"İçimdə dərd böyüdürəm indi sənin adına..."  

 

 

Bu soyuqlar, bu küləklər, bu darıxmaq, uzaqlıq,

Bir onun gözlərimdən çəkilməyən xəyalı.

Heç bilmirəm orda sənin hal-əhvalın necədi,

Məni ki, bilirsən , yenə başım bəlalı...

 

Yenə qorxuram yol keçəndə, az qala maşın vura,

Vaxtında yemək yemirəm, baş üstümdə duran yox.

Özümə yenə baxmıram, saçımı külək qurudub,

Soyuq dəyib e, deyəsən, ağrıyıram, yenə bax...

 

Bu gün evdən çıxmadım, telefonu söndürmüşəm.

Yəqin zəng etməmisən, düşməmişəm yadına.

Yeməmişəm, içməmişəm... o vaxt əsəbləşərdin e,

İçimdə dərd böyüdürəm indi sənin adına...

 

İndi mən vaxta düşmənəm,

Burda zaman dayanıb

Sən olduğun uzaqlarda saat neçədir indi?

Gecədimi, gündüzmüdür, hardadı görəsən o,

Məni bəlaya salanım, özü necədi indi?

 

Canımı verdiyim adam, canım elə yanır ki.

Mənim kimi heç zaman gözlərin yol çəkməsin.

Amma yadında saxla,

Elə ağır olur ki, əlindən tutduğun kəsin

Ayağından çəkməsi...

 

Sən günəş tək yandıran, mən özüm bulud adam,

Ömrümüz qovhaqovda, ölüm ilə yarışır.

Qucağım səndən yetim ürəyimdə yurd salan,

Bu qədər yaxşı ikən getmək kimə yaraşır?

 

Sənə qarğış etmərəm ki, yolun açıq, gedənim.

Ünvanına salamat çat, baxma ağlamağıma.

Amma yadında saxla, bilmək olmaz, bilirsən,

Bəlkə təsadüf edər mənim ailə qurmağım,

sənin boşanmağına...

 

***

 

Gözüm görə-görə itirdim səni,

Gözüm görə-görə getdin, gəlmədin.

Anam deyirdi ee, gedənlər gəlməz,

Sən qayıtmadın, rahatdı yerin?

 

Səninçün şeirlər yazırmı o da?

Qarşına qaçırmı işdən gələndə?

Vaxtında yeməyin hazır olurmu,

Üstünü örtürmü xəstələnəndə?

 

Dərdimin dəvası barmaqlarını,

Öpüb oxşayırmı mənim tək o da,

Bəlkə xoşbəxtsən, ya da yox e, yox,

Onu kim itirib sən tapasan da...

 

Daha olan olub, keçənlər keçib,

Daha bundan sonra ağrımı bilmə.

Bir bu dünyaya yolun düşərsə,

Mənim olmağa gəl, ya da heç gəlmə...

 

***

 

Sonra birdən-birə dəyişər hər şey,

Üzünü unudar ən çox sevdiyin,

Səsini unudar könül verdiyin,

Sonra aranıza yad biri girər,

Kirləyər müqəddəs xatirələri,

Pozar sevdiyinin daş yaddaşını,

Ən xoşbəxt günündən xatirə qalan,

Kəsərsən şəkildən mən olan yeri...

 

Sonra inanmazsan nağıllara da,

Qəhrəman bildiyin sevdiyin ölər,

Sonra anlayarsan gəlməz gedənlər,

Sonra anlayarsan aldandığını,

Boş yerə gözləyir elə sevənlər...

 

Hər görüş sonunda evə ötürən,

Ömrünün sonuna ötürməz səni,

Sonra anlayarsan amma gec olar,

Ay məni heç nədən itirən adam,

Ay məni həsrətlə bitirən adam,

Mənə nağıl oldu itirmək səni...

 

Sonra anlayarsan, indi başına,

Haranın daşını tökəsən axı.

Verəsən özünə hansı cəzanı,

Hansı cəza səni haqq etmiş olar,

Beləcə, fikirdən çökərsən axır...

 

Yumasan gözünü onsuz dünyaya,

Təkcə xəyalıyla vidalaşasan,

Təkcə xəyalını qucaqlayasan,

Təkcə xəyalına baxıb gedəsən...

Götürüb tək xoşbəxt xatirələri,

Dünyanın qapısın yıxıb gedəsən...

 

***

 

Gözlərini unutdum, yadımdan, təbəssümün çıxmadı,

Bilmədin.

Hayanda dayandımsa, gözün mənə baxmadı,

Sən məni görmədin...

 

Səndən gələn hər şeyi qəbul etdim sorğusuz,

hikmətsə, dərdlərin ürəyimi sıxmadı,

Bilmədən...

 

Möcüzəydin yanımda, inana bilmədiyim,

Sənin kimi birisi qarşıma çıxmamışdı,

Ya da mən heç görmədim...

 

Yoxluğunu sevdiyim, varlığınçün darıxdım,

Ağladım,

Amma yenə yazmadın,

Gəlmədin...

 

Əllərimin sığalı qaldı saçlarında,

Əllərindən uzaqda ovuclarım göynədi,

Dinmədim..

