Nizami Gəncəvi yaradıcılığında tətbiqi elmlərin izləri

 

NİZAMİ GƏNCƏVİNİN ASTRONOMİK BAXIŞLARI

 

Müsəlman Şərqinin dünyaya bəxş etdiyi mütəfəkkirlər sırasında böyük Azərbaycan şairi Nizami Gəncəvinin xüsusi yeri var. Özündən əvvəlki dövrlərdə yaşamış filosofların, elm və sənət dahilərinin ən mütərəqqi cəhətlərini mənimsəyən Nizami Gəncəvi, geniş və zəngin yaradıcılığı ilə özündən sonrakı uzun dövr ərzində bir çox millətləri təmsil edən şairlər, alimlər və digər sənət adamları üçün nümunə və örnək olmuşdur.

Nizami Gəncəvinin əsərləri ilə tanış olduqda, aydın surətdə məlum olur ki, onun yaradıcılığına dəqiq elmlər, o cümlədən, astronomiya güclü təsir göstərmişdir. Nizami Gəncəvinin əsərlərinin demək olar ki, hamısında səma cisimləri ilə bağlı ciddi fikir və mülahizələrin olması ona dəlalət edir ki, böyük şair ən qədim elm olan astronomiya ilə yaxından maraqlanmışdır. Bu da o səbəbdən irəli gəlirdi ki, artıq o dövrdə şərq xalqlarının həyatında, inanclar sistemində və gündəlik fəaliyyətində səma cisimlərinin görünüşü və hərəkətindən uğurla istifadə edilirdi. Bu əsasən istiqamətin təyin olunmasında, fəsillərin başlanğıc və sonunun müəyyən edilməsində və gəmiçilikdə özünü daha çox göstərirdi. Astronomiyanın inkişafı insanların göy cisimlərinə olan marağını artırır, ulduzlar aləminin sirlərini öyrənməyə istiqamətləndirirdi.

Fizika, həndəsə, triqonometriya, astronomiya kimi dəqiq elmlərdə geniş bilik sahibi olan  Nizami Şərqdə Bətlimus adı ilə tanınan Ptolomeyin geosentrik sistemi ilə, yəni kainatın hərəkətsiz mərkəzi kimi götürülmüş Yerin ətrafında Günəş və başqa göy cisimlərinin fırlanması təlimi ilə yaxşı tanış idi. Eyni zamanda o, Evklid (İqlidis) həndəsəsini bilirdi, əsərlərində nöqtə, xətt, müstəvi, kürə, cisim kimi həndəsi-riyazi anlayışlara müraciət edirdi. Astronomiyanın yüksək bilicisi olan şair o dövrdə bəlli olan planetləri, bürcləri yaxşı tanımış, əsərlərində tez-tez onların adlarını çəkmişdir. Məsələn, Nizami "Sirlər xəzinəsi" əsərində həm müəllifin sözləri, həm də yaratdığı obrazların dili ilə deyilən bir çox beytlərdə göy cisimlərini, xüsusən zodiak bürclərini belə təsvir edir:

 

Sərətanın tacını, Cövzanın kəmərini

 

Peşkəş aldı, bəzəsin deyə öz səfərini;

 

Saçlarına təravət alıb, Xuşə get-gedə,

 

Sünbülənin bürcünü çəkib atdı Əsədə.

 

Gecəsinin qədrini bilməyi edib arzu,

 

O, gecə ölçən Zöhrə aldı ələ tərazu.

 

Bu göydəki Əqrəbin quyruğuna əlilə

 

Süsənbərə oxşayan padzəhr tökdü belə.

 

O, kamandan atılan məharətli ox oldu,

 

Məclisində süfrədən zəhər birdən yox oldu.

 

Dəlv də Yusif kimi, aləmə işıq düzdü,

 

Hudda gizlənən Yunis, döl kimi suda üzdü.

 

Sürəyyasa Həməldən öz taxtına oturdu,

 

Çiçəklərin ordusu səhrada çadır qurdu.

