"Kimsəni
naümid qoymuram"
Aqil Abbas: "Qayıdıb Ağdamda
yaşayacağam, orada mütləq kitabxana TİKDİRƏCƏYƏM"
Müsahibimiz yazıçı, jurnalist, millət vəkili
Aqil Abbasdır.
- Aqil
müəllim, özünüzü daha çox hansı
mövqedə görürsünüz - deputat kimi,
yazıçı kimi, yoxsa jurnalist kimi?
- Hər
şeydən əvvəl insan kimi.
- Molla Nəsirəddini ilk dəfə qəzetə siz gətirmisiniz,
hətta özünüzü Mirzə Cəlilin şagirdi
hesab edirsiniz.
Haradandır bu sevgi?
-
Özümü dərk edəndən Mirzə Cəlili
sevmişəm, yaradıcılığı ilə tanış olmuşam, yazılarını əzbər
bilirəm. Hesab edirəm ki, Mirzə Cəlil bir
dövrün yox, bütün zamanların
yazıçısıdır. "Ədalət"
qəzeti nəşrə başlayanda Mirzə Cəlil
üslubundan istifadə edirdim. Mirzə Cəlil
qaynayan bir bulaqdır, mən o bulağın gözündən
su içmişəm. Sonra bəzi mətbuat
orqanları bizi təqlid etməyə çalışanda
gülərək onlara deyirdim ki, məndən oğurlamayın,
mən özüm də Mirzə Cəlildən
oğurlamışam, siz bulağın özündən yox,
suyunun suyundan içirsiniz (gülümsəyir). Mirzə Cəlil elə bir sənətkardır ki,
onun haqqında danışsaq, günlər yetməz.
- Özünüzü Mirzə Cəlilin
davamçısı hesab edirsiniz?
- Müəyyən
mənada hə, amma həm də yox. Davamçı
deyəndə mən çalışırdım ki, ona
oxşayım. Amma düşünürəm
ki, Mirzə Cəlilin davamçıları var. Məsələn,
Xalq yazıçısı Anarın adını çəkə
bilərəm. Mən də onun
cığırı ilə gedənlərin biriyəm.
-
Müsahibələrinizin birində Kəlbəcəri,
İstisunu gəzdiyinizi vurğulamışdıınız. Şükürlər olsun ki, torpaqlarımız
işğaldan azaddır. İndi o
anları yenidən yaşamaq istəyərsinizmi?
-
Yazın gəlişini səbirsizliklə gözləyirəm.
İnşallah gedəcəm Kəlbəcərə,
gəzdiyim torpaqları yenidən gəzəcəm. O
vaxtlar ağaclara adımı yazmışdım. O ağaclar
da yadımdadır, Rus bulağı deyilən yer var idi Ağdərə-Kəlbəcər
yolunun üstündə. Ordakı ağaclara
adımı yazmışam. Keti-Meti
dağına, Gəlin qayasına yazmışam adımı.
Gedib həmin yerlərdə adımı,
uşaqlığımı, gəncliyimi axtaracam. Hətta Şuşada Cıdır düzündə
də adımı yazmışam. Biz
Şuşaya gedəndə ayaq saxlayıb baxmaq istədim,
qorxdum, amma qorxdum ki, birdən adım oradan silinər. Düşüb baxa bilmədim. Amma
inşallah bir də yolum düşəndə gedib
hamısına ürəklə baxacam.
- Hardan
idi bu ad yazmaq sevdası?
- Uşaq
vaxtı adət idi, təkcə mən yazmırdım, o
vaxtlar çox adam adını yazardı. Ağacları dəlib adımızı yazardıq.
Ağaclar böyüyəndə yazılan adlar
kobudlaşsa da, illərlə silinmir. Amma üstündən
30 il keçib artıq...
- Yenidən
o ağaclarda adınızı görsəniz, hansı hissi
keçirərsiniz?
-
Ağlayaram... (kövrəlir).
- Torpaqdan
söz düşmüşkən, dədə-baba
torpağınıza qayıtmağı, orada yaşamağı
düşünürsünüzmü?
-
Ağdama qayıdıb, orada yaşayacağam, hətta orada
evim olmasa belə, mütləq kitabxana tikdirəcəyəm. Ağcabədinin Bayat kəndində kitabxana
tikdirmişdim o vaxtlar. İndi ondan da
böyüyünü, ondan da gözəlini Ağdamda tikdirəcəm.
İndi 15 minə yaxın kitabım var, o
kitabları da onları həmin kitabxanaya verəcəm. Sonra da inşallah xalqla əl-ələ verib birlikdə
inkişaf etdirəcəyik. İnşallah
xeyirli, uğurlu olsun.
