Hacı Seraya Şapşal Qacar sarayında
"Çər
şüurum olsa idi dustü
düşmən bilməyə,
Şapşalı,
Fəzlüllahı işdən
kənar
etməzmiydim?"-
Sabirin
Qacarlar sülaləsinin bivec hökmdarlarından Məhəmməd Əli
şahın (hakimiyyət illəri 1907-1909) dilindən qələmə
aldığı "Etməzmiydim?"
rədifli satirasındakı bu misraları oxuyan hər kəs
yəqin ki, istər-istəməz özünə suallar verir: qəribə soyadın
sahibi Şapşal kim idi? Qacar sarayına necə gəlib
düşmüşdü? Dostu ilə
düşmənini tanıya bilmədiyindən şikayətlənən
Məhəmməd Əli onu "işdən kənar etmədiyinə
görə" niyə peşmançılıq hissi
keçirirdi?
Həyat
yolunun mürəkkəb və keşməkeşli səciyyəsinə,
bəzən xeyrə, təəssüf ki, bir sıra hallarda
isə şərə eyni dərəcədə ürəkdən
və şövqlə xidmət etməsi baxımından XX əsr
Cənubi Azərbaycan tarixi ilə qırılmaz tellərlə
bağlı olan Şapşal (1873-1961) ziddiyyətli şəxsiyyət
idi.
Hacı Seraya Şapşal (rus mənbələrində
Sergey Markoviç Şapşal) milliyyətcə karaim (karay
türkü) idi. 1873-cü ildə Bağçasaray
yaxınlığındakı Öysünköy adlı
karaim kəndində, bağban ailəsində
doğulmuşdu. İlkin təhsilini
Bağçasaray və Ağməsciddəki (Simferopol) karaim
mirdaşında (mədrəsə) almışdı. 1884-cü ildə atası onu rus dilini öyrənib
dünyəvi elmlərə yiyələnmək məqsədi
ilə Peterburqa göndərmişdi. Burada
Qureviçin dövlət gimnaziyaları ilə eyni statusa
malik şəxsi gimnaziyasını bitirmişdi. 1894-cü
ildə Peterburq universitetinin Şərq dilləri fakültəsinə
daxil olmuş, ərəb, fars və
türkcə öyrənmişdi. Həmişə
yaxşı mənada seçilən tələbə kimi
tanınmışdı. Təhsil dövründə
iki dəfə İstanbula, dil təcrübəsinə göndərilmişdi.
Peterburq Müsəlman Xeyriyyə Cəmiyyətinin fəal əməkdaşlarından
biri idi. Adamlarla asan ünsiyyət qurma bacarığı sayəsində
Cəmiyyətin sədri, çarın xas alayının
zabiti, qazax əsilli polkovnik Sultan Qazi Vəli xana yol
tapmışdı. Xan tez-tez onu özü ilə paytaxtdakı Osmanlı və
İran diplomatik missiyalarına aparırdı. Nəticədə
diribaş Şapşal şərqli diplomatlar arasında da məşhurlaşmışdı.
1899-cu ildə universiteti birinci dərəcəli
diplomla başa vurub professuraya hazırlanmaq üçün
kafedrada saxlanmışdı. "Karaimlər
və Cühud Qala" adlı ilk kitabını da tələbəlik
illərində Peterburqda çap etdirmişdi.
Görünür, Qacar diplomatları ilə qurduğu əlaqələr
onun 1901-ci ilin yanvarında Təbrizə ezam olunmasına təsirsiz
qalmamışdı. Nə üçün paytaxt Tehrana yox, Təbrizə?
Çünki həmin dövrdə taxt-tacın
varisi, vəliəhd Məhəmməd Əli (1872-1925) Azərbaycan
valisi kimi bu şəhərdə yaşayırdı. XX əsrin əvvəllərində Qacar səltənəti
bərbad idarəçilik ucbatından Rusiya ilə
Böyük Britaniya asılılığı altında
yarımmüstəmləkə dövlətə
çevrilmişdi.
