Yenidən doğulan
şəhər
Qırx
dörd günlük Vətən müharibəsində
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, qətiyyətli mövqeyi,
dəmir iradəsi, Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya
və əraziləri
boşaltmağa məcbur
etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin imzaladığı
birgə bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam
rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı.
Azərbaycan Ordusu heç
bir itki, şəhid vermədən,
qan tökülmədən
Ağdam rayonunun işğal altındakı
hissəsinə daxil oldu. 27 il
4 aydan sonra Ağdam şəhərində
yenidən Azərbaycanın
üçrəngli bayrağı
dalğalanmağa başladı.
Vətən müharibəsi şanlı
qələbə ilə
başa çatandan sonra işğaldan azad edilən bütün ərazilərdə,
o cümlədən, Ağdamda
çox əhəmiyyətli
infrastruktur lahiyələrin
həyata keçirilməsi
prosesinə start verildi. Məlum
olduğu kimi, Ermənistan otuz il ərzində
zəbt etdiyi torpaqları başdan-başa
minalayıb, çoxlu
sayda müdafiə və istehkam xətləri yaradıb, bir sözlə, torpaqlarımızı ölümsaçan
minalarla və digər döyüş sursatları ilə zəhərləyib. Qeyd etmək
lazımdır ki, azad edilmiş ərazilərdə minalardan
başqa, partlamamış
sursatlar da kifayət qədər çoxdur. Ona görə də
ilk növbədə qarşıda
həmin torpaqların
minalardan təmizlənməsi,
təhlükənin aradan
qaldırılması, həyat
əhəmiyyətli infrastrukturunun
yaradılması dayanırdı.
Müharibədən dərhal sonra
planlı şəkildə
torpaqların minalardan
təmizlənilməsinə başlandı. Əvvəlcə yolların və elektrik xətlərinin keçdiyi ərazilər
həm ANAMA-nın, Müdafiə Nazirliyinin, eyni zamanda, Fövqəladə
Hallar Nazirliyinin minaaxtaranları tərəfindən
təmizləndi.
Vətən müharibəsində əldə olunan şanlı qələbə
Azərbaycanın son iki yüz illik
tarixinin ən şərəfli səhifəsidir.
Ermənistanın Qarabağdakı otuz illik işğalına
igid oğullarımızın
qəhrəmanlığı sayəsində son qoyuldu.
İşğaldan azad
edilən yurd yerlərinə səfər
edərkən bizi düşmənin törətdiyi
qəddarlıq, xarabalıqlar,
təbiətə qənim
kəsilmiş, mədəni-dini
abidələrimizi tar-mar edən
vəhşi bir toplumun bəd əməllərinin şahidi
oluruq.
Vaxtilə ən abad və gözəl şəhər olmuş Ağdam təcavüzkar Ermənistanın faşist
rejimi tərəfindən
yer üzündən silinib. Bu qədim
tarixi olan şəhərdə ermənilərin
törətdiyi vəhşilik,
barbarlıq adamı dəhşətə salır.
Ağdamda tariximizin açılmayan
qatları mövcuddur,
burada şəhərsalma
mədəniyyəti, məqbərə
komplekslərinin tikintisi,
dulusçuluğun, misgərliyin
mövcud olması, ana təbiətin yaratdığı gözəllik
bir-birinə qovuşmuşdu.
Rayon ərazisində qədim dövrlərdən
xəbər verən kümbəzlər, daşdan
yonulmuş qoç və at fiqurları, məqbərələr, kahalar
var idi. Onlardan biri də şəhərdəki
İmarət Qərvənd
qəbiristanlığıdır. Tarixi mənbələrə görə
burada Qarabağın görkəmli nümayəndəsi
Pənahəli xanın
törəməsinə aid olan insanlar dəfn
edilib. XVIII əsrin sonları-XIX əsrin əvvəllərində
bu məqbərə-kompleks
inşa edilib. Qədim memarlığın nümunələri
hesab olunan türbələr çoxbucaqlı
və tağvari quruluşa malik olub. Həmin türbələrdən birində Pənahəli xanın oğlu, Qarabağ xanlığının
davamçısı İbrahimxəlil
xan dəfn edilib. Xan qızı, dövrünün
ziyalı və maarifpərvər qadını,
incə naxışlar
müəllifi, gözəl
şeirlər yazan Xurşidbanu Natəvanın qəbrinin
üstündə büstü
qoyulmuşdu. Ümumiyyətlə, İmarətdə 15 nəfər
xan nəslindən olan və digər
qohumları dəfn edilib. Ermənilər İmarətdəki qədim türbələri
dağıdıb, buradakı
çoxillik çinar
və qovaq ağaclarını, bar verən
meyvə ağaclarını
kəsiblər, qədim
daşları sındırıblar,
qəbirüstü sinədaşlarını
məhv ediblər.
