Səfər müəllimə nəsə
olub
hekayə
-Hansı
tamaşa məsləhətlidi?
Kassir eynəyini
burnunun ucuna sürüşdürüb
qarşısındakı irigövdəli kişini
aşağıdan yuxarı istehza ilə süzdü:
-Necə
tamaşa olsun, yoldaş Stanslavski, ağlamalı, ya gülməli?
Kassirin bu
cür müraciəti onu çaşdırsa da,
mağmınlığını ört-basdır eləməkdən
ötrü səsini bir az da
qalınlaşdırdı:
-Stanskavskinin
məsələyə dəxli yoxdu.
-Tutaq ki,
elə söz deməmişəm, hər halda söyüş
deyil, üstündən keçin, sualımın ikinci hissəsi
barədə düşünün.
Yekəpər başını qaşıyıb fikrə
getdi. Arxada
növbə gözləyən Əzizin qəsdən
öskürməyi onu ayıltdı:
-Bilirsiz necə
olsun? Demək... Həm gülməli, həm
ağlamalı.
Kassir başını yelləyib bığaltı
güldü.
Afişa çap olunan kağızı götürüb
siyahıya baxdı:
-Olsun ki,
“Molla Nəsrəddinin beş arvadı” siz deyəndi, neçə
bilet lazımdı?
-Molla Nəsrəddində ağlamalı nə var?
-İndi beşarvadlı olmaq bilirsiz nə qədər
böyük bədbəxtlikdi?
- 2 bilet
verin.
Əziz
kassaya yaxınlaşanda kassirin bayaqkı yekəpərdən
qeybətə hazır olduğunu hiss elədi. Çoxdanın
tanışları kimi, – görürsən bu təpəgözü?
– deyib arxasınca gözünü zillədi:
-Elə
danışır, elə bil, teatrdan zaddan başı
çıxır, özünü Stanslavski kimi aparır,
heç o rəhmətdiyin adını da eşitməyib haa…
Maskanı da çəkib alnına, o saat bilinir simicin biridi, cərimənin
dərdinnən az qalır maskanın birini
də başına keçirsin.
-Hardan
bilirsiz, bəlkə, doğurdan özünü xəstəlikdən
qoruyur?
-Onun
gövdəsini görmədin? Oksigenin düşmənidi, beş adamın yerinə nəfəs alır. Elə bil, Həzrət Abbas cöngəsidi. Belələri tamaşaya özlərini göstərmək
üçün gəlirlər. Lap rəhmətlik
qayınanam yadıma düşdü…
Kassir deyəsən,
onu hörmətlə dinləyən adam
tapmışdı. Susmaq bilmirdi:
-Sən də
məni bağışla, arvadağa doğanda qaynanam dedi ki,
bala, quymaq qatı olsun, ya duru? Dedim, xala, nə qatı olsun, nə
duru, orta. Yazıq arvad həmən gündən
qızının dərdin çəkdi ki, balam bununla necə
dolanacq? İndi bu da, nə gülməli olsun, nə
ağlamalı, sürüş əəə,
“svolıç”...
Əziz
xeyli güldü, rastına maraqlı adam
çıxmışdı. O belə insanları bir yerə
yığıb ansambl düzəltməyi xəyal edirdi. Ansamblın rəhbəri də qapıbir qonşusu
Səfər müəllim. Qiyamət adamdı!
Əziz
yubandığını hiss elədi:
-“Paris Notr Dam kilsəsi”nə iki bilet, zəhmət
olmasa.
Kassir yerində qurdalandı, kağızlara baxdı. Özünü
piştaxtada hiss edirdi. Sanki, bütün
tamaşaları camaata o göstərirdi. Ürəyinə
yatmayan nəsə olanda qanı qaralır, eynəyini
çıxarıb baş barmağı ilə şəhadət
barmağını iki gözünün bulağına
sıxırdı.
Həmin şey yenə təkrarlandı. Kassir göz
qapaqlarını kölgələyən qaşlarını
çatdı. Əzizin yadına məhlələrindəki
südçü kişi düşdü.
Südçü kişi
“Satdığın süd çürüdü” deyib
üstünə şığıyan qadınları görəndə
necə rəng alıb rəng verirdisə, kassir də həmin
hala düşmüşdü.
-Oğul,
yanaşı yer qalmayıb. Ayrı-ayrı yerlər
var.
-Yerləri
əvəzləmək olmaz?
