"AZ-YA" - TARİXİN PASPORTU  

 

 

Sovet dövrü türk xalqları tarixində əhəmiyyətli və ağır dövrdür. Bu dövrdə millətlərə həm mədəni, maarifçi güc, həm istiqlaliyyət əzmi gəlmişdir. Məhz həmin çarpışmalı illər idi ki, Oljas Süleymenov "Az-Ya"sı ilə türk xalqının tarixi gücünü, köçürülmüş slavyan ədəbiyyatını ortaya qoymuşdur. Müəllifə görə, qədim slavyan dastanı "İqor polku dastanı" nadir abidədir, burada bir çox türk sözləri öz ilkin mənalarında qalmışdır. Bu dastan türklərin milli gücü idi.

Əsər 1975-ci ildə nəşr olunub və 70-80-ci illərdə ümumtürk poeziyasının ən görkəmli nümayəndəsi olaraq yazıçıya dünya şöhrəti qazandırır. Dilimizə Natiq Səfərov tərəfindən rus dilindən tərcümə olunan əsər iki hissədən ibarətdir: birinci hissədə "Qızılquşlar və qazlar" adı altında "İqor polku dastanı"ndan və ordakı türkizmlərdən danışılır, ikinci hissədə isə "Şumernamə" qədim türk dili tarixi, dünya dillərinin qovşağı, mifoloji anlayışlar, tarixi adlar araşdırılır. Moskvada - SSRİ Elmlər Akademiyasında 1976-cı ilin fevralında aparılan müzakirələrdən sonra 1976-cı ildə əsər yasaq olunmuşdu. Çünki müəllif bəzi qadağa qoyulmuş mövzulara toxunmuşdu. Belə ki, slavyan xalqlarının türklərdən nələr oğurlayaraq özlərinə tarix yazmasını müəllif dəlillərlə göstərmişdi. Əsəri oxuduqca slavyan xalqlarının sanki oğurluq tarixə sahib olduqları, köklərinin türklərə dayandığı şillə kimi üzlərinə vurulmuşdu və bu Sovet hakimiyyəti üçün qəbuledilməz bir əsər oldu.

Əsərin əvvəlində müəllif "İqor polku dastanı" və "Zadonşina" tarixinin qısa xülasəsini verir. Onların tədqiq olunması, nüsxə sayları və digər məsələlər haqqında danışır. A.Mazonun "İqor polku dastanı"ndakı bütpərəstlik və süni xristianlıqla bağlı ortaya qoyduğu fikrə müdafiəçi yanaşanlara müəllif "mənbəni bilmək mənbədən nə almaq istədiyini bilməkdən qat-qat əhəmiyyətlidir, əgər riyaziyyat və fizika da belə saxta vətənpərvərlik təzyiqinə məruz qalsaydı, bəşəriyyət indi də kəl arabası sürürdü. Yüz-yüz nida işarəsinin arasında tək-tənha bir sualı görmək nadir keyfiyyətdir" cavabını verir.

Dastanın yalnız XVI əsrə aid yeganə nüsxəsi gəlib ələ çatmışdır, ondan başqa nüsxənin olub-olmaması isə sual altındadır. Belə ki, nüsxələr barədə müxtəlif yalan məlumatlar olmuşdur, saxta əlyazma nüsxələr satılmış və ya real olduğu düşünülən nüsxələr əldə edilə bilməmişdir. Son məlumatlara görə isə, 4 real nüsxə var imiş, bir rahib dastanı əldə edib üzünü köçürür, XVIII əsrdə Musin-Puşkin onu əldə edir, XX əsrdə biri Peçorada görünmüşdü, bir nüsxə isə Həştərxanda Tərxan bazarında naməlum bir qazax almışdı...

Müəllif  "Mavi günəş" başlığı altında tərcümə məsələlərinə də toxunur. Yazıçı əsərin qədim rus dilindən müasir rus dilinə tərcümə olduğunu vurğulayaraq burada mütərcimin səhvlərini qeyd edir. Belə ki, müəllif omonim sözlərdə səhvlərə yol verilməsi, burda kontekstin düzgün anlaşılması məsələsini vurğulayır. İkinci məsələ isə o idi ki, müəllifin şəxsi fikri, ideyası əsərə nüfuz etməli deyil və tərcüməçinin dil xüsusiyyətləri ora yansımamalıdır. Üçüncü ən çətin məsələ isə tərcüməçi özü əsəri tam dərk etməlidir, personajların hərəkətləri, özü haqqında tam təsəvvürə malik olmalıdır.

