Ramiz Əhmədovun dünyası
Görkəmli ictimai-siyasi xadim,
dövrünün tanınmış
jurnalisti Ramiz Əhmədov haqqında bu günlərdə çapdan çıxmış,
hələ mətbəə
qoxusu gələn
"Xatirələrə sığmayan
ömür" kitabını
əlimə alanda onun xəstəliyinin ilk aylarında mənə yazdığı məktubu
xatırladım: "...Əzizim
Asif! Biz səninlə
arzularımızı qoşalaşdıraraq,
qayğılarımızı bölüşərək qardaş
kimi yaşadıq... Aramızdakı sadə, səmimi münasibətlər
ürəyimə qüvvət
verir... Ramiz".
...Tanışlığımızın ilk günündən ömrünün
sonuna qədər qardaş kimi mehriban yaşadığımız,
səmimi dostluq etdiyimiz Ramiz Əhmədovla ilk görüşümüzü
də, son görüşümüzü
də indiki kimi xatırlayıram. ...Bakı Dövlət
Universitetində oxuyurdum.
Xeyirxah insanların qayğısı
sayəsində "Kommunist"
qəzetində korrektor
köməkçisi vəzifəsinə
işə düzəldim.
Qəzetin korrektura otağında ilk tanış olub, əl tutduğum Ramiz Əhmədov oldu. Elə ilk görüşümüzdən
aramızda xoş münasibət yarandı.
O, məni sexlərə
apardı, mürəttiblərlə,
metranpajlarla tanış
etdi. Qəzetin ərsəyə gəlməsi
üçün keçdiyi,
qəzetçilər arasında
"cəhənnəm əzabı"
adlandırılan yolun
bir hissəsi ilə tanış
etdi. Ramiz müəllim "cəhənnəm əzabı"
adlandırılan bu işi elə həvəslə tərifləyib
göylərə qaldırırdı
ki, sanki linotip maşınlarında
əridilib həriflərə
çevrilən, insanın
nəfəsini tıncıxdıran
qurğuşun qoxusu deyil, cənnətdən gələn gülab ətri idi.
İlk gündən aramızda yaranan xoş münasibət özümüz
də hiss etmədən
dostluğa çevrildi.
Ramiz addım-addım irəlilədi.
Bir müddət Azərnəşrdə
redaktor işlədi, daha sonra "Təsviqatçı"da, "Azərbaycan kommunisti" jurnalında məsul vəzifələrdə çalışdı.
Moskvada Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasını
bitirib namizədlik dissertasiyası müdafiə
etdikdən sonra Azərbaycan KP MK-da məsul vəzifəyə
təyin olundu, yeni yaradılan Gəncə rayon Partiya Komitəsinin birinci katibi seçildi. Vəzifə
pillələrində addım-addım
irəliləyən Ramiz
Əhmədov yenidən
Mərkəzi Komitəyə
şöbə müdirinin
birinci müavini vəzifəsinə qaytarıldı,
"Kommunist" qəzetinin
baş redaktoru oldu, Qutqaşen (indiki Qəbələ)
rayon Partiya Komitəsinin
birinci katibi seçildi. Partiyanın qurultayında
Azərbaycan Kommunist Partiyası Nəzarət Təftiş Komissiyasının
sədri seçildi.
Kommunist partiyası fəaliyyətini dayandıranda,
bir müddət Yevlax şəhər icra hakimiyyətinin başçısı vəzifəsində
çalışdı...
İşləyib fəaliyyət göstərdiyi
bütün bu vəzifələrdə vətəninə,
xalqına layiqincə
xidmət etdi, istedadlı insanların inkişafına yaşıl
işıq yandırdı,
bacarıqlı gənclərin
irəliləməsinə şərait
yaratdı...
Filologiya
Elmləri doktoru İmaməddin Zəkiyevin
redaktorluğu və böyük təşkilatçılığı
ilə ərsəyə
gələn "Xatirələrə
sığmayan ömür"
kitabında Ramiz Əhmədovun keçdiyi
mənalı ömür
yolu haqqında dostlarının, iş yoldaşlarının,
qohumlarının və
yaxınlarının maraqlı
xatirələri toplanmışdır.
Bu xatirələrin hər biri böyük
ürəklə, canıyananlıqla
yazılıb hazırlanmışdır.
Bu yazılarda Ramiz Əhmədovun işgüzarlığı, insanlara
münasibəti, yaxşıya
yaxşı, pisə pis deməsi ustalıqla qələmə
alınmışdır.
Professor Qəzənfər Paşayev məqalələrinin
birində yazır ki, kitabı əvvəllər oxuyardılar
ki, düşünsünlər,
dövranın gərdişini
anlasınlar, indi isə kitabı düşünməmək, vaxt
ötürmək naminə
oxuyurlar. Şəxsiyyətinə böyük hörmət
bəslədiyim böyük
alimlə razıyam.
Amma mən bu kitabı
keçmişimizi yada
salmaq, ötən o illəri bir daha xatırlamaq naminə bir nəfəsə oxudum.
O dövrün onlarla tanınmış ziyalısı,
elm adamları, əsasən
də jurnalistlər Ramiz Əhmədov kimi maraqlı ömür yaşamış
bir şəxsiyyətin
timsalında həm kommunist rejimi dövründə, həm
də müstəqillik
illərində zəmanənin
gərdişinə, çoxlarının
görüb eşitmədiyi
hadisələrə Ramiz
Əhmədovun dili ilə qiymət verirlər.
