Musa Urud dünyasından əsən
"Payız küləyi"
"Şairlik insan doğularkən verilən Allah
vergisidir.
Fikrimcə, hər bir adam şair kimi
doğulur. Amma hər adam özünü
cəmiyyətə şair kimi təqdim etmir, ya da edə
bilmir. Şairlik bizdən öncə bizə
yazılan qismətdir. O, nəinki mane olur, hətta fəaliyyətimizdə
bizə kömək edir. Hər birimizin
içində şairlik olsa, düşünürəm ki, ədalət
də olar, proseslərə istedadlı yanaşma da" -
demişdi iki ay öncəki söhbətimizdə. Onda onunla daha çox insan kimi, millət vəkili
kimi söhbət etmişdik. Təəssüf
ki, özü də bir şair kimi az-az görünür mətbuatda.
Musa Urud imzasıyla oxucularının
görüşünə isə kitabdan kitaba gəlir.
Müsahibə
üçün görüşümüzdə yenicə
çapdan çıxan son kitabını - "Payız
küləyi"ni də təqdim
etmişdi mənə. Kitab, iki aydır, iş masamın
üstündə özünün ən gözəl yerini
alıb. Ara-bir vərəqləyir, ruhuma yatan
şeirləri oxuyur, özümçün qeydlər
götürürəm. Səhifələrin
arasında, şeirlərin dünyasında gəzişərkən
şair Musa Urudla bağlı kəşf etdiyim ilk şey adi
söhbətləriylə şeirlərinin demək olar ki,
eyni məzmunda, eyni düşüncədə
olmasıdır. Yəni onun şeirlərində
şair uydurması yoxdur. Əksinə, o
şeirlərdən hər yönüylə bir şair
boylanır.
"Urud-Urud
deyil ha"
"...Ürəyim
arzular qəbiristanıdı, Ondan da dirilik umuram hələ..."
- deyən şairin ən böyük arzusu, sözsüz ki,
doğma torpağı Urud, ən böyük həsrəti Zəngəzurdur,
Göyçədir. Müsahibəmizdə də bu mövzuya
toxunmuşduq və şair vətən həsrətini bir neçə
cümlədə o qədər dolğun və dəqiq təsvir
etmişdi ki: "Hər birimizin iki vətəni var. Biri
doğulub-böyüdüyümüz kiçik vətən,
digəri isə xalqımıza, dövlətimizə məxsus
olan, ərazisini və sərhədlərini göz bəbəyi
kimi sevib-qoruduğumuz böyük vətəndir. Əlbəttə, kiçik vətən olmayanda,
böyük vətən də yarımçıq olur və
sənin vətən sevgin də bir qədər yaralı
olur".
Urud həsrəti şairin poeziyasının əsas
mövzularından, təməl sütunlarından biridir. 1980-ci illərin
sonlarında digər Qərbi azərbaycanlılar kimi onun və
ailəsinin də başına gətirilən didərginlik bəlası
Musa Urud şeirlərində söz-söz cürərir,
misra-misra boy atır. Bu həsrət alovu sətirlərin
arasından çıxıb oxucunun üzünü
yandırır:
Atasız-anasız
keçinmək olur,
Qardaşsız-bacısız
keçinmək olur,
Vətənsiz
keçinmək olmur, İlahi!
Adam niyə
yurddan didərgin düşür,
Adam niyə yurdda ölmür, İlahi?!
O qədər
dəhşətli sualdır ki, bu. Bilmək olmur İlahinin bu
suala cavabı varmı, yoxmu. Bəlkə də
ona görə susur Yaradan. Musa Urud isə hər vəchlə
didərginliyindən danışır, sanki onun nə qədər
böyük bəla olduğunu Allaha da anlatmağa
çalışır:
Kökündən
qopan ağaclarıq
budaq-budaq
əllərimiz,
yarpaq-yarpaq barmaqlarımız.
Döyüş
meydanından qayıdan atlılarıq
iri-iri
gözlərimizdən
səssizcə süzülür göz yaşlarımız.
Dəstədən
qalan quşlarıq
qırılıb qanadlarımız.
Yəqin bu müdhiş təsvirin taledə
yaratdığı mərhəmət idi ki, o, Musa Urudun vətən
həsrətini bir damcı da olsa, dindirmək
üçün 2000-ci illərdə ona Uruda getmək
şansı yaradır. İllərdir torpaq həsrəti, yurd
ağrısıyla göyüm-göyüm göynəyən
şair ata-baba ocağına doğru elə həvəslə,
elə şövqlə can atır ki. Urudun şikəstliyindən,
yetimliyindən xəbərsiz... Bircə anda yoxa
dönür o ümid də, o inam da, o şövq də.
