Kanadada azərbaycanlı məşqçiyə
böyük etimad
Elnur Qəmbərov: "Vətənə qayıtmağa
həmişə hazıram"
Futzal üzrə Azərbaycan millisinin sabiq üzvü Elnur Qəmbərov artıq bir neçə ildir Kanadada yaşayır. Təxminən 4 il əvvəl okeanın o tayına üz tutan həmyerlimiz bu günlərdə Kanadanın 13, 15 və 17 yaşadək oğlanlardan və qadınlardan ibarət əsas millisinin baş məşqçisi təyin edilib. Qısa müddət ərzində kanadalıların etimadını qazanan gənc məşqçi ilə söhbətimizə idmana gəlişindən başladıq.
***
"İDMANÇI AİLƏSİNDƏ DÜNYAYA GƏLMİŞƏM"
"Bakıda anadan olmuşam. İdmançı ailəsində dünyaya gəldiyimi söyləmək olar. Bacım Vəfa Qəmbərova peşəkar səviyyədə dama ilə məşğul olub. Bu gün qədər də qadınlar arasında ən çox Azərbaycan çempionu olan idmançıdır. Böyük qardaşlarım da futbolçu olublar. Özü də məndən güclü. Ailəmizin böyük oğlu olan İlham Qəmbərovu Azərbaycan futbolunda hamı tanıyıb. Ləqəbi "Torpedo" idi. SSRİ çempionatında da çıxış edib. Ölkəmiz müstəqillik qazandıqdan sonra "Neftçi"nin heyətində ilk mövsümdə Azərbaycan çempionu olub. Ölkəmizin milli komandasının da formasını geyib. Rusiyada "Anji"nin, İranda "İsfahan"ın heyətində legioner həyatı yaşayıb. Təəssüf ki, ağır yol qəzasında rəhmətə getdi. İkinci qardaşım Vüqar da futbolçu olub. O da bir müddət "Neftçi"də, daha sonra "Bakı fəhləsi" komandasında çıxış edib. Bir görüşdə millinin formasını geyib. Həyat yoldaşım bədii gimnastika üzrə əməkdar məşqçidir, beynəlxalq dərəcəli hakimdir. Özümə gəldikdə isə uşaqlıqda Kazbek Tuayevin rəhbərliyi altında futbola başlamışam. Daha sonra qardaşlarım kimi, mənə də "Neftçi"də çıxış etmək qismət oldu. Flaqmanla ölkə çempionu oldum. Daha sonra "Şəfa", "Şəmkir", "Xəzər Lənkəran"da çıxış etdim. 2004-cü ildə peşəkar futbolla vidalaşdım".
Böyük futbolu futzala dəyişən Elnur Qəmbərovun karyerası burada daha uğurlu alınıb: "Futzalda ilk klubum "Gömrükçü" olub. Bu komandanın heyətində ilk mövsümdə Azərbaycan kubokunu qazandıq. Daha sonra "Araz Naxçıvan"a keçdim. 7 il bu klubun şərəfini qorudum. Dəfələrlə ölkə çempionu olduq, kuboku qazandıq. 8 il Azərbaycan milli komandasının şərəfini qorudum".
2014-cü ildə məşqçiliyə başlayan həmsöhbətimiz qısa zamanda adını Azərbaycan futzalına yazdırmağı bacarıb: "2014-cü ildə "Xəzər adaları" klubu yaradıldı. Komandanı sıfırdan yığdıq. İlk mövsüm birinci liqada çıxış etdik və çempion olduq. Növbəti mövsüm yüksək liqada mübarizə apardıq və burada da qızıl medal qazandıq. Çox yaxşı komanda formalaşdırmışdıq. 2 il ərzində "Xəzər adaları" cəmi 1 oyunda uduzdu. Bu günə qədər Azərbaycan futzalında heç bir komanda ardıcıl iki mövsüm - həm birinci, həm də yüksək liqada çempion olmayıb. Qazandığım nəticələrə görə Azərbaycanda ilin məşqçisi seçildim".
Ölkə daxilində rəqiblərini üstələyən "Xəzər adaları" Elnur Qəmbərovun rəhbərliyi altında ölkəmizi UEFA Kubokunda təmsil etmək hüququ qazanıb. Lakin məsul yarışın startına az qalmış yayılan xəbər hər kəs üçün gözlənilməz olub: "Həmin günləri xatırlamaq heç də xoş deyil. Ölkə daxilində ardıcıl 2 il çempion olduqdan sonra Azərbaycanı Avropada təmsil etməyə hazırlaşırdıq. Komandanı daha da gücləndirməyə çalışdığımız bir vaxtda problem yarandı. Sponsor komandaya daha maliyyə yardımı ayırmayacağını bildirdi. Nəticədə komandamız dağıldı. AFFA, Futzal federasiyası ilə apardığımız danışıqlar nəticəsiz qaldı. Onlar da çalışsalar da, yeni sponsor tapılmadı. Beləcə, "Xəzər adaları" tarixin yaddaşına köçdü".