İmarətdə tarix diyarşünaslıq muzeyi var idi. Bu tarixi yerdə bir çox tədbirlər keçirilirdi, məhsul bayarmları qeyd olunurdu, "Xarıbülbül" musiqi festivalına dünyanın əksər ölkələrindən musiqiçilər gəlirdi. Qovaq və çinar ağacları ilə dövrələnmiş qədim İmarət öz sinəsində çox keşməkeşli və ziddiyyətli bir dövrün izini qoruyub saxladığı üçün bura həm də açıq havada qiymətli və zəngin bir muzey idi. Azərbaycanın ən zəngin şəhəri hesab olunan Ağdam həm də şeir, sənət, muğam mərkəzi kimi tanınırdı.
Şəhərin hay-küyündən ayrılıb İmarətə daxil olanda tamam başqa bir mənzərə ilə üz-üzə qalırdın, sanki cənnətə düşürdün. Tarix burada torpağın və daşların dili ilə insanı iki yüz il əvvələ çəkib aparırdı. İmarətdə təbii ot örtüyü olan stadion var idi, burada göz yaşı kimi sərin su axırdı. İmarətdə ilk dəfə meydan tamaşası göstəriləndən sonra bura həm də sənət məbədinə çevrildi. İşğaldan azad edilən Ağdamda ötən ilin axırlarında həqiqətən çox təsirli və kövrək anlar yaşandı. 27 ildən sonra "Qarabağ" komandasının futbolçuları İmarətdəki stadionda rəmzi olaraq məşq etdilər. Şəhərin baş planında Ağdamda çox möhtəşəm və müasir stadion tikiləcək, doğma "Qarabağ" oyunlarını öz stadionunda keçirəcək.
Yenidən doğulan şəhər. Ağdamı belə adlandırmaq olar. Xarabalıqlar içərisindən yeni bir şəhərdə, dünyada ən gözəl şəhərlərdən biri olacaq Ağdamda məktəbin, xəstəxananın, eyni zamanda, yaşayış binasının təməli qoyulub və burada tikinti işlərinə başlanıb. Ağdam Sənaye Parkının tikintisində işlər sürətlə aparılır. Şəhər ərazisində iki elektrik yarımstansiyası quraşdırılıb. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, bütün bu işlərlə yanaşı, Ağdam şəhərinin mərkəzində həm də tarixi-mədəni ərazi salınacaq. 22,5 hektarlıq ərazini əhatə edən bu məkanda Pənahəli xanın İmarət kompleksi, Çörək muzeyi, Dram Teatrı, İşğal və Zəfər muzeyləri kompleksi olacaq. Ərazinin bir başında İşğal muzeyi, digər başında isə Zəfər muzeyi yerləşəcək. Onların arasında açıq səma altında 18 hektarda Memorial bağ salınacaq.
Azərbaycan Prezidenti,
Müzəffər Ali Baş
Komandan İlham
Əliyevin müdrik siyasəti nəticəsində
Ağdam bir güllə
belə atmadan, bir
şəhid vermədən işğaldan
azad edilib. Prezidentimizin rəhbərliyi ilə Ağdamda bərpa
və yenidənqurma işlərinə başlanılıb, dünyada hər kəs dağıdıcı
Ermənistandan fərqli olaraq Azərbaycanın
nə qədər qurucu dövlət olduğunu görür.
Salman
ALIOĞLU
525-ci qəzet.- 2022.- 28 yanvar.- S.15.