Universitetlərdə Sovet
mirasından necə qurtulmalı?
UNES-in rektoru, professor Ədalət
Muradovun bu yöndəki fikirləri ölkə universitetlərinin
perspektivinə çağdaş
və konstruktiv baxışı əks etdirir
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) rektoru,
professor Ədalət Muradov
ölkə universitetlərinin
idarə olunmasında,
eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud
olan Sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər,
əldə olunan nəticələr barədə
fikirlərini bölüşür.
Rektor deyir ki, ölkədə təhsilin, o cümlədən,
ali təhsilin
inkişafı Ümummilli
lider Heydər Əliyev strategiyasının
ən vacib tərkib hissəsidir. Prezident İlham Əliyevin uğurlu siyasəti, o cümlədən,
imzaladığı "Azərbaycan
Respublikasında təhsilin
inkişafı üzrə
Dövlət Strategiyası",
həmin Strategiyanın
həyata keçirilməsi
ilə bağlı fəaliyyət planı,
"2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin
artırılması üzrə
Dövlət Proqramı"
və Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın gündəlik diqqəti nəticəsində ölkəmizin
ali təhsil sistemi təkmilləşib,
Boloniya sisteminə qoşulub, beynəlxalq və Avropa təhsil məkanına inteqrasiyada, ali təhsilin beynəlmiləlləşməsində
uğurlar qazanılıb,
özəl ali təhsil sistemi bərqərar olub. Bu istiqamətdə Təhsil Nazirliyinin müsbət rolunu da qeyd etmək
yerinə düşərdi.
Apardığımız təhlillər
göstərir ki, ali təhsil
sisteminin bütövlükdə
təkmilləşməsində uğurlarla yanaşı, bu sistemin ən
vacib elementi olan universitetlərin idarə olunmasında, elmi fəaliyyətin və tədrisin təşkilində hələ
də bir sıra Sovet mirası ciddi problemlərdən biri olaraq qalmaqdadır: "Düşünürəm ki,
universitetləri Sovet mirasından xilas etməklə onların inkişafına yeni impulslar vermək mümkündür".
Ədalət Muradovun dediyinə görə, universitetlərin
Ali İdarəetmə Orqanı
Elmi Şura olaraq qalmaqdadır. Elmi Şura
eyni vaxtda həm Ali Akademik İdarəetmə, həm
də Ali İnzibati İdarəetmə orqanı
kimi səlahiyyətlərə
malikdir. Eyni fikir universitet rektorlarına da aiddir: "Ümummilli Lider Heydər Əliyev Strategiyasının
Azərbaycanda uğurla
həyata keçirilməsi
nəticəsində bazar
iqtisadiyyatı formalaşıb.
Amma ali
təhsil sisteminin və o cümlədən,
ali təhsil müəssisələrinin strukturunda
hələ də Sovet komanda sistemində
formalaşmış iqtisadiyyatın
sahəvi idarəetmə
sisteminə xas olan mirası görmək mümkündür.
Universitetlərdə istər
professor-müəllim heyətinin,
istərsə də inzibati işçilərin
əmək haqqı sistemində sovetlərdə
mövcud olan "uravnilovka", yəni eyni vəzifə tutanlara bərabər əmək haqqı sistemi hələ də tətbiq edilir. Başqa sözlə, əməkhaqqı
icra göstəricilərinə
görə deyil, vəzifəyə görə
müəyyən edilir.
Sovet hakimiyyəti qurulduqdan dərhal sonra "lazımsız" professorlardan
yaxa qurtarmaq üçün ömürlük
əmək müqaviləsi sistemi
ləğv edildi və bu sistem
müsabiqə ilə
əvəz edildi. Ömürlük müqavilə sistemi
hələ də tətbiq edilmir və müsabiqə sistemi davam edir".
Rektor vurğulayıb ki, Sovet dönəmində ali təhsilə
tələbə qəbulunun
strukturu və sayı Sovet planlarına uyğun olaraq mərkəzləşdirilmiş
qaydada təsdiqlənirdi.
Həmin dövrdə
müəssisələrin hamısı
dövlət müəssisələri
idi və ali təhsil
müəssisələrinin məzunları mütləq
qaydada planda nəzərdə tutulmuş
müəssisələrdə təyinata uyğun olaraq işləməli idilər: "Şübhəsiz
ki, qəbul planında həmin dövlət müəssisələrinin
sifarişləri nəzərə
alınırdı. Sovet planının
olmadığı, bazar
iqtisadiyyatı və ölkə iqtisadiyyatında
özəl sektorun payının 85 faiz təşkil etdiyi mövcud şəraitdə
universitetlərə tələbə
qəbulu planının
strukturu və sayı mərkəzləşdirilmiş
qaydada təsdiq edilir. Deyilənlər qəbul imtahanlarının
mərkəzləşdirilmiş qaydada keçirilməsinə
aid deyil. Qəbul imtahanlarının
mərkəzləşdirilmiş qaydada keçirilməsini
məqsədəuyğun və
alternativsiz hesab edirik".
Ədalət Muradovun sözlərinə
görə, universitetlərdə
Sovet mirasının nümunələrindən biri
də kafedradır.
Həqiqət odur ki, Sovet dönəmində planlı iqtisadiyyat üçün çatışmayan
kadrların hazırlanmasında
kafedraların böyük
xidməti olub. Amma bu iş
kadr hazırlığında
rəqabət olmayan şəraitdə yerinə
yetirilmiş və bu gün isə
rəqabət həlledici
amillə çevrilib.
