Unudulmaz sağlıq
Şair ömrü davam edən, sözünün
közü sönməyən Davud Nəsibin 80 illiyinə
Hər səhər üfüqdən doğan Günəşdimi
ki?!
Bəlkə
hə!
Bəlkə
yox!?
O
içi nur dolu bir qızıl Camdı!?
Kainat hər dəfə yeni bir sağlıq deyir və o
camı başına çəkir.
Üstümüzə günəşin şəfəqləridirmi
yağan?
Xeyr! O Qızıl Camdan tökülən
damcılardı?!
İçəni
məst etdiyi kimi, içməmişdən bizi də bihuş
edir...
Bu şairanə giriş sözünü şairanə
bir xatiratla davam etdirmək istəyirəm.
1994-cü ilin bir payız günü indiki kimi
yaxşı yadımdadır. Xalq şairi Hüseyn
Arifin 70 illik yubileyi ilə bağlı olaraq Qazaxda və
Ağstafada keçirilən silsilə tədbirlərdə mən
də iştirak edirdim.
İştirakçılar arasında Qazax Xeyriyyə cəmiyyətinin
xəttiylə gəlmiş görkəmli şair və
yazıçılar da vardı. Tədbirlərdən
sonra rayon rəhbərliyinin təşkil etdiyi ziyafətdə
deyilən sağlıqlar, qaldırılan badələr
bir-birini əvəz edirdi.
O şair
bu şairin, bu şair o şairin sağlığına badə
qaldırırdı.
Məclisdə Davud Nəsib də vardı.
Növbəti sağlıq deyildi, yenə badələr
doldu, boşaldı.
Bir az keçəndən sonra əlində yeni
dolu badə Davud Nəsib ayağa qalxdı və dedi:
-
Xahiş edirəm, badələrinizi doldurun və ayağa
qalxın!
Məclisdəkilərin
çoxusu təəccübləndi, hamının
baxışında maraq dolu bir ifadə yarandı, bir sual
dondu: "Nədən?"
Şairin
ötkəm və qürurlu səsi yüksəldi:
-
İçək bu bədələri torpağın
sağlığına!
Onun bu sözlərindən (yox, "Əmr"indən)
sonra hamı ayağa qalxdı və hər kəs badəsini
başına çəkdi.
Sonralar əziz
şairimizin kitablarında "Torpaq" şeirini oxuyanda
duydum ki, belə şeiri ancaq o yaza bilərdi, belə
sözü ancaq daha çox o deyə bilərdi:
Qəlbimdə
dağların, düzlərin ətri,
Sel olub dağlardan aşıb-daşaram.
Mən elə
sevirəm, torpaqdan ötrü,
Torpağa
dönürəm, torpaqlaşıram!
İkinci bir xatirəni də burda xatırlatmasam, məncə,
Davud Nəsibin sənətkar kimi portretinin tamlığına
xələl gəlmiş olardı.
Ancaq bu xatirat qələm dostum. AYB üzvü, çox dəyərli
müəllim-ziyalı-şair ömrü yaşamış ( və yaşayan!) Telman
Kürsoya məxsusdur. O danışır ki, "Davud Nəsib
"Ədəbiyyat və incəsənət" qəzetində
poeziya şöbəsinin müdiri idi. Qəbulunda
oldum. Təqdim etdiyim şeirlərdən
"Yanır"ı çap etməyə
götürdü.
-
Çox sağ olun! - deyib
çıxmaq istəyəndə dedi:
- Dayan,
bir yerdə gedərik.
Söhbət edə-edə endik Nərimanov prospektinə. Burada ayrılmaq
üçün ona əl uzatdım, əlimi buraxmayıb
dedi: -A Zalım, şeirin məni yandırıb, bizə
gedirik.
Evində
ordan-burdan sual verib onu qane edən cavabları aldıqca:
-Əla! - deyirdi.
Ayrılanda
"karobka"da nəsə verdi:
- Məndən
hədiyyə!
Evdə baxdım ki, çəhrayı rəngli bir
köynəkdir. Altı il sonra o, maşın qəzasında
həlak olanda qəhərlənib bu "köynək"
şeirini yazdım:
Verdiyin
köynəyi sevindiyimdən
Tez-tez bayramlarda, toyda geyindim.
Maşın
qəzasına sən düşən gündən
Onu
heç yasa da geymirəm indi...
...Mən
sənə həsrətəm, köynək -əlimə,
Bir həsrət qar oldu şəvə saçımda.
Məhkum
eyləyərək onu ölümə,
Asmışam şkafda "Dar ağacı"ndan.
Bu
şeiri oxuya-oxuya düşünürəm: Əgər
unudulmaz şairimizin qarşısında iki yoldan birini
seçmək tələbi qoyulsaydı, deyilsəydi ki:
"Ya özün, ya köynək! Hansını
qurtarmaq istərsən ölümün əlindən?!"
