Onları tanımalıyıq:
Əhməd Baytursunoğlu
XIX əsrin sonu XX əsrin ilk otuz illiyində qazax ədəbi
mühitinin formalaşmasında qazax elmi və ictimai fikir
tarixinin görkəmli simalarından olan Əhməd
Baytursunoğlunun böyük xidmətləri olub.
Əhməd Baytursunoğlu 28 yanvar 1872-ci ildə Turqay
vilayətinin Tosun kəndində (Sartıbek aulu) dünyaya gəlib. Onun babası
Şoşaq vilayətinin ən nüfuzlu şəxslərindən
olub. Orta juzun (cuz) Arqun nəslindədir.
Atası Şoşaqulu Baytursun və əmisi
Aktası XIX əsrin 80-ci illərində kəndlərinə
hücum edən qəza rəisi Yokovlevə qarşı
çıxırlar. Bundan sonra sonra
İrqız və Turqaydan aula cəza dəstələri
göndərilir. Cəza dəstələri
üsyançı adlandırdıqları qazaxlara divan tutur,
auldakıların hamısını aparıb Turqay hərbi
dairəsinin qaupvaxtına salır, mal-mülklərini də
müsadirə edirlər. Bir il sonra
Kazan Hərbi Dairəsinin Məhkəməsi
şoşaqları mühakimə edir. Tərcüməçilər
rus dilini bilməyən qazaxların ifadələrini hakimə
olduğu kimi çatdırmır, əksinə, təhrif edərək
Yakovlev və onun kazak dəstəsinin lehinə
tərcümə edirlər.
Kazan Hərbi
Dairəsinin Məhkəməsi Əhmədin atası
Baytursunu, əmiləri Aktası, Sabalakı və digərlərini
hökumətə qiyam qaldırmaqda ittiham edərək 15
illik katorqa cəzasına məhkum edir və onları Sibirin ucqar bölgəsinə
- İtjekkenə sürgünə göndərir. Auldakı kişilərin çoxuna da müxtəlif
müddətli həbs cəzası verilir. Əhmədin
əmisi Erqazı da dörd il həbs cəzası
alır. Erqazı həbsdən çıxandan
sonra qardaşı uşaqlarını da himayəsinə
götürür. Rus dilini bilmədiklərinə
görə məhkəmədə çəkdikləri əziyyəti
nəzərə alaraq övladlarını və Əhmədi
rus dilində məktəbdə oxutmağa qərar verir.
Anası Künşinin razılığı ilə əmisi
1886-cı ildə Əhmədi də Turqay qəsəbəsindəki
ikisinifli rus-tuzem (Qafqazda rus-tatar məktəbi
adlandırılan bu tip məktəblər Türküstanda və
Sibirdə rus-tuzem məktəbi adlanırdı. Bu məktəblər
əsasən kiçik məmur, tərcüməçi
hazırlamaq üçün nəzərdə tutulsa da,
oranı bitirənlər arasından çoxlu məşhur
insanlar çıxmışdır - Əli Şamil) məktəbinə
oxumağa göndərir. Əhməd maddi
sıxıntılar çəksə də, 1891-ci ildə həmin
məktəbi bitirir Orenburqdakı Müəllimlər
Seminariyasında oxumağa gedir.
1895-ci ildə Müəllimlər Seminariyasını
bitirən Ə.Baytursunoğlu Aktyubinsk qəzasının
Batpak nahiyəsindəki Əhmədgeray Katıbakovun
açdığı məktəbdə müəllim işləməyə
başlayır.
Bu məktəbdə İbray Altınsarinin fikirləri
ilə yetişdirilən Ə.Baytursunoğlu 1896-1907-ci illər
arasında Aktəpə, Konstanay və Korqaralı bölgələrində
ikisinifli kənd məktəblərində müəllim
işləyir.
Rus-qazax məktəblərində dərs deyir,
bir sıra ictimai fəaliyyətlərdə iştirak edir.
