Diqqətin metafizikası  

 

II HİSSƏ

 

 

Diqqət şüurlu və mütəmadi olaraq obyektdən obyektə, fəaliyyətdən digər fəaliyyətə doğru yönəlir, yəni keçid edir. Bu, fəaliyyət istiqamətinin dəyişməsi, yaxud köməkçi obyektlərin prosesə qoşulma vacibliyinə görə baş verir. Lakin diqqətin bir hadisədən digərinə keçid etməsi şüurlu olduğu kimi, yayınma səbəbindən də ola bilər. Şüurlu keçidetmədən fərqli olaraq diqqətin yayınması bütövlük, keyfiyyətlilik əmsalı ilə ölçülmür. Əksinə, diqqətin yayınması məqsəddənuzaq obyektlərə meyillənmədir ki, fəaliyyət üçün əyləc rolunu oynayır. Məsələn, qiraətlə məşğul olan zaman diqqətin yayınması biliyin əldə edilməsi üçün sərf olunan vaxtın boşa getməsilə nəticələnir. Elə bu səbəbdən də diqqət dağınıqlığına şərait yaradan əngəllərin aradan qaldırılması üçün səy göstərmək mühüm amilə çevrilir. Arseni Yakuninin "Diqqətin fokusu" adlı kitabında diqqət yayınması ilə mübarizə etməyin effektiv yollarından geniş bəhs edilmişdir.

 

Fikrin şüurda aydınlaşması, daha doğrusu, cümlə şəklində ifadə olunması ağrılı olanda nəzərin bir neçə dəqiqəlik zehni olmayan fəaliyyətə yönləndirilməsinə diqqətin iradi yayındırılması deyilir. Öz şəxsi təcrübəmdən bilirəm ki, iradi yayınma daş daşıyan fəhlənin nəfəsini dərməsinə oxşar olaraq beyinə dinclik vermək, zor etməmək məqsədi daşıyır. Əlbəttə, söhbət zehni yorğunluq zamanı kompüteri söndürüb yarım saatlıq, bir neçə saatlıq dincəlməkdən yox, düşüncələrarası, ani fikriyayındırmadan gedir. Birincidə insan beynini dincəldir, ikincidə onu zorlanmadan, isrardan qoruyur. Bu, sınaq şüşəsinə keçid dairəsinin tutumundan artıq suyun tökülməsinə bənzəyir ki, mayenin bir hissəsi yerə tökülür. Yəni şüurda fikir qarışıq olanda onun nizama salınması üçün prosesi diqqətin iradi yayındırılması yolu ilə yavaşıtmaq lazım gəlir. Adi həyatda da belədir: insan cansıxıcı söhbəti dinləməsin deyə diqqətini iradi olaraq başqa səmtə yayındırır. 

 

Diqqətdə tərəddüd, adından göründüyü kimi, iki yol ayrıcında qalmadır; həm nəzəri, həm də əyani biliklərin tədqiqi, tətbiqi zamanı meydana çıxır. Adətən, qısamüddətlidir, lakin prosesin davamlılığından asılı olaraq uzunmüddətli də ola bilər. Diqqətdə tərəddüd hərəkətin sürətinə mənfi təsir göstərsə də, keyfiyyətin yüksəlməsi məqsədilədir, məsələn, "yüz dəfə ölç, bir dəfə biç" misalı. Hadisələrə şüurlu münasibət tərəddüdün yaranmasına, tərəddüd isə şüurun daha səmərəli çalışmasına rəvac verir.

 

Tərəddüd zamanı gələcək hadisələri düzgün dəyərləndirmək mümkün olmazsa, həmin anlarda pozitiv mövqenin tələbinə uyğun seçim etmək lazımdır. Məsələn, təbii qazın satışına məhdudiyyət tətbiq olunan ölkələrdə qənaət nəticəsində istifadə edilməmiş limit payı sayğaca yüklənməlidir ki, sonrakı ilə "ehtiyat fondu" yaransın. Əgər ilin sonunda tərəddüd nəticəsində "ehtiyat fondu"nun yaradılması təxirə salınarsa, mümkündür ki, növbəti il üçün, qazın limitinin aşağı salınması, eyni zamanda qiymətinin artacağı nəzərə alınmasın və abonent ikitərəfli zərərə uğrasın. Deməli, mövcud zaman kəsiyində gələcəyi düzgün proqnozlaşdıra bilməyənlər tərəddüd zamanı optimal variantı əsas götürməlidir.

