Ruhumuza "Bir nəfəs qədər" yaxın...  

 

Akademik Musiqili teatr yeni tamaşası ilə vətən müharibəmizin uğurlu səhnə təcəssümünə imza atıb

 

 

Aylar öncə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olarkən teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevlə söhbətimizdə Vətən müharibəsinə möhtəşəm qələbəmizə həsr olunmuş tamaşanın hazırlandığı xəbərini vermişdi. Əslində, tamaşa çoxdan hazırlansa da, pandemiya qaydalarına görə teatrlar bağlı olduğundan nümayişi gecikirdi. Nəhayət, qələbəmizin ildönümündə tamaşanın premyerası mümkün oldu. Müəyyən səbəblərdən premyerasında iştirak edə bilmədiyim tamaşanın 20 Yanvar faciəsi ərəfəsində nümayişi yaddaşıma kövrək notlarıyla yazıldı.

 

Böyük bir xalq olaraq hər birimizi bir yumruq kimi birləşdirən, ömrümüzün bəlkə ən önəmli, ən həlledici anı kimi əbədi xatirimizə həkk olan 44 günlük Vətən müharibəmiz çox qısa zaman sonra poeziyamıza, nəsrimizə, musiqimizə, hətta səhnəmizə köç etməyi bacardı. Əlbəttə, ən önəmli anlardan "isti-isti" yazmaq, bəhs etmək çox çətin olur. Onda hisslər ağlın, məntiqin, qabiliyyətin önünə keçir, yerinə danışır, yerinə yazır. Bu eyforik hisslərlə qələmə alınmış əsərin özəlliyi isə bədii keyfiyyətlərindən daha çox, özündə gizlədiyi gələcəyə ötürəcəyi duyğusal yaddaşdır. Məhz bu yaddaş vasitəsiylə bu günləri yaşamayan, ya da baş verdiyini anlamayacaq qədər kiçik olan balalarımız gələcəkdə xalqının keçdiyi bu şərəfli yolu öyrənəcək, bizim yaşadıqlarımızı müəyyən qədər hiss edə biləcək.

 

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində izlədiyimiz, qürurumuz, fəxrimiz olan şəhid qazilərimizə, eləcə , onların qəlbi dağlı, başı dik analarına həsr olunan "Bir nəfəs qədər" tamaşası da məhz buna hesablanıb.

 

Dahi Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova Əmrah Dadaşovdur.         

 

Tamaşada eyni zamanda Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə olunur.

 

Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Əmrah Dadaşov, Elçin İmanov, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hüseyn Əlili, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev iştirak ediblər.

 

 

 

"Bir nəfəs qədər" tamaşası indiki zamanımızdan təxminən ilyarım uzaq olan, amma hər nəfəsimizdə hiss etdiyimiz Vətən müharibəsinin ön arxa cəbhəsindəki bütün hadisələrinin ustalıqla ümumiləşdirilmiş səhnə həllidir deyə bilərik. Əsas qəhrəman Vətən (Əmrah Dadaşov) onun dostlarını müharibəyə aparmaq istəmirlər. Çünki onların sağlamlıqlarında problem var. Onları müharibəyə aparmaq göz görə-görə ölümə atmaq deməkdir. Məsələn, Vətənin ürəyi xəstədir, Azərin astması var. Amma onlar bütün bunlara rəğmən, gah yalvararaq, gah tələb edərək, gah da dava salaraq müharibəyə göndərilməklərinə nail olurlar. Bu cəsur oğulların timsalında biz müharibə boyunca Səfərbərlik Xidmətinin qapısını yağır edən, zabitlərə onları da cəbhəyə aparmaları üçün az qala günlərlə yalvaran, müharibəyə toy-bayrama gedər kimi gülə-gülə, sevinə-sevinə, mahnılar oxuya-oxuya yollanan yüzlərlə igid, vətənpərvər övladlarımızı gördük. O övladlar ki, analarıyla son vidalaşmasında "şəhid olsam, ağlama!" deyə vəsiyyət etmişdilər. O oğullar ki, "yaşıdlarım orda düşmənlə vuruşarkən mən burda adam içinə çıxmağa utanıram" - deyə komissara yalvarırdılar. O igidlər ki, yolunu kəsmək, onu itirmək qorxusuyla gedişinə mane olmağa çalışan əzizinə "sabah qonşuya şəhid gəlsə, mənim evdə sağ-salamat yemək yeməyib, çay içməyimdən utanmayacaqsan?!" demişdilər. O "Vətənlər" ki, "gələcəkdə övladım Qarabağın azadlığından danışanda "ata, sən onda harda idin?" sualına cavab verərəm" - dərdində idilər. Bir sözlə, hər biri bir "bəhanəylə" tələsmişdi Vətənin köməyinə. Amalları, məqsədləriysə bir idi: işğalı çoxunun yaşından böyük olan, üzünü belə görmədikləri o torpaqları 30 illik əsarətdən xilas etmək, xalqının namusunu təmizləmək!

 

 

 

Vətənin sevgilisi Qumrunun timsalında məhəbbətini, eşqini, arxa-dayağını öncə cəbhəyə, sonra isə son mənzilinə uğurlayıb ona sədaqət andı içən gənc qızlarımızı, cavan gəlinlərimizi gördük. O qızlar ki, Azərbaycan qadını adına yaraşar şəkildə öncə sevgisinin bala dərdli anasına, sonra isə xatirələrinə, şəhid adına sahib çıxırlar.