-Qəribə
adamlar var e, a bala, bilet satdığım adamların anketini
doldururam? Kimə zəng edim deyim ki, bəs gəl,
yerləri əvəzləyirik?
“Əşi,
niyə əsəbləşirsiz e… Eybi yox, ayrı-ayrı
yerlər olsun, iki bilet verin”, - Əziz verdiyi sualın mənasız
olduğunu başa düşüb pərt oldu.
Biletlərini
cibinə qoyub təzəcə beş-altı addım
aralanmışdı, kassir arxadan səsləndi:
-Oğul,
bir dəqiqə bura gəl.
Əziz yaxınlaşdı. Yerlərlə
bağlı xoş xəbərə gümanı vardı.
-Sən
nömrəni ver mənə. Aktyorlar
dost-aşnalarına dəvətnamə verirlər. Yanaşı olan dəvətnamələrdən
hansısa qayıtsa, deyərəm, gələrsən, biletləri
əvəzləyərik.
Əziz nömrəni verib razılıq kimi
başını yellədi.
Çağrılmamış qonaq kimi özünü
yayın bağlı qapısından içəri
soxuşduran payız soyuğu onun əllərini qaxaca döndərmişdi. Telefonuna zəng gələndə
əllərini cibindən çıxarmağa ərindi,
könülsüz cavab verdi:
-Hə,
Orxan.
-Əziz, evə gəlirsən?
-Birazdan gələcəm.
-Bu
gün dərsdə qəribə şeylər oldu.
-Noolub?
-Əziz, Səfər müəllimə nəsə olub. Qəribə
danışır. Axır vaxtlar
özündə deyil. Elə hey dərsin
mövzusundan uzaqlaşır. Haşiyədən
haşiyəyə keçir. Məsələn,
bu gün şəxs əvəzliklərindən
danışırdı. Dərs qutaranda
gördük ki, cinas qafiyələrə keçib. Tez-tez duruxur. Bəlkə, əlaqə
saxlayasan?
-Görəsən,
nolub… Bəlkə… Mən də bu gün Səfər
müəllimlə özümə tamaşa üçün
iki bilet almışdım. Nəysə, dərslərinə
bax, özüm yığıb danışacam.
Qardaşının sözləri Əzizin xəyalını
min yerə apardı. Yerlə göy lapdan gözündə tənləşdi.
Çoxdandı belə yana-yana siqaret
yandırmamışdı. Bir qullab çəkib
duruxdu. Şalvarının üstünə
səpələnən külə əhəmiyyət vermədi.
Elə hey götür-qoy edirdi…
Əzizin canında bayaqkı soyuqdan əsər-əlamət
qalmamışdı. Ağacların koğuşunda gizlənən
istilik onun bədəninə hopmuşdu. Tez
telefona əl atıb Səfər müəllimə zəng elədi.
Səfər müəllimin titrək səsi eşidildi:
-Bəli,
Əzizcan.
-Necəsiz,
Səfər müəllim?
-Sağ
ol, bala, kefin yaxşı olsun.
-Hardasız?
-Bulvara tərəf
gedirəm.
-Sizə
yoldaşlıq eləyə bilərəm.
-Üşüyərsən
e, soyuqdu… Amma gəl, bir isti çay alaram,
qızışarıq.
Əziz teatrın yanından piyada bulvara
düşdü. Saatın yanında görüşdülər.
Yavaş-yavaş Kukla teatrına tərəf irəliləyirdilər.
Birdən Səfər müəllimin gözü sağ
ayağına sataşdı. Şalvarının
qatı əyri idi. Ayağı
ayağına dolaşdı, pərt oldu, elə bildi, hamı
şalvarının əyri qatına baxıb gülür.
Səfər müəllim belə şeyə
öyrəşməmişdi. Ürəyində
qocalığına məzəmmət, təkliyinə
üsyan elədi. Şalvarının əyri
qatı onun əyilən qamətini haçalandırdı.
Ovqatı lap təlx oldu.
Küləyin sürətinə məhəl qoymadan
göy Xəzərin üzərinə səpələnən
şəfəq günorta çağının heç vaxt
ünvana gecikməyən nurlu paçtalyonu idi. Səfər
müəllim elə bilirdi, onun özünün xoşbəxtlik
carçısı olan paçtalyonunu kimsə hardasa
yubandırır. Həmişə nəsə gözləyirdi…
Nimdaş ayaqqabısının üzərinə
düşən sarı yarpaq yorulmuş cisminə kar eləməsə
də, ruhunu sızıldatdı. Əyilib
yarpağı götürdü. Əllərinin
üstündəki incəlib ətindən ayrılan dərisi
adda-budda göyərmişdi, kapilyarları xəfif zərbədən
partlayırdı. Yarpağı əlinin
üstünə qoyub acı-acı gülümsündü.