Viran qalmış obasının bacasından illərdir
didərgin düşən o tüstü Musa Urudun sinəsində
ah olub yayılır dağlara. İndi də
bu tüstünün alovuna qovrulur şair. Odunu isə vərəqlərə,
qələmlərə pıçıldayır:
Bu yurd o
yurd deyil ha,
Urud-Urud deyil ha.
Ah-naləmdi
göydəki,
Topa bulud
deyil ha!
"Musa
Urud, bu dünyanın
Dərdimi
əydi səni..."
Xalq
şairi Nəriman Həsənzadə kitaba yazdığı
ön sözündə çox maraqlı bir müşahidəsini
qeyd edir: "Hörmətli şairimizin poetik
yaradıcılığına ümumilikdə
yanaşdıqda, üç güclü təsiri hiss edtim.
Yunus İmrənin fəlsəfi ümumiləşdirilmələrindəki
sadəlik və səmimiyyət, Aşıq Ələsgərdəki
xalq dilinin şirinliyi və aydınlığı, Məmməd
Araz nəfəsinin istiliyi və
obrazlılığı..." Nəriman müəllimin
ön sözünü Musa Urudun şeirlərindən sonra
oxudum və mətnin bu yerində "barmağımı
dişlədim". Şeirləri oxuduqca xəfif-xəfif
üzümü sığallayan tanış
mehin hardan gəldiyini indi anladım. Bəli,
Musa Urudun dili də, sözü də, səmimiliyi də
xalqdan, doğma yaddaşdan gəlir. Ona görə bu qədər
isti və içdəndir:
Vətən
bölük-bölük, el para-para,
Qalsın belə ömrü, qalsın ağlara.
Üzüm
Allahadı, yönüm dağlara,
Aşdığım təpədi, yaldı, bilmədim.
Musa Urud poeziyasına xas xüsusiyyətlərdən biri
də maraqlı, orijinal bənzətmələrdir. Şair təşbehdən
o qədər ustalıqla istifadə edir ki, bircə anda
situasiyanın şəklini çəkir gözlərin
önündə. Ancaq bu şəklin rəngi
də, biçimi də sözdür. Şair sözlə
süsləyir tablosunu:
Gecikmiş
məktublar döyür qapımı,
Köhnə qəlpələrin ağrısı kimi.
Məktublar
alıram, yerə çatmayan
Yay gününün seyrək yağışı kimi.
Gecikmiş
məktublar döyür qapımı
Nahaq
güllələnən günahsızların
Gecikmiş
bəraət kağızı kimi!
Musa Urudun "Nağıl" şeirini gedib-gəlib
oxuyuram. Nağıllara olan inamım, sevgimdir bəlkə də
bu şeirlərə doğmalaşmağıma səbəb.
Şair nağıllarımızın "biri var, biri
yox" motivini elə həzin şərh edir ki, sanarsan
dördcə misrada külli-aləmin yaradılış mahiyyətini
açıb-tökür:
Desəm
ki, dünyada sevgi var,-inan!
Vüsala
çatmaq var,-desəm, inanma!
Nə
tamam xoşbəxt kəs yoxdur dünyada,
Nə
tamam bədbəxt var, desəm, inanma!
Şairin özünə müraciətlə
yazdığı şeirlə də orijinallığı və
poetik yüküylə maraqlıdır. Bu şeirlərdə
şair öz içiylə, məniylə baş-başa
qalır, söhbətləşir, dərdləşir.
Yunus İmrənin "bir mən vardır məndən
içəri" - fikrini xatırladır bu söhbətlər:
Musa Urud,
bu dünyanın
Dərdimi
əydi səni,
Çiynindəki
fildimi,
Nərdimi əydi səni.
Nə
öymədin, öyülmədin,
Hər zindanda döyülmədin.
Namərdinə
əyilmədin,
Mərdimi əydi səni?
Şairin şeirlərində namərdlərdən
şikayətiylə tez-tez qarşılaşırıq. Sanki Musa Urud
bu cür insanların varlığıyla barışmır,
onlarla sözüylə, əməliylə mübarizə
aparır. Amma hərdən onlar o qədər
çox və inadkar görünür ki, şairin
gözünə, o, özünün də namərd
olacağı qorxusuna qapılır. Lakin
özünün xislətinə də yaxşı bələddir:
Gözüm
gözünüzdən duru,
Siz qədər
suçum yox, şükür!
Əzrayıl
borcundan qeyri,
Kimsəyə
borcum yox, şükür!
Məni
namərd eləməyin!
Başqa
bir şeirində isə şair ölməz dahinin
"Füzuli dərd əlindən dağa çıxdı,
Dedilər, bəxtəvə yaylağa çıxdı"
- fikrini yadımıza salır:
Bədxahlar
önümdə yüz tor qurdular,
Ömrümü at kimi çapıb yordular.