"Gözəgörünməz türkizmlər" hissəsində isə müəllif dastandakı kalkalardan danışır və bunları həm nasixlə (nüsxə köçürən), həm də Kiyev Rusu ədəbi dili ilə əlaqəndirir. Bu sözlərdən biri "buytur" sözü olub, hərfi mənası "bəy" deməkdir. Musin-Puşkin isə bu sözü vəhşi tur, kəl mənası ilə əlaqəndirir. Müəllif isə bunu saxta kəşf kimi qiymətləndirir: "izc Kieva doriskaşe do kurc Tmutorokanə" cümləsini Musin-Puşkin "Knyaz Kiyevdən çıxıb Kursk və Tmutorkana qədər çapdı" kimi izah etmişdi. Buradakı "kurc" sözü müxtəlif mübahisələrə səbəb olmuşdu. Lixaçov bu ifadəni "xoruz banınadək" kimi tərcümə etmişdi, lakin müəllif burda adlıq halının təkini alaraq cümləni sadələşdirir və belə alınır ki, Vsevlav "xoruz banınadək" deyil, "toyuq banınadək" kimi çapmışdı. Müəllif isə bu sözü "kura"-qura, divar, hasar sözü ilə bağlayır, yəni ki, Vsevlav Tmutorokan divarlarına qədər çapdı. Bundan başqa, müəllif "trud" sözünü "iş", "dürt" sözü ilə, "tul" sözünü "dul" sözü ilə, "debrc kisan" ifadəsini dəmir (tebr, damir, tomor), "tropa" sözünü "torpaq", uzun mübahisələrə səbəb olan "xodına" sözünü "xatun", "qadın" sözləri ilə əlaqələndirmişdi. Müəllif bir daha isbatlayır ki, XII əsr mənzərəsini təsvir edən çat-çat olmuş köhnə rəsm - "İqor polku dastanı" XVI əsrdə bərpa edilib yenidən rənglənmişdi və nəzərə çatdırır ki, dastanda olan peşmançılıq, tövbə səhnəsi səlnaməçinin uydurmasıdır. Dastanda işlədilən "Vsevolodun əsgərləri boz qurdlar kimi çöllə qaçırdılar" ifadəsi də oxucuları düşündürür, belə ki, abidələrin heç birində xristianlar boz qurda bənzədilməyib. Türk və monqol folklorunda isə qurd igidlik, mərdlik rəmzidir. Əsərdə 4 dəfə Troyan adının çəkilməsi ilə bağlı da müəllifin bir neçə ehtimalı var: "Troyan" abreviatura olması, XVI əsrdə titlo altında yazılması və sair. Müəllif "Tmutorokan" sözünün abreviaturası olması fikri üzərində dayanır. Yazıçı qeyd edir ki, dastanı oxuduqca nasixin türk dillərindən birini bildiyi qənaətinə gəlir və Qərbi Qıpçaq dialektini sezir. XVI əsr nasixi isə dili pis bilməsə də, bəzi türkizmlərdən bixəbər olmuşdur. Dastanda ilk dəfə işlədilən "xristian" sözü isə çox güman ki, XV-XVI əsrlərdə əlavə edilmişdi ("krestğəne" şəklində). Dastandakı Turandoxtər (Turan qızı) obrazı da diqqəti çox çəkmişdi, o, XII əsrdə Ermənistan və Gürcüstanı xilas etmiş Konçakın bacısı idi, belə ehtimal olunur ki, anası diplomatik izdivacla evlənmiş türk olmuşdu.