Azərbaycan
əyalətinin idarəçiliyində Təbrizdəki
Rusiya baş konsulunun sözü bir sıra hallarda vəliəhdin iradəsindən
kəsərli olurdu. Amma istənilən halda təkəbbürlü
ingilislərlə müqayisədə ruslarla dil tapmaq Qacar xanədanına
sanki daha asan görünürdü. Vəliəhd
də öz növbəsində rus dilini öyrənmək,
Rusiya ilə daha da yaxınlaşmaq fikrinə
düşmüşdü. Bu məqsədlə həmin vaxta qədər ciddi
bir uğur qazanmadığı
fransızcanı (Parisdən
biri-birinin ardınca beş müəllim
çağırılsa da, Məhəmməd Əli bir
şey öyrənə bilməmişdi) rus dili ilə əvəz
etmək qərarına gəlmişdi. İranın
Rusiyadakı səfiri Mirzə Rza xan Arfauddövlə vəliəhdə
rus dili müəllimi tapmaqla bağlı tapşırıq
almışdı.
Təbii ki, səfirin ilk seçimi Şapşal
olmuşdu. Rəyini öyrənmək üçün
müraciət etdiyi şəxslər onun namizədliyi üzərində
dayanmışdılar. Peterburq universitetinə göndərilən
rəsmi sorğuya da rektor A.Qolmsteynin imzası ilə Şapşalı
hazırlıqlı mütəxəssis, yüksək
mədəni-mənəvi keyfiyyətlərə malik insan, İranın dostu kimi dəyərləndirən
müsbət xarakteristika alınmışdı. Artıq
karaim gəncin vəzifəsinin icrasına başlamaq üçün Təbrizə
yola düşməsinə heç bir maneə
qalmamışdı.
Onun rus
dili öyrətmək üçün getdiyi Məhəmməd
Əli müasirlərinin xatirələrindən də
göründüyü kimi, xəsis, hər işdə öz
mənfəətini güdən, ikiüzlü və məkrli
adam idi. İlk günlər
vəliəhd və saray adamları Şapşala da çox
ehtiyatla yanaşır, bütün hərəkətlərini
yoxlayırdılar. Onunla yalnız bir illiyə, həm də
nisbətən aşağı maaşla müqavilə
bağlanmışdı. Bayram və bazar
günləri də daxil olmaqla vəliəhdə hər
gün iki saat dərs keçməli idi. Eyni zamanda Təbrizdə
yeni açılmış müasir tipli "Loğmaniyyə"
məktəbində də çalışırdı.
Hacı
Seraya Şapşal - Məhəmməd Əli şahın
saray naziri
Şapşal biliyi, rəftar qabiliyyəti və səmimiliyi
sayəsində tezliklə vəliəhdlə dostlaşa
bilmişdi. Nəticədə
bir il başa çatmamış onunla
üç illik, üç il tamam olmamış isə on
illik yeni müqavilə imzalanmışdı. 1901-ci ilin
oktyabrında Məhəmməd
Əli "müəlliminin" 2-ci dərəcəli
"Şiri-Xurşid" ordeni ilə təltif edilməsi
haqda atası Müzəffərəddin
şah qarşısında məsələ
qaldırmışdı. Yüksək maaşla
on illik müqavilə isə Rusiyanın Təbrizdəki yeni
baş konsulu İ.F.Poxitonovun təkidli xahişləri sayəsində
mümkün olmuşdu. Yeri gəlmişkən
fəaliyyətinin İran dövrü ərzində
Şapşal tək İranın deyil, Rusiyanın da bir
sıra yüksək ordenləri ilə təltif edilmişdi.
Çünki onun Qacar elitası ilə
yaxınlığı çar üsuli-idarəsinin də
işinə yarayırdı. Qısa müddətdə
Şapşalı yaxın çevrəsinə daxil edən Məhəmməd
Əlinin
lütfkarlığı isə sərhəd
tanımırdı. "Şiri-Xurşid" təltifinin ardınca
Şapşal İran zadəganları silkinə
daxil edilmiş, xan tituluna layiq
görülmüşdü. Artıq Məhəmməd
Əli onu ən yaxın adamı, etibarlı məsləhətçisi
sayırdı. Razılığı olmadan heç bir addım
atmır, ciddi bir qərar qəbul etmirdi.
