkəmizi savaşa sürükləməsi fəaliyyətini yarımçıq qoydu. İki qız atası şəhid mayor haqqında şeirini Elşad Barat çox işıqlı misralarla bitirir.
Sənintək qəhrəman, igid oğullar,
Vətəni - müqəddəs yeri qaytardı.
Lerikdən Şuşaya uzanan yollar,
Səni tarix kimi geri qaytardı.
Elşad Baratın "Ölümsüzlər" şeirlər toplusu şəhidlərimiz haqqında bədii salnamədir. Və nə yaxşı, istedadlı müəllifin qələmindən süzülən poetik misralar, yığcam bəndlər, parçalar tam mətn kimi kitabda toplanıb, nəşr olunub. Bu kitab təsdiq edir ki, həqiqətən şəhidlər ölmür, ruhları daim bizimlədir, Vətən torpağında dolaşır.
Şəhriyar TƏYYAROĞLU (BƏHMƏNOV)
Filoloq
525-ci qəzet.- 2022.- 12 yanvar.- S.23.