SİYASƏTÇİ, ALİM, YAZIÇI
Bu sözlər yetmiş
yaşını qeyd etdiyimiz Səyyad Arana aiddir. Bura deputat və diplomat sözlərini
də əlavə etmək olardı, amma onda başlıq
çox uzun çıxardı, Səyyad
1995-2005-ci illərdə Milli
Məclisin üzvü,
sonra İstanbulda ölkəmizin Baş konsulu olmuş, hazırda Dini qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin Birinci müavinidir. 2005-ci ildə filologiya
elmləri namizədi elmi dərəcəsini almışdır.
Amma mənimçün
Səyyad Aran ilk növbədə yazıçıdır. İstedadlı yazıçıdır və
- bu, vacibdir - abırlı yazıçıdır.
İstedadlı yazıçıların bəzilərini abırlı
saymaq çətindir.
Abırlı insanların bir
qismi də - təəssüf ki, istedadlı deyillər.
Səyyadın abırlılığı - ömrü
boyu hansı vəzifəni tutmasından,
hansı mövqeyə
çatmasından asılı
olmayaraq özünü
təvazökar, sadə,
nəcib və məsuliyyətli aparmasıdır. Səyyadın yazıçı istedadını
ilk dəfə çox
illər öncə oxuduğum "Soyuq günəş" kitabında
duydum. Bu kitabda sonralar Türkiyədə də nəşr olunmuş
"Təmizlik kağızı"
povestini xüsusi qeyd etmək istərdim.
Müharibə illəri və repressiyalar dövrü haqqında bizim ədəbiyyatımızda da,
rus ədəbiyyatında
da, tatar ədəbiyyatında da dəyərli ədəbi
əsərlər yazılıb. Tatar ədəbiyyatını
özəlliklə ona
görə vurğulayıram
ki, bir neçə
il bundan
əvvəl tatar yazıçısı Güzel
Yaxinanın "Züleyxa
gözünü açır"
romanını maraqla oxumuşdum. Romanda bir tatar kəndinin repressiya illərində başına
gələn müsibətlər
təsvir edilir.
Stalin dövrünün repressiya faciələrindən
bəhs edən əsərlərin çoxunda
ziyalıların başına
gələn bəlalardan
söz açılır. Yanılmıramsa, rus yazıçısı
Tendryakovun "Bir kisə buğda" povestində də Güzəl Yaxinanın romanında olduğu kimi bu illərin
kənd əzabları
qələmə alınır.
Tendryakovun romanında bir
kisə buğdaya görə əsərin qəhrəmanı ağır
cəzalara məhkum edilir.
Şəhər, ya kənd yazıçısı
yoxdur, bu doğrudur. Amma kənd həyatını,
ya şəhər mühitini təsvir edən əsərlər
var. Bu da həqiqətdir.
Azərbaycan ədəbiyyatında İsa Hüseynovun, Əkrəm Əylislinin, Mövlud Süleymanlının
povest və hekayələrində müharibə
dövrünün Azərbaycan
kəndi canlı boyalarla təsvir edilib. S.Aranın "Təmizlik kağızı"
povestində isə həm müharibə dövrünün, həm
də repressiyaların
təsirli səhnələrini
görürük. Əgər Tendryakovun
povestində personaj bir kisə buğdanın
"qurbanı" olursa,
"Təmizlik kağızı"nda
Kərəm traktoru qəzaya uğrayanda cəzalandırılır. "Özü başını
sarıyıb qanı
bir təhər kəsmişdi. Qabırğasının ağrısına isə dözə bilmirdi. Yazıq zar-zar zarıyırdı.
Əsas traktor idi. Yüz Kərim kimilər qurban olsun bir
traktora, Kərimlər
nə qədər, gör traktor var? Hanı?"
Tendryakovun "Bir kisə
buğda"sında da,
Səyyadın traktorçusunda
da, Rəsul Rzanın "Balaca qız və sarı dana"
şeirində də epoxanın, dövrün,
o dövrdə insan dəyərlərinin, daha
doğrusu, dəyərsizliyinin
damğası vurulub.
Çox illər qabaq oxuduğum "Təmizlik kağızı"ndən aldığım ümumi təəssürat hələ də xatirəmdən silinməyib. Şəhərlərdə olduğu kimi, kəndlərdə də insanların günahsız ola-ola cəzalandırılmaq vahiməsi. Repressiyaların yalnız ayrı-ayrı ailələri deyil, ümumiyyətlə, insanların mənəvi varlıqlarını şikəst etməsi. İnsanların tək rəsmi məmurlardan - raykomdan, ispolkomdan, prokurordan, milisdən, enkavededən qorxması yox, adi adamların bir-birindən çəkinməsi, şübhələnməsi və bir-birini qabaqlayaraq bir-birlərindən danos vermələri o dövrün səciyyəvi davranışı idi. Bu dəhşətli mərəz uşaqlara da sirayət edirdi. Lap çocuq yaşlarında olan uşaqlar da "bizimkilərə", "qırmızılara", "stalinçilərə" və "ağlara", "xalq düşmələrinə" bölünürlər, bir birləriylə ölüm-dirim "davası" aparırlar və əsərin qəhrəmanı balaca Eldar da belə bir "döyüşün" qurbanı olur. Və - bu da o zamanın çox dəqiq göstəricisidir - "qırmızılar" da, "ağlar" da, "stalinçilər" də, "xalq düşmənləri" də Stalinə inanır, ona pərəstiş edir, onun yolunda bir-birlərini qırırdılar. Günümüzə qədər davam edən bir ictimai bəlanın çox dəqiq ifadəsi...
