Yubiley yaşın mübarək, Səyyad
Aran!
Deyirlər, Səyyad Aranın 70 yaşı tamam olur. Yazıçı,
publisist, Əməkdar jurnalist, ictimai-siyasi xadim Səyyad Aran.
Gözəl insan, ziyalı vətəndaş, ədəbiyyat
və elm adamı Səyyad Aran. Nə demək
olar, şair sözüdür, bir Örnək-nümunə
var bizdən qabaqda. Yubiley yaşın mübarək, Səyyad
Aran!
Səyyad Aran ədəbiyyat aləmində yeri,
sözü, mövqeyi olan yazıçıdır. Bunu bizə onun az qala
beş onillik yaradıcılıq əzmi: mənəvi
gözəlliyini, estetik təravətini, ictimai kəsərini
heç zaman itirməyən yaradıcılıq
dünyası deyir; hekayələri, povestləri, romanları,
publisist əsərləri, elmi və ədəbi tənqid
yazıları deyir; zamanları aşıb-gələn
kitabları: "Körpü" (1983), "Soyuq günəş"
(1996), "Xaosdan sabitliyə" (1999), "Təmizlik
kağızı" (İstanbul, 2010), "Sandıqda qalan
muştuluq" (2012), "Sazaq" (2016),
"Başdaşı" (2020), "İrəvana gedən
yollar" (2021) xəbər verir.
Səyyad Aran elə şeylərdən yazır, daima elə
mətləblərə toxunur ki, cəmiyyətdə,
mühitdə, ətraf aləmdə məhz insan
ağrılarının mənbəyidir, insanı insan
olmağa qoymayan, mənəvi əzablara, sarsıntılara
düçar edən səbəblərdir. Bu növ nəsnələrə
toxunan əsərlərə bir zamanlar mənəvi-əxlaqi
mövzuda nəsr deyirdilər; bugün bu yaşamlar az qala laqeydcəsinə içimizdən, ətrafımızdan
çəkilirsə də, Səyyad Aran nəsrində yenə
də qalır. Səyyad Aran elə yazmağı bacarır
ki, yazdıqları ilə büsbütün oxucunun qəlbinə
girir, məhz onu (Oxucunu) ifadə etdiyinə inandırır;
onu ağrıdır, sevindirir, düşündürə
bilir...
Səyyad
Aran yaxşı hekayəçidir; hekayələrini ədəbi
mətbuatda, "525-ci qəzet"də, "Ədəbiyyat
qəzeti"ndə ardıcıl dərc etdirməklə
yanaşı, "Körpü" (1983), "Sandıqda qalan
muştuluq" (2012), "Sazaq" (2017) kitablarında
toplamışdır. Səyyad Aranın hekayəçiliyindən
vaxtilə iki yazı yazmışam (2013 və 2017-də); sadəcə
yubiley günüdür deyə təkrar yada gətirirəm.
Həyatdan zövq və şövq duyan qəhrəmanlar,
ağlayan qəhrəmanlar, halal qəhrəmanlar, sosial
aktuallanmış qəhrəmanlar, mənəviyyat sahibi qəhrəmanlar,
müdrik qəhrəmanlar... - yazıçı hekayələrində
Azərbaycan insanını ən müxtəlif sosial-psixoloji
situasiyalarda, sərt həyat həqiqətləri ilə
üz-üzə təqdim-təsbit-kəşf edir; mənəvi
varlığını ortaya qoyur, şərh edir. Zamanlar dəyişsə
də, sosial qaydalar - oyun şərtləri bir-birini əvəzləsə
də, mühit amansız boz sifətini daha da göstərsə
də, Səyyad Aran nəsrində onu anidən
tanıyırsan: o, bizimkidir, Azərbaycan insanı!; mental saflığına, sadəzəmirliyinə,
türk sayalığına sığınıb
yaşamağına yenə davam edir...
