Qaranlıqda ağ oyun
Mən yenə
də protoqonist və antoqonist qüvvələrin axtarışındayam. Bu dəfə gedib bir qaranlıq otağa çıxdım.
Zil qaranlıq. Göz gözü görmürdü.
Rastıma çıxan ümid
işıqları oldu.
İki işıq. Ancaq bu işıqların da ümid axtarışında
olduğunu gördüm.
Qəribədir. İşıqdır bizə ümid
verən, yoxsa bizik işığı ümidləndirən?
Bütün həqiqətlər işıqdadır. İşıqlı
dünya! İşıqlı insan! Materializmin də, idealizimin də kökündə işıq dayanır. İşıqsız dünyanın mövcudluğunu
düşünmək mümkün
deyil. Dünya da, insan da işıqsız heç nədir. Günəş də işıqdır,
Ay da. Elə ulduzlar da.
Sular da işıqdır. İşıq mütləqdir. Mütləqliksə həqiqət. Həqiqətə varmaq üçün
işıqdan keçməlisən.
Keçmişin işıqlı olmalıdır. Gələcəyə çatmaq üçün
işıqdan keçməlisən.
Ruh insan bətninə yerləşdirilmiş işıqdır.
Bu dünya ilə
o dünyanın arasındakı
keçid də işıqdan keçir.
İşıqlar axtardı, axtardı və nəhayət qəhrəmanlarımızı tapa bildi. Bundan əvvəl
uşaq səsləri
qulaq batırırdı.
Uşaqlar... onlar da işıqdır!
Bir, iki -
Bizimki.
Üç, dörd -
Qapını ört.
Beş,
altı -
Daşaltı.
Yeddi, səkkiz -
Firəngiz.
Doqquz,
on -
Qırmızı don.
Sonra uşaqlardan
iki uşaq ayrıldı. İki işıq kimi.
Geri qalan səslər
itdi. Yalnız iki səs eşidildi. Qız və oğlan.
İkinci, ya üçüncü
sinifdə oxuyurlar.
Bağçaya da birlikdə
gediblər. Uşaqlıqdan eyni məhəllədə
böyüyüblər. Hər ikisi ürəyində pünhan eşq yaşadıb. Bir-birlərini incitməkdən bezib usanmayıblar. Əslində sevgi bu bezdirməyin
özü idi. Səbəbsiz dartışmalarda idi ülvi məhəbbət.
Qız:
Mən səninlə oynamıram.
Oğlan:
Oynayaq...
Qız:
Çünki sən mənim saçımı
dartdın.
Oğlan:
Dartmadım.
Qız:
Sən mənim saçımı dartdın.
Dartdın. Sara müəlliməyə
deyəcəyəm.
Sara müəllimə... Hamımızın belə bir müəllimimiz
var idi. Xatırlayırsınız? Elə hamımız belə
hadisələrlə böyümüşük.
"Müəllim, buna
deyin də..." - bütün gizlinlər bu şikayətlərdə
idi. "Sonra nə oldusa,
yadımıza gəlmir"...
Ancaq bu ülvi hissləri qoruyub saxlayanlar, böyüdüb boya-başa
çatdıranlar, məqsədlərinə
çatanlar, vüsala
qovuşanlar da az deyil.
Qaranlıqdakı işıqlar kişi ilə qadını tapan kimi əsərin düyünü vurulur. Konfliktlər
başlayır. Kişi də,
qadın da yuxuludu. Sanki qış yuxusundan oyanıblar. Məkan anlayışı
qüvvəsini itirib.
Hardadırlar onlar? Hansı dünyada?
Yuxudadılar, ya oyaq?
Onları canlandıran üzərlərinə
düşən işıqdır.
Kişi 60 yaşlarındadır. Heç vaxt
ailə həyatı qurmayıb. Ömrünü tək-tənha yaşayıb.
Hər şeydən yorulub, bitkin, əldən düşmüş haldadı.
Həyatın mənasızlığını
düşünməkdən az qala havalanmış vəziyyətdədir.