...Kommunist rejimi dövründə partiya rəhbərliyində yüksək
vəzifə tutan jurnalist Ramiz Əhmədov müstəqillik
illərində də
adına və şəxsiyyətinə
layiq pillədə dayandı, Milli Məclisin deputatı seçildi. Ramizin qardaşı,
professor Xanmurad Əhmədovun
kitab üçün
bir növ bələdçi rolunu oynayan məqaləsində
Ramizin uşaqlıq və gənclik illərindəki yadda qalan fəaliyyəti, zamanın keçid dövründəki gərginlikləri,
kommunist partiyasının
bərpası və tanınması üçün
gördüyü işlər,
aydınlığı ilə
şərh olunur.
Ramiz haqqında
maraqlı xatirələrini
ümumiləşdirən Xalq
yazıçısı Çingiz
Abdullayev "Hamıya
örnək olan insan" məqaləsində
onun prinsipiallığına
xüsusi qiymət yetirib yazır ki, "o, çalışdığı
bütün vəzifələrdə
özünü prinsipial
insan kimi göstərib, doxsanıncı
illərdə bəziləri
kimi təzə rəhbərliyin xoşuna
gəlmək üçün
əqidəsini dəyişməyib".
"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Ramiz Əhmədovu özünün xeyirxahı
adlandırır. "Həyatda nəyə nail olmuşamsa,
buna görə Allahıma, dostlarıma və bir də
ömrümün müxtəlif
dönəmlərində rast
gəldiyim xeyirxah insanlara borcluyam... Onlardan biri də Ramiz
Əhmədovdur".
"Xatirələrə sığmayan ömür"
kitabı bir insanın taleyinə həsr olunub, onun ömür yolundan bəhs etsə də, nəticədə o dövrün
tarixi, problemləri, böyük çətinliklərlə
ərsəyə gələn
müstəqilliyimizin keçdiyi
yol da vərəq-vərəq
vərəqlənir. "Dostluğun ləyaqət simvolu" məqaləsində
oxuyuruq "...O günlər
çətin günlər
idi. Respublikada iki hakimiyyətlik
hökm sürürdü.
Bir tərəfdə ...hakim kommunist
partiyası dayanırdı,
o biri tərəfdə
yaranmaqda olan xalq cəbhəsi. Hər cür fitnəyə əl atan bir qrup
dəliqanlı, rayonda
yaşayan, soyadı erməni soyadı kimi səslənən udinləri (Qəbələ
rayonu) erməni adlandırıb, onları
hücum obyekti seçmişdilər... Əslində, ölüm, ya qalım addımı atan Rayon Partiya Komitəsinin Birinci katibi Ramiz Əhmədov
hədəqəsindən çıxmış
insanların qabağına
getdi.
"...Udinlər erməni deyil, onlar bizim qardaşlarımızdır. Qardaş qardaşa əl qaldırmaz" dedi. Bununla da böyük bir fəlakətin qarşısını aldı.
ADU-nun professoru Xalid Əlimirzəyevin "Siyasət və əxlaq" kitabından misal çəkən müəllif yazır ki, "...udin probleminin müsbət həllində, qansız-qadasız qurtarmasında Ramiz Əhmədovun xüsusi xidməti olmuşdur".
Kitabdakı digər xatirə məqalələrdə də bu cür tarixi faktlar çoxdur.
Akademik Ziyad Səmədzadənin, görkəmli partiya və dövlət xadimi Arif Rəhimzadənin, Milli Məclisin deputatı Vahid Əhmədovun, şair, publisist Ramiz Məmmədzadənin, jurnalist Flora Sadıqovanın, yazıçı, jurnalist Oqtay Əliyevin Aqil Rəhimovun, Rafiq Hacıyevin, Seyidağa Muradovun, Əzizbala Mustafayevin və onlarla digərlərinin yazılarında Ramizin işdəki tələbkarlığından, dostluqda sədaqətindən, vətənpərvərliyindən bəhs edən biri-birindən maraqlı xatirələr var.
Kitabdakı xatirələri, xüsusilə ömür gün yoldaşı Zemfira xanımın "Ramizli günlərimə ...səyahət" məqaləsini oxuyanda Ramiz Əhmədovun bir parça ömrünün min yerə səpələndiyi, dosta da, qohuma da əl tutduğu, harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq bir jurnalist kimi daim yazıb yaratdığı aydınca görünür.
Həm sovetlər dövründə, həm də müstəqillik illərində Ramizlə birlikdə çalışıb işləmiş insanların kitabda dərc olunmuş xatirə məqalələrinin ümumilikdə məzmunu sözü ilə əməli, dili ilə ürəyi bir olan, dönməz əqidə sahibi, xalqını, vətənini ürəkdən sevən Ramiz Əhmədovun dünyasını oxucuya dolğunluğu ilə çatdırır.
Kitabın olduqca gözəgəlimli,
nəfis şəkildə nəşrində, təkcə nəşrində
deyil, həm də hazırlanıb ərsəyə
gəlməsində yazıçı, jurnalist
Oqtay Əliyevin və onun
rəhbərlik etdiyi "Ərgünəş"
nəşriyyatı kollektivinin xidməti
təqdirəlayiqdir.
Asif Quliyev
525-ci qəzet.- 2022.- 15 yanvar.- S.16.