Çağdaş nəsrimizdə seçilən imza -

 

SƏYYAD ARANIN 70 YAŞINA

 

1978-ci ildə "Ulduz" jurnalının mart sayında Səyyad Salahlı adlı bir müəllifin "Körpü" adlı hekayəsi çap olundu. Səyyad Salahlı sonralar Aran təxəllüsünü özünə götürdü. İmişlinin Qaradonlu kəndində dünyaya göz açan Səyyad Aranın əsli Qərbi Azərbaycandan idi, İmişliyə köçüb gəlmişdilər. Səyyad Aran ali məktəbi bitirdikdən sonra uzun müddət İmişlidə müəllim işlədi, iki il (1990-1992) maarif şöbəsinin müdiri vəzifəsində də çalışdı. O, əsl kənd müəllimi idi, Aran kəndinin torpağına, daşına, çölünə və hər şeydən əvvəl camaatına yaxşı bələd idi. "Körpü" hekayəsi ilə o, ədəbiyyata da bir körpü salmaq istədi və illər keçdikcə özünün söz ustalığı ilə bu körpünü sahmanlaya bildi. İndi 70 yaşlı Səyyad Aran müasir Azərbaycan nəsrində özünəməxsus yolu, üslubu ilə seçilən bir nasir kimi diqqəti cəlb edir.

 

Səyyad Aran yaradıcılığa hələ İmişlidə müəllim işləyərkən başlayıb, amma onun ilk hekayəsini jurnalda oxuyanda hiss elədim ki, bədii yaradıcılığa həvəsi yəqin ki, elə orta məktəbdə oyanıb. Elə ilk hekayəsində dilinin səliqə-səhmanı, kənd koloriti, təsvir etdiyi obrazların təbii və inandırıcı təsir bağışlaması onun sonrakı nəsr əsərlərində nəzərə çarpdı. O, "klassik nəsr qanununa" uyğun olaraq öncə hekayələri ilə diqqəti cəlb etdi, sonra povestlər yazdı, son üç ildə isə artıq iki romanın müəllifidir. Amma nəsrin hansı janrında qələm çalsa da, Səyyad Aran bacarıqlı təhkiyyəçidir.  Öncə söhbətə hekayələrindən başlayaq. Səyyad Aran deyir ki, onu bədii söz deməyə həvəsləndirən Mirzə Cəlilin, Haqverdiyevin və Mir Cəlalın hekayələri olub. Kiçik bir nəsr əsərində ciddi bir həyat hadisəsini qələmə almaq, dolğun xarakter yaratmaq onu heyrətləndirirdi. Kənd həyatı və məişətini, orada yaşayan insanların psixologiyasını yaxşı duyan, bilən və qələmə alan bir nasir olaraq Səyyad Aranı Süleyman Rəhimov, Əli Vəliyev, Sabir Əhmədli, İsa Hüseynov, Mövlud Süleymanlı kimi nasirlərin ardıcılı hesab edə bilərik.

 

 

 

O, hekayələrində üç əsas məsələni daha qabarıq göstərməyə can atır. Birincisi: təsvir etdiyi obrazlar mümkün qədər real və görümlü olsun, o obrazlar həyatdan gəlsin ədəbiyyata, ədəbiyyatdan gəlməsin. İkincisi: kəndlini kəndli düşüncəsiylə danışdırsın. Hər bir təsvir inandırıcı olsun, hiss edəsən ki, bura kənddir, burda yaşayanların hər biri fərdi düşüncəyə, əhval-ruhiyyəyə malikdir. Onlar süni, qurama dillə danışmırlar. Üçüncüsü: kəndin ictimai həyatını, sosial, məişət qayğılarını nəzərə çarpdırsın. Bu baxımdan "Təmizlik kağızı" adlı hekayəsini onun ən uğurlu hekayəsi saymaq olar. Müəllif bu hekayədə sanki 37-ci ilin və ondan sonrakı illərin hadisələrini özü də yaşamış kimi qələmə alıb.

