Böyüklərdən uzaq uşaq şeiri  

 

Son günlər Azərbaycan Yazıçılarının növbəti qurultayı öncəsi, uşaq ədəbiyyatından edəcəyim məruzə ilə bağlı dövri mətbuata, kitablara, internet saytlarına sosial şəbəkələrə nəzər yetirir, oxuyur qeydlər edirəm. Bir neçə gün öncə həm böyüklər, həm uşaqlar üçün maraqlı şeirlər yazan Rəfiqə Abbasovanın şeirləri qarşıma çıxdı, istər-istəməz şeirlərdəki bədii lövhələr, orijinal uşaq düşüncəsi diqqətimi çəkdi.

 

Mənə elə gəlir ki, ən yaxşı şeir yazmağın yolu uşaq düşüncələrindən keçir. Uşaq baxışlarında, təfəkküründə dünya həmişə təmizdir, həm sadəlövh, həm müxtəlif çalarlarla, rənglərlə zəngindir. Uşaqlar dünyanı necə görmək istəyirlərsə, ədəbiyyat da bu istiqamətdə dünya arzulayır. Şair düşüncəsi ilə uşaq düşüncəsinin uyarlığı nəticədə ən yaxşı uşaq şeirinə gətirib çıxarır.

 

Rəfiqə Abbasovanın uşaq şeirləri imkan verir ki, uşaqların dili, nitqi, oyunları, oyuncaqları haqqında düşünə biləsən. Elə uşaq şeirləri var ki, bunu sənə imkan vermir, oxuyursan, sonra kitabı qatlayırsan, daha səndə heç qalmır. Yaddaşında on gün, lap bir saat sonra üçün yaşayacaq heç bir təssürat yaratmır.

 

Aynur eyvana çıxıb

 

Gördü, su var ləyəndə.

 

Ayın şəklini gördü,

 

O, başını əyəndə.

 

Rəfiqə Abbasovanın misal gətirdiyimiz yuxarıdakı şerində nəsihətçilik var, didaktika. Sadəcə uşağın özünün tapdığı bir tablo göz önündədir. Ayrı vaxtlarda da ləyəndə ay varıydı, amma heç kəsin ağlına gəlməmişdi ki, ayı bu cür salamlasın. Göydəkilərin yerdə əksini axtarmaq, təzahürünü görmək, onu maddiləşdirmək şeir üçün elə asan bir deyil. Burda şairin fantaziyası lazımdır. Belə duyğularla düşünəndə uşaq da elə şair deyilmi? Həmin anda ya uşaq şair olubmuş, ya da şair uşağa dönübmüş. Uşaq şeirinin yaranma texnologiyası belədir.

 

 

 

Uşaq şeirlərinə görə ilk Dövlət Mükafatı laureatı Məstan Günər şeirlərinin birində deyir ki, "Otların üstündə ay çıxıb dizə". Bu misranın içindəki sujet, an, vəziyyət elmi fantaziya poetik düşüncə ilə birləşərək assosiasiya yaradır. Yəni ayın işığı gecə şehli çəmənlərə düşəndə bərq vurur ordan da işıq sintezi insanın dizinə çıxır, daha doğrusu, düşür. Belə çıxır ki, ay göydə ola-ola, yerdə doğulur, onun bolluğu yerdə dizə qədərdi. Artıq bu təfəkkür məsələsidir, özü bir misranın sujet xətti uzun bir şeirin kompozisiyası qədər insana - oxucuya informasiya ötürür. İndi həmin çəmənlikdəki ay ləyənin içindədir.

 

Gördü göyün üzündə,

 

Ay da var, ulduz da var.

 

Soruşdu bəs ləyənə,

 

Necə yerləşib onlar?

 

 

 

Suyu dalğalandırdı,

 

Əzik-üzük oldu ay.

 

Başladı ağlamağa,

 

Yamanca saldı haray.

 

Heyrət olan yerdə hər şey gözəldir, ən böyük sənət əsərləri heyrətdən doğulur. Ayın birini göydə, ikincisini ləyəndə görən uşaq gözlərinə inanmır, əli ilə ləyəndəki suyu dalğalandırır özünün təbrincə desək, ay əzik-üzük olur.

 

Rəfiqə xanımın şeirlərində uşaqların dünyası var, onlar həyatı gördükləri, hiss etdikləri kimi yaşayırlar. Kənardan uşaqlara müdaxilə yoxdur, əgər uşaq dünyasına müdaxilə olursa, onda uşaq şeirləri böyüklər üçün şeirlərə çevrilir. Artıq burda böyüklərin əli var. Əslində uşaq şeirlərində uşaqları böyük kimi danışdırmaq olmaz, qoy uşaq səhv etsin, amma özününkü olsun. Başqasından asanlıqla öyrənməkdənsə, səhv etməklə öyrənilən daha düzgündür heç vaxt yaddan çıxmayandır. "Lalə" şeirinə baxaq:

 

Soruşur lalələri,

 

Bura niyə əkiblər?

 

Sanki dağın döşünə,

 

Gözəl şəkil çəkiblər.

 

Tamamilə doğrudur, uşaq dağ döşündəki lalələri şəkil kim görə bilər, bu, təbiidir özü gözəl düşüncədir. Amma burda böyüklərin yenə "əli işi" var, uşaq bilməməliydi ki, gülü əkirlər, onu şəkil kimi görsəydi, əla şeir olardı. Uşaq düşüncəsi ilə başlayan bu şeirin sonuncu bəndi böyüklərin "əli"ylə yaralanır, nəticədə böyük şeirinə çevrilir, təəssüf:

 

Lalələrin ləçəyi,

 

Qırmızıdır, qaradır.

 

Özü rəssam təbiət,

 

Xarüqələr yaradır.