Müəllif qeyd edir ki, vaxt var idi, orta əsr Qərbi Avropa ədəbiyyatı slavyan abidələrini əhəmiyyətsiz sayır, ondan istifadə etməyi, onu öyrənməyi özlərinə ar bilirdi: indi qədim slavyan ədəbiyyatı öz həqiqi qiymətini almışdı - orta əsr ədəbiyyatının bəzi faktları yalnız slavyan abidələri vasitəsilə işıqlandırılır. Ola bilsin ki, köçəri türk folkloru və mifologiyası ilə əlaqədar da belə dönüş baş versin. X, XI, XII əsr səlnamələrinin orjinalları bizə gəlib çatsaydı, erkən orta əsrlərin cənub rus ədəbi dilində türk elementlərinin necə güclü olduğuna əmin ola bilərik. Lakin köçürmələr zamanı möcüzə nəticəsində qalmış türk sözləri dastana Dnepr suyunda həll olmuş Baskunçak duzu kimi dad verir.

"Şumernamə" adlanan ikinci müxtəlif dilçiliklər, "Qısa nəticələr", "Öz adamlarımız və köpəklər", "Tenqrilik", "Şeh və günəş" kimi hissələrdən ibarətdir. Müəllif əvvəlcə poeziya və elm haqqında fikirlərini söyləyir, "alim" və "şair" anlayışlarını müqayisə edir. Qeyd edir ki, əvvəllər bu iki anlayış bir "çələbi" sözü ilə ifadə olunardı, indi isə poeziya-nadan, elm-ağıllıdır. Sonrakı hissələrdə yazıçı müxtəlif dini kitablardan, dinlərdən danışır. Daha sonra müəllif Orxon-Yenisey abidələrinin aşkar olunması, finlərlə əlaqələndirilməsi haqqında məlumat verir. Orxan-Yenisey abidələri Skandinav daş kitabələrini xatırladır və bu, mübahisələrə səbəb olur. Nəhayət, Tomsen 1893-cü ildə kəşf etdiyi sistemin köməyi ilə yazıları oxuya bilir (Tenqri sözünü), yazılar türk dilində idi. Bundan sonra Avropa alimlərinin Sibir yazısına marağı büsbütün söndü. Bu qeyri-adi xəbər-demə, Avropa əksər xalqlarından bir neçə əsr əvvəl köçəri türklərin hərfli yazısı varmış, türk tarixinə olan qərəzli münasibəti dəyişdirə bilmədi. Türk köçərisi rəsmi elmin təsəvvüründə Çin, İran və ərəb mədəniyyətlərinin əmcəyindən oğurluqla süd əmmiş əbədi vəhşi obrazında qaldı. Türk yazısının tələm-tələsik, müqayisə və araşdırma aparmadan iranlılardan götürülmə olduğu iddia olundu. Bu qeyri-təbii qohumluğa səbəb-məkan və zaman eyniliyidir. Avesta yazısı İranda yaranmış və VII əsrə qədər mövcud olmuşdu. Belə fərz olunur ki, Orxon-Yenisey yazısı da bu dövrdə yaranmışdı.

Növbəti hissələrdə yazıçı hind-Avropa dillərini türk dilləri ilə müqayisə edir, türk dilinin aqlütinativ dil olduğunu (kök və şəkilçiyə qarışmaq məsələsini xüsusi vurğulayaraq), bir qayda olaraq vurğunun sonuncu hecaya düşməsini, prefiksin olmamasını, cins göstəricilərinin olmamasını göstərərək daha qədim olduğunu əsaslandırır. Türk dilinin gözəlliyi Orxon-Yenisey abidələrindən məlum olmuşdu, belə ki, bu əlifba dünya əlifba sistemində yeganə yazıdır ki, hərfləri "qalın səs" və "incə səs" prinsipi üzrə təsnif etmişdi. Bu bölgü türk dillərinin xislətindədir. Həmçinin, müəllif Rəsul Rzanın "Əruzdan istifadə Azərbaycan dilinə böyük ziyan vurmuşdur, onu külli miqdarda ərəb və fars sözləri ilə zibilləmiş, bəzi hallarda isə xalis Azərbaycan sözlərinin də ahəngini pozmuşdur" fikrini dəstəkləyir.

Müəllif  "Cədvələ dair" adlı hissədə Şumer və türk dillərinin müqayisəsindən bəhs edir. O, bu müqayisədə iki səhv görür: genetik qohumluğu sübut etməyə çalışma və az miqdarda sözlə işləmək. Müəllifə görə, bu iki dil qohumdur, amma genetik cəhətdən yox, o, bu qohumluğu "mədəni qohumluq" adlandırır. "60 söz" adlı hissədə yazıçı Şumer və türk dilində olan 60 sözü (Şumerdə ən yüksək say 60 olduğuna görə, məhz 60 rəqəmini müəllif seçib) müqayisə edir və müxtəlif qruplaşdırma aparır (insan, təbiət, tanrı).

