Dul qadının tənhalığı
(Əvvəli
ötən şənbə sayımızda)
Moisey
öz xalqını 40 il səhrada əziyyətlərə
qatlaşdırıb, dolaşdırdıqdan, sonra bu Vəd
edilən diyara gətirib çıxarmışdı. Lakin
Moiseyin özünə, həsrətində olduğu bu
torpağa qədəm qoymağa əcəl imkan vermədi,
axı o, öz yəhudi xalqını Allahın köməkliyi
və müdafiəsi ilə Misirdəki köləlikdən
azad etmiş, bütün əziyyətlərə baxmayaraq, Vəd
olunmuş diyara gətirib çıxarmağa
çalışmışdı. Kanaanın
yaxınlığında olanda oraya kəşfiyyatçılar
göndərmiş və onlar həmin torpaqdan üzdükləri
böyük üzüm salxımını
ağırlığına görə iki nəfər cavan
oğlan çiyinlərində, ağac budağından
asılmış qaydada gətirmişdilər. Moiseyin
adamları inandılar ki, həqiqətən də deyilən
kimi, orada bal və süd çayı
axır. Meyvələrin dadı bu əlamətləri
təsdiq edirdi. Bu torpağı Allah onların əcdadlarına,
Abrahama, İsaaka və Ceykoba vəd etmişdi və Moisey
onları Misirdən çıxarıb, səhrada 40 illik əziyyətdən
sonra bura gətirib çıxarmışdı. Onlara, əslində xeyir və şər arasında
seçim etməyi məsləhət görmüşdü.
Bibliyaya görə, bütün torpaqların ən
gözəli, əlbəttə ki, cənnətdir, adamlar orada
heç nəyə ehtiyac duymurlar. Bu torpaqda təmiz süd bulaqları
vardır, onun yaşıl təpələri ilə pətəkdən
süzülüb tökülən bal
axır, günəş işığında o maye
qızıl kimi görünür.
Yəhudi
Bibliyasından "axan süd və bal"
ifadəsi meydana gəlmişdir və bu, məhz
Kanaandadır. Bu "xoş və geniş
torpaqda süd və bal axır" və Allah Moiseyə
tapşırmışdı ki, israilliləri oraya aparsın.
"Axan süd və bal" kəlmələri
hiperbola edilmiş qaydada torpağın münbitliyi, zəngin
bəhrəliliyi kimi başa düşülür. Ondan istifadədə də əsl
şadlığın məhz dərin olması ifadə
edilir, Vəd edilən torpaq "südün və balın
axdığı" kimi xarakterizə olunur.
Quranda da da cənnət "təzə süd
çayları" və "təmiz bal
çayları" olan əbədi sevinc bağı kimi təsvir
edilir. Bal kimi, süd də Allahın verdiyi xüsusi
nemətlərdən biridir. Bibliyada "süd və balın
axdığı torpaq" ifadəsinə "İsxodus"
- "Çıxış" (yəni Misir köləliyini
tərk etmə), həmçinin, "Ədədlər"
və "İkinci Qanun" kitablarında bir neçə yerdə
rast gəlinir.
Moisey Kanaana girə bilməsə də, Allahın əvvəlcədən
dediyi yerdə, Mahab torpağında öldü və orada da dəfn
edildi. Coşua onun özünün təyin etdiyi varis oldu.
Lakin onun kimi həyatda ikinci bir peyğəmbər
olmamışdı. Allah onunla üz-üzə
danışmışdı. Heç bir
peyğəmbər onun kimi möcüzə göstərməmişdi.
Əri Hüseyn də Ruhiyyəni Misir köləliyinə
bərabər olan bədbəxtliklərdən xilas edib, bu
azadlığa çıxmış qızı Kanaana bərabər
olan bir xoşbəxtlik diyarına, Allahın ona məsləhət
gördüyü vəd olunan torpağa gətirib
çıxarmışdı. Lakin tale onu, bu xoşbəxtliyə
şahid olmaq imkanına sahib olmaq üçün seçsə
də, sonra bu nəciblik simvolu onu tək qoyub, dünyadan
köçdü.
Əgər
Allahın sevimli peyğəmbərləri Moisey, İisus, Məhəmməd
dünyanı tərk etmişdilərsə, adi öləri adam olan Hüseyn də bu dünyadan
köçməli idi. Moisey bütöv bir
xalqı Allahın iradəsi ilə köləlikdən
çıxardığı halda, Hüseyn yalnız bir bədbəxt
qızı iyrənc həyatın caynaqlarından və
ehtiyacın əsarətindən azad etmişdi.