O yarpaq bardağı daşıran sonun damcı idi. Soluxan
yarpaq yaşamaqdan küsən Səfər müəllimin
ağrılarına bir az da
ağırlıq gətirdi. Səfər müəllim
üçün yayın son elçisi, payızın ilk
müjdəçisi arzuolunmaz qonaq olsa da, əlinin
göyü ilə yarpağın sarısı uyuşurdu, hər
ikisi payızdan xəbər verirdi. Səfər
müəllimin ömrünün payızı gömgöy
idi.
Ağır addımları ilə buxağının dərisi
eyni tərpənirdi, ulğumu üzülmüşdü.
Bir qədər irəlilədikdən sonra Səfər
müəllim bulvarda iri gövdəli ağacın
qabağında dayanıb gözlərini qıydı. Ağacın
üzərindəki kiçik lövhədən
yazıları çətinliklə oxudu. Ağacın
adını ürəyində də səlis deyə bilmədi,
karıxdı. Lövhənin
aşağısındakı cümlə mehdən əsən
yalın ağaclar kimi Səfər müəllimi titrətdi:
“Bu ağacın vətəni Almaniyadır”.
Qanrılıb Xəzərə baxdı. Çopur
daşlara yaxınlaşıb sulara tamaşa elədi. Öz yerində dayanmadan dövr edən
qağayıların ecazından məst olsa da, kövrəlmişdi,
bir anlıq özünü ovundurammadı. Qağayılar ara-bir aşağı enib suda
bullanır, yenidən qanad çalıb dövr edirdilər.
Kəndi
xatırladı:
-Əziz, inan, evimizlə klubun arasındakı qobudan bir
də aşmaq üçün parça-parça olan
ömrünün qalanını peşkəş verərdim.
-Mən
axı neçə dəfə dedim... Gedin, gəzin, olmaz e
belə...
-O qobuda nənəmin
kəlağayısının sürüşüb
düşməyi gözümün qabağına gəldi. Çox ötkəm arvad idi. Bir
çalma bağlayırdı, üstündən də qara
noxudu kəlağayı örtürdü. Nənəm yaralı yerim idi. Qadın
olsa da, əlləri, elə bil, palıd budağı idi.
Müharibədən qayıtmayan əmimdən
danışanda əllərini üzülən
qıçına elə çırpırdı ki, elə
bil yüz yaşlı palıdın budaqları sınıb
yerə çırpılırdı. Oğluna
gecələr gecə səssiz-səssiz ağalyırdı.
Örpəyinin ucunu ağzına tuturdu ki,
günümüzü qara eləməsin. Hərdən
elə sözlər deyirdi ki...
-Oları
yazmaq lazımdı...
-Elə
şeylər var ki, onu yazsan, sehri qaçar. Axı
olduğu kimi ifadə eləyə bilmirsən. Necə
yazsan da, hadisənin yanında sönük qalır... Deyirdi
ki, “Bala, nabələd kor olar..”... Həəə,
bala, mən də otuz ildi bu şəhərdə eləyəm...
-Siz ki şəhəri
əla tanıyırsız, nabələd niyə olursuz?
Səfər
müəllim gülümsündü, əlini Əzizin
çiyninə qoydu:
-Ayağım
gedir e, ürəyim yatmır bu yol-irzə. Mən burda yadam,
yad da öləcəm…
Səfər müəllimi kəndə buraxmayan nəsnə
yuxularını qaramata döndərirdi. Neçə
dəfə getməyə cəhd eləsə də,
alınmırdı. Ayağlarına
qıfıl olan keçən günləri
qarğıyırdı.
Səfər
müəllim Əzizə sarı baxıb gözlərini
qıydı:
-Əziz, deyirik ki, əvəzliklər bütün nitq
hissələrini əvəz edir.
-Hə, hətta
özünü belə.
Səfər
müəllim yeni nəsə kəşf eləyirmiş kimi
gözlərini bərəltdi, yumruqdan ayrılmış
şəhadət barmağını qənşərindən
bura-bura qabağa uzadıb uca səslə dedi:
-Bəli,
hətta özünü belə!