1907-ci ildə Müzəffəddin şahın
ölümü və hakimiyyətin Məhəmməd
Əliyə keçməsi Şapşalın mövqeyini daha
da möhkəmləndirdi. Vəliəhdlə
birlikdə Təbrizdən paytaxt Tehrana gələn
Şapşal burada dərhal general-adyudant rütbəsi ilə
saray naziri təyin olundu. Köhnə şahın dəfni,
yeni şahın
tacqoyma mərasimi də onun ssenarisi və rəhbərliyi
altında böyük ehtişam və təntənə ilə
həyata keçirildi. Məhəmməd Əli şah
hökmdar kimi imzaladığı ilk fərmanla dostuna fəxri
"Ədib-üs-Sultan" ("Hökmdarın müəllimi")
titulu verdi, maaşını iki dəfə
artırdı və faktiki olaraq şah ailəsinin
tamhüquqlu üzvünə çevirdi. Artıq
Şapşalın İrana gəlişinin əsas məqsədi
- rus dili məşğələləri də tamam
unudulmuşdu. O, şahın sağ əli kimi
mühüm siyasi məsələlər və dövlət
idarəçiliyi ilə məşğul olur, böyük maliyyə layihələrinin
hazırlanması və icrası üzərində işləyirdi.
Əslində
Şapşalın İranın iqtisadi həyatına
müdaxiləsi Təbrizdə yaşadığı illərdə
başlamışdı. 1903-cü ildə Rusiya
imperiyasının maliyyələşdirdiyi İrəvan-Culfa-Təbriz-Tehran
şosse yolunun (gələcəkdə həmin traktda dəmir
yolu çəkilməsi nəzərdə tutulurdu) tikintisinə
qərar veriləndə vəliəhdin iradəsi ilə
Şapşal yolun keçəcəyi ərazilərin
alınması üçün qiymətləndirmə üzrə agent təyin olunmuşdu. Tezliklə hər
iki tərəfin səyi ilə böyük korrupsiya layihəsinə
çevrilən yol tikintisi Cənubi Azərbaycana müasir nəqliyyat
infrastrukturu gətirmək əvəzinə yüksək
rütbəli rus və İran məmurlarının qazanc
vasitəsi olmuşdu. Təbii ki, "vəliəhdin
agenti" Şapşal
prosesdə həlledici rolu öz üzərinə
götürmüşdü.
Əlimərdan
bəy Topçubaşov "Kaspi" qəzetinin 16 fevral
1907-ci il tarixli sayında dərc etdirdiyi "İranda
yol-tikinti epopeyası" adlı məqaləsində bu
"pul tələsi" üzərinə cəsarətlə
işıq salmışdı. Müəllif
yazırdı: "Yol
tikintisinin hesabına cibini dolduran müxtəlif agentlər,
icarədarlar və digər tüfeylilər arasında rus təbəəsi
c-b Şapşal
diqqəti xüsusi cəlb edir.
Qacar şahzadələrindən birinin müəllimi
kimi İrana gələn bu şəxs tezliklə fars əyanları ilə faydalı
tanışlıq əlaqələri qurmağa nail
olmuşdu. Digər tərəfdən (söhbətin
davamı üçün bu cəhəti xüsusi yadda
saxlamaq lazımdır) Təbrizdəki Rusiya baş konsulu c-b.
Poxitonovun tam etimadını qazanıb tikinti
işlərinə marşrutun keçdiyi torpaq sahələrinin
funksiyasnın dəyişdirilməsi üzrə agent kimi qəbul
edilmişdi. Bu isə həddən
artıq gəlirli vəzifə idi. Nəticəni
c-b Şapşalın bu yaxınlarda özünə
bütöv bir kənd almasından da görmək
mümkündür. Rəsmi məmur kimi
xoşu gələn ərazilərin funksiyasını kefi istədiyi
şəkildə dəyişdirmişdi. Şəxsinə
"faydalı güzəştlər" müqabilində c-b Podqurskinin və baş
mühəndisin arvadının İran ordenləri ilə təltif
olunmalarına binagüzarlıq etmişdi. Necə
deyərlər, əl əli yuyar... məsələsi".