Çoxdan oxuduğum povestdən iki kiçik detal da yadımda qalmışdı və yaddaşımı yoxlamaqçün əsəri yenidən vərəqləyib o yeri tapdım. Repressiya olunmuş ailənin qadını sürgün edilmiş ərinin sağ olduğunu biləndə "Şükür! - deyir - deməli, hələ sağdı. Balam yenə atasının canına and içəcək, qəbrinə yox".
Elə bir bu cümlə milli düşüncə örnəyinin dəqiq ifadəsidir. Povestdən bir əyani təşbehi də xatırlayırdım. Qıvrılıb yatmış xal-xal gürzəni müəllif "elə bil bir neçə balaca velosiped təkərini üst-üstə yığmışdılar" bənzətməsiylə gözlərimiz qarşısında əyani şəkildə canlandırır.
Səyyad Aranın yeni əsərlərindən birini - "İrəvana gedən yollar" romanını, təəssüf ki, bir az gec oxudum. Bəlkə də əsəri çıxan vaxt deyil, 44 günlük zəfərimizdən sonra oxumağımın öz mənası varmış. Roman sanki bu tarixi qələbənin ərəfəsində, ona hazırlıq kimi, xalqımızın, döyüşçülərimizin ürəyinə əminlik vəd edən ismarış kimi, eyni zamanda Lələtəpə uğurunun davam etmədiyinə təəssüf hissiylə yazılmışdır. Şükür ki, romanda ifadə olunmuş təəssüfə, nisgilə, "niyə sona qədər getmədik" gileyinə həyatın özünün yazdığı Roman cavab verdi.
Məncə, bu "İrəvana gedən yollar"ın içində üç müxtəlif janrda yazılmış üç ayrı əsər var. Birinci hissə sanki 44 günlük qələbədən sonra hamının gördüyü, şahidi olduğu vandalizm mənzərələrini - tar-mar edilmiş evlərin, kəsilmiş ağacların, talan olunmuş torpağın dəqiq təsviridir,
İkinci hissə mənim fikrimcə, tamam başqa səpkidə yazılmış publisistik ricətdir. Rauf - "şair" Qarabağ məsələsinin başlanması, davamı, bu qarşıdurmada hansı xarici qüvvələrin iştirakı barədə ətraflı və dürüst məlumat verir. Bu, təbii ki, mənim subyektiv fikrimdir, məncə, həmin parça dəyərli mətn kimi ayrıca bir kitabda yer ala bilərdi. Onda romanın (!) məhz roman kimi janr bütövlüyü də pozulmazdı. Çünki bu parça roman estetikasıyla yox, publisist yazı səpkisində qələmə alınıb.
Və nəhayət, əsərdəki üçüncü qat - yəni canlı insan xarakterlərini, talelərini əks etdirən epizodlar roman janrına tam uyğundur. Lələtəpə uğrunda döyüşlərin müfəssəl təsviri, ümumi sözlərlə yox, dəqiq ayrıntılarla çatdırılması Səyyad Aranı oxuculara hərbi yazarı kimi də tanıdır. S.Aranın yubileyi ilə əlaqədar Tehran Alışanoğlunun yazdığı məqalədəki fikirlə mən də razıyam. Səyyad Aran son əsərləriylə özünü müharibə mövzusunda peşəkar yazıçı kimi də təsdiq edir. Bu fikrə öz arzumu da əlavə etmək istərdim ki, görkəmli nasirimizin yeni yazısı məhz 44 günlük zəfər döyüşlərini əks etdirən əsər olsun.
Yazımın əvvəlində "istedadlı yazıçı" təbirinə "abırlı insan" sözlərini əlavə etməyim onunla bağlıdır ki, Səyyad Aran ədəbi aləmdə heç kəsin uğuruna qısqanmır, hər kəsin yerini bilir. Həm özündən əvvəl gələnləri, həm öz nəsildaşlarını, həm də daha gənc nəslin qabiliyyətli nümayəndələrini obyektiv qiymətləndirir. Bu məlum həqiqətdir ki, istedadlı adam heç vaxt başqasının istedadına həsəd çəkməz, uğuruna qısqanmaz, yaradıcılığına xor baxmaz, qələmdaşının hər yaxşı əsəri çıxanda özünü görməməzliyə vurmaz.
Səyyad Aranın "altmışıncılar" haqqında xoş sözləri, onlara nəcib münasibəti əsl yazıçı əxlaqının bariz örnəyidir. Başqa bir görkəmli nasirimiz Mövlud Süleymanlı haqqında monoqrafiya yazması - mənimçün çoxlarına örnək ola biləcək dərsdir. Səyyad Aranın ədəbiyyatımızın müqəddəs və əbədi ocağı Azərbaycan Yazıçılar Birliyinə saf və dürüst münasibəti də çox önəmlidir.
Uzun illər Yazıçılar Birliyinin nəsr seksiyasına namuslu və cəfakəş yazıçımız Gülhüseyn Hüseynoğlu rəhbərlik etmişdi. Onun vəfatından neçə il keçəndən sonra katibliyin bu vəzifəyə məhz Səyyad Aranı məsləhət görməsi heç də təsadüfi qərar deyildi və əminəm ki, Gülhüseyn müəllimin də ürəyincə olardı.
Səyyad Arana bu işində də, başqa ictimai və siyasi fəaliyyətində də - təbii ki, ilk növbədə bədii yaradıcılığında da yeni-yeni uğurlar diləyirəm. Hamımızı sevindirəcək uğurlar.
12 yanvar 2022
Xalq
yazıçısı Anar
525-ci qəzet.- 2022.- 15 yanvar.- S.11.