Mötədillik psixologiyası: Eqo və
Empatiya
Uca Allah kainatı mötədillik üzərində
inşa etmiş və əbədiyyətə qədər də
onun qanununda dəyişiklik olmaz. İnanırıq ki,
təbiətdə baş verən hadisələr həmin
mötədilliyin qorunmasına xidmət edir. İnsan orqanizminin fəaliyyəti də mötədillik
prinsipinə tabedir. Əbu Əli İbn
Sina yazır ki, ruhi faktor, xarakterin müvazinətli olması
sağlamlıq və xəstəliyin ən əsas şərtidir.
Nəsrəddin Tusi də qeyd edir ki, xəstəlik
mötədilliyin pozulması, müalicə isə onun bərpası
deməkdir. Psixi qüvvələrin keyfiyyət
və kəmiyyətində əmələ gələn dəyişiklik
ya mötədillikdən yuxarı qalxmaq, ya aşağı
enmək nəticəsində olur. Deməli,
istər somatik, istərsə də psixoloji problemlər həmin
qüvvələrin ya çoxalması, ya azalması, ya da
korlanması nəticəsində olur. Mötədil vəziyyətdə
olan Eqo və Empatiyamız sağlamlıq, inkişaf, sülh
və güc qaynağıdırsa onların azlığı
və çoxluğu
ağrı, əziyyət və xəstəlik mənbəyidir.
Təsəvvür edin ki, uzun müddət
axtarışlar aparıb nəticədə dünyanın bəlası
sayılan xərçəng xəstəliyinin çarəsini
tapmısınız. Sizin adınızla istehsal olunan bu dərman
sizə dünya şöhrəti və böyük qazanc gətirir.
Amma bir şərtlə ki, bütün bunlar
şan-şöhrət, var-dövlətin hamısı siz
dünyanızı dəyişdikdən sonra olur. Buna razı olardınızmı? Deyəcəksiniz ki, öldükdən sonra o
adın, o zənginliyin mənə nə faydası. Bax Eqo budur.
Zəhər miqdardan doğar. Qədim dövrlərdə
çinlilər əsir götürdükləri insanlara
çoxlu su içizdirərlərmiş. Ona görə yox ki, uzun müddət yaşayıb
sağ qalsınlar. O qədər bol su verirlərmiş
ki, dalağları ağrıdan partlayana qədər. Şəfa verən su miqdarı dəyişəndə
zərər, ölüm verir.
Böyük Nizami mötədilliyin insan orqanizmi
üçün vacibliyini əsas vital tələbat olan suyun
nümunəsində poetik dildə belə ifadə
etmişdir.
Bir inci
saflığı varsa da su da,
Artıq içiləndə dərd verir o da.
Millət olaraq biz azərbaycanlılar övlad sahibi
olmağın ailə üçün nə qədər
böyük əhəmiyyət
daşıdığını hər birimiz çox
yaxşı bilirik. Gözümüzün
qarşısında övladsızlıq ucbatından
çoxlu sayda ailələr elə gənc ikən
dağılır, insanlar bədbəxt olurlar. Bu səbəbdən bəzi ailələr övlad
sahibi olmaq üçün uşaq sonsuzluq mərkəzlərinə
müraciət edir, könüllü surətdə
külli-miqdarda pul xərcləyir, min bir əzab-əziyyətə
qatlaşaraq müalicəyə üz tuturlar. Tək bir arzu ilə ata-ana olmaq, valideynlik hissini
yaşamaq. Çox gözəl arzudur,
Allah arzusunda olanlara nəsib etsin. Diqqət
edin bir tərəfdə evini, malını-mülkünü,
son qəpiyinə kimi satıb uşaq sahibi olmaq istəyən
yetkin insanlar, o biri tərəfdə isə minlərlə
atasız-anasız böyüyən körpələr. Bir tərəfdə qucağına körpə almaq
həsrəti ilə yaşayan cütlüklər, o biri tərəfdə
isti ata-ana qucağına həsrət qalan körpə
uşaqlar. Nədənsə bu iki tərəf
heç də bir araya gələ bilmir. Bəlkə
bu da bir Eqodur. Əcəba, biz valideyn
olmağı yalnız bioloji olaraq dünyaya uşaq gətirmək
olaraqmı görürük?
Bütün bunlardan sonra Eqoya yaxından baxaq. Əslində
Eqo olmazsa olmazdır. Bu, hamıda var və
o, normalda həyatda qalma gücümüzdür. Həyatda
sağ və salamat qalmağımızı saxlayan, bizi təhlükədən
qoruyan, artıb-çoxalmağımızı təmin edən,
yaşadığımız çevrədə özümüzü
təqdim etməyimiz, hörmət və nüfuza olan tələbatımızı
ödəyən bir sözlə hər cür təbii, mədəni,
sosial, mənəvi və emosional tələbatlarımızı
ödəmək üçün bizi ayaqda tutan qüvvədir
Eqo. Bunların hamısı çox normal, amma həlledici
sual belədir.