 

Eyb etməz e, ölüm deyil, ayrılıqdı,

Evim ki yıxılmadı,

Gəlmə dəə...

 

Gəldik çıxdıq axıra, sən varsan, mən,

Ayrılıq ölüm idi,

Bəs mən niyə ölmədim?..

 

***

 

Gəlsən, qucaqlasam

Keçəcək hər şey, bilirəm, Dəniz haqqı

Əllərimdən tutmağın bəs edəcək yaralarımın sağalmasına.

Qoxun bəs edəcək bütün dərdləri unutmağa.

Bir gülüşün məlhəm olacaq ağrılara,

Gülmədin...

Yanımda qalacağın qədər savabım yoxdu,

Amma səni itirəcək qədər günahkar deyildim...

Dəniz haqqı.

Bilmədin...

İtirməyə öyrəşmişəm, Romeo

Sən qalmayacaqdın, onsuz da.

Dəniz haqqı, get, mən səni bağışlayaram...

Gəlmədin.

Barmaqlarına həsrət qalıb saçlarım,

İnsafsızca yoxsan.

Mən üşüdükcə kimi qucaqlayırsansa, haqqımı halal edirəm,

Dəniz haqqı...

Get, gəlişinə həsrət qaldığım, get.

Sən vidaların ən gözəlinə layiqsən,

Cənnətdə görüşənədək...

 

***

 

Gəl bu axşam görüşək, hər şeyi at qırağa,

Tələs mənə gəlməyə, ayrılığa hələ  var

Bilirəm ki soyuqdu, üşüməyə qoymaram,

Gəl dizlərim yastığın qollarım yorğan olar...

 

Gəl ayrılıq fəslində görüşək, payız gülsün.

Gəl otağım bürünsün bu gün sənin ətrinə.

Çox da böyük deyil ki, sənə olan nifrətim,

Səni bağışlayacam noyabrın xətrinə...

 

Gəl, bu zalım intizar yaxamdan əlin çəksin,

Gəl ki, bu günlük atım kənara darıxmağı.

Gəl xatirəm çoxalsın səninlə, sən olmasan,

Hansı günə yaraşar şəkillərə baxmağım?

 

Gəl bir günlük qonaq ol həyatıma, həyatım

Gəl gör necə bitirəm, gəl gör necə çökürəm.

Səndən başqa hər şey var, hər şeyim var, amma ki,

Gəl özün şahid ol səndən korluq çəkirəm.

 

Gəl, bir günlük qovuşaq, sonra yenə gedərsən.

Gəl son dəfə yenə görüşünə tələsim.

Kaş sən anlayasan, kaş özün biləsən,

Ölümə qanad verir ayrılığın beləsi...

 

Sənin yerinə olsam, gəlib bir getmərəm,

Səni inandıraram bu sevginin gücünə,

Gəl yapış əllərimdən, ömrümün sarı fəsli,

Qoşul mənlə bir gedək ömrün köçhaköçünə...

 

Gəl, ünvan dəyişməyib, nömrəm həminkidi,

Qapım sənə açıqdı bilirsən axır-əvvəl...

Gəl, burdan sizə qədər gözümlə yol çəkmişəm.

Mən səni gözləyəcəm, gəlməsən ... amma gəl...

 

***

 

Unudulmayan xatirəmsən mənim

Gözlərin haqqı.

Elə darıxıram ki,

az qalır yanına qaçam...

Addım səslərindən tanıyıram səni

Gözlərin haqqı.

Gəlməsən ,

Özümçün xəyal qururam:

Guya gəlmisən,

Guya mənimsən...

Bütün darıxmalarıma sənin adını verdim.

bütün həsrətlərə Dəniz...

Gözlərin haqqı.

Bilirsən,

Ölməyin nəfəs almaq formasıdır darıxmaq,

Əgər ölümün adı sənsənsə,

adam sənə bürünüb, səndə dəfn olmaq istəyir

Darıxdığım...

 

***

 

Əllərimin yadına saçların düşüb qəfil,

Barmaqlarım çarəsiz yastığını oxşayır.

Darıxmağın beləsi mənim ən böyük cəzam,

Mənim ən böyük dərdim elə sənə oxşayır....

 

Əllərini gəzirəm, ovucum səndən yetim.

Yanağımdan yaşların qarşısın almır heç nə.

Hər canım ağrıyanda deyirəm ki, "ilahi,

Sən özün də görürsən, mən keçirəm, sən keçmə".

 

Hər şeyim idin mənim, getdin heçnəsiz qaldım.

Bu boyda ayrılığın acısını bilmədin.

Sən körpələr evindən götürdüyüm uşaq tək,

Əziyyətin mən çəkdim, sən yada "ana" dedin.

 

Gedişin qəfil oldu, hələ inanmıram.

Olmur e daha belə, duyğularım qarışır.

Tərslikdən tanışlar da çox gəlir bu aralar,

Elə bil qəsdən hamı məndən səni soruşur.

 

Axı mən sənin idim, yerim sənin yanındı,

Axı mən ürəyimi sənin üçün qorudum.

İki yad əl uzandı, yıxdı mənim evimi,

Sən mənim Vətənimdin, amma işğal olundun...

 

 

Dəniz DARÇIN

 

525-ci qəzet.- 2022.- 19 yanvar.- S.19.