Digər
bir azərbaycanlı tədqiqatçı - Əhməd
Ağaoğlu isə "İran və inqilabı" əsərində
Şapşalın əvvəl vəliəhd, sonra isə şah
sarayındakı ən çox özünə sərf edən
mövqe və fəaliyyətini belə səciyyələndirmişdi:
"Məhəmməd Əli şah atası Müzəffərəddin
şahın tam əksi olan bir məxluqdu. Xasiyyətcə
kobud, sərt olub zorakılığı və qəddarlığı
xoşlayan bir adamdı. Ona uşaqlığından tərbiyəçi
təyin olunmuş Krım yəhudisi, Rusiya təbəəsi
Şapşal öz təlqinləri ilə şahın təbiətindəki
bu xüsusiyyətlərin maksimum inkişafı
üçün əlindən
gələn xidməti etdi. Bu tərbiyəçi
əslində Rusiya casusu idi və Rusiya hökumətindən
aldığı direktivlər əsasında hərəkət
edərək şahın istibdada olan meylini şiddətləndirməkdə
idi".
Mövqe, münasibət ümumən dəqiq ifadə
edilsə də, Əhməd bəy Şapşalla
bağlı iki ciddi yanlışlığa yol vermişdi. Birincisi, onun vəliəhdə
guya "uşaqlığından tərbiyəçi təyin
olunması" ilə bağlıdır. Şapşal
Təbrizə gələndə 28 yaşı vardı. Məhəmməd Əli isə 29 yaşında idi.
Təbii ki, belə şəraitdə hansısa
"uşaq yaşdan" və tərbiyədən söhbət
gedə bilməzdi. İkinci
yanlışlıq isə Şapşalın milli mənsubiyyəti
ilə bağlı idi. O, iudaizmin bir təmayülünə
iman gətirsə də, yəhudi yox, türk idi.
Tanınmış
ingilis iranşünası, "1905-1909-cu illər İran
inqilabı" ("The Persian Revolution 1905-1909") əsərinin
müəllifi Edvard Brounun
kitabının "Əlavələr" bölməsinə
daxil edilən bir sənəddə də iqtisadi, siyasi və maliyyə
özbaşınalıqları baxımdan Şapşala
qarşı sərt ittihamlar irəli
sürülmüşdü. Sənədin
müəllifi Qacar sarayı ilə sıx əlaqələrə
malik bolqar jurnalisti T.Panov idi. Şapşalın
"müəllimlik fəaliyyəti" arxasında
Rusiyanın gizli maraqları və özünün şəxsi
mənafeyinin dayandığını göstərən jurnalist yazırdı:
"Siz 8 il şahın müəllimi olmusunuz. Ancaq
ona nə öyrətmisiniz? Şah rus
dilində iki kəlmə sözü düzgün tələffüz
edə bilmir. Siz gecə-gündüz Əlahəzrəti inandırırdınız ki,
Məclisdə İran konstitutsiyasının qəbul edilməsi monarxın mütləq hakimiyyətinin
ləğvi olunması məqsədini güdür . Şah
bütün mümkün yollarla Məşrutə inqilabına qarşı
mübarizə aparmalıdır. Siz olmayan "müəllimlik fəaliyyətiniz"
üçün ildə 16 000 rubl maaş alırdınız,
şahı xalqa qarşı "hazırlamaq" üçün
nə qədər pul aldığınızı isə bilmirəm".
Daha sonra
araşdırma müəllifi o qədər də
böyük sayılmayan bu maaş müqabilində
Şapşalın səkkiz il ərzində Azərbaycanda
ümumi dəyəri 300 min rubldan çox olan əmlaka yiyələndiyini,
bankların birindəki hesabında 80 min rubl olduğunu, İrəvan-Culfa-Təbriz-Tehran
yolunun inşasından külli miqdarda gəlir
götürdüyünü,
şəxsi mənfəəti xatirinə Avropa
banklarından İran üçün sərfəsiz şərtlər
və yüksək faizlə kreditlər almağa canfəşanlıq
etdiyini və s. xatırladır. Alınan borc və kreditlər
isə ölkənin iqtisadi tərəqqisi,
xalqın rifah halının
yaxşılaşdırılması, islahatların həyata
keçirilməsinə deyil, saray əyləncələrinə
və Məhəmməd Əlinin şəxsi xərclərinin ödənməsinə
yönəldilmişdi.
