"Mən
insanların ümidlə yaşamasını istəyirəm"
Rejissor Teymur Kulov: "Araqarışdıranlarla,
xəbis və nanəcib varlıqlarla ünsiyyət insanların
yaşamaq eşqini məhv edir"
Rejissor Teymur Kulov 1987-ci ildə Tatarıstanda doğulub. Bu istedadlı insanı
yaxından tanımaq istəyirsinizsə, ya onun Rusiyanın müxtəlif
teatrlarında quruluş verdiyi tamaşalara
baxmalısınız, ya da bir qədər səbrli olub,
Teymurla Azərbaycan Dövlət Akademik Musiqili Teatrın
yaradıcılıq əməkdaşlığının bəhrəsi
olacaq yeni əsərin oynanılacağı günü
gözləməlisiniz. Hələliksə sizlərə
ilk dəfə Bakıya gələn rejissorla eksklüziv
müsahibəmizi təqdim edirik.
***
- Teymur,
xoş gəlmisiniz. Qonşu respublikalar olsaq da,
deyəsən yolunuz heç Azərbaycana düşməyib.
- Təəssüf ki,
elədir. Etiraf
edim ki, mən bir cənub şəhərinin bu qədər
müasir, cazibədar, gözəl və tolerant olduğunu
ağlıma belə gətirməzdim. Hava limanından
yaşayacağım otelə gələnəcən ürəyimdə
özümü danladım ki, niyə mənim yolum indiyədək Bakıya
düşməyib, onun mehriban, səmimi, istiqanlı, qonaqpərvər,
gülərüz, işıqlı insanları ilə
yaxından tanış
olmamışam. Şəhəriniz göz
qamaşdırır, yeni tikililər, yolboyu gördüyüm
çox müasir arxitekturaya malik inzibati mərkəzlər, qədimliklə
müasirliyin çuğlaşdığı memarlıq
cizgiləri ilə zəngin binalar adamı valeh edir. Hələ qədim və qocaman memarlıq abidələrinin
qayğı ilə qorunduğu İçərişəhəri
demirəm. Bir sözlə, mükəmməl
bir şərq gözəli şəhər - bu gözəlliklərə
hər gün tamaşa etmək, hər gün bu şəhərin
necə dəyişdiyinin şahidi olmaq məncə, hər
bir şəhər sakini üçün xoşbəxlikdir.
Hələ insanlarınız - adamı yüz
ilin tanışı kimi qarşılayır, ünsiyyət
qururlar. Mən özümü burada qərib hiss eləmədim.
-
Bakıya ilk səfəriniz işgüzar
tanışlıq xarakterlidir, əminəm ki, növbəti gəlişinizdə
bu şəhərdə sizi heyrətləndirən çox
maraqlı məqamlar görəcəksiniz. Hələliksə,
gəlin səfərinizin məqsədindən danışaq.
- Bir
müddət əvvəl bizim Kazan şəhərində
keçirlən teatr festivalına Azərbaycandan Akademik
Musiqili Teatrın direktoru Əliqismət Lalayev də dəvət
edilmişdi. Biz orada daha yaxından tanış
olduq, o bizim tamaşalarımıza baxdı, mənimlə əməkdaşlıq
etmək istədiyini bildirdi və Bakıya dəvət etdi. Budur, indi mən Bakıdayam. Bir neçə
gündə Lalayevin rəhbərlik etdiyi teatrın kollektivi ilə
yaxından tanış oldum, həm Azərbaycan,
həm rus bölməsində oynanılan əsərlərə
baxdım və açıq etiraf edim ki, teatrda hökm sürən
yaradıcılığ ab-havasına heyran qaldım. Əliqismət Lalayev əsl peşəkardır,
teatrda çox qibtəedici işgüzar şərait
yaratmağa nail olub. Bütün sexlər saat kimi işləyir,
balet, xor, güclü səs tembrinə, aktyorluq qabiliyyətinə malik yaradıcı heyətlə,
orkestrlə çalışmaq çox maraqlıdır. Hələ möhtəşəm teatr
binasını demirəm. Bu bina barədə
mənə məlumat verəndə düşündüm ki,
öz mədəniyyətinə sahib çıxan, onun
inkişafı üçün çalışan bir
xalqın təbii ki, çox zəngin tarixi köklərə,
böyük mədəniyyətə malik olduğunu deməyə
ehtiyac yoxdur. Baxdığım həm milli,
həm də klassik əsərlərin rejissor yozumu da
xoşuma gəldi, inanıram ki, biz bərabər maraqlı
bir tamaşa hazırlaya bilərik.
