Xoşbəxtliyi görünməyən
xoşbəxt ailə
Mədəniyyət işçisi kimi məclislərə dəvət
alanda çalışmışam
ki, dəvət edən haqqında müəyyən məlumatlarım
olsun. Açığını
deyim ki, şənliyə dəvət
alarkən həmişə gözlərimdə
dəvət olunduğum
məclis sahibinin qüruru, tədbirdə iştirak edən qonaqların mədəniyyəti,
ziyalılığı əsas rol oynayıb.
Sahib Məmmədovla ilk tanışlığım 2011-ci ilin iyun ayına
təsadüf edir. O, ilk övladı
Nərminə xanımın
toy məclisinə məni
və ətrafımda
olan musiqiçiləri
Qubaya dəvət etmişdi. Qubadakı tanışlarımdan Sahib müəllim haqqında
sorğu edəndən
sonra şənliyin aparılmasına razılıq
verərək dəvəti
qəbul etdim. İlk baxışdan sadə, aydın, mənalı gözlərində
dərin ümmanlar olan bir ziyalı
valideynlə tanış
oldum. Dəvət olunduğum bu
möhtəşəm tədbirə
gələn qonaqların
səviyyəsi, mədəniyyəti
çox şeydən
xəbər verirdi.
Çox
məclislərdə iştirak
etmişəm, ancaq bu şənlik mənim xatirimdə silinməz izlər buraxıb. Etiraf edirəm ki,
həmin gün elə bil mən
toy məclisində yox,
böyük konservatoriyanın
zalında çıxış
edirdim. Məndən başqa Bakıdan
gələn çoxsaylı
mədəniyyət işçiləri
toy şənliyinə xüsusi
gözəllik verirdi.
Maraqlısı o idi ki, xüsusi musiqi duyumlu qonaqlar böyük həvəslə
şənliyin sonunacan
iştirak etməyə
çalışırdılar. Onlarda olan bu həvəs
məni daha da ruhlandırırdı.
Belə alicənab şənliyin təşkili
Sahib müəllimin, eləcə də onun yaxın ətrafının səviyyəsindən
xəbər verirdi.
Dövlət tədbirlərində, bayramlarda rayon rəhbərliyinin,
eləcə də Mədəniyyət
Nazirliyinin göndərişi
ilə Qubaya tez-tez yolum düşür.
Dünya
Azərbaycanlılarının Həmrəylik günü,
Azərbaycanın Müstəqilliyi
günü, Qurtuluş
günü, eləcə
də Novruz şənliklərində bu
diyarda dəfələrlə
olmuşam. Rayon fəallarının iştirak
etdiyi bu möhtəşəm tədbirlərdə
Sahib Məmmədovun xüsusi
nüfuz sahibi olduğunu görmüşəm.
Böyük məmuniyyətlə
etiraf edirəm ki, Quba deyəndə
gözlərim önünə
həmişə Sahib müəllim, Sahib müəllim
deyəndə isə gözlərim önündə
mehriban, intellektual səviyyəli, sədaqətli
bir dost gəlir. Məhz bu baxımdan
mən Sahib müəllimlə
ailəvi tanış
olmaq, onlarla dost olmaq qərarına gəldim və onları yeganə oğlumun toy məclisinə
dəvət etdim. İlk görüşdən
həyat yoldaşı
Mədinə xanımın
Sahib müəllimin səviyyəsinə
layiq bir xanım olduğunun bir daha şahidi
oldum və xoşbəxtliyə layiq xoşbəxt
ailəni yaxından tanıdım. İllər sonra Mədinə
xanım ağır xəstəliyə düçar
olduqdan sonra onun ayaqları yerdən üzüldü.
Ailənin içində çəkdikləri
ağrı-acılara, yaşadıqları
sönük həyat tərzlərinə baxmayaraq,
bu ailəni mən sonradan xoşbəxtliyi görünməyən
xoşbəxt ailə
kimi dəyərləndirdim.
Uzun illər aramızda olan yüksək səmimiyyətin nəticəsi
idi ki, 2021-ci ilin noyabrında mən Sahib müəllimin
ikinci qızı Təranə xanımın
toyunu böyük sevinclə idarə etməli oldum. Şənlikdə respublikamızın
Əməkdar artisti, səhnəmizin Məcnunu
olan İlkin Əhmədovla birgə iştirakımız hesab
edirəm ki, musiqiyə böyük dəyər verən qubalıların yaddaşından
heç vaxt silinməyəcək. Şənlik iştirakçılarının sifarişi ilə dahi Üzeyir Hacıbəyovun əsərlərinin
tərəfimizdən ifası
dəfələrlə gurultulu
alqışlarla qarşılandı.
Musiqi şahının
"Sevgili canan",
"Sənsiz", "Leyli
və Məcnun" operasından Leyli və Qeysin (Məcnunun) görüşü
səhnəsini canlandıqdığımız
zaman bir anda özümü Filarmoniyanın böyük
zalında hiss etdim, bağlı olduğum Qubaya bir daha
bağlandım. Bu bağlılığın
təşkilində ürəyi
sözlə dolu, poeziyaya bağlı, qeyri-adi musiqi duyumlu Sahib müəllimə
musiqiçi olaraq ürəyimdə sonsuz bir sevgi yarandı.
Sahib Məmmədovla dost əlaqələrimiz bu gün də davam edir, möhkəmlənir. Son illərdə onun yazdığı şeirlərlə tanış olmuşam. İncəsənət adamı kimi bu şeirlərə dəyər verir, qiymətləndirirəm. Sahib müəllimin yazdığı bu şeirlər bütün insani hisslərlə əhatə olunub. Yaxşı xatirimdədir, hər iki qız övladı "Vağzalı" musiqisi altında zala daxil olarkən Sahib müəllimin sevinc dolu üz cizgilərindən axan göz yaşları onun nə dərəcədə musiqiyə və övlada bağlılığını nümayiş etdirirdi. Gözlərim önündə canlanan bu tarixi səhnə həyatımda ən əlamətdar hadisələrdəndir. Elə bu baxımdan onun qədim tarixə malik "Vağzalı" musiqisinə həsr etdiyi "Vağzalı çalınanda" şeiri mənim üçün daha maraqlıdır. Bu şeirdə Sahib müəllim vağzalı havasını toyun himni adlandıraraq, bu musiqini sarı gəlin havasına, hətta ana laylasına bənzədir. Sahib müəllimin sözlərinə görə bu şah əsər insanlarda həm sevinc, həm kədər hissi yaradaraq onları göz yaşlarına qərq edir. O yazır:
Himn dediyin bax odur,
Qəlblər sözlə doludur.
İnsan özün unudur,
Vağzalı çalınanda.
Həm sevincdir, həm kədər,
Həm haraydır, həm xəbər.
Ayaq saxla bir qədər
Vağzalı çalınanda.
Bəli, "Vağzalı" həqiqətən də həm sevincdir, həm kədər. Gərgin əmək fəaliyyəti, acı həyat tərzinə baxmayaraq, Sahib müəllimin şeiriyyata həvəsi, onda olan musiqi duyumu onun incə hisslərinin təzahürüdür. Bu incə hissli insana möhkəm cansağlığı, yeni-yeni uğurlar diləyirəm.
Gülüstan ƏLİYEVA
Azərbaycan Respublikasının Əməkdar
artisti
525-ci qəzet.- 2022.- 15 yanvar.- S.15.