Tehrandakı
rus kazak alayının komandiri polkovnik Lyaxov, hərbi nazir
Əmir Bahadır Cəng və bəzi mürtəce din xadimləri
ilə birlikdə Şapşal da Məşrutə inqilabının
barışmaz düşməni kimi
çıxış edirdi. İran Məclisinin
qovulmasında, ölkədə sərt mütləqiyyət
idarəçiliyi qurulmasında şaha verdiyi biri-birindən zərərli məsləhətlər
mühüm rol oynamışdı. Bəzən
elə təəssürat yaranırdı ki, ölkəni
sülalənin qanuni varisi-Məhəmməd Əli şah
deyil, əsli-kökü bilinməyən bir rus təbəəsi
idarə edir. Bu da öz növbəsində Qacar elitası
arasında Şapşala qarşı narazılıq və ədavəti
gücləndirirdi. 1908-ci ilin yayında, hökumətlə
məşturəçilər arasında
qarşıdurmanın xüsusilə şiddətləndiyi
dövrdə başda Azad-ül-Mülk olmaqla Qacar
ağsaqqalları şahdan 6 nəfərin saraydan
uzaqlaşdırılmasını qəti şəkildə tələb etdilər və
istəklərinə nail oldular. Siyahıda təbii
ki, birincilər sırasında Şapşalın da adı
vardı. Hətta Tehrandakı rus səfiri N.Q.Qartviq də
Rusiya XİN-ə göndərdiyi məxfi depeşalarda onun
Rusiya qarşısındakı mühüm xidmətlərini
qeyd etməklə yanaşı, bəzən Qacar hökmdarı ilə
münasibətlərdə qırmızı xətti
keçdiyini, "başqalarının yanında Əlahəzrət
şahı dövlət idarəçiliyi ilə
bağlı işlərdə qınadığını,
qeyri-səmimilik və qətiyyətsizlikdə
günahlandırdığını" yazırdı.
Nəticədə 1908-ci ilin yayında Məhəmməd
Əli şahla "müəlliminin" yolları
ayrıldı.
Şapşal Bakıdan keçib Rusiyaya -
Sankt-Peterburqa qayıtdı. Həmin günlərdə
paytaxtda çıxan "Russkoe slovo" qəzeti
yazırdı: "Bu gün,
iyulun 2-də əlahəzrət İran şahının ən
yaxın məsləhətçisi, dostu və vəliəhdin
(sonuncu Qacar hökmdarı Əhməd şah nəzərdə
tutulur - V.Q.) tərbiyəçisi general-adyudant Sergey
Markoviç Şapşalla həmişəlik vidalaşmaqla
bağlı qəti qərara gəldiyi məlum olub. Məclic və əncümənlər şaha
yaramaz təsir göstərən bir şəxs kimi bu rus təbəəsini
ölkədən qovmağı çoxdan tələb edirdilər.
Məhəmməd Əli şahın sarayında ali mənsəbə yüksəlmiş
S.M.Şapşal bəzi keyfiyyətləri ilə hansısa
ekvatorial əyalətlərin general-qubernatoru titulunu
daşıyan Efiopiya avantürüsti Leontyevi (Rus hərbçisi
və diplomatı N.S.Leontyev nəzərdə tutulur. Efiopiya imperatoru II Menelikin yaxın dostu idi. Rusiya ilə Efiopiya arasında diplomatik əlaqələrin
və müasir efiop ordusunun qurulmasında müəyyən
xidmətləri olmuşdu -V.Q.) xatırladır.
Səkkiz il əvvəl Lazarev Şərq
Dilləri institutunun (Peterburq universitetinin Şərq dilləri
fakültəsi -V.Q) bitirib Peterburqdakı fars
missiyasının himayəsi ilə vurma cədvəlini də
düz-əməlli bilməyən şahın tərbiyəçisi
vəzifəsinə təyinat almışdı. Tezliklə Məhəmməd Əlinin böyük
etimadını qazanmışdı. Şah
Avropa təhsili görən bu cavandan heç nəyini əsirgəmirdi.
Şapşalın məsləhəti olmadan bir addım da atmır, çətin məqamlarda onun diktəsi ilə hərəkət
edirdi. İran məclisinin tarixində, xüsusən də parlamentin
gülləbaran edilməsi ilə nəticələnən
sonuncu qanlı hadisələrdə Şapşal heç də
axırıncı rol oynamamışdı".