Kafedralar
bir qayda olaraq müəyyən ixtisaslar üzrə formalaşır. Artıq
Boloniya sisteminə, bakalavr-magistr təhsil modelinə keçidlə
bakalavr səviyyəsində
ixtisaslaşma ləğv
edilib. Kafedralar elmi struktur vahidi kimi deyil,
ilk növbədə təhsil
vahidi kimi yaradılmış və
bu ənənə davam edir. Sirr deyil ki,
çox-çox az istisnalarla kafedralar müəyyən
elmi istiqamətlərin
inkişaf mərkəzi
və təşkilatçısı
kimi fəaliyyət göstərmir. Köhnəlmiş fənlərin müasirlərilə
əvəz edilməsində,
tədris prosesinin təkmilləşməsində kafedraların mövqeyi tədris prosesinin optimallaşdarmasına yardım
etmir. Kafedralar akademik və
inzibati səlahiyyətlərin
bölünməsini təmin
etmir və strateji məsələlərə
fokuslana bilmir.
Rektor qeyd edib ki,
Sovet dönəmində
tədrisin başlama və bitmə tarixi, müddəti bütün ali
təhsil müəssisələrində
eyni olurdu və mərkəzləşdirilmiş
qaydada müəyyən
edilirdi. Bayramlarla əlaqədar qeyri-iş
(qeyri-dərs günləri)
də təhsil müddətinə daxil edilirdi. Nəticədə tədris planı
icra edilmir, icra edilən kimi qəbul edilir və ya formal, keyfiyyətsiz icra edilmiş olurdu. Bu sistem, yəni bütün ali təhsil
müəssisələri üçün
vahid akademik təqvim planının mərkəzləşdirilmiş təsdiqi və tətbiqi davam edir.
Ədalət Muradovun söylədiyinə
görə, Sovet dönəmində belə
qəbul edilirdi ki, bütün tələbələrin bilik
səviyyəsi vahid yanaşma ilə, yəni mövcud səviyyəsindən asılı
olmayaraq hamı üçün eyni metodologiya, eyni pedaqoji texnologiyalar və alətlərlə və
eyni sürətlə
artırıla bilər.
Başqa
sözlə, hər bir tələbənin fərdi keyfiyyətləri
nəzərə alınmaqla
tədris prosesinin fərdiləşməsi tətbiq
edilmirdi. Bu gün
də vəziyyət eynidir: "Sovet dönəmində təhsil
proqramlarının məzmunu,
o cümlədən, təhsil
standartları, təhsil
proqramları və hətta fənn proqramları bəlli səbəblərdən universitetlər
tərəfindən deyil,
mərkəzləşdirilmiş qaydada müəyyən edilir və təsdiqlənirdi. Ona görə
də universitetlər
arasında keyfiyyətli
təhsil uğrunda rəqabət mümkünsüz
idi. Sovet yanaşmasını zəruri edən səbəblər aradan qaldırılsa da, bu sistem bu
gün də tətbiq edilməkdədir".
Tanınmış hüquqşünas və ictimai xadim, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirir ki, əslində, UNEC rektoru Ədalət Muradov çox lakonik şəkildə ən ciddi bir problemi ortaya qoyub. Universitetlərin fənn proqramlarının mərkəzləşdirilmiş qaydada müəyyən olunması təhsilin inkişafına ən ciddi maneə olan amillərdəndir: "Mən təhsil eksperti olmasam belə, az-çox bu məsələlərdən xəbərdaram, məlumatlıyam. Bilirəm ki, Boloniya sisteminin dörd prinsipi var. Bu prinsiplərdən biri də universitetlərin avtanomluğu məsələsidir. Universitetlərin həm maliyyə, idarəetmə avtonomluğu, həm tədris proqramlarının mükəməlləşdirilməsi ilə bağlı özlərinin avtonomluğunun olması vacib şərtlərdəndir. Təəssüf ki, bu gün universitetlərdə Boloniya prosesinin şərtlərinə əməl olunmur. Təbii, müvafiq icra hakimiyyəti orqanı müvafiq çərçivələr müəyyən edən bilər tədrislə bağlı. Fikrimcə, onun içərisində hərəkət imkanı olmalıdır".
Təhsil eksperti Elçin Süleymanov deyir ki, akademik təqvimə görə, bir semestr ümumiyyətlə 20 həftə nəzərdə tutulur. Onun 15 həftəsi tədris, 5 həftəsi qiymətləndirmə üçün hesablanır. Burda bir-iki həftəlik rəsmi tətil günü prosesə o qədər də ciddi təsir göstərmir: "Amma UNEC rektoru Ədalət Muradovun bəhs etdiyi kimi formallıq, keçilməyən dərsi keçilmiş kimi göstərmə ənənəsindən əl çəkmək lazımdı. Ümumiyyətlə, Qərb ali təhsil sistemində məşğələ dərsləri sadəcə tətbiqi dərslərdə olur. Əsasən, mühazirə dərsləri olur və müəllim mühazirədə dərsin əsas istiqamətlərini keçir, amma öyrənmək isə tələbənin özünün bu istiqamət üzrə mənbələri sərbəst oxuyaraq özünə qalır. Artıq bir çox resursa tələbələrin asanlıqla əlçatanlılığı var. Bütün məlumatlara auditoriyada çatmaq imkansızdı. Ona görə universitet təhsili ilə sadəcə düzgün yolu və istiqaməti göstərmək mümkündür. Qalanı tələbənin bacarığına və zəhmətinə bağlıdır" .
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 22 yanvar.- S7.