Ünvanı da vətəndir,
sevdası da...
ŞAİR-PUBLİSİST
NƏZAKƏT MƏMMƏDLİNİN YUBİLEY YAŞINA
SÖZ ƏRMƏĞANI
İllərlə,
zamanla aram elə də pis deyil. Adətən, nəyi nə vaxt
yaşadığımı xatırlamağı bacarıram.
Bircə, sevdiyim, doğma bildiyim insanlarla
tanışlığımın tarixi bizi
doğmalaşdıran zamanın dolanbac yollarında
düşüb itir, sonra nə qədər axtarsam da, tapa
bilmirəm ki, bilmirəm. Nəzakət Məmmədli
də həmin insanlardan biridir. Sizinçün "Yada
düşdü" jurnalının təsisçisi və
baş redaktoru, şair, publisistdir o. Mənimçünsə,
aramızdakı yaş fərqinə baxmadan, müxtəlif
mövzularda rahat söhbət edə biləcəyim, bircə
baxışımdan əhvalımı duymağı bacaran, məsləhətlərini,
öyüdlərini heç unutmadığım əzizimdir.
Onu öncə yazılarından, sonra ortaq
tanışların söhbətlərindən, sonra
qarşılıqlı dialoqlarımızdan, sonra isə
aldığım müsahibələrdən
tanımışam. Hər birində demək olar ki, eyni
Nəzakət çıxıb qarşıma: səmimi,
gülərüz, qayğıkeş, həssas, kövrək,
işgüzar.
2020-ci ilin payızında Qarabağ uğrunda gedən Vətən
müharibəmiz vaxtı hər birimizin gözümüz,
qulağımız, diqqətimiz cəbhədəydi. Nə
yediyimizi bilirdik, nə içdiyimizi. Nə
gecəmiz vardı, nə gündüzümüz. Demək olar ki, hər evdən, hər ailədən,
hər nəsildən bir nəfər cəbhədə idi.
həm əzizlərimizin
narahatlığı, həm də vətənimizə
qovuşmaq arzusu bütün hisslərimizə hakim kəsilmişdi.
Elə bu narahat, təlaşlı günlərimizin
birində Nəzakət xanımla həmsöhbət olduq.
Öyrəndim ki, onun üç övladı
ön cəbhədədir. İki oğlu
yüksək rütbəli zabit kimi, qızı hərbi həkim
kimi. Gəlinləri də rütbə
daşıyan Nəzakət xanım həmin müharibə
dövründə bütün övladlarını ön cəbhədə
vətənin köməyinə göndərən məğrur
ana, qaynana idi. Düzü, buna heç təəccüblənmədim.
Yadıma elə Nəzakət xanımın öz misraları
düşdü, səsləndi qulaqlarımda - vətən
bayatısı kimi:
Düşmənə "göz dağı"san,
gücümsən, qüvvətimsən.
Ürəyimin təpəri, gərəyim, köməyimsən.
Vətənin
"dar günü"ndə səsinə hay verənsən,
Bu torpağa, bu elə, bu Vətənə
bağlısan.
Səni Vətənə
verdim,
Sən Vətənin
oğlusan!
"Ürəyinin
təpərini" düşmənə göz dağı, Vətənə
arxa-dayaq göndərən ananın səsi isə elə
kövrək, elə həlim gəlirdi ki... Övladı
döyüşdə olan bütün analar kimi. Azərbaycan anası çox
dözümlüdür. Övladına
"öncə vətən" deməyi bacaran və onu bu
ruhda böyüdən qadındır. Amma nəticədə
balasına canından can, qanından qan verən
anadır. Həmin dövrdə bütün
analarımızın narahatlıqlarını nəzərə
alıb həm də onlara bir təskinlik və həmrəylik
olar deyə Nəzakət xanımla görüşüb
üç övladı cəbhədə olan zabit anası
kimi fikirlərini öyrənmək istədim. Təklifimi çox xoş qarşıladı və
biz görüşdük. Onda özünə
bildirməsəm də, gördüm ki, bu zamanda
arıqlamış, gözlərinin altı çuxura
düşmüşdü. Amma üzü
yenə də gülürdü, başı dimdik idi.