Hacı
Seraya Şapşal (mərkəzdə), Məhəmməd
Əli şah (sağda) və vəliəhd Əhməd
Şah (atasının qarşısında)
Görünür, fəaliyyəti kifayət qədər
uğurlu və Rusiya maraqları baxımından yetərincə
əhəmiyyətli sayıldığına görə
Peterburqa qayıdan Şapşalı çar II Nikolay şəxsən
qəbul etmişdi. Şapşal Peterburqdan Məhəmməd Əli
şaha göndərdiyi 10 fevral 1909-cu il tarixli məktubunda bu
görüşün bəzi detallarını
açıqlayır, xüsusən də II Nikolayın Qacar
hökmdarına bəslədiyi səmimi dostluq münasibətindən
ağız dolusu söz açırdı. Yuxarıda
araşdırmasına istinad etdiyim bolqar jurnalisti M.Panov bu gözlənilməz
görüş və ehtirama istehzalı münasibətini
açıqlayaraq yazırdı: "İndiyə qədər
Rusiyada casuslar və araqarışdıran agentlərlə əlaqə
Daxili İşlər Nazirliyi və yerli polis şöbələri
əməkdaşlarının vasitəsi ilə həyata
keçirilirdi. İndi isə imperator şəxsən
bu işlə məşğul olur. Yaxşı
başlanğıcdır!"
Şapşalın Qacar sarayındakı rol və fəaliyyətini
müəyyən mənada Qriqori Rasputinin Qış
sarayındakı mövqeyi ilə müqayisə etmək mümkündür. "Böyük qoca"
çar II Nikolayı və ailəsini təsir altında
saxladığı kimi, Şapşal da əvvəlcə vəliəhd,
sonra şah olan Məhəmməd
Əlini istədiyi səmtə yönəltməyi
bacarırdı. Rus çarı bir sıra
mühüm siyasi qərarları Rasputinin, İran şahı
isə Şapşalın diktəsi və təkidi ilə qəbul
etmişdilər. II Nikolayın qaragüruhçu nazirləri əksər
çirkin əməllərini Rasputinin xeyir-duası və
himayəsi ilə həyata keçirirdilər. İran
təbəəsi sayılmayan Şapşal Qacar sarayında
eyni funksiya ilə çıxış edirdi.
1916-cı ilin dekabrında Romanovlar sülaləsinin bəzi
nümayəndələrinin və rus aristokratiyasının qəzəbinə
tuş gələn Qriqori Rasputin knyaz Feliks Yusupov və IV
Dövlət Dumasının qaragüruhçu deputatı
M.Purişkeviç tərəfindən amansızlıqla qətlə
yetirilmişdi.
Lakin din ayrı "qardaşından"
fərqli olaraq Şapşal Rusiya və İran inqilabı
burulğanlarından, Polşa və Litvadakı
faşist işğalından, Xolokost dəhşətindən
salamat çıxmış, kommunistlərlə dil
tapmağı bacarmış, adını və mövqeyini
qoruyub saxlamış, hətta
dini lideri olduğu xalq üçün bir sıra
xeyirxah və faydalı işlər görməyə də
imkan tapmışdı.
***
Rusiyaya qayıtdıqdan sonra o, Peterburq Universitetində
türk-Azərbaycan dili mühazirəçisi ("lektor
turetsko-aderbidjanskoqo yazıka") vəzifəsində
çalışmışdı. Eyni zamanda köhnə iş yerində
- Xarici İşlər Nazirliyində şərq dilləri tərcüməçisi
kimi fəaliyyətini davam etdirmiş, nazirliyin nəzdindəki
Tədris bölməsində mükəmməl yiyələndiyi
Azərbaycan dili üzrə praktiki məşğələləri
də öz üzərinə götürmüşdü. Həmin
dövrdə Şapşal pedaqoji fəaliyyətlə
yanaşı, Rusiya Arxeologiya və
Coğrafiya Cəmiyyətlərinin üzvü, Rusiya
Şərqşünaslar Cəmiyyəti sədrinin müavini
kimi geniş, çoxşaxəli elmi-təşkilati işlər
də aparmışdı.