Dünyanın faniliyi onun ümidlərini sümürüb.
Bir tərəfdən də içini parçalayan nakam sevgisi. Qovuşa bilməmək dərdi.
Müəllim işləyir. Ömrünü elmə, təhsilə xərcləyib. Hər sinif otağına daxil olanda keçmişi parça-parça, dalğa-dalğa gözləri önündən keçir. Bəlkə elə müəllimlik peşəsini seçmək də keçmişindən vaz keçə bilməməsinə görə idi. İndi yeganə təsəllisi hər gün daxil olduğu bu sinif otağı idi. Bir də uşaqları müşahidə etmək. Müəllim əzbər bilirdi, hansı uşaqların işıqlarının birləşdiyini. Ona "ay müəllim, buna deyin" deyən qızları görən kimi gözləri dolurdu.
Vüsala yetməməyə, qovuşmamağa, həsrət yaşamağa dözmək olar. Amma sevdiyin insanı ömürlük itirməyə dözmək... dözülməzdir, nə dözmək?! Müəllim öz sevgisini gənc yaşlarında itirib. Birdəfəlik. Müəllim həm də qorxaqdı, cəsarətsizdi. Bunu tezliklə özünüz də görəcəksiniz. O, heç vaxt sevgisini etiraf edə bilmədi, hiss etdirdi, amma irəliyə doğru ciddi bir addım ata bilmədi. Sonra isə... sonra hər şey gec idi. İndi qarabasmalarla yaşayır. Yenə qara. Amma qaranlıqdakı işıq ona yenidən bir ümid olub. Qovuşmaq ümidi yaranıb içində. Bunun isə tək bir yolu var. Qaranlıqdan qurtulmaq.
Uşaqlar çığırışır. İşıqlar yenidən qəhrəmanlara qovuşur.
Qadın gileylidir. Hadisələr üzü zirvəyə, kuliminasiyaya doğru yüksəldikcə qadının kişini nədə ittiham etdiyi, niyə məzəmmət etdiyi də gün üzünə çıxmağa başlayır. Gün üzü! Yenə işıq!
Arada pərdə var. Qadınla kişi arasındakı işıqlı pərdə. Pərdə ismətdi, abırdı, həyadı, pərdə mentalitetdi. Pərdə həm yaxşıdı, həm pis. Həm bizim kimliyimizdi, həm də cəsarətsizliyimizin, acizliyimizin, susqunluğumuzun baiskarı. O pərdəni aşmaq olsaydı... bəlkə də dünyada həsrət olmazdı, nakam məhəbbətlər olmazdı.
"Gəl yolu eninə gedək..." Onlar heç vaxt birlikdə yol gedə bilməmişdilər. Bircə dəfə yol getmək istəmişdilər, onda da gedib qaranlığa düşmüşdülər. Bir işıq yolu tapa bilməmişdilər yollarına davam etmək üçün. Qız yenə də oğlanı qınamışdı, məzəmmət eləmişdi, üstəlik, Sara müəlliməyə deyəcəyilə hədələmişdi. İndi qadın əlacsızlıqdan yol axtarır. "Yolu eninə gedək" deyir. "Heç olmasa yerimizdə addımlayaq" deyir. İnsan oğlu elə bilir ki, ömrü boyu yol gedir. Amma yerində addımlayır əslində, yerində sayır. Yolu eninə getmək isə çarəsizliyin təcəssümüdü, suyu axına qarşı üzmək kimi bir şeydi.
ŞƏKİLlərdən keçdikcə uşaqların səsləri bizə yol göstərir. Hər giriş qapısını uşaqların səsiylə keçirik.
Bir, iki -
Bizimki.
Üç, dörd -
Qapını ört.
Beş,
altı -
Daşaltı.
Yeddi, səkkiz -
Firəngiz.
Doqquz,
on -
Qırmızı don.
Bu uşaqlıq oyununu kim icad
edib görəsən?