Suallarıma cavabından da ana qüruru, ana vüqarı
tökülürdü: "Dostoyevskinin bir fikri var ki,
övlad dünyanın ən böyük səadətidir. Bəli, mən də bu fikirlə razıyam. Bu dəqiqə bir ana kimi böyütdüyüm o
üç övladın arzularının təşnəsində
yanıram ki, tezliklə balalarım sağ-salamat, zəfərlə
qayıtsınlar. Onların seçdikləri
peşə çətin və şərəflidir. Böyük oğlum ilk dəfə - 14
yaşında - hərbçi olmaq istədiyini deyəndə
evdə hamımız narazı olmuşduq. Çünki çox yaxşı oxuyurdu. Ona görə istəyirdik, təhsilini davam etdirsin.
O isə inadkarlıqla dedi ki, bu dəqiqə vətənə
savadlı, peşəkar zabitlər lazımdır. Mən onda
inadından dönməyən oğlumun qarşısında
elə aciz göründüm ki... İndi də
ondan nə qədər narahat olsam da, o qədər
qürurluyam. Bir şeirim var: "Mən zabit
anasıyam". Fəxr edirəm ki, zabitlər
anası, zabitlər qayınanasıyam. Gəlinlərim
də rütbə daşıyırlar. Bununla
fəxr edirəm.
Bu hisslər evdən, o uşağın doğulduğu
ocaqdan qaynaqlanır. Mən də hər zaman bütöv Azərbaycan
arzusunda olmuşam. Babam Ərdəbildən
gəlib. Mən balaca olanda evimizdə bir
radio vardı. Həmişə
görürdüm ki, rəhmətlik atam günorta
saatlarında o radioda Arazın o tayını tutub musiqiyə
qulaq asır. Onun həmin vaxt gözündən
axan yaşlar indi də gözümün
qabağındadır. Öz-özümdən
soruşurdum ki, atamı ağladan nədir? Amma ondan soruşmurdum. Sonralar bu
suala özüm cavab tapdım ki, vətən həsrəti,
nisgili imiş. Bu nisgil ona öz atasından
miras qalmışdı. Bu vətən
sevgisi mənə babamdan, atamdan qalan sevgi idi ki, mən onu
övladlarıma aşılaya bildim. Atamın
arzusu idi ki, öz atasının gedə bilmədiyi Ərdəbilə
getsin. Onların arzusunu mən həyata
keçirmişdim. Yollar açılanda
ilk səfər etdiyim yer Ərdəbil olmuşdu. Budur vətənpərvərlik. Əgər
bir insan vətən üçün canını verə
bilmirsə, ondan heç nə gözləməyə dəyməz".
Bu cümlələr Nəzakət Məmmədlinin
boyuna biçilmişdi. Çünki biz "min ildir" onu beləcə
dilində, sözündə, şeirlərində, əməllərində
"Vətən" haraylı tanıyırdıq. Hələ
müharibədən öncə məşhur şeirinin hər
bəndinin sonunda vüqarla, qürurla "Mən zabit
anasıyam!" deyən xanımdır o:
Beşiyini
asmışam, gözümtək qorumuşam,
Yuxusuz gecələri gündüzlərə
qatmışam.
Şirin-şəkər
balama həzin layla çalmışam,
Beşiyimə,
laylama, övladıma bağlıyam,
Mən
zabit anasıyam!
Yazıçı
Elçin Hüseynbəyli nahaqdan demir ki, Nəzakət
xanımın yaddaşı vətən yaddaşıdır,
ağrısı vətən ağrısıdır, sevinci vətən
sevincidir. İşğal dönəmlərimizdə Vətənin
dərdinə ağı kimi "Vətən, bizi
bağışlama!" deyən deyildimi:
Ağ
günümdən bircə-bircə seç günü,
Göydən niyə daş yağmadı köç
günü?!
Köçkünüyəm,
yüz illərin köçkünü,
Vətən,
bizi bağışlama!
Cıdır
düzü deyib, könül dağladım,
Şuşa deyib sellər kimi çağladım.
Xarıbülbül
qaldı xara, ağladım,
Vətən,
bizi bağışlama!