Qazax dili və ədəbiyyatının tarixi və
nəzəriyyəsi ilə bağlı araşdırmalar
aparır.
1896-cı ildə qazax çöllərini gəzərək
folkor nümunələri toplayan, qazax xalqının
etnoqrafiyasını, dialektlərini öyrənən
çuvaş araşdırmaçısı Alektorovla
tanışlıq gənc müəllimin
dünyagörüşündə böyük dəyişiklik
yaradır. Ə.Baytursunoğlu ilk dəfə ondan qazaxların
yaşadığı geniş ərazi haqqında, Rusiya
hökumətinin işğalçılıq siyasətinin
mahiyyəti haqqında, eləcə də rus alimi
İlminskinin maarifçilik adı altında missionerlik fəaliyyəti
ilə məşğul olduğu barədə geniş məlumat
alır. Gənc vətənsevər
xalqının yaşadığı coğrafiyanı, millətinin
həyat tərzini öyrənir, folklor nümunələrini
toplayır, uşaqların daha yaxşı təhsil
alması, biliklərə tez yiyələnməsi
üçün metodlar axtarır. Bu
axtarışlar onu köhnə tədris üsulu ilə dərs
deyən, keçmişi olduğu kimi qoruyub saxlamaq istəyən
mühafizəkarlardan ayıraraq təhsili Avropa metodlarına
uyğunlaşdırmaq istəyən, elmi-texniki yenilikləri
tədrisdə tətbiq etməyə çalışan cədidçilərin
sırasına gətirir.
Ə.Baytursunoğlu Korqaralı qəzasında işləyərkən
ictimai-siyasi fəaliyyətlərdə aktiv iştirak edir. 1905-ci ildə
Rusiyanı bürüyən inqilabi əhval-ruhiyyə ona da
güclü təsir edir.
Korqaralıda dərs dediyi illərdə hökumətin
siyasətinə qarşı çıxdığı
üçün həbs olunub Semey həbsxanasına göndərilir
(iyul 1909). Daha sonra Qazaxıstan sərhədlərindən kənara
bir həbsxanaya köçürülür. 1910-cu ildən 1917-ci ilə qədər Orenburq
qalasında həbsxanada saxlanılır. Ə.Baytursunoğlu
həbsdə olsa da, elmi və ictimai fəaliyyətini davam
etdirir.
Sürgün illərində pedaqoji təcrübəsinə
əsaslanaraq "Oxu qaydları" kitabını yazır
(1910). Müəllimlər üçün
hazırladığı bu kitabda ərəb əlifbasında
yazılmış mətnlərdə saitlərin tələffüz
qaydalarını izah edir. Əslində,
Ə.Baytursunoğlu bununla da İ.Qaspıralının
başlatdığı üsuli-cədid təliminin qazaxlar
arasında yayılmasına xidmət edirdi.
1911-ci ildə "Masa" (Ağcaqanad) adlı şeir
kitabını və tərcümə etdiyi şeirləri
Orenburqda çap etdirə bilir. Rus dilindən etdiyi tərcümələri
1909-cu ildə bir kitabda toplayıb çap etdirir. "Qırx misal" adlı bu kitaba əsasən
İ.Krılovdan tərcümələri ilə
yanaşı, V.İ.Maykov, A.S.Puşkin, M.Lermantov və
S.Y.Nadsondan elədiyi tərcümələri daxil edir. Satirik şeirlər yazan, rus dili vasitəsilə rus
və Qərbi Avropa klassiklərindən əsərlər tərcümə
edən Ə.Baytursunoğlu 1911-ci ildən başlayaraq
"Türküstan valayatı" (1870-1918), "Dala
valayatı" (1888-1902) qəzetlərində, "Aykap"
(1911-1915/16) və "Şura" jurnallarında məqalə
və şeirlər çap etdirir. 1913-cü
ildə "Qazax" adlı həftəlik qəzeti təşkilatlandırır
və 1917-ci ilə qədər qəzetin redaktoru olur. "Qazax" qəzetinə yazdığı ilk
baş yazısında qəzeti millətin görən
gözü, eşidən qulağı, danışan dili
adlandıran Ə.Baytursunoğlu millətinin maariflənməsi
uğrunda gecə-gündüz çalışır.