- Konkret
bir əsər seçdinizmi? Onun janrını
müəyyənləşdirdinizmi? Çünki
siz indiyədək daha ciddi rejissor yozumlu tamaşalar hazırlamısınız.
-
Yaxşı iş, çox böyük zəhmət,
ciddi əmək, yaradıcılıq axtarışı, yeni
yanaşma və fikir aydınlığı tələb edir.
Mən bir daha təkrar edirəm ki, bu teatrla işləmək
arzum onun işgüzar heyəti, xüsusilə də teatrla nəfəs
alan, onun inkişafı, təbliği üçün bütün
çətinlik və problemləri operativ, həm də
yüksək səviyyədə həll etməyi bacaran
istedadlı bir rəhbərlə və onun komandası ilə
çalışmaq mənim üçün həm bir
yaradıcılıq zövqü, həm də rejissor kimi
özünü yeni bir ampluada təsdiq etmək fürsətidir.
- Sizi oxucularımıza
necə təqdim edək? Beş filmdə fərqli
obraz yaratmaq imkanını təsdiqləyən kino aktyor kimi,
modern səpkili işləri ilə gündəmdən
düşməyən fotoqraf kimi, yoxsa rejissorluğu
böyük bir sənət sayıb bu sahədə çox
ciddi işləri ilə imzasını təsdiq etməyə
nail olan sənətkar kimi? Sizcə,
rejissor, aktyor, fotoqraf Teymur Kulov müasir dünyada nəyi dəyişmək
və ya nəyi qoruyub saxlamaq istəyir? Kazandan
doğulsanız da istedadlı insan kimi daha çox
Rusiyanın müxtəlif şəhərlərində
tamaşaya qoyduğu orijinal quruluşları ilə fərqlənən,
təəccübləndirən, sevindirən bir rejissor,
istedadlı yaradıcı şəxs kimi
tanınırsınız. Əslində,
siz kimsiniz, rejissor, aktyor, yoxsa fotoqraf?
- Mən
sərbəst və müasir düşüncəli bir
insanam. Hansı işə başlayıramsa,
çalışıram onu mükəmməl tamamlayım.
O mənim işim olsun. Kiminsə nə vaxtsa elədiklərinin
klişesi olmasın.
2013-cü ildə Boris Şukin adına
Teatr İnstitutunu bitirəndə elə bilirdim ki, dünya mənim
ovuclarıma sığacaq qədər kiçikdir. Sonra
Moskavada, Lipetskdə, Novokuznetskdə, Abakanda, Tümendə
tamaşalar hazırladım, müxtəlif teatr kollektivləri
ilə tamam fərqli məzmunlu əsərlər tamaşaya
qoydum. Açığını deyim ki, bəzən
dönə-dönə hər şeyi sıfırdan
başladığımı hiss eləsəm də, ruhdan
düşmədim, daha çox öyrənməyə can
atdım, heç kəsi təkrarlamamağa,
yamsılamamağa çalışdım. Hər dəfə
yeni bir işi planlaşdıranda fikirləşdim ki, bizdən əvvəl
də mənim kimi insanlar yenilik həvəsində olublar, nələrsə
yaradıblar, nələrisə dəyişdiriblər. İndi hər kəsin eşitdiyi və söylədiyi
fikirlərin çoxu deyilib, keçdiyi yolların nə
vaxtsa çoxları keçib. Hər dəfə
yeni bir əsər üzərində işə başlayanda
fikirləşirəm ki, hamar asfalt yolla yüyürməyə
nə var ki. Məncə, ustalıq və
bacarıq öz açdığın cığırla,
öz saldığın yolla irəliləməkdir. Mən Tatarıstanda,
Buinski Dövlət Dram Teatrında on tamaşa
hazırlamışam. Bütün
tamaşalar da fərqli quruluşda. Təkrarı
sevmirəm. Bu mənim həm özümə, həm
aylarla bərabər çalışdığım aktyorlara, həm də
tamaşaçılara hörmətimdən və məhəbbətimdən
yaranan bir tələbkarlığımdır. Hətta
mövzu etibarı ilə ən yeknəsək, ən tragik və
ya ən komik əsərlər üçün belə, təkrar
quruluş, mizan, musiqi, səs effektindən istifadə etmirəm,
edə bilmirəm. Çelyabinsk Kamera Teatrına dəvət
olunanda, o vaxt
üçün bəlkə də, klassik teatr tənqidçilərinin
qəbul etməyə çətinlik çəkdikləri
bir əsər üzərində işləməyə
başladım. Biz bu böyük və zəngin teatr ənənələri
olan şəhərdə yaradıcı heyətlə birgə
yazıçı Fyodr Soloqubun "Kiçik
şeytan" əsərini seçdik.