Əgər Allah öz peyğəmbərlərinə əbədi
həyat, ölməzlik verməmişdisə, onda adi insan olan
Hüseynə necə fövqəlbəşər xüsusiyyəti
verə bilərdi. Heç Utnapiştim də Urukun və
Şumerin əsasını qoyan Qilqameşə də ölməzlik
deyil, yalnız uzun ömürə çatmaq vasitəsi
sirrini demişdi. Ona görə də şikayətlənmək,
narazı qalmaq, ağılsızlığın nişanəsi
kimi Allahdan incimək kimi başa düşülərdi, Ruhiyyə
isə hətta ən ağır vaxtlarında belə Allaha
olan inancını itirməmişdi, həmişə
yalvarıb, dua etmişdi ki, Allah onu bu bataqlıq
dünyasından azad etsin və and içmişdi ki, Allaha sədaqətini
heç nəyə dəyişdirməyəcəkdir. Allah da onun səsini eşitdi və özünün
sədaqətli xidmətçiləri olan Yusif müəllimi,
Südabə xanımı, nəhayət, Hüseyni onu xilas
etməyə göndərdi. Onlar da
Allahın hökmünə vicdanla əməl etdilər.
Ruhiyyə
redaktor qızdan mehribancısına ayrıldı, əlavə
etdi ki, bəlkə, mən bir qədər sərt
danışdım, ona görə üzr istəyirəm,
xahiş edirəm, direktorunuza da mənim lazımsız ifadələrimi
çatdırmayın, onun hisslərinə mən hörmətlə
yanaşıram və əslində, onun belə bir fikrə
düşməsi, vaxtında olmasa belə, məni öz
gözümdə ucaldır və tənhalıqda
qaldığım barədə məni əzən, əsəblərimi
gərginləşdirən fikirdən bir qədər
uzaqlaşdırır.
Nəşriyyatın
işçisi də ona razılığını bildirdi və
əlavə etdi ki, onu da qeyd etməliyəm ki, mən də
kişi olsaydım, sizə vurulardım, sizə qeyri-adi
münasibətimi izhar etmək də istəmirəm, qorxuram
ki, məni şairə Sapfonun şagirdi, Lesbos adasının
gənc sakinlərindən biri hesab etməyə
başlayarsınız.
Ruhiyyə
dedi:
- Sizin
münasibətiniz də məni ucaldır, sağlıq olsun,
sizin şəxsinizdə mən özümə yeni, ürəyimə
çox yatan bir rəfiqə tapdım və bu sözləri
xahiş edirəm, mənim özümə çox güvəndiyimin
əlaməti kimi qəbul etməyəsiniz.
Redaktor onu qucaqladı və bir-birini ağuşa basmaq
yalnız yaxınlıq nişanəsi sayılmalı idi.
Ruhiyyənin kefi açıldı, əhval-ruhiyyəsi
yaxşı idi. Evə qayıdıb içəri girəndə
Hamnetin, öz bacısı Aynurla birgə kitab oxuduğunu
görüb sevindi və oğluna müraciətlə dedi:
- Mənim
ağıllı balam, sənin ki, kitaba belə məhəbbətin
vardır, yəqin ki, sən bilikdə, intellektdə atanı
da ötüb keçəcəksən və bu, səni
canından artıq sevən anana ən qiymətli bir hədiyyə
olacaqdır.
Bu sözlərdən sonra o, oğlunu qucaqlayıb
öpdü və öz otağına keçdi. Sonra mətbəxdə nahar
etdikdən sonra, yataq otağında qoyduğu stolun arxasına
keçib, öz işinə - fars
yazıçısının bir romanının tərcüməsinə
başladı. Kitab sürrealist üslubda idi,
fantasmaqorik hadisələrlə dolu idi. Qadınların
azadlığının məhdudlaşdırılmasına
örtülü şəkildə narazılıq ifadə
olunur, alluziyalar cəmiyyətdə qadının rolunun zəiflədilməsinə
qarşı kəskin mənfi münasibəti bildirirdi.
Bununla əlaqədar olaraq Ruhiyyə öz ölkəsində
gedən bir proseslə də heç cür razılaşa
bilmirdi, İranda qadınlar hicabı atıb, ancaq çadra
örtməyə keçdikləri halda, hətta Səudiyyə
Ərəbistanıda qadınlar öz hüquqlarının bəzilərini
bərpa etdikləri halda, Azərbaycanda çarşab örtən
cavan qızlar və qadınların sayı son vaxtlar xeyli
artmışdır. Bəziləri hətta hicab
və niqab geyiminə keçmişdir. Qapqara,
yerlə sürünən və tozu süpürən paltarda
olan qadının, üzü tamam örtüldüyündən
ancaq gözlər görünürdü, yanındakı gəzdiyi
oğlan və ya əri isə tam müasir paltarda, yarımqol
köynəkdə olmaqla, müşayiət etdiyi həmin
cinslə tam kontrastda olduğunu göstərirdi.