 

Rəfiqə xanımın şeirləri inkişaf edir, "Lalə" şeirindəki düşüncə növbəti "Tikan" şeirində daha kamil bir anlama gəlir.

 

Deyək bağban babaya,

 

Tikanlı gül əkməsin.

 

Gül şəklini kim çəksə,

 

Tikanını çəkməsin.

 

Artıq bu, gözəl bir uşaq şeiridir, burda böyüklərin əli yoxdur, əsas fikir uşağın öz düşüncəsinin məhsuludur.

 

Bu gün uşaq ədəbiyyatının ən böyük problemi uşaqları böyük kimi danışdırmaq, onlardan yalançı, pafoslu obrazlar düzəltməkdir. Rəfiqə xanımın şeirləri belə didaktikadan yüz ağac uzaqdır. Onun "Külək" şeirinə fikir verin:

 

Külək qumu sovurub,

 

Atır mənim gözümə.

 

Oynamıram onunla,

 

Çünki baxmır sözümə.

 

Uşaq küləklə oynamaq istəmir, çünki qumu gözünə sovurur. Burda külək şəxsləndirilir, fərd kimi göstərilir. İndiyə kimi küləyi uşaq öz dostu bilirdi, onunla oynayır, deyib-gülürdü.

 

Külək məsələsi ailəmizdə illər öncə baş verən maraqlı bir hadisəni yadıma saldı. Bir səhər gördüm ki, balaca oğlum stulun ayaqlarını yumruqla döyəcləyir, səbəbini soruşanda qayıdasan ki, o, məni vuranda yaxşıdır, ayağını göstərərək: - bax, ata, görmürsən ayağımı əzib - dedi. Halbuki stula da toxunan oğlum idi, amma elə başa düşür ki, stul da onu vura bilir doğrudan da, vurub. Bu hadisənin sonunda böyüklərin - yəni mənim - didaktikası gəlməliydi: "Ay oğlum, danışırsan, bu, stuldu, o, səni vura bilməz. Stul bizə xidmət edir, onun üstündə rahat oturub dincəlirik sair". Əgər bu hadisənin əvvəlini mən şeir kimi yazsaydım, yaxşı bir şeir ola bilərdi, amma sonundakı didaktikanın gəlişi həmin şeiri məhv edəcəkdi.

 

Kəpənək özü,

 

Bəzəkli, göyçək.

 

Sanki çiçəyə,

 

Qonmuşdu çiçək.

 

Rəfiqə xanımın yuxarıdakı şeiri çox maraqlıdı, uşaq belə düşünə bilər, təbiidir. Amma şair öz fikrində həmişə belə qalmamalıdır, düşüncəsini daha da inkişaf etdirməlidir. Yəni ondan qabaqda gedən uşağın daxili dünyasına çatmalıdır. Əlbəttə, bu, çətindir. Çünki yaxşı uşaq şeiri yazmaqdan ötrü anadan uşaq şairi kimi doğulmaq lazımdır. Məncə, Rəfiqə xanıma belə xoşbəxtlk nəsib olub.

 

Böyük Nəsimi deyirdi ki, "Dünya duracaq yer deyil, ey can, səfər eylə". Necə ki, arı çiçəkdən - çiçəyə qonduğu kimi, şairin fikri mənadan - mənaya uçmalı, daha yenilərini tapmalıdır. Yuxarıdakı şeirlərdən keçərək, bu da sonda gəlinən nəticə:

 

Canavar indi gəlsə,

 

Mən onda neyləyəcəm.

 

Axı o deməyib ki,

 

Fuadı yeməyəcəm.

 

Fuad canavarın söz verib verməməyinin və veribsə, sözünün üstündə durub-durmamağını düşünür. Düzdüşünür, haqlıdı. Ona görə narahatdı ki, çünki canavar Fuadı yeməməyinə söz verməyib,

 

Fuadın təşvişi üzərindən baxsaq, görərik ki, dünya bu sözə söykənib yaşayır. Bu söz olmasa, ölkələr yanaşı yaşaya bilməz. Adamlar bir-birini məhv edər. Dünya uçular, dağılar. Yəni bu mənada, bəlkə də elə torpaq ağaclaravaxta söz verib ki, heç vaxt ayağının altından qaçmayacaq. Dənizlər, okeanlar söz verib ki, daşımayacam, balıqlarımı düzlərə tökməyəcəm. Eləcə də Fuad canavarın razılığını almayıb, onu yeməməyi haqqında bir söz-filan deməyib. Təbii bu uşaq düşüncəsi, geniş dünya anlamına gəlir.

 

Rəfiqə xanımın "Çiçəkli rəqəmlər" silsilə şeirləri də həm məntiqi etibarı ilə, həm də görünüş estetikası ilə, çiçəklərin ləçəklərinin müəyyən rəqəmlərə bənzəyişi ilə diqqət çəkir. Uşaq tapmacaları da yeniliyi, orijinallığı, uşaq məntiqinə uyğun olaraq, onların zehnini möhkəmləndirmək baxımından vacibdir.

 

Rəfiqə xanım uşaq şeirlərində böyük düşüncələrinə yer qoymayıb. Burdavarsa, uşaqlar öz gözləri ilə görür, təəccüblənir, ağlayır, gülür və heyrətlənir. Bu da uşaq şeirimizin onurğasını təşkil edən bir stimuldur. Bu stimulu yaratdığına və uşaq şeirimizi inkişaf etdirdiyinə görə Rəfiqə xanıma "çox sağ olsun" deyirəm, ona yeni - yeni yaradıcılıq uğurları arzulayıram.

 

 

Qəşəm NƏCƏFZADƏ

Əməkdar mədəniyyət işçisi

 

525-ci qəzet.- 2022.- 29 yanvar.- S.18.