"AZƏRBAYCANI TƏRK ETMƏYƏ MƏCBUR QALDIM"
Sıfırdan qurduğu kollektiv dağılsa da, bu, gənc məşqçini ruhdan salmır. O, biliklərini artırmaq üçün məşqçi kurslarına qatılır, Avropa klublarının iş prinsipi ilə tanış olur: "Şəxsi əlaqələrim sayəsində Avropa futzalında söz sahibi olan "Barselona", Moskva "Dinamo"su kimi klubların düşərgəsinə yollandım. Bir həftə İspaniyada, iki həftə Rusiyada qaldım. Həmin komandaların hazırlıq prosesləri, məşqləri, taktiki, texniki çalışmaları ilə yaxından tanış oldum. Gənc məşqçi üçün bu cür təcrübə əvəzsizdir. Daha sonra Qazaxıstana üz tutdum. Bildiyiniz kimi, bu ölkədə futzal son 10 ildə çox inkişaf edib. "Kayrat" klubu bu gün Avropanın aparıcı kollektivlərindəndir. Vaxtı ilə ölkəmizdə çıxış etmiş Kakaunun vasitəsi ilə "Kayrat"ın düşərgəsində oldum. Qazaxıstanda futzal üçün yaradılan şərait fantastikdir".
Bütün bunlara baxmayaraq, Elnur Qəmbərova Azərbaycan futzalında iş tapılmır: "Azərbaycan futzalına xidmət etmək üçün çox çalışdım. Təəssüf ki, heç bir klub xidmətimdə maraqlı olmadı. Belədə vətəni tərk etmək məcburiyyətində qaldım. Həmin vaxt həyat yoldaşıma Kanadadan təklif gəldi və ailəlikcə bura köçdük, Toronto şəhərinə. Öyrəndim ki, şəhərdə eyniadlı futzal komandası fəaliyyət göstərir. Komanda ilə tanışlıq yaratdım və 38 yaşımda oyunçu karyeramı bərpa etdim. Düzdür, bir neçə ildir işsiz qaldığım üçün artıq çəkim yaranmışdı. Lakin qısa müddət sonra hər şey qaydasına düşdü. Bir mövsüm "Toronto"da çıxış etdim, ikinci yeri tutduq. Ardınca klubun aşağı yaş qrupları üzrə komandasında məşqçi kimi fəaliyyətə başladım".
"VƏTƏNDƏ UNUDULMAMAQ, BU QƏDƏR TƏBRİK ALMAQ ÇOX XOŞDUR"
Qısa müddət ərzində Qəmbərov "Toronto"nun uşaq komandasındakı fəaliyyəti ilə seçilib. Buna görə də bir neçə gün əvvəl futzal federasiyasından eyni zamanda ölkənin 4 milli komandasını çalışdırmaq təklifi alıb: "Kanada Futzal Federasiyasının prezidenti ilə tanışlığım yaranmışdı. Eşitmişdim ki, xidmətimdə maraqlıdırlar. Bir neçə gün əvvəl təsadüfi görüşdük. Federasiya prezidenti oğlanlardan ibarət U-13, U-15, U-17 və qadınlardan ibarət komandanı çalışdırmağı təklif etdi və mən də qəbul etdim. Kanadada futzal Avropadakı qədər inkişaf etməyib. Son illər həvəskar səviyyədən peşəkar səviyyəyə keçilir. Buna görə də Kanadada futzal Azərbaycandan çox geri qalır. Lakin perspektiv var. Çünki Kanada miqrantlar ölkəsidi. Burada hər ölkədən nümayəndə var. Xüsusən, Braziliya, Argentina, İspaniya, Portuqaliyadan olan çox perspektivli uşaqlar var ki, onları inkişaf etdirib, gələcəkdə böyük uğurlar qazanmaq mümkündür. Rəhbərliyim altında U-13 komandasında çıxış edən azərbaycanlı uşaq da var. Adı Kənandı, komanda yoldaşlarından 2 yaş kiçik olsa da, çox bacarıqlıdır. Təbii ki, işimiz çətindir. Əsas problemlərdən biri şəhərlər arasındakı məsafənin uzaq olmasıdır. Lakin heç bir çətinlik məni qorxutmur. İşləməyə, özümü göstərməyə hər zaman hazıram".
Təyinatından sonrakı günlər ərzində həmyerlimiz xeyli təbrik alıb: "Təyinatımla bağlı xəbər çıxdıqdan sonra dünyanın müxtəlif ölkələrində yaşayan dostlardan xeyli təbrik aldım. Təbii ki, bu, sevindiricidir. Azərbaycandan da çox adam zəng vurdu, təbrik etdi. AFFA-dan, Futzal Federasiyasından da əlaqə saxladılar. Jurnalistlər maraqlanırlar, təbrik edirlər. Əlbəttə, bütün bunlar çox xoşdur".
