Kərküklü Sinan
Səid
Azərbaycan xalqı onu oxuduğu "Evlərinin
ögü yonca" mahnısı ilə tanıdı və sevdi. Yanğılı səsini, şirin
ləhcəsini və
özünəməxsus boğazlarını
yaşlı nəsil bu gün də
yaxşı xatırlayır.
O uzaq və uzaq olduğu qədər də Azərbaycana doğma olan Kərkükdən gəlmişdi. Kim idi hər kəsin
kərküklü Sinan
Səid dediyi bu insan? Kərkükşünas alim,
professor Qəzənfər
Paşayev onu rəssam, şair, müğənni, tərcüməçi
və alim kimi təqdim edir. O qədər də uzun olmayan
57 illik həyatında
bu qədər sənətə sahib olmağı
bacaran Sinan Səid Əbdülqədir
Tərzibaşı 1934-cü ildə Kərkükdə
anadan olmuşdur. O, bu şəhərdə məşhur olan Tərzibaşılar ailəsinin
nümayəndəsi idi.
Atası Kərkükdə
yüksək məqama,
hörmət və nüfuza malik olan Səid Əbdülqədir Molla Əbdülqəni Ağanın
Sinan, İhsan, Kənan və Adnan adında dörd oğlu, Nəzakət adında isə bir qızı
vardı. Molla Əbdülqəni Ağa türk dünyasında yaxşı
tanınan kərküklü
alim Əta Tərzibaşının əmisi
idi. Sinan Səid məhz
belə bir ailədə dünyaya göz açmış,
ilk və orta təhsilini doğma şəhərində almışdı.
Bir müddət Kərkükdə
rəsmxət müəllimi
kimi çalışıb,
1959-cu ildən Bağdad
radiosunun Türkman dili bölümündə
əmək fəaliyyətini
davam etdirmişdir.
Məhz bu yeni fəaliyyət
sahəsi Sinan Səidin əsl istedadını üzə
çıxarmış, onun
əsrarəngiz səsini
bütün İraq vətəndaşlarına sevdirmişdir.
Özünün yazıb
bəstələdiyi və
"Tərzibaşı" imzasıyla təqdim etdiyi "Hər gün axşam olu dallam", "Musalladan Şaturluya yol gedər" mahnıları xalq arasında inanılmaz populyarlıq qazanmışdır.
İraq-Türkman alimi
Dr.Şəmsəddin Kuzəçi
yazır ki, bir müddət sonra Sinan Səidin
"Oyana döndər
məni", "Köylüyəm
xırmanım yox",
"Evlərinin ögü
yonca", "Altın
üzük yaşıl
qaş" adlı xalq mahnılarını öz adı ilə oxuması bundan əvvəl oxuduğu mahnıların
da özünə aid
olması həqiqətini
üzə çıxardı.
Azərbaycan və Azərbaycan xalqı Sinan Səidin həyat tarixçəsində önəmli
rol oynadı. O, tarixi
vətənində jurnalist
kimi çalışdı,
elmi fəaliyyətə
başladı, ömür-gün
yoldaşına burada rast gəldi, övladları Azərbaycanda
dünyaya göz açdı və ən əsası bütöv bir xalq tərəfindən sevildi. Bağdad radiosunun Türkman
dili bölməsində
çalışarkən qazandığı
inam və etibar İraq hökumət nümayəndələrinin
də diqqətini cəlb etdi. Bakı Sovet radiosunun Ərəb dili bölməsində işləmək
üçün Sinan
Səid rəsmi şəkildə Azərbaycana
göndərildi. Sinan Səidin
Azərbaycana gəlməsi,
burada yaşayıb işləməsi onun həyatında silinməz
izlər buraxdı.
O, Bakıda olarkən
təkcə radioda fəaliyyət göstərməklə
kifayətlənmədi, onun
elmə, təhsilə
və ən əsası öz sənətinə olan sevgisi bu insanın
yolunu Azərbaycan Dövlət Universitetinin
(indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsindən
saldı. Sinan bəy 1961-65-ci illərdə
həmin universitetdə
təhsil aldı, akademik Həmid Araslının rəhbərliyi
ilə elmi iş yazdı və 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın
və Orta Şərq xalqları İnstitutunda "İraqda
türk mətbuatı
və ədəbi məsələlər (1876-1966)" adlı dissertasiya işini müdafiə edərək elmi dərəcəyə yiyələndi.