Nəhayət, vətənin bizi
bağışlayacağı o möhtəşəm gün
də gəlib çıxdı. Nəzakət
xanımın iki zabit oğlunun da daxil olduğu minlərlə
igid, cəsur oğullarımız, müzəffər Ali
Baş Komandanın rəhbərliyiylə qəhrəman Azərbaycan
Ordusu Qarabağımıza öz azadlığını
qaytardı. Hamımız qələbəyə
sevindik, zəfərimizlə qürur duyduq. Sonra başladı azad olunan torpaqlara ziyarətlər.
Müxtəlif zamanlarda müxtəlif təbəqələrdən
olan insanlar qrup-qrup o müqəddəs torpaqlara səfər
etdilər. Onların arasında
üç zabit anası, vətən sevdalı şair, torpaq
həsrətli xanım Nəzakət Məmmədli də
vardı. Bir zamanlar:
Qarabağda
bayrağımız öyünə,
Ayaqyalın gedim o toy-düyünə.
Öpsün
Vətən torpağını gözlərim,
Dəysin
Vətən torpağına dizlərim,
- deyə arzulayan Nəzakət xanımın o
munis arzusu gerçəkləşmişdi. İndi
Qarabağımızda bayrağımız da
öyünürdü, onun gözləri də Vətən
torpağını öpürdü. İllərdir, vətən
həsrətli şeirlər yazan barmaqlar indi nəhayət,
sevinc duyğulu misralara köklənmişdi, deyirdi:
Ürəklərdə
ümid, naxış toxuyur,
Əllər
zəfər nəğməsini oxuyur,
İndi Vətən
Şuşa ətri qoxuyur,
Qarabağa bahar gəlir, İlahi.
Gəlsin
bahar, gülsün bahar elində,
Xudayarın nəğməsi var çölündə.
Nəzakət,
min alqış var dilində, -
Qarabağa bahar gəlir, İlahi.
***
Keçmişə, mənəvi dəyərlərə
bağlı xanımdır Nəzakət Məmmədli. Məhz bunun nəticəsidir
ki, 10 ildir "Yada düşdü" jurnalını nəfis
tərtibatda, böyük sevgi və özənlə
hazırlayır. Təsisçisi və baş redaktoru
olduğu "Yada düşdü" jurnalı 10 ildir
oxucularının qarşısına bir-birindən dəyərli
imzalarla, bir-birindən maraqlı yazılarla çıxmaqla
yanaşı, həm də onlara keçmiş dərgi, məcmuələrin
nostaljisini yaşadır.
Həm də
"Respublika Xatirə Kitabı"nın
baş redaktorudur Nəzakət xanım. Bu
kitabda isə Azərbaycanımızın tarixini, keçdiyi
şərəfli yolu və bu yolun qəhrəman
yolçularını yaşatmağı özünə
missiya seçib.
Yanvarın 13-ü Nəzakət xanım 60 illik yubileyini
qeyd edir. Onun haqqında bu yazımı daha əhatəli və
çoxşaxəli yaza bilərdim, amma duyğularım Nəzakət
Məmmədlinin Vətən eşqində "ilişib
qaldı". Bu da təsadüfi deyil, əlbəttə.
Təpədən-dırnağa vətən
sevdalı, torpaq məhəbbətli olan əsl ziyalıdan
başqa cür danışmaq da olmazdı. O, həm də
"525-ci qəzet"in ən yaxın dostlarından biridir. Zaman-zaman şeirləri, yazıları qəzetimizin
səhifəsində oxucularıyla görüşür.
Həm də bir müddətdir "Yada düşdü"
jurnalının 10 illik, Nəzakət xanımın 60 illik
yubileyi münasibətilə yazılar yazan qələm əhli
bu yazılarını məhz "525-ci qəzet"də
çap etdirirlər. Bu da ona olan sonsuz sevginin və
hörmətin təcəssümüdür. Bu sevgini, hörməti isə özü qazanıb
dumduru və saf xarakteri, insani keyfiyyətləri, qəlbə
yatımlı şeirləri ilə.
Yubileyi
münasibətilə əzizim, doğmam Nəzakət Məmmədlini
həm öz adımdan, həm də "525-ci qəzet"in
kollektivi adından ürəkdən təbrik edir, ona möhkəm
cansağlığı, uzun ömür, bütün diləklərinin
hasil olmasını arzulayıram!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2022.- 12 yanvar.- S.16.