Mən əminəm
və inanıram ki, əziz şairimiz "Köynəyi"
deyərdi... Çünki Davud Nəsib özünün yox,
sözünün, əməlinin, eşqinin uzun
ömürlü olması üçün
yaşayırdı və yaradırdı! Öz
ömrünün yarımçıq qalmasından qorxmurdu,
söz ömrünün yarımçıq
qalacağından qorxurdu!
Elə bir şeir-sənət, söz ocağı
çatmışdı ki, heç vaxt sönməyəcəyini
bilirdi. Əbədiyyətə,
sənətə, millətə öz ömrü puç olsa
da, yarımçıq qalsa da, eşqinin
bütövlüyünə inananlar belə olurlar və bizi də
inandırırlar ki:
Sevən
kəsin yüzündə də,
Bir çıraqdır - gözü sönmür.
Kim ki, yanıb el yolunda.
Heç
bir zaman özü sönmür!
Və belə insan, belə şair, belə sənətkar
Davud Nəsibin özünün dediyi kimi, halal ocaq kimidir,
"Kül altında közü sönmür!"
Davud Nəsib kül altda sönməyən köz
ömrünü yaşayan şairlərimizdəndi. O da ona görə
yaşayırdı ki, qısa da olsa, təki ömrü
şair ömrü olsun! O, şair ömrü yaşadı və
yaşayır. Ən ibrətamiz şeirlərindən
biri "Ana və oğul" şeiridir. Məzmunu
belədir ki, oğul gecə səhərəcən yatmır.
Oyaq qalır ki, təzə bir şeir, bir əsər
yazsın.
Ana ona görə yata bilmir ki, oğlu
yazdığını yazıb qurtarsaydı, çimir edərdi
bir az. Lakin gecə uzanmaqdadır.
Şair də,
ana da oyaqdı hələ...
Şair
şeir istəyir,
Ana
oğul istəyir!
Necə deyərlər, hər ikisi yuxusuna haram qatıb. Və hər ikisi
haqlıdır!
***
İnsan
nə qədər sevirsə, o qədər yaşayır və
insan nə qədər sevilirsə, həm də o qədərdi
ömrü! Bu haqda daha doğrusunu Davud Nəsib deyib: "Məhəbbət
ömrüdür insanın ömrü!" O, elə bil nə
yazıbsa, and
içirmiş kimi yazıb.
Böyüklüyə,
ucalığa, urfani sevgiyə baxın!
Arxamca
yalandan söz deyən olsa,
Bir şeir yazaram, bağışlayaram.
Yenə də
sanki and içir ki:
Barışa
bilmərəm toxunan olsa,
Əgər
Vətənimə, məhəbbətimə!
Davud Nəsibin anasının adı İnsandı. İnsan
ananı yaxşı tanıyırdı anam. Evimizdə ondan tez-tez danışardı.
Adı da insandı, özü də İnsan! İnsanlığı
da tamam başqa bir aləm.
Anam İnsan ananı görən kimi o dəqiqə
tanımışdı, sevmişdi.
İnsan ananı da insanlığı tanıtmışdı
anama.
Onları bir-birinə dost etmişdi, yaxın etmişdi, əziz
etmişdi.
Anam ondan danışanda qürurlanırdı, fərəhlənirdi,
ürəyi açılırdı, ürəyimizi
açırdı.
Davud Nəsib
anaya, ataya, nənəyə, babaya xalqa, yurda-beşiyə, evə-eşiyə
dərin köklərlə bağlı olduğu
üçün haqqı vardı ki, desin:
Bu yurdun qədrini
bilməsəm əgər,
Bir
xalqın sözünü deyə bilmərəm!
Əslində onun əzizlərinə (ata-anası, baba-nənəsinə)
ünvanladığı şeirlər bütövlükdə
xalqımıza, milli dəyərlərimizə
ünvanlanmış əsərlərdi.
Davud Nəsibin
yaradıcılığını izlədikcə, oxuduqca adam hiss edir ki, o, təkcə şair deyildir. Həm
də
Sözün, Ruhun, Torpağın,
ulularımızın qəbri başında dayanmış bir
keşikçidir. Üzünü nənəsinə tutub
dedikləri bütün ərvahımıza üz tutub dedikləridir:
Yatmısan
körpətək, nənə, beşikdə,
Qorxuram,
oyatsam xətrinə dəyəm,
Saatla
dururlar Fəxri keşikdə,
Mən sənin
əbədi keşiyindəyəm!
Davud Nəsibin
gözündə nənə yalnız nəvəsinin boyunu
oxşayan, şirin nağıllar danışan, bayatılar
deyən bir sima deyil, qəhrəmandır, əsl mənada pəhlivandır!