Müdafiəsində Xalq
şairi Rəsul Rza, professor Abbas Zamanov və başqaları çıxış
edərək, "Füzuli
və mətbuat" bölməsini "dissertasiya
daxilində dissertasiya"
adlandırdılar. Bundan əlavə
Sinan bəy tez-tez "Ulduz", "Azərbaycan", "Ədəbiyyat
və incəsənət"
qəzetlərində məqalələrlə
çıxış edirdi.
Bu məqalələr onu elmi ictimaiyyətə
istedadlı tədqiqatçı
kimi tanıtmışdır.
Orta məktəblər üçün
yazdığı "Ərəb
dili müntəxəbatı"
kitabı uzun illər ərəb dilinin Azərbaycanda tədris olunmasında önəmli rol oynadı.
Azərbaycanda aldığı təhsil
sonrakı illərdə
İraqdakı fəaliyyətinə
də müsbət mənada təsir göstərmiş oldu. Sinan Səid
1970-ci ildə İraqa
qayıtdıqdan sonra
Bağdad Universitetinin
Ədəbiyyat fakültəsinin
Jurnalistika bölümündə
çalışmağa başladı.
1975-1980-ci illərdə həmin
bölümün müdiri
vəzifəsinə yüksəldi
və ilk dəfə olaraq Bağdad Universitetində Jurnalistika
fakültəsini yaratmağa
nail oldu.
Sinan bəy İraqa qayıtdıqdan sonra da həyatının
on bir ilini keçirdiyi Azərbaycanla
əlaqələrini kəsmədi. Öz vətənində
Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin təbliğatçısına
çevrildi. Professor Qəzənfər
Paşayev 1971-ci ildə
"Ədəbiyyat və
incəsənət" qəzetində
dərc etdirdiyi "Dostluğa həsr olunmuş ömür"
adlı məqaləsində
İraq İnformasiya Nazirliyi tərəfindən
Bağdadda çap edilən "Ərəb ölkələri haqqında
Azərbaycan nəğmələri"
adlı kitabda şeirlərin Sinan Səid tərəfindən
tərcümə edildiyini
yazır. Kitabda Süleyman Rüstəmin
"Ərəb dostlarıma",
Rəsul Rzanın
"Şəttül-ərəb",
"Cəbəllütariq", Mirvarid Dilbazinin "Nağıllar ölkəsi",
Məmməd Rahimin
"Bağdad gecələri",
Osman Sarıvəllinin
"Ərəb qadını",
Nəbi Xəzrinin
"Ərəb qızına",
Tofiq Bayramın "Dinlə, ərəb qardaşım", Bəxtiyar
Vahabzadənin "Köhnə
bayatı", "Ələddinin
çırağı" şeirləri və başqa əsərləri
verilmişdir. Sinan Səid təkcə bədii ədəbiyyat nümunələrini deyil,
elmi əsərləri,
monoqrafiyaları da ərəb dilinə tərcümə etməklə
Azərbaycan elminin ərəb dünyasında
tanınması istiqamətində
faydalı iş görmüşdür. O, M.C.Cəfərovun
"Sabir", "Cəlil
Məmmədquluzadə", Araz Dadaşzadənin
"M.P.Vaqif" monoqrafiyalarını,
R.Məmmədovun Azərbaycanda
təhsil alan xarici tələbələrdən
bəhs edən "Onlar özlərini vətənlərində hiss edirlər"
kitabını da tərcümə etmişdir.