Kimin ideyasıdı? Hardan tapıb
bu fikri, necə kəşf edib? Uşaqlıqda hər kəsin
əzbər bildiyi bu misralar indi
mənə insan ömrünün açması
kimi gəldi. Hər misrada bir sirr
var sanki. Və bu sirlər açıldıqca məni
heyrət bürüyürdü.
Bir, iki, bizimki...
"Dünya üçgünlükdür..." yaşadığımız
ömür bir göz qırpımında
əriyib yoxa çıxır. Bir, iki deyən kimi gənclik əldən gedir.
Üç-dörd - qapını ört. Bu ömrün son akkordlarıdır. Üçgünlük dünyanın üçüncü günündə dördü saymağa macal tapmırsan. Hətta o macalı tapsan belə, bu, artıq ömrün sonudu. Qapıya doğru gedirsən. Qapını arxanca örtüb, bitirəcəksən hər şeyi.
Beş, altı - daşaltı... daşın altı. Məzarın altındakı insan. Daşın altındakı "ömür". Ölümün təntənəsi. Həm də cisminlə ruhunun ayrılıq nöqtəsi.
Yeddi, səkkiz - Firəngiz. Yeddiylə bağlı hər nə varsa, məndən yaxşı bilirsiniz. Göyün yeddi qatından tutmuş, həftənin yeddi gününədək. Səkkizinci qat ruhların toplanış məntəqəsidir bəlkə də. Əgər ruh göylərə uçursa, Allah göydədirsə, göy yeddi qatdırsa, deməli, bu qatların sonunda - yəni səkkizinci qatda bizi nələrsə gözləyir.
Məni qınamayın, elə bu yazının özündə də mistik çalarlar var, sirlər var. Mən ömrümdə ilk dəfə idi Firəngiz adının mənasını öyrənməyə çalışırdım. Və nəticə bilirsiniz nə oldu? İşıq!!! Firəngiz - işıq saçan, nur səpələyən; nurlu, işıqlı! Dəhşətdir!
Doqquz, on - qırmzı don... Biz bu dünyadan ağ donla köçüb gedirik. Qırmızını isə - Allaha qovuşanlar, yəni cənnətdəkilər "geyinəcək" yəqin ki. Əslində, qan insanın donudur. Ölülər diriləndə cismimiz diriləcək, ruhla bədən yenidən qovuşacaq... "Qan qovuşuqdu!" Deyilənə görə, bəzi türk xalqlarında qırmızı rəng qutsal sayılıb və o, göz ruhunun rəngi hesab edilib.
Qadının məzəmmətləri hər ŞƏKİLdə özünü göstərir. Kişi isə bəzən cığallıq edir. Uşaqlıda olduğu kimi. Bəzən isə razılaşır. Qorxaqlığını, cəsarətsizliyini etiraf edir.
Qadın 29 yaşındadı. 30 il əvvəl sağalmaz xəstəlikdən dünyasını dəyişib. Kişiylə eyni bağçada, eyni məktəbdə, eyni sinifdə təhsil alıb. Uşaqlıqdan aşiq olduğu oğlandan sevgi etirafını gözləyə-gözləyə keçib ömrü. Ərə getməyib. Pak eşqinə, ülvi məhəbbətinə sadiq olub. Hisslərinə xəyanət etməyib. Ancaq həmin o pərdə - o ismət, o ar, o əxlaq sevgisinə qovuşmağa da imkan verməyib. Hər halda oğlanın qolundan tutub nikah kəsdirməyə apara bilməzdi. Heç oğlana - ay axmaq, niyə içindəki hissləri dilinə gətirə bilmirsən axı? De ki, sevirəm də - deyib, bağıra da bilməzdi.
"Sən heç cür başa düşmək istəmirsən ki, mən artıq yoxam. Mən ancaq sənin beynində, əsəbində, istəyindəyəm..." - bu, qadının sözləridir. Kişi isə bunlara əhəmiyyət belə vermir. O, xəyallarında danışdığı sevdiyi qadından əl çəkmək fikrində deyil. Onu həyata bağlayan, ya da həyatdan qoparan tək qüvvədi bu səs. Səs də işıqdı onun üçün! Qaranlıq dünyasından, qaralmış dünyasından boylandığı tək çarə.