İslam ölkələrində qadınlar, xüsusən
qızlar öz hüquqları uğrunda mübarizəyə,
feminizm hərəkatına qoşulduqları halda, bizimkilər
nəinki XIX əsrə, hətta orta əsrlərə
qayıtmağı məqbul sayırlar. Təəccüblüdür,
Bakının mərkəzi küçələrindən
birini indiyədək vaxtilə qoyulmuş
çadrasını atan "Azad qadın" heykəli bəzədiyi
halda, biz cəhalətlə bu vidalaşmanı unudub, yenidən
anaxronizmdən xəbər verən islamın sərt
qaydalarına qayıtmağa
çalışırıqmı? Xüsusən pis hal odur ki,
ali məktəb tələbələrinin
içərisində də hicab geyinənlərə rast gəlinir,
Hüseyngilin ərəb gəlini isə lap uşaqlığından
hicaba qarşı üsyana qalxmış və valideynləri
də çox dindar olmalarına baxmayaraq, onun polad iradəsi
qarşısında geri çəkilməyə məcbur
olmuşlar. Fatimə orta məktəbi və
universiteti ingilis dilində bitirmişdir, bu ədəb-ərkanlı
ərəb qızı ictimai həyatda özünü
müasir gənc kimi, əsl avropalı kimi aparır və
onun bu davranışı ona olan hörməti daha da
artırır.
Hamnet məktəbə,
Aynur isə
ərə gedir
Hamnetin altı yaşı olanda Ruhiyyə onu ingilis dilli
təmayüllü məktəbin birinci sinfinə qoydu. Son bir ildə
uşaq qonşuluqda yaşayan müəllimin köməkliyi
ilə bu dillə məşğul olmuş, artıq həmin
dildə danışmağı, yazmağı bilirdi.
Redyard Kiplinqin "Cəngəlliklər kitabı"nı oxuduqdan sonra onda ingilis bədii əsərlərinə
böyük maraq yaranmışdı. Bir ay
keçəndən sonra Ruhiyyə məktəbə gedib,
oğlunun sinif müəlliminin yanında oldu, Hamnetin
özünü necə aparması, dərsləri necə
qavraması ilə maraqlandı. Müəllimə dedi
ki, oğlunuzun davranışından, dərsə münasibətindən,
intizamlılığından çox razıyam. İngilis dilinə böyük marağı vardır
və hətta bəzi şeirləri əzbər deyə
bilir. Bu bir ay ərzində onun söz
ehtiyatı da xeyli böyümüşdür, yaşına
uyğun olmayan terminləri də başa düşür.
Londondakı Trafalqar meydanı, Milli Qalereya,
Vestminister və Müqəddəs Pavel kilsəsi barədə
uşaqlara kitablardan oxuduqlarını danışır.
O, admiral Nelsonu özünün kumiri sayır və onu
Napoleondan yüksək qiymətləndirir. Uşaqlara
sirr kimi onu da demişdi ki, orta məktəbi bitirdikdən sonra
İngiltərəyə gedəcək, təhsilini Oksford, ya
da Kembric universitetlərində davam etdirəcəldir. Bir sözlə, onun gələcəyinin parlaq
olacağına əminlik təlqin edən bir sıra amillər
mövcud idi, bircə çalışmaq lazımdır ki,
uğurları onu özündən razı salmasın,
uşaq məğrurluğu xəstəliyinə tutulmasın.
Partada birgə əyləşdiyi sinif
yoldaşı olan qızla da olduqca mehriban davranır, məktəbdən
gedəndə onlar əl-ələ tutub həyətdən
uzaqlaşırlar. Bu, yaxşı
haldır, indidən qızla dostluq etmək onu başqa cinsdən
olanlara hörmətlə yanaşmağı öyrədəcəkdir.
Ruhiyyə müəllimənin dediklərinə çox
sevindi, xahiş etdi ki, ona qarşı tələbkarlığı
azaltmayın, həm də hər uğuruna görə onu tərifləməyin. Bu, onun
xarakterini korlaya bilər. Müəllimə onun fikriylə
razılaşdı və dedi ki, hazırlığı
başqa yoldaşlarından yuxarı olduğunu hiss etdiyindən
bəzən onda lovğalanmaq meylləri nəzərə
çarpır, bunun vaxtında qarşısı alınmasa,
pis nəticələr verə bilər.