 

N.N.Langeyə görə, təqribən iki, üç saniyə çəkən və prosesin davamlılığına qarşı yönələn tərəddüd yorğunluqhiss üzvlərinin adaptasiyasından irəli gəlir. Lakin o, yorğunluqdan əmələ gələn tərəddüd deyərkən dincəlmək zərurətini nəzərdə tutur, iki yoldan birini seçmək məcburiyyətini yox. 

Seyri diqqət qeyri-ixtiyari başlanıb ixtiyari diqqətə keçid etmədir. Müşahidə obyekti ixtiyari diqqətin obyekti ilə, həm ziddiyyətdə, həm də oxşar da ola bilər, hətta üst-üstə də düşər. Seyri diqqət insana məxsus keyfiyyətdir. Məsələn, ilk dəfə Yerin fırlandığını Aya, ulduza tamaşa etməklə başa düşüblər, yəni səmaya baxmaq ünvanlı olmasa da, dərk olunan hadisə ünvanlı olub.

 

Diqqətin konsentrasiyasının pozulması dağınıq diqqətə, yaxud da diqqətsizliyə səbəb olur.

 

Diqqətsizlik və ya baxar korluq dörd müxtəlif prosesin nəticəsində baş verir. Birinci halda müəyyən səbəblər üzündən beyin funksiyalarının pozulması yaddaşsızlıq əmələ gətirərək diqqətin zəifləməsinə səbəb olur ki, istisnayi halları nəzərə almasaq, müalicə olunandır. İstisnayi hal deyərkən ağıldankəmlik, anadangəlmə, yaxud gecikdirilmiş müalicənin nəticəsində diqqətin buya digər ölçüdə itirilməsi nəzərdə tutulur.

 

İkinci hal insanın hadisəyə müvəqqəti refleksiya göstərə bilməməsi səbəbindəndir. Əgər alınan məlumat xoşniyyətlidirsə, insan xəbərə tez adaptasiya olunur, yəni özünə qayıdır, yox, üzücüdürsə, korluq bir neçə saat, bir neçə gün çəkə bilər, hətta gətirib dəliliyə də çatdırar. Məsələ bundadır ki, korluq ani baş verir, diqqətsizlik isə tədricən inkişaf edir.

 

İkinciyə - sarsıntı nəticəsində diqqətin itirilməsinə misal olaraq səbəbkarın öz dilindən eşitdiyim bir hadisəni nəql etmək istəyirəm. Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan ordusu bir gənci öldürür. Gündə neçə dəfə bu kimi hadisələrin şahidi olmasına rəğmən, gəncin qardaşı xəbərdən necə sarsılırsa, özünü xəstəxanaya çatdırmaqdan ötrü həyətindəki maşını işə salır, lakin "tələsdiyi" üçün motoru işlək vəziyyətdə buraxıb hospitala tərəf qaçmağa başlayır.

 

Üçüncüsü, diqqətsizlik korluğu, yaxud korluq diqqətsizliyi istənilən fərdin başına gələ bilər, o mənada kı, eyni zamanda ətrafda baş verən bütün hadisələrə diqqət etmək həm zehni, həm fiziki, baxımdan mümkün, həm də əhəmiyyət nöqteyi-nəzərindən mühüm deyil. Bu, qeyri-ixtiyari olaraq qızğın , yaxud çətin misalın həlli zamanı mərkəzində olduğun digər hadisələri görməyəcək, eşitməyəcək qədər təsirdən uzaq tutmaqdır.  Dördüncü hal, əsasən, iradə zəifliyinin nəticəsi olaraq tənbəllik, məsuliyyətsizlik kimi özünü büruzə verir. Bu kimi hallardan yayınmaq üçün mübarizə üsullarını təlim və tərbiyənin əsaslarına, əlbəttə, ilk uşaqlıq illərindən əlavə etmək lazımdır. Çətinlik onda deyil ki, uşaq diqqətini hansı elmə, bədii sənətə, yaxud peşəyə yönəldir, əsas odur ki, avaraçılıq meylləri üçün münbit şərait olmasın. . 