Səyyad Aran həm də gözəl, təsirli, sirayətedici
povestlər - uzun hekayələr ustasıdır. Povestlərini
yazıçı "Soyuq günəş" (1996) və
"Sazaq" (2017) kitablarında toplamışdır: "Təmizlik
kağızı", "Soyuq günəş" və
"Balıq günü". Səyyad Aran uzun
hekayələrində elə bir
ölçülü-biçili, ardıcıl, amansız
süjet gərginliyi yaradır ki, sözün yeri yox, finalda,
oturub sadəcə baş verənlərə ağlamaq istəyirsən;
bərk ağlamaq istəyirsən - qəhrəmanın
halına və daha da çox öz məcmu (ictimai)
halımıza. Yazıçının hər
bir qəhrəmanının uzun hekayəsi - katarsis əhvalatlarıdır.
Repressiya hadisələrini bizə yaşadıb,
atasının bəraətinə belə doyunca sevinə bilməyən
balaca qəhrəmanın qəfil ölümü ilə də
("Təmizlik kağızı"); milis idarəsinə
düşmüş ziyalı qəhrəmanı - müəllimin
sosial gərginlik, basqı və istintaq içrə
"rüsvayçılıq" ağrıları ilə
də ("Soyuq günəş"); balıqçı qəhrəmanın
ailə deyingənliyiylə başlanıb, kənd dəyərlərini
çözələyib, Qarabağ müharibəsinə
baş vurub, zəhmət halallığı üzərində
qərar tutmuş dünyasının bir şəhər məhəlləsində
"qonşu dava"sında çiliklənməsi ilə də
("Balıq günü")... - yazıçı bizi bir
daha, bir daha "ictimai təmizlənmə" ritualına dəvət
edir...
O da
maraqlıdır ki, otuz illik müharibə dönəmində
Səyyad Aran heç zaman birbaşa Qarabağ mövzusunda
yazmamışdır; həmişə də müharibənin
tərs üzündən, mənəvi təlatümlərindən,
cəmiyyət həyatındakı sərgüzəştlərindən
yazmışdır. Lakin son illərdə yazıçı
bir-birinin ardınca Qarabağ müharibəsindən iki roman
yazdı: "Başdaşı" (2013-2019), "İrəvana
gedən yollar" (2020) və uğurla özünü
romançılıqda da təsdiq etdi. Sanki
yazıçı intuisiyası Vətən müharibəsini
xəbər verirdi. Real faktlar və bir qədər
qrotesk ifadə tərzində qələmə alınmış
"Başdaşı" romanı Birinci Qarabağ
savaşının acı nəticələrindən, cəmiyyətdə
yaratdığı çıxılmazlıq durumu və
şok effektindən söz açır. Romanın
sonluğu sanki yeni müharibənin
qaçılmazlığını, xalqın onu bəlalardan
qurtaracaq xilaskar amacı, intizarında olduğunu qeydə
alırdı.
Səyyad
Aranın "İrəvanın yolları" romanı isə
(kitab variantından fərqli olaraq, əsərin ilk adı belə
idi və mən bu adı daha uğurlu hesab edirəm) bilavasitə
Vətən müharibəsi gedişində "Ədəbiyyat
qəzeti"nin 2020-ci il oktyabr-dekabr
saylarında dərc olunmuş, Ali Baş Komandan ətrafında
bir yumruq kimi birləşən xalqı, cəmiyyəti şəksiz
qələbəyə inam hissilə daha da
ruhlandırmışdır. Romanda ilk qələbə sevinclərini
müjdələyən 2016-cı ilin dörd günlük
Aprel döyüşləri təsvir predmetidir və Lələtəpənin
alınması uğrunda uğurla bitən zəfər
döyüşləri ilə birgə, həm də ilk Qələbədən
doymazlıq, tam Qələbə ehtirası və intizarı,
Qələbə draması və nikbin faciə notları, əhvalı,
fakturasını da təcəssüm etdirir. "İrəvanın
yolları" romanı II Qarabağ müharibəsinin proloqu,
habelə döyüş təsvirlərinin, qələbə
addımlarının, o cümlədən, xalqın, cəmiyyətin
və ordunun mənəvi birliyi, qələbə əzmi və
Qələbəsinin öncəgörümü
baxımından Vətən müharibəsinin təntənəli
üvertürası kimi səslənir...