Qəbrimin
üstündə çələng gördülər,
Dedilər,
bəxtəvər gül vurdu, getdi!
"Qələbə
bizimdir..."
Təbii ki, Musa Urud üçün bütöv Azərbaycan
doğmadır, əzizdir. Onun dərdi şairin
dərdidir. Özü didərginlik
yaşayan həssas qəlbli şair Qarabağ
ağrısına səssiz qala bilməzdi. Lakin şair bu ağrının bir gün son
tapacağına, Azərbaycanın mərd oğullarının
bu haqsızlığa susmayacağını yaxşı
bilirdi. 1992-ci ildə yazdığı
şeirində "Yordu bu vədələr, hamını
yordu" - deyən Musa Urud hələ o vaxtdan dünyanın
başımızın altına qoyduğu o balıncı,
boş sözləri yaxşı görür, duyurdu. Ona görə də xalqının bu haqsızlığa
"dur!" deyəcəyi günü ümidlə gözləyir,
şeirlərində də bunu əks etdirirdi. Xüsusən,
onun 1990-ci illərdə Azərbaycanın Milli Qəhrəmanları
Aqil Quliyev, Fəxrəddin Nəcəfov, Sərdar Səfərova,
2020-ci ildə şəhid general Polad Həşimovaun xatirəsinə
həsr etdiyi şeirlərin hər biri bir qələbə
çağırışı, mübarizlik nəğməsidir:
Qələbə
bizimdir, əzilər yağı,
Dönər gülüstana Vətən torpağı.
Əlində
üçrəngli zəfər bayrağı
Əmrini
gözləyir əsgər, Paşam, Heey!!
1995-ci ildə
dostu Aydın Şükürova xitabən yazdığı
şeiri isə Zəngəzura, Kəlbəcərə
dönüşün həzin arzusu, kövrək təsəllisi
kimi oxunur:
O
dağlarda yurdun ahı dolaşır,
Zəmanənin min günahı dolaşır.
Dədə
ruhu, qardaş ruhu dolaşır
Qəribsəyən
o ruhlara dönək gəl,
Zəngəzura,
Kəlbəcərə dönək gəl!
Bu
şeirdən düz 25 il sonra isə
"Salam, Kəlbəcər!" şeiriylə şair sanki
inamının, ümidinin bica olmadığını hər
kəsə sübut edər kimi vüqarla deyir:
Gözün
aydın, Vətən, salam, Kəlbəcər,
Gözləri yollarda qalan Kəlbəcər.
Qayıdır
övladın, balan, Kəlbəcər!
44 günlük Qarabağ müharibəmiz vətən
sevdalı şairin də yaradıcılığından yan
keçməyib. Sanki onun Urud ağrısını azca da olsa dindirən
bu qələbəni şair belə vəsf edir:
Qırx
dörd gün şərəfə şan qovuşdurdu,
Gecəni
səhərə dan qovuşdurdu,
Biz qəm
ayırdı, qan qovuşdurdu,
Hər
daşı qibləgah Şuşam, qayıtdıq!
Və ya
"Zəfər marşı"nda bu qələbənin
memarı olan şəhidlərimizi minnətdarlıqla anaraq
deyir:
Bayrağa
and içib yola çıxdılar,
Vətən torpağında bitən oldular.
Qızıl
qanlarıyla şəhid oğullar
Torpağa qarışıb Vətən oldular.
Bayrağa
bükülü igidin gəlir,
Çıx yola, qarşıla qalibi, Vətən!
Qəhrəman millətə yaraşır ancaq
Qələbə, Qələbə, qələbə, Vətən!
Musa Urudun bu kitabında "Sandıq şeirləri" də var ki, gəncliyinin ən gözəl çağlarında qələmə alıb, amma heç zaman üzə çıxarmayıb. "Sarmaşıq!, "Mikroskop altında", "Ürək böyüklüyü", "Azadlıq meydanı-88", "Ağac adam", "Alaqarğa", "On səkkiz yaşında", "Ümidin ölümü" və sair kimi şeirləri şairin özünə və yaradıcılığına qarşı bəzən hədsiz və haqsız tələbkarlığından xəbər verir.
"İçimdə bir şair öldü, bilmədim" - deyərək yenə də özünə haqsızlıq edən şairin şeiriyyətindən günlərlə, səhifələrlə danışmaq olar. Amma çox istərdim ki, oxucular özləri bu şeirləri oxuyub Musa Urud dünyasını kəşfə çıxsınlar. Orda çox böyük sirlər tapacaqlarına, çox mühüm kəşflərlə qarşılaşacaqlarına əminəm! İndidən xoş mütaliələr!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2022.- 22 yanvar.- S21.