 

Diqqətsizliyə diqqət diqqətə diqqətlə eynihəcmli məsələ olmasa da, eyni məqsəddən irəli gəlir. Diqqətə diqqət cəmiyyətin inkişaf etdirilmə, idarə olunma səbəbilə istəklərin öyrənilməsi, nəzərə alınması fonunda cərəyan edir; həm qanunverici orqanların prinsipini, həm də sosial konsepsiyaların formalaşmasını və s. tənzimləyir. Bunu əyani şəkildə belə ifadə etmək olar:

 

"Müəyyən bir məslənin həlli zamanı hansı sahədə boşluqların olmasını, yaxud hansı məsələnin zəruriliyini sosial varlıqların uyğun sahəyə meyl etməsinə, müvafiq versiyaya üstünlük verməsinə, bir sözlə, cəmiyyətin nəzər-nöqtəsinə diqqət yetirməklə təyin edirlər". Diqqətə diqqət nəzəriyyə ilə təcrübənin birləşdirilməsidir, həm kiçik, həm də ölkəmiqyaslı proseslərin həyata keçirilməsində önəmli rol oynayır.

 

İnsan özünə və ətraf aləmə qarşı üçüncü tərəfin münasibətini də məhz bu funksiyanı işə salmaqla dəqiqləşdirir.

 

Diqqətsizliyə diqqət biganəliyi, yarıtmazlığı, səhlənkarlığı və onların baş vermə səbəblərini ortaya çıxarır. Əgər məktəb direktoru öz işini yerinəyetirmə qabiliyətinin hansı müəllimdə necə inkişaf etdiyini öyrənmək istəyirsə, diqqətin adıçəkilən funksiyasına müraciət etməlidir. Bir sözlə, diqqətə diqqət idarəetmə mexanizminin güclənməsi və cəmiyyətin hərtərəfli inkişafı üçün nəzərdə tutulursa, diqqətsizliyə diqqət həmin prosesi ləngidənlərin islahı məqsədilə fəaliyyətə qoşulur.

 

Diqqətin növləri bunlardır: qeyri-ixtiyari diqqət, ixtiyari diqqət, postdiqqət və diqqətin metafizikası.

 

Qeyri-ixtiyari - qabaqcadan qarşıya qoyulmuş məqsədlə, heç bir xüsusi niyyətlə bağlı olmayan, iradi səy tələb etməyən passiv diqqət bütün canlılara məxsus xüsusiyyətdir. Bu diqqət növü birbaşa cəlbedicinin təsirilə, yəni təsadüfən əmələ gəlir və təsir müddəti boyunca davam edir. Məsələn, ildırımın səsi və gur işığı, kəskin qoxu, ağır hava diqqəti qeyri-ixtiyari cəlb edir. Lakin bu, hər hansı hadisə və ya cəlbedici amilin qeyri-ixtiyari diqqətə səbəb olması anlamına gəlmir. Diqqət üçün cəlbedicinin müvafiq xüsusiyyətləri əsas rol oynayır: təsirin gücü və gözlənilməzliyi, hadisə və predmetin qeyri-adi yeniliyi, obyektin hərəkəti, oxşar və fərqli predmetlərin görünüş nisbəti, ziddiyyəti, varlığın daxili vəziyyəti.

 

Fransız psixoloqu Teodül Ribo hesab edir ki, ixtiyari, eləcə də, qeyri-ixtiyari diqqət obyektlə əlaqəli olan emosional vəziyyətdən, fizioloji dəyişiklərdən birbaşa asılıdır və onun əsas elementini hərəkət təşkil edir.

 

Ribonun fikri bizə belə söyləməyə imkan verir ki, hərəkətdə olmayan məqsədyönlü obyekti aşkar etmək bilavasitə individin üzərinə düşürsə, hərəkətdə olan varlıqlar, tam əksinə, özləri "nişangah"a təşrif gətirirlər.

 

Qeyri-ixtiyari diqqət, adından da göründüyü kimi, təsadüflərə dayanıqlı hadisədir. Məsələn, ayı meşədə bal pətəyinə rast gəlir, yaxud çöllükdə yüyən axtaran mehtər qızıl-ziynət əşyası tapır, halbuki əvvəlcədən nə birincinin arı yuvası tapmaq məqsədi, nə də ikincinin qızıl-ziynət əşyasına rast gəlmək ümidi vardı. Bu kimi sonu, sayı bəlli olmayan bütün hadisələr diqqətin qeyri-ixtiyari formalarına aiddir. Özlüyündə iradəyə tabe olmayan qeyri-ixtiyari diqqət iradəyə tabe olan hadisələr zamanı da fəaliyyətə qoşula bilər.

 

Göyərçin KƏRİMİ

 

525-ci qəzet.- 2022.- 15 yanvar.- S.20.