Afad Qurbanovla bağlı virtual kitab sərgisi hazırlanlb

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Azərbaycanın görkəmli dilçi-alimi Afad Qurbanovun fəaliyyətinə həsr olunan virtual sərgi hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda alimin müəllifi olduğu məqalələr, kitab və əsərlər yer alıb.

Qeyd edək ki, alimin onomalogiyaya dair 100-ə qədər məqaləsi, “Azərbaycan onomastikası” (1986), “Azərbaycan onomalogiyası məsələləri” (1986), “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (1988) kimi sanballı monoqrafiyaları çap olunub. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri komplekssistemli şəkildə tədqiq edilib. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanovdur.

Yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında “Dilçiliyin sistemi” (1976), “Dilçiliyin tarixi” (1976), “Müasir Azərbaycan ədəbi dili” (1967, 1985), “Bədii mətnin linqvistik təhlili” (1986), “Azərbaycan onomastikası” (1986), “Azərbaycan dilinin onomalogiyası” (1988), “Ümumi dilçilik”, I-II cildlər (1989-1993), “Dünyanın dil ailələri” (1994) və s. kimi sanballı əsərləri ilə məşhurdur.

Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyiMüasir Azərbaycan ədəbi dili” kitabında sistemli şəkildə, həm də sinxronluq prizmasından tədqiq edilib. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır:A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır”.

 

525-ci qəzet.- 2022.- 14 yanvar.- S.16.