Tale ona
"yetirməsi" Məhəmməd Əli şahla Rusiyada yenidən
görüşməyi də nəsib etmişdi. 1909-cu ildə
taxtan salınan şah ruslara pənah gətirmişdi- Odessada,
dəniz sahilində ona böyük bağça içərisində
gözəl saray ayırmışdılar (Sabir yazının
əvvəlində misal gətirdiyim şeirində bu məqama
da toxunmuşdu: "Qoy desinlər, Məmdəli
düşdü Ədes sevdasına, Məncili versəydilər,
orda qərar etməzmiydim?"). Şapşal yad ölkədə
"şagirdini" tək qoymamış, bir neçə dəfə ona
baş çəkib gələcəklə bağlı
uzun-uzadı müzakirələr aparmışdı. Hətta
1914-cü ildə Krımdan Peterburqa qayıdarkən
yolüstü Odessada dayanan II Nikolayın keçmiş
monarxla qeyri-rəsmi
görüşündə tərcüməçilik
etmişdi.
1915-ci ildə Şapşalın həyatında onu mənsub
olduğu xalqla daha sıx tellərlə bağlayan
mühüm hadisə baş vermişdi. Həmin il
42 yaşlı diplomat-alim karay türklərinin dini və
dünyəvi lideri - Həkəm (bəzən Xaxam,
Xaxambaşı, Xaxan variantlarına da təsadüf edilir. Maraqlıdır
ki, Şapşal əksər hallarda vəzifəsinin adını türk tarixi və
ənənəsi ilə bağlı şəkildə - Xaqan kimi göstərirdi. Fikrimizcə,
bu variant həqiqətə daha uyğundur. Üstəlik də,
karaim icmasının
Həkəm, yaxud Xaqan kimi görmək istədiyi
şəxsin ağ keçə üzərində baş
üzərinə qaldırılması da qədim türk ənənəsindən
xəbər verməkdədir -V.Q.) seçilmişdi.
S.Şapşalın
dini lider olduğu 1915-ci ildən karaimlərin sıx məskunlaşdığı
Yevpatoriyanın mədəni-mənəvi
həyatı xeyli canlanmışdı. Onun təşəbbüsü
ilə karaim kitabxanası- "Karay Bitikligi"
yaradılmış, 1917-1919-cu illərdə isə rus dilində
"Karaim ruhani idarəsinin xəbərləri" jurnalı
çap edilmişdi. Nadir
karaimşünaslıq mərkəzində - "Karay
bitikligi"ndə 5000-ə qədər kitab və yüzlərlə
qədim əlyazmasının saxlandığı barəsində
məlumat mövcuddur.
Krımda siyasi ehtirasların
qızışdığı 1917-1918-ci illərdə
Şapşal ana vətənində idi. Lakin yarımadanın
müstəqilliyi uğrunda hərəkatın geniş
vüsət aldığı, yerli əhalinin Rusiya və Ukrayna
asılılığından xilas olmaq uğrunda inadla mübarizə
apardığı dövrdə Şapşal siyasətdən
kənarda qalmağa, gözə görünməməyə
üstünlük vermişdi. Bir sıra mənbələrdə
onun denikinçilərə rəğbətindən bəhs
edilir. Sovet dövründə qələmə
aldığı bioqrafiyasında isə Şapşal bolşeviklərə rəğbət
bəslədiyinə görə yerli millətçi və
ağqvardiyaçılar tərəfindən təqib
olunduğunu, həbsinə hazırlıq
görüldüyünü və s. iddia edir. Bu iddiaların həqiqətə
uyğunluğunu təsdiq və ya təkzib etmək mümkün deyildir. Çox
güman ki, 1920-ci ilin əvvəlində o, Krımdan
çıxıb Bakıya gəlmiş, buradan da Türkiyəyə
yollanmışdı. 1920-1928-ci illərdə İstanbulda əvvəlcə
sultan kitabxanasında, sonra isə müxtəlif banklarda tərcüməçi
kimi çalışmışdı. Təsdiqini
tapmayan məlumatlara görə, Cümhurbaşkanı Qazi
Mustafa Kamal Paşa türk dünyasının bir sıra tanınmış
şəxsiyyətləri ilə bir sırada onunla da
yaxından maraqlanmış, hətta
görüşmüşdülər.