"Qısa nəticələr" adlı hissədə müəllif fonotik və morfoloji müqayisələr aparır. "Rebus" adlı hissədə isə "Şumer" sözünün etimologiyası üzərində fərziyyələrlə tanış oluruq. Bəziləri onu "Sumerki"-alatoran, bəziləri, "Sumber"-süd dənizi, yaxud "Sel-suber", "Sub-yer", "suv-ar", "Subar" kimi sözlərlə əlaqələndirir.

"Sobaka" adlı hissədə yazıçı bu sözlə bağlı düşüncələrini bölüşür. "İspaka" işquzların dilində "sobaka" (köpək) demək idi və onlarda başçılarını "Sobaka" adlandırmaq ənənəsi varmış. İran tarixi, mifologiyası və dini türklərinkinə nisbətən geniş öyrənilib. Lakin bu barədə mənbələr susur. Nə semitlər, nə hindavropalılar, nə də uqro-finlər körpəyə sitayiş edirmişlər. Lakin əsl köçərilər-türklər yaxın zamanadək bu köpəyə ilahi varlıq kimi baxır və öz miflərində onu özlərinin ulu əcdadı sayır, öz adlarını köpəyin titul adıyla əvəz edirdilər. Bu ənənə ovçuluq epoxasından qalmışdı. İt ovçunun əsas köməkçisi idi. Tayfanın güzəranı ondan asılı idi. O, tayfanın cəsur nökəri, həm də ayıq-sayıq başçısı idi. İt tabu idi, yəni itə toxunmaq, onu incitmək olmazdı. Geneoloji əfsanələrə görə, it (sonralar isə canavar) türklərin ulu əcdadıdır. Hətta Hunlar Atillanın itdən yaranması haqqında əfsanəni Avropaya gətirib köçmüşlər.

 

Birikmiş formanın dilarxası variantı olan-sğ-bak (iz axtaran it) slavyan larda sğ-baka şəklini almışdır. Dilönü s-bək oğuz-qarluq leksemi-kebək, köbək-dən əvvəl olan kentum forması üçün əsas olmuşdur. İz-bakın dialekt variantından titul adı özbək yaranmışdır.

Digər hissələrdə müəllif tapılan metal əşyalardan, kurqanların, qəbir abidələrinin quruluşundan, məzara qoyulan qızıl camların, muncuqların fəlsəfələrindən danışır. Şumerlərdə bəzən mərhuma ipək libas geydirilir, bəzən boynuna muncuqlar (ulduz simvolu kimi) düzülür, bəzən bardaq və ya camda yanlarına su qoyulurdu (Əfsanəyə görə, ilahə İştor bu su ilə mərhumu dirildir). Kurqan quruluşu isə qövs şəklində olurdu, bu günəşin doğub-batmasın simvolizə edirdi. Sönmüş günəşin simvolu olaraq bəzən ölüyə qızıl maska da taxılırdı. Makropoeziya (miflər, həndəsə, astronomiya, geologiya) və mikropoeziya (texnika anası) haqqında söz açır.

 

Sonda müəllif yazı haqqında fikirlərini, bilgilərini bölüşür. Heroqlif yazısı, "olmaq" sözünün əbədiyyəti, ist sözünün müxtəlif dillərdə es, est, iz, is sözləri ilə əlaqəndirir. İlahə İşthorun adının kökünü də bu sözə bağlayır. "Astir" (ulduz), "istoriya" sözlərinin də bu sözdən yarandığını deyir. Əsər bu müqayisələrlə yekunlaşır.

Türkün qədimliyini sözbəsöz sübut edən belə bir əsər Sovet dövrü türk xalqlarının üçün əzm, tarixi güc göstəricisi idi. Oljas Süleymenov türk və slavyan tarixinin pasportu kimi bu əsəri dünyaya təqdim etmişdi.

 

 

Lalə ƏMİRQULİYEVA

 

525-ci qəzet.- 2022.- 15 yanvar.- S.19;23.