O, yazılarında gah qazax ziyalılarının millət üçün
gördükləri işləri təqdir edir, gah məktəblərin
yenidən qurulması, dərslərin hansı metodla
keçilməsi haqqında müzakirələr
açır, gah da yaramaz, mühafizəkar və rüşvətxor
məmurları kəskin tənqid edir. "Qazax" qəzeti
qazaxların ictimai-siyasi və mədəni həyatını
işıqlandıran yeganə qəzetə çevrildiyinə
görə abunəçilərin sayı elə birinci il üç min nəfərə
çatır.
1913-cü ildə "Qazax" qəzetində çap
etdirdiyi "Qazaqtın bas akını"
("Qazağın böyük şairi" məqaləsində
Abayın (İ.Kunanbayev) həyat və
yaradıcılığından, ictimai fəaliyyətindən,
qazax ədəbiyyatına gətirdiyi yeniliklərdən
söz açır. 1914-cü idə çap olunan 80-ci
saydakı "Qazax vilayətini idarə etmə
üsulları" tənqidi yazısı böyük əks-səda
doğurur. Dəfələrlə redaksiyasında
axtarışlar aparılan, redaktoru qubernator və qəza idarəsinin
rəisi tərəfindən istintaqa çağırılan
"Qazax" qəzeti bağlanmaq təhlükəsi ilə
üzləşir. Belə ki, qubernator
general-leytenant N.Suxumlinov qəzetin redaktoru
Ə.Baytursunoğlunu 1500 manat cərimə edir. Ə.Baytursunoğlu qəzet bağlanmasın deyə
cərimənin əvəzinə səkkiz ay həbsdə
yatmağa razı olur. Həbsxana şəraiti
səhhətinə mənfi təsir eləsə də,
xalqın ziya işığı kəsilməsin deyə həbsxanaya
getməli olur. Bundan xəbər tutan
oxucular və xeyirxah insanlar müxtəlif şəhər və
kəndlərdən cərimə pulunu teleqrafla göndərirlər
və Ə.Baytursunoğlu həbsdən azad edilir.
Qazax xalqının maariflənməsi və
oyanışında böyük rol oynayan "Qazax" qəzeti
1917-ci ildə "Alaş" təşkilatının rəsmi
orqanına çevrilir. Ancaq çox keçmir ki, Turqay bölgə
məhkəməsinin qərarı ilə qəzetin nəşri
dayandırılır.
Ə.Baytursunoğlu 1917-1919-cu illərdə
"Alaş" təşkilatında
çalışır. 1919-cu ildə öz istəyi ilə bu təşkilatdan
uzaqlaşır. Ölkəsinə xidmət
etmək məqsədilə Sovet hökumətinin müxtəlif
qurumlarında bir çox vəzifələrdə
çalışır.