Eqo nə qədər olmalıdır? Fikrimizcə,
Eqo-bədən temperaturu qədər olması normaldır.
Nə çox isti, nə də ki çox soyuq.
Hər ikisi zərərlidir. Əgər Eqomuz temperaturumuz kimi yüksələrsə
buna şişman - Eqo sindromu deyirlər. Bu
cür Eqodan həm özümüz, həm də çevrəmiz
əziyyət çəkəcəkdir. Belə olduqda adam elə həmişə MƏN, MƏN,
MƏN deyir. Özünü hamıdan, hər şeydən
üstün görmək və üstün tutmaqla
bağlı olan xəstəlik vəziyyəti kimi insanın
düşüncə, hiss və hərəkətinə hakim
kəsilir. Bu lovğalıq, narsizim
özünü həmişə haqlı saymaq, həmişə
"doğrusunu Mən bilirəm" düşüncəsi
ilə yaşamaq deməkdir. Qazanmaq
üçün hər bir yolu mümkün saymaq,
haqq-hüquq bilməmək və tanımamaqdır.
Özünü üstün hiss etməyəndə, qazana bilməyəndə
əsəbləşmək və özündən
çıxmaq. Hər hansı tənqidə
qapalı olmaq və qəzəbli davranmaq. Heç
şübhəsiz ki, qorxu və güc mədəniyyətinin
geniş yayıldığı bir əhatədə
yaşadığımız üçün belə vəziyyət
sizin hər birinizə tanış gəlir.
Diqqət etsəniz şişman Eqo - təkcə
bir insanı xəstə edən vəziyyət deyil. Bu insanlığı, içində
yaşadığımız həyatı zəhərləyən
hamıya acı çəkdirən və insanlığı
öldürən bir vəziyyətdir. Şişman
Eqo belə olur. Bunun əksi də xəstəlik,
yəni çox kiçik eqo. Bir
anlığa bədən temperaturunun düşdüyü vəziyyəti
düşünün. İnsan
öldüyü zaman temperatur düşür və bədən
soyuyur. Demək ki, Eqonun çox
kiçilməsi də sağlıqlı bir vəziyyət
deyildir. Yəni, həmişə SƏN,
SƏN, SƏN demək özünü heç saymaq,
özünə dəyər verməmək, həvəs,
motivasiya əksikliyi, özünəhörmət hissinin
olmaması. Siz bilən məsləhətdir,
siz necə deyərsiniz elə də edərik düşüncəsiylə
yaşamaqdır. Özünü heçə
saymaq, mən kiməm ki, mən nə edə bilərəm ki?
- düşüncəsi.
Eqomuza nəzarət etmənin ən asan yolu
empatiyadır.
Bu iki qüvvə tarazlaşdıqda, bərabərləşdikdə
sözün gerçək anlamında dinclik, ədalət,
bacarıq, hörmət, inkişaf və sülh olduğu
üçün insanlıq rahat nəfəs alır.
Şişman Eqo
empatiyanın düşmənidir. Şişman
Eqodan danışanda ilk olaraq ağlıma II Dünya
müharibəsi və faşist Almaniyasının kansleri Adolf
Hitler gəlir. Əslində, İkinci
dünya müharibəsi tez başa çata bilərdi, amma onun
da uzun sürmə səbəbi elə Eqodur. Yəni, Hitlerin şişmiş vəziyyətdə
olan Eqosu. Faşist ordusunun komandirləri
Hitlerə deyirlər ki, gəlin təslim olaq, çünki
uşaqlar, qadınlar, qocalar ölür, müharibəni davam
etdirməyə gücümüz yoxdur. Hitlerinsə
cavabı belə olur: "Madam ki, bizi
seçdilər, madam ki, bizə səs verdilər, madam ki, bizə
üstünlük verdilər və bizi sevdilər, o zaman əlbəttə
ki, öləcəklər!"
Tarixdə bunun tam əksi olan nümunə də var. XIV əsrdə
Şirvanşah İbrahim ölkəsini və xalqını
Əmir Teymur istilasından xilas etmək üçün ona xərac
verir. Hər payın 7 sayda, qulun isə 6 olduğunu
görən Əmir Teymur, İbrahimdən bəs qul niyə
6-deyə sormuşdur. Cavabında
Şirvanşah İbrahim 7-ci mənəm demişdir. Bu da bir empatiya nümunəsi. Sağlam
empatiya. Hökmdarın xalqına olan
sağlam empatiyası. Biri XIV əsrdə
Şərqdə yaşamış hökmdar, digəri isə
Avropanın tam göbəyində olan müasirimiz.