Sinan Səid Tərzibaşının Azərbaycan ədəbiyyatından ərəb dilinə etdiyi tərcümələr həm Azərbaycanın şair və yazıçılarının ərəb ölkələrində tanınmasında önəmli rol oynadı, həm də Azərbaycan-İraq ədəbi əlaqələrinin inkişafına öz töhfəsini vermiş oldu. Professor Qəzənfər Paşayev Sinan Səidin Azərbaycan ədəbiyyatını ərəb dilinə tərcümə edən ilk tərcüməçi olduğunu xüsusi qeyd edir. Doktor Şəmsəddin Kuzəçi Sinan Səidin vəfatının 30 illiyi ilə əlaqədar 2021-ci ildə Ankarada çap etdirdiyi "Musalladan Şaturluya Sinan Səid" adlı kitabında yazır: "Araşdırmalarımız nəticəsində Sinan Səidin qarşısına İraq-Türkman ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatını ərəb dünyasında tanıtmaq məqsədini qoyduğu qənaətinə gəldik". Daha sonra müəllif Sinan bəyin nəşr etdirdiyi 10 kitabın adını qeyd edir ki, bunların arasında Azərbaycan türkcəsindən ərəb dilinə tərcümə etdiyi Mirzə Ələkbər Sabirin, Molla Pənah Vaqifin seçilmiş şeirləri, Mirzə Cəlil Məmmədquluzadənin, Süleyman Rəhimovun hekayələri və bir neçə Azərbaycan xalq mahnısının da tərcüməsi yer alır. Kitabda demək olar ki, Sinan Səidin bütün həyat və fəaliyyəti öz əksini tapıb. Dr.Şəmsəddin Kuzəçi öz tədqiqatçılıq məharəti ilə Sinan bəyin həyatını araşdırmış, onun çəkdiyi rəsmlərdən, çalışdığı qəzetlərdən, şairlik istedadından geniş bəhs etmişdir. Bunlardan əlavə kitabda Sinan Səidin müəllifi olduğu şeirlərlə yanaşı, onun haqqında yazılan şeirlər, məqalələr, ailə üzvlərinin qısa həyat hekayələri və fotoşəkilləri də öz əksini tapmışdır. Onu da qeyd edək ki, kitaba ön sözü Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev yazmışdır. Ölümündən bir müddət əvvəl Qəzənfər müəllimə yazdığı məktubda işlərinin çox olduğunu, seçilmiş Azərbaycan hekayələrini, Anarın "Telefon", professor Qəzənfər Paşayevin "Altı il Dəclə-Fərat sahillərində" kitablarını ərəb dilinə tərcümə etdiyini yazırdı.
Sinan Səidin Azərbaycanda həm elmi, həm də jurnalist fəaliyyəti ona ziyalılar, alimlər arasında böyük nüfuz qazandırmışdı. Lakin sadə xalq Sinan bəyi müğənni Nərminə Məmmədova ilə birgə oxuduğu mahnılar sayəsində tanıdı, sevdi. Bəlkə də azərbaycanlılar Sinan Səidin səsində Kərkükün havasını duyur, əsrlərlə bir-birindən ayrı düşmüş bir xalqın həsrət yanğısını hiss edirdi. Onun Bakıda azərbaycanlı Raidə xanımla ailə qurması Sinan Səidi daha da doğmalaşdırdı. Övladları Ümid və Əməl də Azərbaycanda dünyaya göz açdılar. Bu gün hər ikisi Azərbaycandan və Kərkükdən uzaq yaşasalar da (Ümid Rusiyada, Əməl isə anası Raidə xanımla Türkiyədə yaşayır) atalarının yolunu davam etdirirlər. Ümid musiqiçi, Əməl isə aktrisadır. Sinan bəyin qız övladı 17 bölümdən ibarət serialda oynadığı baş rola görə 1988-ci ildə İraqda "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə qalib olmağı da bacarıb. Sinan Səidin həyat yoldaşı Raidə xanım 1983-cü ildə akademik Həmid Araslının rəhbərliyi ilə "Füzulinin fars divanı" mövzusunda dissertasiya müdafiə edib. Professor Qəzənfər Paşayevin dediyinə görə, Raidə xanım və övladları Azərbaycan vətəndaşlarıdır. Əməl İstanbulda Əhməd Cavadın nəvə-nəticələrindən olan Azər adlı gənclə ailə qurub.
1991-ci ildə vəfat edən Sinan Səid həm Azərbaycanda, həm də İraqda böyük hörmət və ehtiramla yad edilir. Onun ədəbiyyat, tərcüməçilik və jurnalistika sahələrində yaratmış olduğu irs bu gün də araşdırılır, tədqiq edilir. Gələcəkdə də onun şəxsiyyəti, həyatı, İraq və Azərbaycan xalqları arasında yaratmış olduğu elmi, mədəni və ədəbi əlaqələr öyrəniləcək və bu əhəmiyyətli iş davam etdiriləcək.
Orxan İSAYEV
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun dissertantı
525-ci qəzet.- 2022.- 13 yanvar.- S.11.