Ruha qida verən Xumar sənəti

 

 

Əməkdar artist Xumar Qədimova mənim mütəmadi dinlədiyim, səsini mahnılarının musiqi notlarında birər-birər duyub hiss etdiyim sənətkardır.

Psixologiyada belə bir məqam var: səhəri xoş ovqatla başlamaq lazımdır ki, günün o cür davam etsin. Mənim aləmimdə açılan sabahların xoş ovqatını tənzimləyən meyardır Xumar Qədimovanın avazı. Necə ki, səhərlər onu dinləyərək işimə başlayıram, həmçinin, günün sonunda onu dinləyib mənən sakitləşirəm.

 

Sağlam bədəndə sağlam ruh olar, deyiblər. Gümrah bədəni işıqlı ruh formalaşdırır. Sağlam ruhun müalicəsi üçün musiqi dinləmək zəruridir. Hətta məhz musiqi ilə müalicə üsulu, musiqi terapiya mərkəzləri olduğunu bilirik. Xumar Qədimovanın ifa etdiyi onlarla mahnıları - "Qəmərim", "Mənim gülüm", "Tanrım", "Səninçün", "Ruhunla yaşayacağam", "Al yaylığım", "Bir gəlməyəcək mənim tək qadın" b. mənim ruhumu qidalandıran, əhvalımı şən-şaqraq  edən musiqi ahəngidir.

 

Müğənni səsinin gücünə, melodiyasına, həzinliyinə əvvəlcə özü inanmalıdır ki, minlərlə dinləyici, tamaşaçı da onun musiqisinin sehrinə düşə bilsin. Sadaladıqlarım Xumar Qədimovanın səsinin sehrində cəmlənir, buna görə o, tamaşaçıların qəlbini ovsunlaya bilir. Doğrudur ki, "İnsanın mahiyyəti onun arzularında təzahür edir" (Spinoza). Xumar Qədimovanın da müğənnilik mahiyyəti ifa etdiyi mahnılarında onu bəlli edir. Onun səsinin gözəlliyi, yaddaqalan insanı sakitləşdirən bəstələri, mahnılarına sərraf dəqiqliyi ilə söz seçimi etməsi səhnə şərtlərini ödəyən bütövlük, tamlıq yaradır. Ən vacibi isə, Xumar Qədimova öz üslubunu yaratmağı bacarıb.

 

Xumar Qədimova bütün mahnılarını zərgər dəqiqliyi ilə seçib oxuyan incə ruha sahibdir. Şərt o deyil ki, hamı filoloq olsun, Azərbaycan ədəbiyyatını əzbər bilsin. Lakin fikrimcə, müğənninin Azərbaycan ədəbiyyatındakı ən gözəl poeziya nümunələrindən məlumatı olmalıdır. Çünki poeziya elə musiqinin özüdür, musiqi isə poeziyanın ahəngidir, sözün notlara köçürülməsidir. Çəkisi ağır, sanballı sözlərlə musiqi birləşəndə, dəyərli bədii misralara mahnı bəstələnəndə mükəmməl sənət əsəri yaranır. Gözəl sözlərlə yaxşı musiqinin ahəngini vəhdətdə dinləmək tamaşaçıların arzusudur, istəyidir. Xumar Qədimova bu istəyi gerçəyə çevirən, tamaşaçının zövqünü tutmağı bacaran sənət tərcümanıdır. O, sanki bir filoloqdur, onun söz seçiminə xüsusi diqqəti Azərbaycan ədəbiyyatına, musiqiyə, tamaşaçı zövqünə etimadın, dinləyici kütləsinə sevgisinin nəticəsidir.

 

İkinci Qarabağ savaşından sonra, Zəfər münasibətilə yazılmış poeziya nümunələri, nəsr əsərləri mətbuatı fəth etdi. Qarabağ mövzulu şeirlər, əsərlərin bolluğu içində son dövrlərdə məni heyrətləndirən ən mükəmməl sənət əsərlərindən biri Rəşad Məcidin sözlərinə Xumar Qədimovanın bəstələdiyi "Şuşa" mahnısıdır. Bu kompozisiyada da, bir daha Xumar Qədimovanın söz-musiqi vəhdətinə qədər diqqət yetirməsini anlamaq olur:

 

Min şəhər adı var - dillərdə əzbər,

Adların ən üstün adıdır Şuşa.

Musiqi notudur cüt hecasıyla,

Dilimin şəhdidir, dadıdır Şuşa!

 

Ciyərdə nəfəsdir, damarda qandır,

Ruha qanad verən sirli məkandır.

Biri beş edəndir, güc artırandır,

Qoşundur, əsgərdir, ordudur Şuşa!    

                 ("Şuşa", Rəşad Məcid)

 

Xumar Qədimova verilişlərdən birində demişdi: "Mən gözəl musiqidən, mahnıdakı gözəl sözlərdən dəli ola bilərəm". Səmimi fikirdir. Musiqiyə, sənətə, ədəbiyyata, sözə olan sevgisinin gücünü bu cür çılğın, ən kəskin tonda, birbaşa hədəfə vuraraq ifadə edir. Musiqini qüdrətli, əzəmətli, insana qol-qanad verməyi bacaran ilahi qüvvə kimi izah etmək istədiyi cümlədir.  Koroğlu dastanında Koroğlunun dəliləri ən cəsarətli igidlər sayılırlar. Elə ki döyüş başladı, meydana atılıb hünər göstərirlər. Gözəl musiqini, yaxşı poeziya nümunələrini dinləyərkən Xumar Qədimovanın "dəli olmağı" həmin cəsarət kimidir. Elə ki söz seçimi etdi, söz onu tərpədib ruhunu oxşadısa, o zaman sözün əsrarəngiz füsunkarlığı Xumar Qədimovaya musiqi  bəstələyib mahnı qoşmağa ilham olur. Xumar Qədimovanın səsini dinləmək ən gözəl musiqini eşitdiyimiz zaman ruhun insandan ayrılıb xəyallar aləminə səyahət etməsi kimidir.