1928-ci ildə Polşa və Litva karaimlərinin
xaqanı seçilmişdi. 1940-cı ilə qədər
hər iki ölkədə yaşayan karaimlərin dini lideri
kimi fəaliyyət göstərmişdi. 1941-1944-cü
illərdə isə eyni vəzifəni Trakayda (Litva) yerinə yetirmişdi.
1930-cu ildə
S.Şapşal "Karaimlər Krımda, Litva və
Polşada" adlı elmi iş müdafiə edib fəlsəfə
doktoru adı almışdı. Bu əsərdə
ilk dəfə Şərqi Avropa karaimlərinin Xəzər
xaqanlığının türk əsilli sakinləri
olması fikri elmi baxımdan əsaslandırılmışdı.
İkinci Dünya müharibəsi başlananda və
faşistlər karaimləri türkcə danışan yəhudilər
kimi məhv etmək planını gerçəkləşdirmək
istəyəndə Şapşal Zelik Kalmanoviç, Meir
Balaban, İqnatiy Şiper və
b. tanınmış mütəxəssislərin köməyi
ilə soydaşlarının iudaizmə tapınan türklər
olduğunu sübuta yetirmiş və beləliklə də,
xalqını Xolokost dəhşətlərindən qurtara
bilmişdi.
S.Şapşal 1930-cu ildə Polşa EA-həqiqi
üzvü, 1935-ci ildə isə Polşa Şərqşünaslar
Cəmiyyətinin vitse-prezidenti seçilmişdi. 1932-ci ildə
Vilno (indiki Vilnüs) şəhərində Karaim Etnoqrafiya
muzeyinin təşkili də onun adı ilə bağlı idi.
1945-ci ildə Litva hökumətinə müraciətlə rəsmən Xaqan titulundan imtina etmişdi. 1947-ci ildən həyatının sonuna qədər (1961) Litva EA Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi vəzifəsində çalışmışdı.
Məşhur türkoloqlar N.A.Baskakov və karaim əsilli A.Zayançkovski ilə birlikdə karaimşünaslıq tarixində ilk dəfə iri həcmli "Karaim-rus-polyak lüğəti" hazırlamışdı. Əsər S.Şapşalın ölümündən sonra - 1974-cü ildə Moskvada nəşr olunmuşdu. Onun yəhudi, ərəb, fars, türk əlyazmalarından və nadir nəşrlərdən ibarət zəngin arxivi hazırda Rusiya EA Şərqşünaslıq İnstitutunun Peterburq bölməsində mühafizə edilməkdədir.
***
Siyasi proseslərdəki yeri və rolu ilə bağlı ağır ittihamlarla üzləşən Şapşal sanki deyilənlərə virtual etirazını bildirərək sözünü həyatının sonunda qələmə aldığı "Adəm oğlu" adlı etik-fəlsəfi əsərində yazmışdı: "İnsan yer üzündə əbədi deyil, ona görə də bu dünyanın naz-nemətlərinə aludə olmamalıdır. Var-dövlət toplamamalıdır, sərvət və zənginliyinə bel bağlamamalıdır. Bütün bunların əvəzinə insan yaxınlarına və doğmalarına kömək etməlidir, xeyirxahlıq göstərməli, olanını kasıblar və möhtaclarla bölüşməlidir. Çünki heç bir insan var-dövlətini o biri dünyaya apara bilmir, gördüyü xeyirxah işlər isə özünün olacaq və bu işlər üçün o, mükafatını axirət dünyasında Allahdan alacaq".
S.Şapşal da Cənubi Azərbaycanda - Təbrizdə yaşadığı illərdə özü ilə apara bilmədiyi, amma adını bu gün də minnətdarlıq hissi ilə yaşadan bir zənginlik yaratmışdı - Azərbaycan türklərinin söz sənətindən nümunələri toplayıb tədqiq etmişdi. Bu barədə növbəti yazıda söz açılacaq.
(Davamı var)
Vilayət
QULİYEV
Azərbaycanın
Macarıstandakı keçmiş səfiri
525-ci qəzet.- 2022.- 22 yanvar.- S.10-11.