Donuq duyğuların canlı xəyalı:
Ağdam
Əsgərlikdə evə dönüşü
min cür xəyal edərdik. Hərə ağlına gələn
atkeçməz yol fikirləşər, evdəkilərə
sürpriz hazırlayardı.
Ən qəribəsini şamaxılı
Əlirza fikirləşmişdi,
deyirdi dırmaşacaq
ağaca, çağıracaq
çıxın burda
görüşək.
Mən xəlvətcə
nənəmdənqalma qədim
şifonerimizə girib
yad səslə anamı səsləməyi
xəyal eləmişdim. Anam bu qorxunc səsdən ürkəcək, atamı
çağıracaq, haya
bacım da gələcək. Şifonerin qapısını
açacaqlar və...
mən uzaq Totsk səhrasında əsgəri xidmətimi bitirib qayıtmışam.
Beləcə hamımız
xoşbəxt olacaqdıq!
İşğalda keçən 28 ildə evimizi bəlkə milyon kərə xəyal etmişəm. Amma o milyon
kərənin heç
birində söz açdığım xəyali
qayıdış kimisi
olmayıb.
Səbəbini Ağdam xarabalıqlarını
dolaşan gün bildim.
***
İstər maşınımız Dördyoldan o üzə, dağıdılmış kəndlərdən
keçəndə, istər
Ağdama girəndə
duyğularımı donmuş
gördüm: keyimişdim,
sakit idim. Nə baxdığımı görə,
nə eşitdiyimi dinləyə bilirdim.
Şüşə dalından muzey
eksponatına baxırmış
kimiydim.
Oxuduğum 1 nömrəli məktəbin uçuq divarları qarşısında da, məscidin minarəsinə çıxıb dörd bir yana tamaşa edəndə də canımdakı duyğu hüceyrələrinin donu açılmadı.
Hətta, orda - xoşum gələn qızla "görüş" yerində də titrəmədim. Bir vaxt Lenin bağı olmuş yerdə ayaq saxladım. Dərsdən çıxanda bağın bu tinində qız gözdən itənədək dayanıb baxırdım. O da hərdən çevrilir, qəribə lal oğlanın arxasınca gəlmədiyini, eləcə baxdığını görüb yoluna davam edirdi.
Şəhərin ən məhrəm bu yerində belə halım dəyişmədi.
Dedim evimizi istəyirəm! Lap uşaq kimi.
Dedim yəqin evimizdə dirilər bu ölü duyğular.
Sağ olsun ANAMA-nın əməkdaşı, küçəmizi
tapdı. Şuşa yolundan ayrılan
küçəmizlə yeridim.
"Köhnə hamam"ın divarları
da mənim duyğularım kimi buz bağlamışdı
sanki. Elə qocalmışdı bu divarlar, elə
bilərdin min yaşı
var. Şəhərdə gözümə
ən qoca dəyən bu divarlar oldu.
...Axır ki, həyətimizdəyəm.
Evimizin uçuq divarları arasında. Əlimi sürtürəm, bəlkə oyanar duyğularım - daşlar
məni tanımır.
Nə onikivərəq
dəftərə yazdığım
ilk hekayə-qaralamaların əlyazmalarını gizlətdiyim
zirzəminin divarları,
nə hər səhər Şopenin polonezləri sayaq musiqilərlə məni oyadan qara "Rostov
Don" pianomuzun durduğu
otağın boş pəncərə yeri. ANAMA əməkdaşının
"İnanma nəsə
qala burda, bu ev yandırılıb"
sözləri də tərpətmir məni.
Özüm daşam, daş! Uçuq evin daşı.
Daşın canımı
var tərpənə...
Pilləkənimiz yarıyacan durur. Çıxıb ətrafa baxıram. Qonşuların evi bu qədər yaxın deyildi axı bizə! Dar gündə hayan olmaq üçünmü belə yaxınlaşıblar, qısınıblar bir-birlərinə?
Ağdamda dağmı görərdin, haradan çıxdı bu dağlar? Əlimi uzatsam, çatar Xıdırlı, Xramord dağlarına. Onlardamı şəhərin harayınamı yüyürüb gəlibmiş?
...Buralar mənə yaddır sanki: nə bu pilləkənlə çıxmışam, nə bu evdə yaşamışam. İsti dəmirinə uzanıb göyün ənginliyində gözlə tutası bulud gəzdiyim taxtapuş da yox idi, yıxılmışdı.
İllər uzunu gecələr sübhəcən xəyalı yatmağa qoymayan bu şəhər indi niyə dondursun ki məni? Bəlkə zamanın da donduğu yerdə insan duyğusunun buza dönməsi təbii haldır?
Çox ölkədə ölü şəhərlər görmüşəm. Yunanıstanda Mikena xarabalıqlarını, Zevsin məbədini, Misirdə Amon-Ranın Nil qırağındakı Karnak Məbəd Kompleksini, Giza piramidalarını, Türkiyədə antik Pergenin küçələrini, Krımın Cuhut-Qala mağara şəhərini, Pantikapeyi turist kimi gəzmişəm.
İndi Ağdamı da turist kimi dolanıram?
Xüsusi nümayəndəliyin əməkdaşı
Ağdamın keçmişindən,
görüləcək işlərdən,
planlardan danışır. Çox mədəni
oğlandır, ehmal-ehmal
danışır. Dinləyirəm. Sonra özüm danışmağa
başlayıram - "turist"dən
çevrilib "bələdçi"
oluram.
Sonra da... susuram. Dilim ağırlıq edir, can çəkirəm
danışmağa. Qayıtmaq, getmək
istəyirəm burdan.