 

Burada Həməl (Qoç), Sur (Buğa), Cövzə (Əkizlər), Sərətan (Xərçəng), Əsəd (Şir), Xuşə və ya Sünbülə (Qız), Mizan (Tərəzi), Əqrəb, Qövs (Oxatan), Cədey (Oğlaq), Delv (Dolça) və Hud (Balıq) bürcləri, Zöhrə (Venera) planeti yüksək poetik dillə təsvir edilmişdir.

 

Ptolomey sisteminə əsasən Günəş və Ay da planet hesab olunurdu, ona görə də həmin dövrdə planetlərin sayı 7 qəbul edilmişdir. Nizami Gəncəvi "Şərəfnamədə" bunu belə şərh edirdi :

 

Yeddi qat içində nə var binadan,

 

Min alqış ona ki, Odur yaradan.

 

Yeddi firuzəli bu qəsrdə sən,

 

Haqqa, ədalətə vüsət vermisən.

 

Nizami Gəncəvi öz əsərlərində elm və sənət haqqında yürütdüyü mülahizələri elmi araşdırma üzərində cəmləyirdi. O, bu işdə böyük hökmdar İskəndərin elmə və sənətə verdiyi qiyməti alqışlayırdı. Bu baxımdan "İskəndərnamə" əsərinin ən maraqlı epizodlarından biri "İskəndərin yeddi yunan filosofu ilə xəlvətə çəkilməsi" hissəsidir. Həmin filosoflar bunlardır: Ərəstun (Aristotel), Valis (Fales), Bəlinas, Sokrat, Fərfuruyus (suriyalıdır, əsl adı Məlikdir, yunanca təhsil almış, əsərlərini yunanca yazmışdır), Əflatun (Platon) və Hörmüs (bütün elmləri icad etmiş xəyali bir şəxs).

 

Yeddi filosofun fikirlərini bir araya toplayan Nizami planetlərin hərəkət təsəvvürləri və kainatın yaranması haqqında İskəndərin alimlərlə mübahisəsində birinci sözü Aristotelə verir. Aristotelə görə ilk əvvəl bir hərəkət mövcud idi, sürət həmin hərəkəti iki yerə bölür:

 

Əvvəl vardı ancaq tək bir hərəkət,

 

Onu iki yerə ayırdı sürət,

 

Bu iki hərəkət gəlib bir yerə,

 

Yeni bir hərəkət doğurdu hərə.

 

Əvvəlki hərəkət ayrıldı yenə,

 

Bu üçü qoşuldu biri-birinə.

 

Üç xətt zahir oldu üç hərəkətdən,

 

Üç dövrə yarandı ondakı xətdən.

 

Mərkəzdən ayrıldı həmin dövrələr,

 

Yaranıb ortaya çıxdı bir cövhər.

 

Cövhər keşməkeşdən doğub parladı,

 

"Hərəkət eyləyən cisim" oldu adı.

 

Göründüyü kimi, Nizami Gəncəvi ilk amil kimi hərəkəti götürür. Yaranan hərəkətdə sürət dəyişməsinin (təcilin yaranmasının) təsiri ilə dəyişənsürətli, yəni təcilli hərəkətin, sonra əyrixətli və ən nəhayət, fırlanma hərəkətinin əmələ gəldiyini göstərir. Nizami Gəncəviyə görə bu hərəkət dəyişməsinin keşməkeşindən cövhər, yəni hərəkətdə olan cisim, materiya yaranmışdır.

 

Bundan sonra, ardıcıl olaraq qalan filosofların baxışları təsvir və şərh edilmişdir. Məsələn, Fales dünyanın ilk cövhərinin su olduğunu deyirdi: onun fəlsəfəsinə görə kainat ya sudan əmələ gəlmiş, ya da hər şey suda meydana çıxmışdır. Falesin dilindən Nizami belə deyirdi:

 

"Sudan bu kainat yarana bilməz

 

- Deyə inkar etmək istəsə hər kəs,

 

Nütfəni bir anlıq qoy salsın yada

 

- Çözümə sübutdur, dəlildir o da".

 

Kainatın, dünyanın və ya həyatın yaranmasında əsas rol 4 ünsür (od, hava, su və torpaq) haqqında Bəlinasın fikirlərini böyük şair belə ifadə edir:

 

"Onlardan birinci - işıqlı oddur,

 

Dünyanın ən yüksək tağı da odur.