4 aprel 1919-cu ildə və ondan əvvəlki illərdə
"Alaş Orda" təşkilatında
çalışıb, cəza alanlar üçün
hökumət əfv qərarı çıxarır. Ə.Baytursunoğlu
da bu əfvdən yararlanır və Sovet hökumətinin fərqli
qurumlarında çalışır. "Alaş
Orda"çıların bir qismi isə təslim olmur, qazax
çöllərinə çəkilərək bolşeviklərə
qarşı döyüşü davam etdirir. Qaynaqlar
Ə.Baytursunoğlunun Moskvada M.S.Soltanqaliyev, Z.V.Toqan,
T.Rıskulov, V.İbrahimov, F.Hoca və N.Hocayevlə birlikdə
"İttihad və tərəqqi" adlı gizli bir təşkilat
da qurduqlarını yazırlar. Rusiya Kommunist (bolşeviklər)
Partiyasının üzvlüyünə qəbul edilən
Ə.Baytursunoğlu 1919-cu il aprelin 24-də
qurulan RSFSR Xalq Hərbi Komissarlığı nəzdində
Qırğız (Qazax) bölgəsini idarə edəcək Hərbi
İnqilab Komitəsinə üzv təyin edilir. Bolşeviklər bölgədə hakimiyyət
qurduqdan sonra Ə.Baytursunoğlunu Qazaxıstan MSSR Maarif Naziri
təyin edirlər. Çox keçmir ki,
bolşeviklər əhalinin mal-mülkünü mənimsəməyə,
insanları kütləvi şəkildə həbs və
sürgün etməyə, azacıq müqavimət göstərəni
güllələməyə başlayırlar. Qazaxlar da məcbur qalıb qonşu ölkələrə
köçməklə işğalçıların hakimiyyəti
altında yaşamaqdan, sürgün və ölümdən
qurtulmağa çalışırlar.
Ə.Baytursunoğlu Mərkəzi Komitədə, Qazaxıstan
MSSR Mərkəzi İcraiyyə Komitəsində müxtəlif
vəzifələrdə və Türküstan Kommunist
Partiyası Mərkəzi Komitəsinin orqanı "Ak
jol" qəzetində işləyə-işləyə
elmi-pedaqoji fəaliyyətini də davam etdirir. Ancaq
1926-cı ildə partiya üzvlüyündən və vəzifəsindən
çıxarılır.
1910-cu illərdən
ərəb əlifbasını türk dilləri
üçün uyğunlaşdırılması üzərində
çalışan Ə.Baytursunoğlu 1915-ci ildə Orenburqda
"Til kuralı", 1920-ci ildə Kazanda nəşr etdirdiyi
"Kazaxca əlippege bayanşı" (Qazaxca əlifbaya
başlama), 1925-ci ildə Orenburqda çap etdirdiyi "Til
tanıtkış" (Dil nəzəriyyəsi), 1926-cı
ildə Daşkənddə çap etdirdiyi "Ədəbiyet
tanıtkış" (Ədəbiyyat nəzəriyyəsi),
1928-ci ildə Qızıl Ordada çap etdirdiyi "Til
jumsar" (Dilin işlədilməsi) və d. kitabları onun
çoxsahəli elmi fəaliyyətindən xəbər verir.
M.Ayvazov isə məqalələrinin birində
qeyd edir ki, Ə.Baytursunoğlu 1923-cü ildə "Mədəniyyət
tarixi" adlı bir kitabını tamamladığını
yazsa da, bu kitab haqqında bugünədək heç bir məlumat
əldə edilməyib.
Görkəmli türkoloq alim A.Kononov
Ə.Baytursunoğlunun yazdığı qrammatika
kitablarını yüksək qiymətləndirib, onun məşhur
türkoloqlardan biri olduğunu yazıb. 1924-cü ildə
Orenburqda qazax-qırğız elm və mədəniyyət
xadimlərinin qurultayında Ə.Baytursunoğlunun ərəb
əlifbası əsasında hazırladığı yeni əlifba
qazax-qırğızlar üçün rəsmi əlifba
kimi qəbul edilir və 1928-ci ilə, yəni birləşdirilmiş
türk-latın (yanalif) əlifbasının qəbuluna qədər
işlədilir.