Ruhiyyə evə qayıdanda, bacısı Aynuru
üzü pörtmüş, həyəcanlı gördü. Sorğu-suala
tutduqda, qız bu gün tələbə dostunun ona
açdığı sirri danışdı. Onlar başqa qruplarda oxuyurdular, lakin bəzi vaxtlarda dərslərdən
sonra görüşür, yaxındakı parkda gəzişib,
söhbət edirdilər. Bu gün isə
oğlan onunla ciddi söhbət etmək istədiyini
bildirmişdi. Aynur maraqlandıqda, o
demişdi ki, biz münasibətlərimizi bir qədər rəsmiləşdirməliyik,
mənim rəqiblərim meydana çıxa bilər və bu,
bizim dostluğumuza zərbə vura bilər.
Aynur ondan
rəsmiləşmənin necə başa düşmək
lazım olduğu ilə maraqlandıqda, oğlan dedi ki, biz
nişanlanmalıyıq. Artıq atam-anam da bizim
münasibətlərimizdən halidir. Oğlan
kənd fermerinin oğlu idi, atası və anası əkinçiliklə
məşğul olur, qazancları elə böyük olmasa da,
oğlanlarına ayda xırda məbləğdə pul
göndərirdilər. Oğlan çox
ucuz paltar geyinirdi, lakin olduqca səliqə-sahmanlı idi.
Özü də ciddi xasiyyətə malik idi,
yüngül hərəkətləri sevmirdi, hətta Aynur bərkdən
güləndə, ona narazı qaldığını
bildirirdi. Qız fikirləşirdi ki, əgər
onun belə sərt xasiyyəti vardırsa, evləndikdən
sonra ailədə özünü görən necə
aparacaqdır? Qaşqabaqlı adamlarla
oturub durmaq da çətindir, onlar addımbaşı irad
tutur, xüsusən əsəbi olanda hirslərini öz
arvadının üstünə tökməyə
çalışırlar. Onu sevən
oğlan İlqar da deyib-gülən deyildi, özünü
yaşlı kişilər kimi aparırdı.
Aynur
bunları fikirləşdikdən sonra dedi:
- İlqar, hələ tez deyilmi? Biz bir-birimizi o qədər
də yaxşı tanımırıq. Vaxt
lazımdır ki, mən səni, sən də məni hərtərəfli,
yaxşı öyrənə bilək. Axı
evlənmək o qədər də sadə məsələ
deyildir, onu həll edəndə tələsmək heç də
fayda vermir. Ona görə də səbirli
olmaq lazımdır.
Oğlan
Aynurun sözlərindən inciyən kimi oldu, lakin bunu seyr
etdirməməyə çalışdı:
- Mən səni yaxşı tanımasam, bu təklifi etməzdim. Güman edirəm ki, sənin də məni daha çox tanımağın üçün əlavə bir vaxta ehtiyacın yoxdur. Mən atama zəng edib, elçi gəlmək gününü deməliyəm. Sən də böyük bacına de ki, onun xəbəri olsun, bu o demək deyildir ki, o, "hə" alınmasına ciddi hazırlıq görsün. Qısa söhbət olacaq, sənin barmağına üzük taxılacaq və bununla da bizim ilk şadlıq mərasimimiz başa çatacaqdır. Aynur İlqarın belə qətiyyətli danışığına təəccüb qalmışdı və təklifin qəfləti olması da onu çaşdırmışdı. Bu cavan və təcrübəsiz qız İlqarın ona vurulduğunu bir qədər əvvəl hiss etmişdi, lakin ağlına da gətirmirdi ki, bu, rəsmi möhürlənmə xarakteri alacaq və o, tezliklə ərə getməli olacaqdır. Çox savadlı müəlliminin sözləri yadına düşdü: "Hər bir qadın öz daha çox olan gözəlliyinin bir dövrünə malikdir, bu vaxt o, tam çiçək açır". Aynur özünün belə tez çiçəkləndiyinə inanmırdı, lakin İlqarın israrı da bu barədə ona nəsə deyirdi. Hər bir qız üçün bundan böyük xoşbəxtlik ola bilərdimi?
Onu fikir götürmüşdü, bunu bacısına necə çatdıracaqdı? Ruhiyyə matəm içində olduğu halda, kiçik bacısı isə nikah prosesinə başlamaq haqqında fikirləşir. Yəqin ki, o, narazı qalacaqdır.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 29 yanvar.- S.22.