- Bu əsər
geniş tamaşaçı kütləsinə yaxşı
tanışdır, eyniadlı filmi milyonlarla adam
izləyib. Bəs bu sizi narahat etmədi?
- Yox, əksinə. İkiqat
əzmkarlıqla çalışdıq.
- "Kiçik şeytan" əslində, 1890-cı
ildə yazılmağa başlasa da, müəllif onu 1905-ci
ildə oxuculara təqdim edib və o vaxtdan müasir
tamaşaçını nə az-nə çox, düz 132
illik bir zaman kəsimi ayırır. Yeni dünyada
yaşayan müasirləriniz üçün hər hansı
informasiyanın bir telefon və ya internet düyməsindən
asılı olduğunu bildiyiniz halda necə risk etdiniz?
- Bunu mənim
inadkarlığım və özgüvənim kimi qəbul
edin. Onda bu sözləri mənə etimad göstərib bu
işi həvalə edənlərə də dedim və ...
- Və
sonra yerli mətbuatın yazdığı kimi, gözlənildiyindən
də işıqlı və ümid dolu bir iş
alındı.
- Məncə,
əsərin qayəsi də elə bu idi. Kiçik
şeytanlarla, araqarışdıranlarla, xəbis və nanəcib varlıqlarla
ünsiyyət insanların içindəki
işığı söndürür, yaşamaq eşqini məhv
edir, hədəfindən yayındırır. Mən
harada, hansı teatrda işləməyimdən asılı
olmayaraq, ilk növbədə tamaşaçılara bir
ümid qığılcımı verməyə, həyatın,
insanların işıqlı üzünü göstərməyə
çalışıram. Sadəcə
indiyədək kimlərinsə hazırladığı
tamaşalardakı quruluşu təkrarlamaq mənə özgənin
şinelini geyinmək kimi arzuolunmaz bir cəhddir,
"copy-past" deməkdir. Mən isə hər dəfə
yeni işə başlayanda çalışıram ki, başqasının
interpretasiyası olan şleyflərdən bəhrələnməyim,
bu artıq dünənin işləridir, keçmişdir. Biz müasir oxucu, tamaşaçı və dinləyici
üçün maraqlı və aktual olan daha fərqli
işlər görməliyik.
- Qayıdaq bu günümüzə. İndi siz Bakıdasınız, qarşıda sizi çox böyük bir yaradıcılıq imtahanı gözləyir. Necə düşünürsünüz, bu teatrda bizim tələbkar tamaşaçıların imtahandan üzüağ çıxmaq üçün münbit bir zəmin gördünüzmü?
- Çox səmimi etiraf edim ki, əğər belə bir şərait olmasaydı, sakitcə bu maraqlı şəhərlə və gözəl insanlarla xudahafizləşib geri qayıtmaq barədə heç bir vəd verməzdim. Ancaq mən artıq indidən sizin bu yaraşıqlı və müasir teatrınızın salonunda əyləşən tamaşaçıların nəfəsini, onların səhnəyə zillənmiş baxışlarındaki marağı və sevinci gördüyüm üçün mütləq geri qayıdacağımı düşünürəm. Belə bir şəhərdə, belə mükəmməl bir səhnə imkanları olan teatrda, bu cür işgüzar və yaradıcılıq həvəsi ilə dop-dolu insanlarla, xüsusilə teatrı sevən, onun bütün nüanslarını dərindən bilən yaradıcı bir insanla - Əliqismət Lalayevlə bərabər çalışmaq mənim üçün çox xoşdur, həm də çox böyük etimaddır. Mənim ən böyük arzum bütün dünya üçün çətin və ağrılı olan bu keçid dövründə, həyatımızın yeni bir düzənə girdiyi dönəmdə insanlara ümid vermək, onların həyata daha böyük sevgi ilə sarılmağına kömək etməkdir. İnanıram ki, bu istəyi məhz burada, Azərbaycanda gerçəkləşdirmək mənə qismət olacaq. Ona görə də sizinlə sadəcə sağollaşıram və deyirəm: Salamat qalın, tezliklə görüşənədək!
- Yolunuz açıq olsun!
Telli PƏNAHQIZI
525-ci qəzet.- 2022.- 26 yanvar.- S.15.