Ə.Baytursunoğlu 1926-cı ildə Bakıda
keçirilən Birinci Bakı Türkoloji Qurultayının
VI iclasında "Orfoqrafiyanın əsas prinsipləri və
sosioloji əhəmiyyəti" mövzusunda
çıxış edir. Qurultayda türk
xalqları üçün hazırladığı əlifba
layihəsini müzakirəyə təqdim etsə də, onu qəbul
etdirə bilmir. O, Qurultayda F.Köprülüzadə,
Əli bəy Hüseynzadə və b. ilə görüşərək
onların vasitəsilə
mühacirətdə olan keçmiş məsləkdaşları
ilə əlaqə yaratmağa nail olur.
1921-1925-ci illərdə elm və ədəbiyyat komissiyasına rəhbərlik edən, Qazaxıstan Tədqiqlər Cəmiyyətinin fəxri sədri olan A.Baytursunoğlunun üzərində Sovet xüsusi xidmət orqanlarının güclü nəzarəti bir an da olsun azalmır. Orenburqdakı Qazax Pedaqoji İnstitutunda müəllimlik edən, sonra Daşkənddəki Qazax Pedaqoji İnstitutunda qazax dili və ədəbiyyatından dərs deyən A.Baytursunoğlunu 1928-ci ildə Almatı Qazax Universitetinə işə dəvət edirlər. O, burada qazax dili və ədəbiyyatı üzrə professor seçilir. Lakin bu hal çox da uzun sürmür. Ə.Baytursunoğlu maarif sahəsində çalışsa da, elmi araşdırmalarla məşğul olsa da, siyasi fəaliyyətdən əl çəkmir. Gizli millətçi təşkilatın qurulmasında, türk xalqlarının rus işğalçılarına qarşı birgə mübarizəsinin planlaşdırılmasında fəal iştirak edir. Maarif və elm sahəsindəki misilsiz xidmətlərinə baxmayaraq, onu 1929-cu il iyunun 12-də həbs edirlər. Uzun və işgəncəli istintaqdan sonra məhkəmə millətçi təşkilatda iştirakına görə güllələnmə hökmünü oxuyur. Səkkiz ay güllələnəcəyi günü gözləyən Ə.Baytursunoğlunun ölüm hökmü, nəhayət, 10 illik həbslə əvəzlənir. Solevki adalarındakı həbsxanalara göndərilən Ə.Baytursunoğlu vaxtından əvvəl 1934-cü ildə həbsdən azad edilir. Həbsdən azad olunduqdan sonra ailəsi də sürgündən buraxılır. Lakin burada Ə.Baytursunoğlunun sənədlərinin üzərinə "Heç bir peşə sahibi deyildir" yazıldığına görə ona iş verən tapılmır. Ailə maddi çətinliklərlə üzləşir. Ə.Baytursunoğlu həbs və sürgündə elmi və bədii yaradıcılıqla məşğul ola bilmir. 1937-ci ildə onu yenidən həbs edirlər. Ə.Baytursunoğlu keçmiş "alaşçı"lardan Q.Nurumovla, A.Kasımovla, A.Yermakovla, eləcə də Qazax Xalq Maarif Komissarı T.Jurqenevlə, RSFSR Xalq Komissarlar Sovetinin müavini T.Rıskulovla, Bakıda yaşayan professorlardan B.Çobanzadə və Q.Qubaydullinlə və b. ilə birlikdə antisovet təbliğat apardığına, Sovet dövlətini devirməyə cəhd etdiyinə görə güllələnməyə məhkum edirlər. Ölüm hökmü 1937-ci il dekabrın 8-də yerinə yetirilir.
Ə.Baytursunoğlu
yazıçı, tərcüməçi, naşir,
dilçi və ədəbiyyatçı kimi qazax
xalqının ictimai və mədəni oyanışına
xidmət edən görkəmli qazax alimi olaraq bu gün də
unudulmur, öz həyat və yaradıcılığı ilə
türk ziyalılarına yol göstərir.
Elçin
İBRAHİMOV
Azərbaycan
Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutu Türk dilləri şöbəsinin müdiri
Elchinibrahimov85@mail.ru
525-ci qəzet.- 2022.- 28 yanvar.- S.11;13.