 

İkinci - küləkdir, hərəkətdədir,

 

Hərəkət etməzsə bilinməz nədir.

 

Üçüncü - sudur ki, təravət verər,

 

Hər şeyə təzəlik, lətafət verər.

 

Dördüncü - torpaqdır tapdayır əyyam,

 

Tapdanan köksündən toz qalxır müdam".

 

Göründüyü kimi bu misralarla Nizami 4 ünsürün sıralanma ardıcıllığını od-hava-su-torpaq kimi vermişdir. Qeyd etmək yerinə düşərdi ki,  Novruz bayramı ilə sıx əlaqəsi olan bu 4 ünsürün sıralanması barədə bu gün Azərbaycanda vahid bir fikir demək olar ki, yoxdur.

 

Nizaminin "Xosrov və Şirin" poemasında  astronomiya elminə aid və bu gün də aktual olan bir məsələyə aid çox mühüm bir qeydə rast gəlirik. Yuxarıda deyildiyi kimi qədim insanlar dünyanı, mərkəzi Yer olmaqla, bir Göy sferasından ibarət hesab edirdilər. Ulduzlar bu sferaya "bərkidilmiş" işıqlar sayılırdı. Günəş və Ay da daxil olmaqla, yalnız yeddi səyyarənin Yerin ətrafına dolanaraq dövr etdikləri təsəvvür olunurdu. XVI əsrin əvvəllərində Kopernik tərəfindən Dünyanın (və ya Kainatın) heliosentrik sistemi təlimi yaradıldı və göstərildi ki, kainatın mərkəzi Yer yox Günəşdir. Daha sonra gələn alimlər, Yer kürəsi kimi planetlərin çox olduğunu və hər ulduzun Günəş sisteminə bənzər bir strukturunun olduğu fikrini irəli sürdülər. Bu fikrin qatı tərəfdarı və ardıcıl təbliğatçısı olan məşhur italyan filosofu Cordano Bruno, məhz bu fikirlərinə görə 1600-cü ildə inkvizisiya tərəfindən tonqalda yandırıldı. Hər bir ulduzun bir dünya olduğu düşüncəsini Nizami Gəncəvi "Xosrov və Şirin" əsərində, vəziri Büzürgümmidə suallar verən Xosrov Pərvizin dili ilə dedirtdiyi:

 

Eşitdim mən ki, hər ulduz cahandır

 

Ki hər biri ayrı yer, asimandır!

 

-beyti ilə Kopernik və Brunodan 400 il əvvəl irəli sürmüşdür.

 

Nizami Gəncəvinin  çoxcəhətli irsi müxtəlif aspektlərdə öyrənilmişdir. Əlbəttə, Nizami irsinin araşdırılmasında ədəbiyyatşünaslığın, eləcə də sənətşünaslığın, tarix elmlərinin, fəlsəfənin daha çox payı var. Azərbaycan, Qərb, rus, İran və Türkiyə alimlərinin çoxu Nizami yaradıcılığının ədəbi tutumuna, fəlsəfi-poetik ahənginə, maarifçi, etik və estetik məzmununa üstünlük vermişlər. Şairin yaradıcılığını tibb, məntiq, musiqişünaslıq, pedaqogika sahələri ilə əlaqələndirən tədqiqatlar da yetərincədir. Nizami ilk növbədə humanist mütəfəkkir, istedadlı söz ustası olduğundan bu yanaşma təbiidir. Ancaq Nizami irsinin, onun metafizik dünyagörüşünün nisbətən az bəlli olan cinahında həndəsə, riyaziyyat, fizika, astronomiya kimi elmlər, təbiətşünaslıq elmləri qərarlaşmışdır. Böyük şairimizin ədəbi irsinin məhz bu aspektdə daha dərindən öyrənilməsi poeziya ilə riyaziyyatın, lirika ilə dəqiq elmlərin istər ədəbi, istərsə də tətbiqi sahədə qarşılıqlı münasibətlərinin daha dərindən başa düşülməsinə öz payını verərdi. Lakin hələlik belə tədqiqatların sayı çox deyil.

 

Qulu HƏZİYEV

 

AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasının baş direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2022.- 26 yanvar.- S.20.