-Bəs,
biz kimi əvəz edirik? “Biz” də əvəzlikdi də,
birinci şəxsin cəmi... Bəs biz
özümüz əvəzlik deyilik? Biz əvəzliyiksə,
biz kimi əvəz edirik?Ümumiyyətlə
“mən”i, “sən”i “o”nu “biz” niyə əvəz edir?
Səfər müəllim yerindəcə donub qaldı,
şəxs əvəzliyin altısı da beynində
fırlandı. Gözləri qıyıldıqca gözəçarpan
qırışları bir az da dərinləşirdi.
Hər qırışı bir ağrı idi, kənardan
bilmirdilər…
“Nəysə,
bala, - dedi, - mənə fikir vermə...”
Hava getdikcə soyuyurdu. Payız yayın
qapısını iki əlli döyəcləyirdi.
Ağaclar üryanlaşdığını hiss edib utanan
adamlar kimi əsirdi.
-Gəlsənə, evdə bir
çay içək, bayaq başımız
qarışdı, bulvarda da içmədik. Gəl
bizə.
Əzizi təkidlə evə dəvət elədi.
Səfər müəllim evə girəndə
barmağını dişlədi, işıqlar yanılı
qalmışdı. Çay dəmlədilər. Çoxdandı evdə təkbətək
qalmamışdılar. Əziz müəllimin
ürəyinin dolu olduğu yaxşı bilirdi.
Səfər
müəllim çaydan bir qurtum içib dilləndi:
-Rəhmətlik
qardaşımı tez-tez yuxuda görürəm... Ona çoxlu suallar verirəm. Deyirəm, Vahid,
biz öləndə kənddə basdıracaqlar? Atamızın yanı boşdu? Deyirəm, sənə
görə ayağımız kənddən kəsildi axı…
Niyə elə elədin?
-Qardaşınız
neyləmişdi ki?
-Bəs,
indiyəcən nəcəb kəndə niyə getmədiyimi
xəbər almamısan?
-Yaranızın
qaysağını qopartmağa ürək eləməmişəm.
-Ay bala,
yaram nə vaxt qaysaqladı ki...
Səfər
müəllim ayağa qalxıb pəncərəyə
yaxınlaşdı:
-Qardaşım
məktəbi təzə bitirmişdi. Laçın
vaxtları idi. Elə gözəl qaməti var idi ki!
Yar-yaraşığından adam doyurdu. Kolxoz sədrinin qızını sevirdi.
Anası bostanda “Pəri” deyib haylayanda ovçu hənirtisindən
qaçan ceyran balası kimi boynunu çevirib
yaşıllığa götürülürdü...
-O da
qardaşınızı sevirdi?
-Dəli
kimi! Onu görəndə bədəni əsirdi.
Həyəcandan ağır-ağır nəfəs
alanda sinəsi uşaq beşiyi kimi qalxıb enirdi. Qardaşımın bir baxışına,
gülüşünə bənd idi. Qağam
toyda qol açıb oynayanda elə bilirdin tərlan
süzür. Pərinin eşqinə
“Qarabuğdayı qız” mahnısına oynayrdı.
Toyun axırına yaxın mağarın ev
tərəfindəki qanadı açılırdı. Pəri pəncərədən tamaşaya
çıxırdı. Qağam qol
qaldıranda, elə bilirdin, Pərinin ürəyinə xəncər
salırlar. Bütün qızların
gözünü bağlamaq istəyirdi. Xanəndə də elə
ürəklə oxuyurdu ki...
“Eşqə
düşən könlümü
eyləmisən qərarsız,
mən
səni çoxdan sevirəm,
ay
qarabuğdayı qız...”
-Hə,
sizin ən çox sevdiyiniz mahnı...
Səfər
müəllim qaşlarını çatdı:
-Sən
hardan bilirsən?
-Babam
deyib.
Səfər müəllim başını yelləyib
fikrə getdi.
Əziz dediyinə peşman oldu: “Axı niyə Səfər
müəllim bu sözümə tutuldu?..”
-Səfər
müəllim, qardaşınızla Pərinin axırı necə
oldu?
-Onun dədəsi
bizə qız verməzdi axı… Qardaşım
da bunu bilirdi. Ona görə qızı
qaçırmaq istəyirdi. Bilirsən, gərək əvvəl
elçi göndərərdi, bəlkə verəcəkdilər...
-Qaçıra
bildi? Necə oldu?