Qadın kişini özünə tərəf dartır. Biz artıq qadının öldüyünü, kişinin onun xəyallarıyla yaşadığını yaxşı bilirik. Ancaq qadın uşaqlıqdan bu yana içində saxladığı şikayətlərini dilə gətirməklə yanaşı, kişidən heç olmasa indi cəsarətli olmağı və onun dalınca gəlməyi təklif edir. Kişi isə tərəddüdlər içindədi. O olmaqla-olmamaq, qalmaqla-qalmamaq, getməklə-getməmək qərarsızlığının əlində açiz qalıb.
Qadın ona "ən asan yolu" göstərməyə çalışır. Sevgiyə qovuşmağın ən asan yolunu başa salır. Ancaq xəbərdarlıq da edir: "Son anında əgər bir adam və yaxud nəsə başqa bir şey haqqında düşünsən, onun ardınca sən də mənim kimi qayıdacaqsan. Onu özünlə aparmayana qədər dönə-dönə qayıdacaqsan". Bunu necə qiymətləndirək? Qadın isterikası, qadın hikkəsi, qadın emosiyası, qadın ehtirası, qadın qısqancılığı deyə bilərikmi? Özünün "qayıtdığı", kişinin bütün həyatını tarimar etdiyi, əsəb xəstəsinə çevirdiyi bəs deyil, hələ bir başqası haqqında düşünməməyi də tapşırır. Yəqin yoxlayır ki, o, həyatda olmayanda kişi başqasına aşiq olub, ya yox, onu həyata bağlayan biri var, ya yox?!
Budur, həmin yol. Həmin qaranlıq. Kişi
qərarını verib. Və sevgisinin səsinə gedir.
Dörd ŞƏKİLdir biz
qadının kişinin cəsarətsizliyindən
və qorxaqlığından
danışdığının şahidiyik.
İndi beşinci
ŞƏKİLdə bütün bu düşüncələr alt-üst olur. Kişi qaranlıqlar
içində çabalayır. Qadınını axtarır.
Geriyə yol yoxdur, heç irəlidəki yolu
da tapa bilmir.
Onlar heç vaxt yol tapa
bilməmişdilər. Onlar üçün
yol yox idi.
Nə eninə, nə uzununa! Beləliklə, biz müəllimi də itirdik. İşıqlar söndü!
Müəllifin özü dediyi
kimi, bəlkə də əsəri burada tamamlamaq olarmış... Ancaq biz yenidən uşaq
səsləri eşidirik.
Həmin
uşaqlar yenə də qaranlıqda işıq, yol axtarırlar.
Onlar bu yola çıxan yeni qurbanlardır. Bu yolu gedə biləcəklər, bilməyəcəklər
nə özləri bilirlər, nə də biz. Qaranlıqda
ağ oyunun
yeni iştirakçılarına
işıqlı yol arzulamaqdan başqa əlimizdən heç nə gəlmir.
Protoqonist
və antoqonistə gəlincə... Qoqolun "Müfəttiş" əsərinin premyerasından
sonra ondan soruşurlar ki, bəs sizin əsərinizdə protoqonist
yox idi? Cavab verir ki, var
idi. Protoqonist tamaşaçıların arasında idi.
Xalq yazıçısı Kamal
Abdullanın "Bir, iki, bizimki..." adlı, 5 şəkildən
ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramını maraqla oxudum. Mənim "Qaranlıqda ağ oyun"
adlı yazım tamaşaya baxmayanlar, baxa bilməyəcək insanlar üçün idi. Amma bundan
da yaxşısı nümayişi hələ
də davam edən tamaşanı (Akademik Dövlət Dram Teatrı - quruluşçu
rejissor: Əlif Cahangirli, quruluşçu
rəssam: İlham Elxanoğlu) izləməkdir.
Xəyal
RZA
525-ci qəzet.- 2022.- 22 yanvar.- S.12;13.