 

Səyyad Aranın hekayə və povestlərində bir silsilə kənd qocalarının obrazları yaradılıb. O, "Sazaq" hekayəsində ömür-gün yollarının sonuna gəlib çatan dörd ağsaqqalın görüşlərini, ötən günlərlə bağlı xatirələrini dilə gətirir. Otururlar, domino oynayırlar, keçmişdən söz açırlar, zarafatlaşırlar. Və birdən məlum olur ki, o ağsaqqallardan biri - Cəfər kişi xəstələnib. Qocalar intizardadırlar. Cəfər kişi isə... "Qəfil hamının içini canavar dili kimi sərt bir sazaq yalayıb keçdi. Bir dəstə qara paltarlı, qara kəlağayılı arvad Cəfərgilə tərəf diklənirdilər. Al günəşin altında dördü də büzüşərək xəfif-xəfif titrəyirdilər. Elə bil qış geri qayıtmışdı, üşüyürdülər". Təbii üşüntülərdir, çünki qocalıqdan ölümə bir addımdır. Öncə qeyd etdik ki, Səyyad Aranın təsvir etdiyi lövhələrin məkanı, qaynağı kənddir. Bu kəndin konkret bir adı, ünvanı olmasa da, təsvirlərin hədəfindən, detalların konkretliyindən hiss edirsən ki, bu Aran kəndidir. Bu fikri vaxtilə Səyyad Aranın "Soyuq günəş" adlı kitabına yazdığım kiçik resenziyada söyləmişdim və indi də o fikirdəyəm. Yeri gəlmişkən, qeyd edim ki, Səyyad Aranın həmin o kitabındakı on hekayə və iki kiçik povesti duyumlu müşahidələrdən, həyati hadisələrdən yaranmışdı.

 

S.Aranın təsvir etdiyi kənd və insanlar əsasən 70-80 və 90-cı illərə aiddir. Bu hekayələrdə təsvir edilən obrazlar sadə və adi insanlardır. Müstəsna qəhrəmanlar tapa bilməzsən. "Əfəl" hekayəsinin qəhrəmanı kənd adamlarının ağıldan kəm hesab etdikləri İbişdir. "Bu tərəflərdə İbişi tanımayan yoxdur. Hamı bilir ki, uşaqlıqda hasardan yıxılıb, "ağlı başından çıxıb". Buna da səbəb qonşularının şipşirin, baxanda nəinki İbişin, hətta böyük-böyük adamların da ağzının suyunu axıdan şaftalı ağacı olmuşdu. Qohum-qardaş, dost-tanış, bütün kənd əl-ayağa düşüb əlac axtardılar. "Körpədi, yazıqdı, kasıbdı". Doxturların böyüyü rəhmətlik Siyab Rüstəmovdan tutmuş qələmi ağır, balta, ülgüc mollalarajan nə qədər müalicə, dava-dərman edilsə də, dualar yazıldısa da, İbişin başından çıxan ağlını tapıb yerinə qoymaq mümkün olmadı. O vaxtdan İbiş olmuşdu kəndin məzəsi, zarafat selbəsi".

 

Bu İbiş kolxoz sədrinin bacısı qızıyla dostluq edir. Ülkər hər gün ona cürbəcür konfet, şokolad gətirir, İbiş isə əvəzində onun üçün naxışlı çubuqlar yonur, kəpənək tutur, meşədən quş yumurtası tapır, çaydan alabəzək xırda balıqlar tutub gətirir, bir sözlə, onlar böyüklərin münasibətindən asılı olmayaraq mehrlərini bir-birinə salmışlar. Sədrin adamları və Ülkərin qohumları onu hər vasitə ilə İbişdən ayrı salmağa çalışırlar.buna nail olurlar. Müəllif bu ayrılığı çox təbii, ürəyi titrədəcək dərəcədə təsirli təqdim edir.

 

S.Aranın hekayələrində təsvir olunan hadisələr, göstərilən həyat lövhələri öz dramatikliyi ilə diqqəti çəkir. Bu dramatikliyi obrazların qarşılıqlı münasibətlərində və konflikt doğuran situasiyalarda deyil, həmçinin hadisələrin özünün mahiyyətində də axtarmaq lazımdır.

