Ziyalı jesti  

 

 

Dünyaya insan gəlir... Əlbəttə, bu başlanğıcda belə səslənir, çünki insan dünyaya gətirilir. Dünya ilə hansı münasibətdə olmaq isə individin birbaşa öz vəzifəsidir. Dünyadan kənara çıxmağın bir adı: dahilik, çıxmamağın iki adı var: məqsəd məqsədsizlik. Məqsədsizlik əksəriyyətin, məqsəd ağı-qaradan seçənlərin təmsil olunduğu kateqoriyadır. Ən çətini sonuncudur: gerçək dünya ilə fasiləsiz təmas əqidə prinsipiallığı...

Saç ağarır, gənclik solur, amma əqidə prinsipiallığı qocalmırsa, hətta gündən-günə cavanlaşırsa, bu, bir ziyalı portretidir: Ramiz Qusarçaylı.

O, düşmənlə rəftarında belə, qəbul olunmamış qaydalardan istifadə etmir, ziyalıdır.

 

O, özünə məsləhət bilmədiyini heç kəsə rəva görmür, ziyalıdır.

O, torpaqdır, vətəndir, bayraqdır; çünki inkişaf yolunun üstündə dalğalanmağı bacarır; ziyalıdır.

 

O, torpağın altından keçib gəlib, Donbas şaxtalarında işləyib: "Torpağın üstündə gözə dəymirəm, Torpağın altında özüm boydayam", torpağın üstündə: "Ölsəm, gözlərimə torpaq tökməyin, Yeyib qurtarmışam torpaq payımı" deyib.

 

O, bütövlük yanğısıyla göynəyən ruhunun sadiq xidmətçisi-qələmi ilə vətənin sərhədlərinə keşik çəkir, şeirləri ilə bu günün tarixə dayanıqlı gerçəklərini əks etdirir. O, arzuları güllələnən gəncliyini Xocalıda, Xankəndində axtarır. O, insanı öz hisslərinin konturlarına qədər təqib təşviq eləyir: "Vicdan da papaq kimidi, Atdın, üstə toz yığılır".

Sözdən qüdrətli heç yoxdur, deyirik, amma var. Söz belədir ki, ya şifahi şəkildə insanların yaddaşına həkk olunub atalar sözünə çevrilir, ya da kağız üzərinə köçürülüb bugünkü, sabahkı nəsillərin istifadəsinə verilir. Sözü başa düşməyənə, yaxud düşmək istəməyənə fiziki qaydalarla təsir etməyə çalışırlar. Həm şifahi, həm yazılı, həm fiziki üsulla söz çatdırmağın təhlili prosesi inkaredilməzdir istənilən vaxtda həyata keçirilə bilər. Başqa sözlə, şifahi, yazılı, "fiziki" nitq yaxasını məsuliyyətdən kənara çəkə bilməz, amma sözün cavabdehliyə səbəb olmayacaq ayrı bir ötürülmə prinsipi mövcuddur: jest.

 

Oxucu düşünə bilər ki, insan bütün sözlərini nitq ilə yanaşı, həm jestlərlə ifadə edir, hətta onsuz fikirlərimizin ünvanına tam yetişməsi çətin məsələdir. Doğrudur o da doğrudur ki, təsvirini verməklə jestdən yazılı nitqdə geniş istifadə olunur. Lakin deyilənlərdən heç biri insanı məsul olmaq zərurətindən azad etmir, çünki jestlər prosesə sözgücləndirici vasitə kimi əlavə olunurlar. Bunu qədim filmlərin timsalında çox müşahidə etmişik, amma həmin filmlər texniki çatışmazlıq üzündən səssiz çəkildiyinə görə, istifadə olunanları əsl, yəni məsuliyyətdən sığortalı jestlər hesab etmək doğru olmaz. - Bəs əsl jest nədir? - Əsl jest məsafəni qorumaq məqsədi daşıdığı üçün zahirən heç kimə ünvanlanmır, mənasını hər kəs öz təfərrüatı fonunda anlayır bu səbəbdən dərk etdiklərini dəqiqləşdirmək fürsəti qazanmır: hisslərin qorunması. 

 

Axşamın musiqi, alqış səsindən qulaq tutulan vaxtında Qubanın istirahət mərkəzlərinin birindəyəm. Bir neçə qadınla çayın sahilində o baş-bu başa gəzişərkən Ramiz Qusarçaylı ilə üz-üzə gəlirik. Şəhərdə hara getmişdimsə, şairi kimdən soruşmuşdumsa, adını ehtiramla çəkmişdilər. Xidməti personaldan öyrənmişdim ki, hörmətli ədibimiz qonağı olandan-olana istirahət mərkəzlərinə də təşrif gətirir. Mücərrəd ümid ilə uzağa getmək inandırıcı olmasa da, sanki onu görəcəyimdən əmin idim. Bu mənada görüşümüzə təəccüblənmirəm. Salamlaşırıq və bir qədər hal-əhvaldan sonra həmsöhbətilə sakit bir guşəyə çəkilmək istədiklərini söyləyib yanımızdan uzaqlaşır.

 

Hava get-gedə daha çox qaralır, sahildə daha çox vaxt keçirmək məqsədilə biz hotelə qayıtmağın tez olduğunu düşünürük. Səfərdə olduğumuz qadınlarla Qudyal çayının hövzəsi boyu paytaxt qayğılarımızı unudur, maraqlı məqamlar bölüşür, arzularımızın sərhədlərinə qovuşuruq. Dincəlirik... Qəribədir, Qusarçaylı da, sanki bizi Qudyal çayının sahilində "tək" qoymağa ürəyi gəlmədiyindən çay qonaqlığına yaxınlıqdakı mizlərin birindən başlayır. Yorğunluğunu çıxarmaq üçün daha münasib guşələr olduğu halda onun kollektiv gəzinti troyektoriyasının hay-küyündə qərar tutması mənə jest təsiri bağışlayır.

 

Yuvalara düzdükləri nərd daşlarının şaqqıltısı aranı qatdığından söhbətini eşitməsəm də, nə vaxt getdiyindən xəbər tutmasam da, bilirəm ki, Ramiz Qusarçaylı o axşam çox söz dedi, dinləyən-dinləməyən, hamı üçün danışdı. Rəssam olsaydım, olsa-olsa, seyr etdiyim mənzərənin rəsmini çəkərdim, amma yazıçı olduğumdan bir jestin timsalında ziyalı obrazı yaratdım.

 

25.12.2021

 

Göyərçin KƏRİMİ,

AYB-nin üzvü, şair, yazıçı-publisist

 

525-ci qəzet.- 2022.- 19 yanvar.- S.21.