-Atamın
qiyməti bilinməz bir kəhər atı var idi. Gecənin bir aləmi atı səssiz-səmirsiz həyətdən
çıxardı. Ata qardaşım
özü qulluq edirdi. Heyvan ona öyrəşsə
də, nəsə həmin gecə dalın-dalın gedirdi.
Həyətdən çıxmaq istəmirdi,
yüyəngini qaçırırdı.
Danışdıqca Səfər müəllimin
alnında tər tumurcuqlanırdı. Tez-tez siqaret
yandırır, fikirləşir, davam edirdi. Pəridən danışanda barmaqlarının ucunu
ovuşdurur, dırnağının kənarlarını
didirdi. Başını pəncərəyə dirəyib
ayparaya zilləndi:
-Həmin
gecə də on dörd günlük ay qardaşımın
yoluna ürəksiz işıq saçırdı. Pəri çəpərin döşündə
tir-tir əsirdi. Bir gözü evin
qapısında idi. Vahid
yaxınlaşdıqca Pərinin ürək
döyüntüləri artırdı.
-Qorxurmuş...
-Qorxmaq da
sözdü? Qağam atı xeyli aralıda, kəndin
ayağında ağaca bağlamışdı. Oracan ayaqla getdilər. Atın
belinə atlanandan sonra Pəri qardaşımın kürəyini
bərk-bərk qucaqladı. Saçı boynuna
dolandı, ağappaq, pambıq baldırı bədənində
od qaladı. Vahid Pərinin ürək
döyüntüsünü öz kürəyində hiss
eliyirdi. Qaranlıqda göz-gözü
görmürdü. Amma bir işartı...
-Kimsə
gördü?
-Pəri
uzaqdan köz işığı gördü. Kimsə siqaret
yandırmışdı... Elə onda götürüldülər,
əl-ələ tutub elə qaçırdılar ki... Atla dəbərənə
yaxın daldan güllə səsi gəldi...
-Kim idi o?
-Pərinin
qardaşı... Xəbər tutublar,
düşüblər yolun canına. Güllə
göyə açılmışdı. Qağam
dayanmadı, ta Pəri uçunana qədər... Pərinin ürəkkeçməsi var idi. Həyəcandan özündən getdi, qolları
boşaldı. Tez atdan düşdülər,
Pərinin qardaşı da çatırdı. O
çatanacan Pəri canı ilə əlləşdi. Qağamın qucağında göyərçin
kimi titrəyirdi. Pəri can verirdi...
-Niyə
axı?
-Bəs demirəm, ürəyi xəstə idi? Havaya açılan güllənin səsi Pərinin ürəyinə tuşlandı. Körpə canıyla qağamın qolunda can verdi Pəri... O gündən kənddən baş götürüb qaçdıq... Getmədik haaa, əməlli-başlı qaçdıq...
Səfər müəllim danışa-danışa gözündə yaş gilələndi. Əziz heç vaxt onu belə görməmişdi. Həmin gecə çox danışdılar, çox söhbət elədilər. Həmin gecə Əzizi qorxudan şeylər də oldu. Qonşu otağın qapısı çırplanda Əziz soruşdu ki, niyə pəncərələr açıq qalıb, Səfər müəllim dedi, mən eləməmişəm.
Səfər müəllim bir neçə dəfə belə qarışıq cavablar verdi, sonda divanda yuxuya getdi. Əziz onun üstünü örtüb öz evlərinə keçdi. Nə fikirləşəcəyini bilmirdi. Anası niyə bu halda olduğunu soruşanda söz tapıb deyə bilmədi. Bircə onu soruşdu ki, ana, Səfər müəllimin qardaşını görmüşdün? Heç gəlib-gedirdi?
Anası təəccübləndi:
-Əziz, Səfər müəllimgil bir bacı, bir qardaş olublar. Qardaşı olduğunu hardan çıxartdın?
Əziz daha heçnə demədi, yerinə uzandı, yuxusu ərşə çəkildi. Səhər 10-a qalmış təzəcə mürgüləyirdi ki telefona zəng gəldi:
-Mənəm, teatrın kassiri. Yerləri əvəzlədim, gəlin biletləri dəyişək!
Kassirin səsi Əzizin qulaqlarında əks-səda
verdi. Elə bu an südçü kişinin səsi məhəlləni
bürüdü. Səfər müəllim isə, hələ
yuxuda idi...
Nadir
YALÇIN
525-ci qəzet.- 2022.- 12 yanvar.- S.20-21.