Səyyad
Aranın nəsr yaradıcılığı ilk gündən
son əsərlərinəcən daim marağa səbəb
olmuş, Xalq yazıçısı Anarın dediyi kimi:
"İlk hekayələrindən həyata bələdliyi,
insan talelərinə dərindən nüfuz etməsi, dilinin və
təhkiyəsinin şirinliyi ilə diqqəti cəlb
edib"dir. Yazıçı haqqında ayrı-ayrı zamanlarda
tanınmış söz adamları, ədəbi tənqidçilər,
yazıçılar: Anar, Yaşar Qarayev, Mövlud
Süleymanlı, Akif Hüseynov, Vaqif Yusifli, Tehran
Əlişanoğlu, Elnarə Akimova və çox-çox
başqaları fikirlər söyləmiş, yazı
yazmışlar. AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun elmi işçisi, şöbəmizin
əməkdaşı, yazıçı Mənzər
Niyarlı hazırda Səyyad Aranın həyat və
yaradıcılığı haqqında monoqrafiya üzərində
çalışır.
Səyyad Aranın özü də ədəbi aləmə,
yazıçı dostlarının, həmkarlarının
yaradıcılığına heç zaman biganə olmamışdır. Bircə onu
xatırlatmaq kifayətdir ki, bugünəcən qələmindən
yüzdən artıq ədəbi-tənqidi məqalə
çıxmışdır. Xalq şairi
Rəsul Rza, Xalq yazıçıları Anar, Mövlud
Süleymanlı haqqında sanballı məqalələrini ən
yaxşılarından sayıram. Mövlud
Süleymanlının yaradıcılığına həsr
etdiyi monoqrafiya (2005) yazıçı haqqında ilk geniş
və dəyərli tədqiqat işidir. Bu tədqiqat əsasında
Səyyad Aran AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda "1960-1980-ci illər Azərbaycan
nəsrində psixologizm (Mövlud Sü-leymanlının yaradıcılığı
üzrə)" mövzusunda dissertasiya müdafiə edərək
filologiya elmləri namizədi adını almışdır.
Bundan başqa, Səyyad Aranın geniş ictimai-siyasi fəaliyyəti
vardır. Rəsmi
bioqrafiyasından bilirəm ki, 1992-ci il Yeni Azərbaycan
Partiyasının təsis konfransının təşəbbüskarlarından
və təsisçilərindən biri, YAP-ın ilk 50 nəfərlik
Siyasi Şurasının üzvü, millət vəkili
(1995-2005), Azərbaycan Respublikasının birinci dərəcəli
fövqəladə və səlahiyyətli elçisi kimi
Türkiyə Respublikasının İstanbul şəhərində
Azərbaycan Respublikasının Baş konsulu (2006-2010)
olmuş; hazırda Azərbaycan Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin
birinci müavini olaraq fəaliyyətini davam etdirir.
Ulu
öndər Heydər Əliyevi iki tarixi səfərdə -
Çində (7-11 mart, 1994) və ABŞ-da (26 iyul-7 avqust,
1997) müşayiət edən nümayəndə heyətinin
tərkibində Səyyad Aran da təmsil olunmuş,
"Çinə səfər çin olanda" və
"Heydər Əliyevin Amerika fəthi" əsərlərini
qələmə almışdır. Akademik İsa Həbibbəylinin
ideya rəhbərliyi ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Heydər
Əliyevin ədəbiyyatda obrazı: tarixi gerçəklikdən
ideala" (2018) monoqrafiyasını hazırlarkən bu
oçerklərdən şəxsən yararlanmış,
doyunca bəhs açmışam.
Əminəm ki, yubiley günlərində yubilyarımızı ən müxtəlif yönlərdən tərif və xarakterizə edən, dəyərləndirən yazılar hələ çox olasıdır. Heç kəsin haqqına girmədən, bu yığcam təbrik yazısında Səyyad Aranın başlıca olaraq nasir və bir qədər də ədəbi-publisist obrazını cızmağa çalışdım. Onu da deyim ki, bu yaxınlarda Səyyad Aranın Azərbaycan Yazıçılar Birliyinin Nəsr bölməsinə rəhbər seçilməsi xəbəri məni çox sevindirdi. Çağdaş ədəbiyyatın sükanı etibarlı əllərdə gərək!
Yazıçı dostuma daha da geniş fəaliyyət
üfüqləri, yeni-yeni yaradıcılıq
uğurları diləyirəm.
Tehran
Əlişanoğlu
AMEA-nın
müxbir üzvü
525-ci qəzet.- 2022.- 12 yanvar.- S.17.