"Azərbaycan hansısa məşqçini Kanadaya dəvət etmək fikriniz varmı" sualını Qəmbərov belə cavablandırıb: "Maliyyə baxımından burda futzala böyük vəsait ayrılmır. Konkret rəqəm deməyim düz çıxmaz. Amma təxmini söyləyim ki, buradakı qazanc Azərbaycandakından 2 dəfə azdır. Amma mən heç vaxt pul söhbəti etməmişəm. İstər oyunçu kimi, istər məşqçi kimi. Nə təklif olunubsa, razı olmuşam. Mənim üçün maliyyə birinci sırada durmur. Amma maliyyə vəziyyəti çox da yüksək olmadığı üçün Azərbaycandan məşqçi dəvət etmək asan deyil. Bununla belə, bir nəfər götürmək istəyirəm. Ad çəkməyim, amma nəzərimdə 1 məşqçi var. Rəsmi müqavilə imzalandıqdan sonra bu barədə federasiya rəhbərliyi ilə söhbətimiz olacaq".
"OĞLUM "ŞAXTYOR"UN DÜŞƏRGƏSİNƏ YOLLANMALI İDİ"
Maraqlıdır, idmançı ailəsində dünyaya gələn, özü və xanımı idmançı olan Elnur bəyin övladları arasında yolunu davam etdirən varmı? "Oğlum futbolla peşəkar səviyyədə məşğul olur. Yayda Donetsk "Şaxtyor"unun düşərgəsinə yollanmalı idi. Həmin vaxt bu məsələ ilə bağlı AFFA-dan mənimlə əlaqə saxladılar. Texniki departamentin rəhbəri Cahangir Həsənzadə ilə danışdım. Oğlumun gələcək inkişafında maraqlı olduqlarını, hər bir köməklik göstərməyə hazır olduqlarını dedi. AFFA-nın övladıma diqqət göstərməsi məni çox sevindirdi".
Yayda qısa müddətlik Bakıya gələcəyini deyən müsahibimiz hər zaman vətəndə işləməyə hazırdır: "Daha əvvəl də demişəm. Mən hər zaman öz sahəmdə vətənimə xidmət etməyə hazıram. Təklif olsa, düşünmədən qəbul edərəm. Bayaq da dediyim kimi, karyeram ərzində heç vaxt heç kimlə pul söhbəti etməmişəm. Futzal Federasiyasının prezidenti Zaur Axundov da məni yaxşı tanıyır. Burada şərait nə qədər yaxşı olsa da, doğma vətənin yerini heç nə verə bilməz. Azərbaycan üçün darıxıram. Pandemiya ilə bağlı vəziyyət pisləşməsə, hər hansı problem çıxmasa, artıq bilet sifariş etmişəm, iyunda qısa müddətlik Bakıya gələcəm".
"İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏ AZƏRBAYCANIN HAQQ SƏSİNİ DÜNYAYA ÇATDIRMAĞA ÇALIŞIRDIQ"
Vikipediyaya inansaq, Kanadada 275 min nəfər azərbaycanlı yaşayır - onlardan 100 min nəfəri İran azərbaycanlıları, 50 min nəfəri Kanadada anadan olmuş azərbaycanlılar, təqribən 125 min nəfəri isə başqa ölkələrdən gəlmiş azərbaycanlılardır. Elnur bəy konkret rəqəm söyləməyə çətinlik çəksə də, bildirib ki, vətəndən kənarda yaşamalarına baxmayaraq, onlar da Azərbaycanın haqq səsini hər zaman dünyaya çatdırmağa çalışırlar: "2020-ci ildə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarix yazdı. Torpaqlarımızın erməni işğalından azad olması hər birimizi çox sevindirdi. Müharibə dövründə biz də Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışırdıq. Bir tərəfdən tanışlığım olan məşhur, dünya səviyyəli futzalçılardan "Qarabağ Azərbaycandır" şüarını paylaşmağı xahiş edirdim. Digər tərəfdən isə bir neçə dəfə Torontonun mərkəzi yerlərində yığışıb Azərbaycan lehinə şüarlar səsləndirir, haqq davamızla bağlı kanadalılarda düzgün fikir formalaşdırmağa, Qarabağ həqiqətlərini dünyaya çatdırmağa çalışırdıq. Çox şükür ki, 44 günlük savaşın sonunda istəyimizə çatdıq. Ümid edirəm, vətənimizə növbəti səfərlərimizdə işğaldan azad edilmiş Qarabağı görmək, gəzmək bizə də qismət olacaq".
İbrahim CƏFƏROV
525-ci qəzet.- 2022.- 29 yanvar.- S.21.