- Aqil
müəllim, müsahibələrinizdə tez-tez Kəlbəcərdən
danışırsınız. Maraqlıdır,
sizi Kəlbəcərə bağlayan nədir?
- Biz
Kolanıdanıq. Babalarımız Kəlbəcərdəndir.
Natəvanın vaxtında Kəlbəcərdən
Ağcabədinin Bayat obasına gəliblər, Natəvan
oradan bir kənd hədiyyə edib babama. İndi
o kəndə Kolanı deyirlər və hər kəs
babamın soyadını daşıyıb orada. 3-4 minə
yaxın adam var orada. Kəlbəcərə
bağlılığım da ondandır. Uşaq
yaşlarımızda atam həmişə bizi Kəlbəcərə
aparardı, babalarımızın qəbrini ziyarət edərdik.
- İllər əvvəl bir müsahibənizdə əminliklə
vurğulayırdınız ki, torpaqlarımızın
işğaldan azad olacağına inanmayanlar 2 metr ip alıb
özünü assın. Bu əminlik hardan idi?
- Mən
həmişə buna inanmışam. Heç
bir millət torpağını başqasının əlində
qoymaz. Bizim millət böyük millətdir.
Sadəcə hər şeyin vaxtı var. Həmişə
yazılarımda, povestlərimdə, romanlarımda, hekayələrimdə,
müsahibələrimdə vurğulamışam ki, inanın
buna, o gün gələcək, inanmayanlar gedib iki metr ip
alıb özünü assın. İnam
mütləq olmalıdır. Şükür ki,
heç kim özünü asmadı, hər
kəs də torpaqlarına qayıdacağı günü səbirsizliklə
gözləyir. Amma nə qədər insan dərddən
dünyasını dəyişdi. Vətən
həsrəti nə qədər adamın həyatına son
qoydu. Mənim atam 71 yaşında
Ağdamsız qaldığından dünyasını dəyişdi,
o yaşadək bir dəfə olsun xəstələnməmişdi,
amma vətənsizlik ona pis təsir edirdi. Qəfildən
itirdik biz onu (kövrəlir).
- Bildiyim
qədərilə yeniyetmə çağlarında
çılğın olmusunuz. İndi yeniyetmə,
balaca Aqili necə xatırlayırsınız?
-
Yaşadığım mühit elə idi. Ağdamda
yaşayıb çılğın olmamaq mümkünsüz
idi. İndi hər nə qədər
yaş keçsə də, düşünürəm ki, o
çılğınlıq hələ də durur. Universitetdə oxuduğum zamanlarda yaxşı geyinməyi
sevərdim. Hər kəsdən fərqli
geyinərdim, rəssamlığım var idi, universitetdə rəssam
tərzində geyinərdim, seçilərdim həmişə.
Universitetdə oxuduğum illərdə, elə
Bakıya gələndən Rəmişlə dostluq edirdim,
onunla gəzirdim, onunla oturub-dururdum. Qonşu
idik, ikimərtəbəli evləri var idi, yuxarı mərtəbəsində
ailəsi yaşayardı, birinci mərtəbəsində
musiqi alətləri var idi, özü qalardı orada. Orada birlikdə gözəl vaxt keçirərdik.
Mən neçə ildir Rəmişdən yazıram,
yazıb qurtara bilmirəm. 1981-ci ildən
başlamışam o romanı yazmağa...
- Aqil
müəllim, bildiyim qədərilə xaricdə hətta
prezidentlər də, dövlət adamları da
yürüşlər edir, velosipedlə gəzirlər. Amma siz bir dəfə demişdiniz ki, şəhərdə
velosiped sürsəm, deyəcəklər deputatın
başı xarab olub. Bu qınaq nədən
qaynaqlanır?
- Bizim
mentalitet başqadır. Xalqın
özünün əxlaqı, dünyagörüşü
var, xarakteri var. Bir deputat velosipedlə parlamentə getsə,
millət ona necə baxar? İndi mən
demək olar, velosiped sürmək vərdişimi də
itirmişəm. Həyətimizdə biri
var, heç onu sürə bilmədim. Amma
cavan vaxtlarımda çox sevərdim. O da şəhərdə
qismət olmayıb. Millət gərək onu qəbul edə,
velosiped üçün də yollar ola. Ağdam şəhərində inşallah velosiped
üçün yollar açılacaq. Hollandiyada baş
nazir işə velosipedilə gedir, amma orada heç kim onu qınamır. Amma bizdə
bu, hay-küyə səbəb olar. Millət
hələ ona hazır deyil.