İllər uzunu can atdığım, Tanrı
dərgahı bildiyim yerdən bu nə qaçmaq istəyidir belə? Özündən qaça
bilirmi adam?
Bütün gücümlə gizlədirəm getmək istəyimi. Nə deyər, necə
izah edə bilərəm bunu? Şahbulaq deyirlər, İmarət deyirlər, ayrı yerlərin də adını çəkirlər.
Təşəkkür edirəm. Getmirəm!
Ayrılırıq! Qayıdırıq!
Bir ildir azad olunmuş şəhərə gəlməyə
qorxurdum. Qorxurdum ki, onu bu halda görsəm,
yaddaşıma həkk
etdiyim, xəyalımda
qoruyub saxladığım,
mənim üçün
hələ də adamları, küçələri,
parkları ilə diri qalan, yaşayan
uşaqlıq, gənclik
şəhərim bu səfərdən sonra yox olar, hafizəmdən
silinər.
Geri döndüyüm günün gecəsi anladım ki, soyuq ürəklə, donmuş duyğularla gəzməyimin səbəbi
mənim xəyal şəhərimi qorumaq, gözümdə diri saxlamaq üçünmüş. Tanrı işi
idimi? Bəlkə
də!
Elə də oldu, gördüyüm o dəhşətli mənzərə
mənim nağıl şəhərimi xəyalımdan
silə bilmədi.
***
Hər şey uşaqlıq simsarım Yusifin yolladığı mesajla başladı. "Getdin Ağdama?" soruşurdu. Yusifin mesajı
bir himə bəndmiş kimi duyğuların buzunu əritdi. Donu açılan duyğular
canıma, ruhuma hücum çəkdi.
Yalnız ona deyə bilərdim ürəyimdən
keçənləri. Elə istədim ki, elə indicə
yanımda ola.
Zəng vurmaq istədim, eləyə bilmədim, səsli mesaj göndərmək də alınmadı - qəhər
xirtdəyimdə düyün
düşdü.
Sonra nə oldu? Oldu nələrsə...
Sonrası qoy özümdə qalsın, dostum oxucu. Yadına gələr
bəlkə də o şəhərə həsr
etdiyim kitabda yazdığım: "Kişi
iki şey haqda danışmaz - bir sevgilərindən, bir də ağrılarından".
Bu dəfə də danışmayım.
Qoy baş-başa qalaq: Sevgim, Ağrım, bir də mən.
Amma yox, birini deyim. İndi deyə bilərəm. O vaxtlar sevgilərimlə yalnız ürəyimdə danışardım. Dostlar mənə gülürdülər, səninki sevmək deyil deyirdilər. İldə birini sevirsən, deyirdilər. Əsl sevgi onların imiş guya. Sirdaşıma belə o biri sevgilərimdən danışmazdım. Nə Kramskoyun otağımın divarına vurduğum "Naməlum qadın"ından, nə ABBA-nın sarışın gözəlindən xəbərləri vardı. Bütün sevgilərimlə pıçıltıyla söhbət edərdim, bir kimsənin eşidə bilməyəcəyi bir səslə.
Ağrımsa mənimlə qalsın, danışmayım!
"Evimizi tapdım!" Yusifə bircə bunu cavab yaza bildim.
***
Niyə Ağdam xarabalıqlarını dolaşanda məhz əsgərlikdən qayıdış xəyalının yadıma düşməsini sonra anladım. Elə o donuq duyğuların sirrini də onda bildim.
Bildim ki, adamı yaşadan "Səni gözləyən var!" nidasıdır. Ömrün bir çağında anlayırsan ki, sənin xoşbəxtliyin bu nidaya bağlıdır. Lap dünyanın o başında gözləyənin, səndən ötrü darıxanın varsa, demək dirisən, və ...yaşamaq gözəldir.
O gün getdiyim yerdə məni gözləyən yox idi. Daşlar belə unutmuşdu məni.
O yerdə qalsaydım, bu illər uzunu, özüm də unudardım özümü!
...Amma nağıl şəhərimdə məni gözləyənlər var, bilirəm. Gedəcəm ora. Xəlvətcə nənəmdənqalma qədim şifonerimizə girib yad səslə anamı səsləyəcəm. Anam bu qorxunc səsdən ürkəcək, atamı çağıracaq, haya bacım da gələcək. Elə evimizin pianoçu kirayənişin qızları da. Şifonerin qapısını açacaqlar və... mən 28 ilin ayrılığından dönmüşəm. Beləcə hamımız xoşbəxt olacağıq!
Bilirəm, burada əvvəlkindən də gözəl şəhər salınacaq. "Xəyal memarı" adlı essemdə təsvir elədiyimdən də gözəl Ağdam tikiləcək. Amma o, məndən çox balaların, nəvələrin şəhəri olacaq.
Mənim olansa yaddaşımda, ruhumda qalandır. Donuq duyğularda belə canlı xəyal kimi yaşayan şəhər!
...Bilmirəm deyə bildimmi demək istədiyimi...
Ağdama səfərin baş
tutmasına görə tələbəlik dostum,
Diasporla İş
üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızına, komitənin
rəhbərliyinə, evimizi və mənim
üçün doğma
olan başqa yerləri
görməyimə yardım etdiyi üçün Qarabağ
üzrə nümayəndəliyin, ANAMA-nın əməkdaşlarına
təşəkkür edirəm.
Vahid QAZİ
525-ci qəzet.- 2022.- 22 yanvar.- S.14.