O, doğru söyləyir ki:
Nənə
cəhrəsinin qulpu ağırdır,
Kimin gücü çatıb fırladar onu?
***
Davud Nəsib niyə şair olmuşdu?
Köksündə
hər yaşda uşaq ürəyi döyündüyünə
görə!
Elə
bil, hər dəfə qəbrindən baş qaldırır,
bizlərə bir həqiqəti, əslində ölməzliyin
və əbədiyyətin nə olduğunu xatırlatmaq
üçün xatırlayır ki:
Gör nə
vaxtdır ayrılmışam, sözsüz qalmışam,
Ürək yenə kövrək-kövrək dolan ürəkdir.
Deməyin
ki, böyümüşəm, şair olmuşam,
Dəyişməyib, uşaqlıqdan qalan ürəkdir.
İnanıram ki, bu ürəyə - uşaq ürəyinə,
şair ürəyinə görə ölüm ona yaxın
düşə bilməyib. Cismən öldürsə də, mənən
öldürə bilməyib!
Onun bütün yaradıcılığı Qazaxda bir
vaxt əkdiyi çinara bənzəyir. Uşaq
vaxtı əkibmiş həmin çinarı, şair. Hər dəfə onu görəndə, kölgəsinə
baxanda sevinirmiş, öyünürmüş, deyirmiş.
O, məndən
tez böyüyüb,
Kölgə
saldı torpağa!
Davud Nəsibin yazdıqlarının da, (istər
şeir kitabları olsun, istər nəsr əsərləri)
kölgəsi var. O kölgədən hamıya pay
düşür indi. Bu kölgənin özündən də,
elə şairin hər sözündən də müasirlik,
aktuallıq, böyük vətəndaşlıq mövqeyi
duyulur.
Elə bil 44 günlük Vətən müharibəsində
D.Nəsib də cəbhədəymiş. Yenə də
gördüklərindən, duyduqlarından, sevdiklərindən
yazırmış. Qarabağın azadlığı
uğrunda gedən döyüşlərdə əsgərlərimizlə
baş-başa verib, onları şəhidliyin ən müqəddəs
bir iş olduğuna inandıra bilib, yazıb:
Bir kişi gücü var, bir ər qolunda,
Torpaq Vətən
olmur - bilmirəm, nəsə...
Əgər
övladları onun yolunda
Torpağa
dönməsə, daşa dönməsə!
***
Davud Nəsibin ən maraqlı və
düşündürücü şeirlərindən biri də
Nazim Hikmətə həsr etdiyi "Nazimim var" adlı
şeiridir.
Şeir belə başlayır: "Kitabı əlimdə, əlimdə
- Nazim!"
Şeir
belə bitir:
Qəbrinin
üstünə getmirəm, qəbri,
Qorxuram,
Nazimi əlimdən ala!
Davud Nəsibin
poeziyası haqda düşünəndə istər-istəməz
ağlımdan keçdi ki, o şeiri ömrünün 61-ci
baharında (elə Nazim yaşında!) dünyanı
vaxtsız tərk etmiş, bu il 80 yaşı tamam olan
şairimizə də aid etsəm, yəqin ki, hər iki
şairin ruhu məndən inciməz, daha da şad olar!
***
Axşamdan xeyli keçmişdi.
Evdəydim.
Davud Nəsib haqqında məqalə üzərində işləyirdim. Bu vaxt telefonum səsləndi. Götürdüm. Məlum oldu ki, dostlarımdan biridir. Dedi ki, "Ayə, qardaş, gözəl bir məclisdəyik. Səni tanıyan və sevən dostlarla birgə. Növbəti sağlığı sənin şərəfinə qaldırmaq istəyirik".
Dedim, çox sağ olun, amma sizə deyəcəyim vacib bir sözüm var, -deyib vaxtilə Davud Nəsibin Ağstafadakı ziyafətdə etdiyi təklifi xatırlatdım.
Səs(lər) gəldi:
- Başa düşdük!
- Artıq ayaq üstdəyik!
- Və içirik torpağın (torpağımızın) sağlığına!
...Xəyalımın dərinliklərindən Davud Nəsibin qürur dolu səsi ucaldı:
- Sağ
olun! Daha otura bilərsiniz!
Anladım
ki, insan özü unudulmaz olanda dediyi sağlıq(lar)
da, sözlər də, yazdığı əsərlər də,
həyatda qoyub getdiyi izlər də unudulmaz olurmuş.
Onu da başa düşdüm ki, bu
sağlıq həm də "İçək Davud Nəsibin
şərəfinə!" demək idi...
Barat
Vüsal
525-ci qəzet.- 2022.- 27 yanvar.- S.15.