-
Haqsızlığın qarşısında əyilməyin,
haqqınızla bərabər, şərəfinizi də itirərsiniz,
deyiblər. Amma indi bəzən elə olur ki, adam
evinə bir parça çörək aparmaq
üçün bir çox şeylərə göz
yummalı olur. Buna münasibətiniz necədir?
- Mən
şəxsən heç nəyə göz yummamışam. Yazılarımda da, televiziya
çıxışlarımda da, parlamentdə də qəbul
etmədiyim, razılaşmadığım məsələlər
olanda susmamışam. Bildiyimi. düşündüyümü deməkdən
çəkinməmişəm. Heç vaxt da
özümü qəhrəman kimi göstərmək fikrim
olmayıb.
-
Tanınmış sima olanda onun uğurunu paylaşmaqdan daha
çox, xırda bir nöqsanını gündəmin əsas
probleminə çevirirlər. Bu problem nə
vaxt düzələcək?
-
Heç vaxt düzələn deyil. Tanınmış
adamları kimliyindən asılı olmadan gözdən
salmağa çalışırlar, demədikləri sözləri
onların adına çıxırlar. Belə hadisələr mənimlə də
bağlı olub, mən də belə hallarla üzləşmişəm.
Xalq yazıçısı Anar Azərbaycanın pasportudur,
amma görün onun haqqında nələr yazmırlar...
- Bu, nədən
irəli gəlir? Olmayan bir şeyi xüsusi
başlıqlarla yazmaq nə dərəcədə doğrudur?
Uğuru yazmaq çoxmu çətindir yəni?
- Elə
media orqanları var ki, onları ancaq reytinq
düşündürür. Bu gün, təəssüf
ki, insanların çoxunda paxıllıq hissi var. Öz
uğursuzluqlarını ört-basdır etmək
üçün başqalarından istifadə edərlər.
- Həmişə
sadə, səmimi, necə var, elə də
görünürsünüz. Maraqlıdır,
insan səmimiyyətini nə vaxt itirə bilər?
- Səmimi
olmaq çox çətin məsələdir. İndi
səmimi insanları sevmirlər. Mən başqa cür ola bilmərəm. Mənim ailəmdən,
doğulduğum torpaqdan gəlib bu səmimiyyət. İnsanları sevirəm, bacardığım qədər
hər kəsə əl tutmağa çalışıram.
Deputat kimi rayonlara gedəndə insanları kəndin
çayxanalarında qəbul edirəm. Qarabağda ləqəbim
var: "Müəllim". "Müəllim gəlib"
- deyirlər, hər kəs çayxanaya gəlir, mən də
bacardığım qədər hər kəsə kömək
edərəm. Bəzilərinə
gücüm çatmayanda onu da deyirəm, yalan vəd vermirəm.
Mən rayonlara adətən səhərlər
çıxaram. Yolda kimisə görəndə mütləq
o insanları götürüb getdikləri yerə
çatdıraram. Çox adam məni
tanımır yol gedəndə. Belə hallarla
da qarşılaşıram. Adam olub,
dövlətdən inək istəyir, ala bilmir,
maşını icra hakimiyyətinin qarşısına
sürüb o məsələni həll etmişəm. Heç vaxt kimisə yolda qoymaram.
- Səmimiyyətiniz,
əl tutmağınız hamıya məlumdur. Bəs
bunlar sizi nə vaxtsa yora bilər?
- Bəzən
yoruluram, amma usanmıram. Çünki elə
insanlar var ki, nə qədər kömək etsən də,
yenə gəlir, yenə istəyir, insan yorulur. Təsəvvür edin, hər həftə gəlirlər,
amma yenə də əliboş qaytarmıram, kimsəni
naümid qoymuram.
- Aqil Abbas nə vaxt çilədən
çıxır?
-
Haqsızlıq, yalan görəndə, bir də
"Qarabağ" komandası uduzanda (gülümsəyir). Amma çilədən tez çıxan insan deyiləm,
səbirli adamam.
- Aqil
müəllim, bir az dramaturgiyadan
danışmaq istəyərdim. Yazıçı
kimi bu gün dramaturgiyamız sizi qane edirmi? Çatışmayan tərəfləri nədə
görürsünüz?
- Bu sahə
ilə məşğul olan şəxslər var - Elçin
kimi, Əli Əmirli kimi. Onların əsərlərini
sevirəm. Amma İlyas Əfəndiyevdən sonra
düşünürəm ki, bir az ləngimə
var.
- Gənclərin
əsərlərini oxuyursunuzmu? Bəyəndikləriniz
olurmu?