 

Səyyad Aran son illərdə iki roman yazıb və bu romanlar Qarabağ müharibəsi ilə bağlıdır. "Başdaşı" onun ilk romanıdır, o, hiss edirdi ki, hekayə və povestlərində topladığı təcrübə həyat həqiqətlərini bədii həqiqətlər işığına çıxarmaq üçün daha geniş epik lövhələrə, masştablı kolliziyaya, tutumlu insan obrazlarına ehtiyac duyulur. İlk romanı "Başdaşı"da o, bunu sübut edə bildi. İkinci romanı "İrəvana gedən yollar"da bu, özünü təzə romançı tam təsdiqləyə bildi. Roman yazmaq və bu romanla özünü ədəbiyyatda təsdiq etmək, ədəbi ictimaiyyətin diqqətini bu romana cəlb etmək heç də asan deyil. Xüsusilə, məmləkətin taleyi və ölüm-dirim mübarizəsi ilə bağlı bir mövzuya müraciət edəsən.

 

"Başdaşı" romanı 90-cı illərin hadisələrindən söz açır. Romanda əsas hadisələr bir ailənin taleyi ilə bağlıdır. Amma romanda başqa talelərdən də söz açılır, yəni əsər "ailə romanı" çərçivəsindən çıxır. Bunlar hamısı həyatdan gələn obrazlardır. Qürbət Qarabağ uğrunda döyüşlərdə həlak olur, ata da, ana da, Səlahət də müharibə dəhşətlərinə dözməyərək dünyanı tərk edirlər. Minarə isə qardaşı Qürbət üçün başdaşı hazırladır. Əgər müharibə dövründə, xüsusilə işğala məruz qalmış ərazilərdə yaşayan azərbaycanlıların taleyini izləmək istəyirsinizsə, "Başdaşı" romanı öz bədii tarix rolunu oynayacaq. S.Aranın bir yazıçı kimi müşahidə qabiliyyəti bu romanda daha bariz nəzərə çarpır, o, baş verən hadisələrin heç birini nəzərdən qaçırmır. Həm döyüş səhnələrini təqdim edir, həm də ayrı-ayrı insanların bu müharibədə nə düşündüklərini, nələr çəkdiyini, eyni zamanda, belə dəhşətli vəziyyətdə milli-mənəvi dəyərlərin necə üzə çıxdığını və vətənpərvərlik duyğusunun alovlandığını maraqlı səhnələrlə canlandırır. Hətta müharibə dövrünün xasaylarını da (şəraiti öz xeyrinə həll edən və qazanc eşqiylə yaşayan cibgirləri də) unutmur.

 

Səyyad Aranın "İrəvana gedən yollar" əsəri haqqında qısaca bildirim ki, bu romanda İkinci Qarabağ müharibəsindən öncə 44 günlük qələbəmizin təməlini qoyan Lələtəpə döyüşlərindən söz açılır. Hiss edirik ki, S.Aran həmin qalibiyyətli döyüşün iştirakçıları olan hərbçilərlə görüşüb, düşmənə ağır zərbə vuran bu döyüşün bütün gedişlərini diqqətlə müşahidə edib. Elə buna görə romanda əsl müharibə ab-havası duyulur. Bədii təsvir mənasında romanda üç qat nəzərə çarpır-: birinci qat publisistika-təbliği səciyyə daşıyır. Əsgərlər, zabitlər hazırlıq məşğələləri keçir, dünyada və ölkədə baş verən siyasi hadisələrdən söz açırlar. Bir əsgər deyir ki: "Allahuva qurban olum Ali Baş Komandan, bir əmr ver hücuma keçək, bunları xışdayaq". Qələbə əhval-ruhiyyəsi yüksəkdir. İkinci qat döyüş səhnələri ilə bağlıdır. Üçüncü qatda isə qaçqınların həyatı, onların çətin həyat şəraiti təsvir olunur, amma burada sevgi xətti də diqqətdən yayınmır.

 

Səyyad Arandan oxuduğum axırıncı əsər "Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyi "İlk... və son məğlubiyyət" povestidir. Bu, tipinə görə, alleqorik səpkidə yazılmış maraqlı bir əsərdir.

 

70 yaşın mübarək olsun, ədəbi yaradıcılıq yolunda yorulmayasan, Səyyad Aran!

 

Vaqif Yusifli

Filologiya elmləri doktoru

 

 

525-ci qəzet.- 2022.- 13 yanvar.- S.12.