 

İşim gərəyi il yarımdır yüzlərlə şəhid ailəsiylə tanış olmuşam. Onların arasında şəhid xanımları, nişanlıları, sevgililəri var. Qumrunu seyr etdikcə Xalisə, Aysel, Könül, Sürfanə, Leyla, Mehriban daha neçə-neçə şəxsən tanıdığım, əzminə, iradəsinə, sədaqətinə heyran olduğum xanımlarımız düşdü yadıma birər-birər. O xanımlar ki, təkcə öz şəhidlərini deyil, 3 minə yaxın bütün şəhidləri öz ailələri, doğmaları kimi sahiblənib, dərdlərini büküb ürək sandığının bir küncündə gizlədərək, qəhrəmanlarımızı bütün ölkənin tanıması üçün təbliğat işlərində canla-başla iştirak edirlər.  Müharibə ən çox anaların öldüyü bir dəhşətdir. Vətən müharibəmizdə yüzlərlə ana canlı-canlı dəfn etdi özünü balasının yoxluğunda. Bircə gecədə saçları ağaran, üzləri qırışan, gözlərindəki həyat işığı sönən, örpəyində həsrət yuva qurmuş qadınlardır onlar. Soruşsan, çoxunun yaşı 40-a belə çatmayıb. Amma bir gecədə yüz il qocalıblar. Dərdləriylə bərabər, böyük şərəfli ad da yazılıb alınlarına: Şəhid anası! Vətən müharibəsi Azərbaycan anasını da tanıtdı bütün dünyaya. Bu, o anadır ki, "kürəyindən vurulsan, südüm sənə haramdır!" - deyib balasını xınalar yaxaraq yola salırdı cəbhəyə vətəninə qurban kimi. Bu, o anadır ki, övlad həsrəti, bala məhəbbəti vətən sevgisinin önünə keçə bilməmişdi. Şəhid oğlundan bəhs edərkən "doqquz oğlum olsa, hamısını vətənə fəda etməyə hazıram. Şükür bu günə" - demişdi. Heyrətlə dinləmişdim onda onu. Sual dolu nəzərlərlə baxmışdım yaşlı, amma qürurlu gözlərinə. Cəmi 37 yaşı vardı o ananın mənə bu sözləri deyərkən. 19 yaşlı balasını, ilk övladını qurban vermişdi bu vətənə. Elə balasının könüllü hərb sənətini seçməsindən, qərargah rəisinin qohumu ola-ola Naxçıvandan Vətən müharibəsinə könüllü qatılmasından bəlli idi o ananın verdiyi tərbiyə. Özü Laçından idi. "Balam anasının ata-baba yurdunu azad edərək şəhid olub" - deyirdi.

 

Laçın demişkən, "Bir nəfəs qədər" tamaşasında da ananın adı Laçın idi - Vətənin anası Laçın (Gülnarə Abdullayeva). O da bütün şəhid anaları kimi ürəyi yaralı, başı dik, gözləri qürurlu idi. Balasının qanlı əsgər formasıyla, böyütdürdüyü şəkillərlə evinin divarını süsləsə də, bütün şəhid anaları kimi inanmırdı onun ölümünə. Gözləyirdi Laçın ana. Ümidlə, həsrətlə, intizarla, arzuyla, böyük inamla gözləyirdi Vətəninin qayıdacağını. Axı Vətən qayıdar! Necə ki, Qarabağ adlı vətənimiz 30 ildən sonra qayıtdı, onun da Vətən balası qayıdar! Beləcə də olur. Laçın ananın arzusu düz bir il sonra "gerçəkləşir". Qayıdır onun Vətən balası. Ananın bircə anlıq mürgüsündə belə olsa, oğluiki döyüşçü-şəhid yoldaşları gəlirlər. Gəlirlər desinlər ki, onlardan nigaran qalmayaq, onlar üçün üzülməyək. Gəlirlər desinlər ki, yerləri burdakından da qat-qat rahatdır, gözəldir. Bu xülya ananın heç zaman gerçəkləşməyəcək arzusu, bir ömürlük təsəllisidir.

 

 

 

Səhnə əsərində başqa bir ana obrazı da var. Əsərin əvvəlində Vətənlə birgə müharibəyə getmək üçün Səfərbərlik Xidmətində dava salan Azər müharibədən qazi kimi qayıdıb. Onun bədəni, demək olar ki, işləmir. Amma heç olmasa, nəfəsi üstündədir. Onun anası Zərifə (Əməkdar artist Naidə Orucova) qazi anasıdır, Laçının qonşusudur. O belə şəhid anasının ucalığı qarşısında müntəzirdir, qazi oğluna qulluqdan vaxt tapan kimi Laçın anaya qulluğa qaçır, onun ev işlərində kömək edir, tək qalmağa qoymur. Budur Azərbaycan qadınının, ana-bacısının ucalığı, şəhid adına, şəhid anasına sonsuz ehtiramı.

 

"Bir nəfəs qədər" tamaşası Vətən müharibəsinə həsr olunsa da, onu Azərbaycanı tarixinin ümumiləşdirilməsi kimi də qəbul edə bilərik. Nə çox tariximizdə qanla yazılan səhifələr, övladsız analar, yarsız sevgililər...

 

Yazımın son sözlərini isə mən yox, elə Laçın ana desin:

 

"Mənim əzizlərim, siz torpağı Vətən etdiniz. Əliyalın Şuşa qalasına dırmaşan qabar bağlamış barmaqlarınıza qurban olum, balalarım! Qanınız tökülən hər bir qarış torpaq hələ neçə-neçə Mübarizlər, Poladlar yetirəcək. İndi Xarıbülbül də başqa cür açacaq. Bundan belə Araz da, Həkəri də başqa cür çağlayacaq! O torpaq yenə gülüstana dönəcək. Haqqımız sizə halal olsun, igidlər! Rahat uyuyun, namusumuzun ləkəsini silən qəhrəmanlar! Siz bu Vətənin cənnəti uğrunda döyüşüb, o dünyanın cənnətini qazandız!”

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 22 yanvar.- S.18.