-
Hamısını oxuyuram və çalışıram qəzetimdə
də onlara yer ayıram. Təqdimatlara da gedərəm.
Hətta o kitabları alıb imkanı
çatmayanlara hədiyyə də edərəm.
Aqşin Yenisey, Seymur Baycan, Qan Turalı, Elnur Aslanbəyli, Kəramət
Böyükçöl, Ulucay Akif və başqaları. Hamısının əsərləri ilə
tanışam.
- Qəzetdən
söz düşmüşkən, niyə məhz " Ədalət"?
- "Ədalət" qəzeti 1990-cı ildə
açılıb. Adını "Hüquq" qoymaq istəyirdilər.
Məni redaktor kimi dəvət etmişdilər.
Amma mən o adla razılaşmadım.
Dedim adı "Ədalət" olmalıdır və insanlara
ədalət lazımdır. Fikrimlə
razılaşmırdılar, amma yekunda mən deyən oldu.
Mərkəzi Komitə ilə
danışıqdan sonra yekun qərar "Ədalət"
oldu. Maraqlıdır, insanlar həmişə
ədaləti axtarıb, amma heç vaxt da tapa bilməyib.
Hətta zarafatyana həmişə demişəm
ki, cəhənnəmə düşsəm, orada da
"Ədalət" qəzetini çıxaracam.
- Sizcə,
bu dünyada ədalət haçansa yerini tapa biləcəkmi?
- Onun
üçün dünya təzədən qurulmalıdır.
Tanrı dünyanı dağıdıb təzədən
qurmalıdır. Bütün dünyada var
ədalətsizlik.
-
Qarabağ işğalda olanda hərkəs dərddən, qəmdən
yazdı. Amma torpaqlarımız işğaldan
azad olunandan bəri hələ də sevincli yazıları
barmaqla saymaq olar. Bu, nədən irəli gəlir?
-
Yazırlar, amma bayağı səslənir, şablon səslənir.
Amma yaxşı yazanlar da var. Hikmət
Sabiroğlu Şuşadan yazıb və çox yaxşı
yazıdır. Mən də
yazmışam. "Qarabağ
dastanı" kitabında da Qarabağ haqqında
yazılarım çıxıb. Cıdır
düzü haqqında yazmışam, yenə də yazacam.
-
Yaradıcı insanların ruhən fərqli olurlar. Sizcə, yaradıcılıq vərdişdirmi, yoxsa
ilhamladır?
- Yazmasam,
mümkün deyil, bu, mənim həyatımın
axarıdır. Oturub ilhamın gəlməsini
gözləməmişəm, vərdişlə də etmirəm.
"Qar üstündə qan çiçəyi"
əsərim var idi, 2001-ci ildə yazmışdım. Hilal dağda 7 əsgərimiz 30 dekabr bayram
axşamı günü donub ölmüşdü. O
ağrı süfrə başından durğuzdu, çəkildim
otağıma və iki günə bir povest yazdım. Amma "Dolu"nu 20 ilə yazmışam. Təyyarədə
uçanda, dəniz qırağında harda ağlıma gəlirdisə,
orada bir qələm tapıb hara gəldi yazardım, salfet
kağızına, siqaret qutusuna...
-
Yaradıcılıq yolunda nələri qurban verib Aqil Abbas?
- Əsəblərimi, arzularımı, həyatımda
çox şeyi qurban vermişəm.
- Bu
gün nəyi itirmək istəməzdiniz?
- Bəxtiyar Vahabzadənin bir sözü var, "Daş da qiymətlənər əldən gedəndə". Yəni düşünürəm itirə biləcəyin nə varsa, qiymətlidir. İndidən sonra itirəcəyim nəsə yoxdur. Ağdamım qayıdıb, çox şükür. İtirəcəyim tək şey ömrümdür.
- Arzularınızın hamısı reallaşıbmı?
- Ən böyük arzum Şuşanı
görmək, Qarabağa qayıtmaq olub. O da, çox şükür,
reallaşdı. Tanınmış
yazıçı, jurnalist olmaq istəmişəm, o arzuma da
çatmışam. İndi arzularım
ancaq nəvələrimlə bağlıdır. İnsanlar arzuları bitsə, intihar edər.
- Nəvələrinizdən
yolunuzu davam etdirən varmı?
- 10
yaşında bir nəvəm rəssamlıq sevgimi davam
etdirir. Amma ümumilikdə yox, davam etdirəni
yoxdur.
Şəlalə CAMAL
525-ci qəzet.- 2022.- 15 yanvar.- S.14;15.