 

Nəsimi yaradıcılığına toxunmaq, onun araşdırmaçısı olmaq qədər böyük məharət tələb edirsə, filosof şairin söz dünyasına layiq musiqi ərsəyə gətirmək həmin məsuliyyətin davamıdır. Xumar Qədimova Nəsimini musiqidə yaradan, canlandıran, ərsəyə gətirən peşəkardır. Nəsiminin "Neylərəm" qəzəlinə bəstələdiyi mahnısında Nəsimi yaradıcılığının ətrini, qoxusunu almaq olur. Bu arada mahnının klip versiyasında Nəsimi obrazının uğurlu alınmasını qeyd etmək, obrazı canlandıran gənc aktyor Səfa Mehdiyə uğurlar arzulamaq  yerinə düşər.

 

Azərbaycan xalqı istedadlı xalqdır. Mayası sözdən, musiqidən yoğrulub. Ona görə Azərbaycan tamaşaçısı öz işinə peşəkar yanaşan, üzərində çalışan sənət adamlarını ayırd edə bilir. Xumar Qədimova səsləndirəcəyi mahnılarını tamaşaçı auditoriyasına təqdim edənə qədər yüz ölçüb, bir biçən ifaçıdır.

 

İmadəddin Nəsimi, Yunus Əmrə, Nazim Hikmət, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk başqa dühaların sözlərinə mahnı bəstələyən Xumar Qədimova cazibədar səsə sahib olması ilə bərabər, həm sənət aləminin, ədəbiyyatın təbliğatçısı sayılır. "Küsmərəm" (söz: Mikayıl Müşfiq), "Niyə getdin, niyə döndün, niyə baxdın?" (söz: Hüseyn Cavid), "Neylərəm", (söz: İmadəddin Nəsimi), "Rəssam, sevgilimin rəsmini çək" (söz: Mikayıl Müşfiq) başqa şeirlərə zövqlə musiqi bəstələyib, həmin mahnıları duyaraq ifa edib.

 

Lirik mahnılar klassik musiqinin bir hissəsidir. Adətən həzin, sakit, durğun səslənir. Bu mahnılara insanlar sakitləşmək üçün qulaq asır. Qeyd etdik ki, Xumar Qədimova lirik mahnılarında söz seçiminə xüsusi həssaslıqla yanaşır. Bu həssasiyyətlik, incəlik, lütfkarlıq, nəzakət, qəmzə təkcə onun musiqi dünyasında yox, həmçinin, xarakterində özünü göstərir. "Əgər insan dünyanın ahəngini duya bilməsə, təbii gözəllik qarşısında heyrətlənməsə, öz daxili mənəvi güc qaynağını da kəşf edə bilməz" (Əbu Turxan). Xumar Qədimova gözəlliyi görüb ilhamlanan bütövlükdə bu harmoniyanı mahnılarına əxz edən insandır.

 

Doğrudur ki, musiqi ruhun qidasıdır. Onun səsi bizim beşiyin ətrafını, əhatəsini bürüyən ecazkar yuxu nəğməsidir. Bəllidir ki, körpələr ilk günlərdən ana laylası dinləyib musiqi ilə tanış olur, ana laylasını dinlədikcə sakitləşib şirin yuxuya dalırlar. Körpələrimin milli kökənli, sağlam düşüncəli, lütfkar böyüməsi üçün şirin ana laylalarının oxunmasını məlhəm kimi vacib bilib daim səsləndirirəm. Özüm bilmədən bu laylaların davamına qoşulub zümzümə etdiyim nəğmələr Xumar Qədimovanın lirikasından seçmələr olur. Beləcə, isti yuvamızın ana laylasına çevrilir Xumar Qədimovanın mahnıları.

 

İçində musiqi duyğusu olmayan, qəlbi səslərlə riqqətə gəlməyən insanın hissləri və dünyası gecə kimi qaranlıqdır (Şekspir). Bu cümlələr mənə sizi xatırladır: məhz sizin ifanızda dinlədiyim "Dilbərim, dilbər" mahnısındakı "Xumar gözlərinlə mənə belə baxma" misrasının musiqi intonasiyasından riqqətə gəlib Xumar adını qızıma verməklə sizə, sizin səsinizə, mahnılarınıza vurğunluğumu bildirmiş oldum. Dörd yaşlı qızım Xumar Xanlarsoyun gələcəyini parlaq görmək arzusundayam:

 

Xumar gözlərinlə mənə baxırsan,

Ulduztək ömrümə işıq saçırsan.

Mən dünyalar qədər sevirəm səni,

Ay üzlü mələyim, oxu nəğməni,

Rəngarəng olsun qoy həyatın sənin!

 

Sizi sevən dinləyiciləri nura, işığa bürüyən xoş avazınıza, o gözəl səsinizə  Allah qüvvət versin, Xumar xanım! Sizə yaradıcılıq uğurları diləyir, səsinizin, adınızın daha ucalarda olmasını arzu edir, sonsuz sevgilərimi bildirirəm!

 

 

Yeganə QURBANOVA-XANLAROVA

Filologiya üzrə fəlsəfə doktoru,

BDU-nun əməkdaşı

 

525-ci qəzet.- 2022.- 12 yanvar.- S.19.