Şişman Eqonun başqa bir nümunəsi 2020-ci ildə
Vətənimizin dilbər güşəsi olan Qarabağ
torpaqlarını erməni işğalından azad edərkən
Ermənistan hərbi-siyasi hakimiyyətinin fəaliyyətində
gördük.
Belə ki, Ermənistan qoşunlarının darmadağın
edildiyi bir vaxtda, tam üstünlük şəraitində
olmasına baxmayaraq, Azərbaycan Ordusunun Ali Baş Komandanı
İlham Əliyev yenə də humanizmi əsas götürərək
Ermənistanın hərbi-siyasi rəhbərliyinə
müharibəni dayandırmağı, eləcə də atəşkəs
elan edərək məsələni danışıqlar stolu
arxasında həll etməyi təklif etsədə
qarşı tərəfin şişman-xəstə eqosu onlara
real düşünməyə imkan vermədi və öz ordusunu şərəfsiz
ölümə məhkum etdi.
Siz fərqliliyi təhdidmi bilirsiz, yoxsa zənginlikmi? Əgər
siz fərqliliyi özünüz üçün təhdid,
qorxu, təhlükə hesab edərsinizsə, onda onu yox etməyə
çalışacaqsınız. Yox, əgər
əksinə fərqliliyi zənginlik kimi qiymətləndirirsinizsə,
onda onu qorumağa, inkişaf etdirməyə
çalışacaqsınız.
Yaxın keçmişdə ağ dərili "mədəni" avropalılar zənciləri qul kimi alıb-satmağı özlərinə bir haqq bildilər və illərlə qul alveri etdilər, pul qazandılar. Şimali Amerikada yerli hindulara qarşı bir etnosid siyasəti yürüdərək köklərini kəsməyə çalışdılar. Xristianlar yəhudiləri, xristianlar xristianları, xristianlar və yəhudilər müsəlmanları qətl etdilər, sonra da birləşərək müsəlmanları bir-birinə qırdırdılar. Hamısı da ədalət, insan haqqı, müstəqillik, sülh, təhlükəsizlik, din və Allah adına. Gözümüzün qarşısında İraq, Liviya, Suriya, Əfqanıstan kimi ölkələrin iqtisadiyyatını, şəhərlərini dağıtdılar diktator, terror şəbəkəsi bəhanəsi ilə minlərlə günahsız insanları qətlə yetirdilər.
Hazırda dünyada milyonlarla uşaq və yaşlı adam piylənmədən, çəki artıqlığından əziyyət çəkir, müalicə alır. Dünyanın digər hissəsində isə uşaqlar və yaşlılar bir tikə quru çörək tapa bilmədikləri üçün acından ölürlər. Bu, görəsən, qida qıtlığıdır, yoxsa empatiya qıtlığı? Nə zaman ki, eqomuz empatiya ilə mötədilləşir onda dünya yaşanıla bilən bir məkana çevriləcək. İnsan varlığının gücləndirmə qaynağı empatiyadır. Özümüzü ifadə etməyimiz eqodan gəlirsə, təsirli, səmərəli ünsiyyət və əlaqə saxlamağın əsas yolu empatiyadır.
Empatiya qulağa nə qədər xoş gəlirsə gəlsin onun da mötədilliyi pozularsa oda xəstəlikdir və şəxsiyyətin özünü sıfırlamasıdır. Lakin insanlıq, bəşəriyyət, şəxsiyyətlərarası qarşılıqlı münasibətlər empatiyadan yox, şişman Eqodan əziyyət çəkir və zərər görür.
Empatiya sadə dildə ifadə etsək, başqasının gözü ilə baxmaq, ya da halından anlamaq deməkdir. İnsanın özünə güvənməsi onun eqosu ilə əlaqəlidirsə, güvənilə bilən bir insan olma halına gələ bilməsinin qaynağı empatiyadır. Eqo - şəxsin özünüifadə etmə qaynağıdırsa, empatiya kommunikativ keyfiyyət kimi təsirli və səmərəli əlaqə qurma bacarığıdır.
Eqo insana mövcudluğunu, varlığını, həyatını davam edə bilmək üçün yanacaq, atəşidirsə empatiya bu varlığı gücləndirmə qaynağıdır. Əgər bu iki güvvəni bir araya gətirib bərabər tutarıqsa onda biz sülh, ədalət, dinclik içində yaşamış oluruq. Özümüzü ifadəetmə tələbatımız eqodan güc alırsa, təsirli və səmərəli əlaqə, ünsiyyət qurmaq empatiyanın səlahiyyətində olan bir cavabdehlikdir.
Odur ki, qoy Eqo və Empatiyanız mötədil olsun!
Ceyhun
ALIYEV
525-ci qəzet.- 2022.- 26 yanvar.- S.21.