100-ə nə qaldı...  

 

2021-ci il başa çatdı. 365 gün arxada qaldı; 365 gün. Böyük şairimiz Rəsul Rzanın gözəl bir poeması var, o yadıma düşdü: "Bir gün də insan ömrüdür". Bəli, bir gün də... Hətta bir saat da... O baxır o gün, o saat necə yaşanıb?!. Xalq arasında "Allahım, bu günü ömrümə yazma" deyimi nahaqdan yaranmayıb. İnsanın həyatında elə günlər olur ki, onları ömrə yazmağa adamın əli gəlmir; ya çox ağır, əzablı, məşəqqətli günlərdir bunlar; qəzavü-qədər, təbii fəlakətlər, xəstəliklər və s. səbəbindən, ya da boş, mənasız keçmiş günlərdir. Bunlar isə əsla ömrə yazılası deyil. Ötən ilin 365 gününün, deyərdim ki, hamısı ölkəmiz üçün, ümumən xalqımız üçün çox mənalı və dolğun keçdi. Heç şübhəsiz, bu günlərin başında 2020-ci ildə cəmi 44 gün davam edən və erməni faşistləri üzərində parlaq qələbəmizlə bitən 2-ci Qarabağ müharibəsinin ildönümünə həsr olunmuş təntənələrdir. Mən həyatım boyu xalqımızın bütün təbəqələrindən olan insanların belə sevincli günlərini görməmişdim. Noyabrın 8-də gecə yarıdan keçmiş saysız-hesabsız maşınlar siqnal verə-verə küçələrə çıxmışdı. On minlərlə insan, əllərində üçrəngli Azərbaycan bayrağı, qələbə nidaları ilə meydanlara axışmışdı; çalan kim, oynayan kim. Bu toy-bayram gecədən xeyli keçmişə qədər səngimədi. Səhəri də bütün günü təntənə davam etdi. Eyni sevinc hissi əyalətlərdə - şəhərlərdə, rayon mərkəzlərində, kəndlərdə də yaşandı. Ötən ilin sevindirici hadisələri kütləvi informasiya vasitələrində günbəgün geniş işıqlandırılıb. İqtisadiyyatda, kənd təsərrüfatında, ordu quruculuğunda, tikintidə, yolçəkmədəki yeniliklər barədə kifayət qədər yazılıb və televiziya kanalları vasitəsilə ətraflı şərh olunub. Mədəni həyatımızla bağlı keçirilmiş tədbirlər də hamıya yaxşı bəllidir. Xüsusən, Şuşada may ayının əvvəllərində təşkil olunmuş və dünyaya yayımlanan "Xarıbülbül" musiqi festivalı və avqustda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin erməni vandalları tərəfindən dağıdılmış məqbərəsinin bərpadan sonra aşılışı ilə eyni vaxtda keçirilmiş Vaqif Poeziya Günləri ötən ilin unudulmaz hadisələrindəndir. Siyahını xeyli uzatmaq da olar. Lakin mən Prezident İlham Əliyevin sərəncamı ilə ilboyu (2021) davam edən Nizami Gəncəvi günlərini xatırlatmaqla kifayətlənmək istəyirəm. Azərbaycanda bu miqyasda, bu səviyyədə ədəbiyyat bayramını çoxdandır ki, görmürdüm; Azərbaycan torpağının dünyaya verdiyi dahi şairimizin adına layiq bir yubiley idi. Ötən ilin arxada qalmış günlərindən danışanda günümüzün lideri İlham Əliyevin ölkəmizin sabahı naminə, daha qüdrətli bir dövlətə çevrilməsi yolunda hər bir azərbaycanlıya nümunə ola biləcək vətəndaş fəallığını, Vətən sevgisini ayrıca qeyd etmək istəyirəm. O, yorulmadan millətin hər bir oğluna, hər bir qızına varlığımızın, qüdrətimizin həmrəylikdə, birlikdə olduğunu çatdırmağa çalışır. Çünki bunu hələ də anlamayan nacinslər var aramızda; düşmənlərin onlara verdikləri tulapayı əvəzində bizim uğurlara kölgə salmaqçün hər cür alçaqlığa gedir, böhtanlar atır, dövlətimizi, Prezidenti, onun ailəsini təhqir etməkdən belə çəkinmirlər. Belələri erməni daşnaklarının dəyirmanına su tökürlər. Onlar insani sifətləri itirmiş tərbiyəsiz, əxlaqsızdırlar. Satqındırlar!..

 

2021-ci il "Azərbaycan" jurnalı üçün də uğurlu oldu. Jurnal Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş "Nizami söhbətləri" adlı xüsusi layihə çərçivəsində ilboyu yazılar verməyi qabaqcadan planlaşdırmışdı. Layihəyə əsasən, gənc yazıçı Fərid Hüseyn ölkəmizin alim və yazıçıları ilə Nizami yaradıcılığının ən müxtəlif aspektləri ətrafında söhbətlər aparmalı və biz də bu söhbətləri nömrədən-nömrəyə çap etməliydik. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, layihəni ürəyimizcə həyata keçirə bildik. Bu söhbətlər şairin əsərlərinə, onun ədəbi, fəlsəfi görüşlərinə, dünya və həyat barədə müdrik fikirlərinə XXI əsrdən salınmış bir nəzər oldu. Biz bununla, təbii ki, kifayətlənmirdik, eyni sayda səhifələrimizdə müxtəlif nəsilləri təmsil edən nizamişünas alimlərin, eləcə də ədəbiyyat elminin başqa sahələrində çalışan ədəbiyyatşünasların məqalələrinə də məmnuniyyətlə yer verirdik. Və nəhayət, “Nizami Gəncəvi ili”nin yekunu olaraq, jurnalın 12-ci nömrəsini böyük şairin həyat və yaradıcılığına həsr etdik. Əlbəttə, bu əsla o demək deyildir ki, “Nizami ili” bitir və Nizamiyə maraq da bununla qurtarır. Klassiklərə belə mövsümi münasibət qətiyyən qəbuledilməzdir. Mənim şəxsi müşahidələrimə və redaksiyamıza olunan çoxsaylı müraciətlərə əsaslanaraq deyə bilərəm ki, 850 ildən bəri həmişə gündəmdə olan Nizami yaradıcılığına maraq gündən-günə artmaqdadır. Və biz də Nizami mövzusuna həmişə açığıq. Ötən 2021-ci ildə də "Azərbaycan" jurnalı uzun illər redaksiyada çalışan görkəmli ziyalılarımızın, o cümlədən, tanınmış yazıçılarımızın bilik, təcrübə və peşəkarlıqları sayəsində formalaşmış ənənələrə sadiq qalmış, hər əsən küləyin istiqamətinə (səmtinə) üz çevirməmiş, gündə bir havaya qol qaldırıb oynamamışdır... Bəzən özlərini geniş məlumatlı, dünya ədəbiyyatından xəbərdar (bir xarici dil bilməmələrinə, dünya xalqları ədəbiyyatından bircəsinə belə mükəmməl bələd olmamalarına baxmayaraq) ultramüasir zövq sahibləri kimi göstərməyə çalışan yarımçıqlar jurnalımızı mühafizəkarlıqda qınayırlar. Bəli, biz milli - ədəbi-bədii dəyərlərimizə ağız büzüləndə mühafizəkarıq. Biz Azərbaycan ədəbiyyatına, onun çox mühüm bir dövrünə arxa çevriləndə, siyasi basqılara baxmayaraq, xalqımızda milli ruhu qoruyub yaşatmaqçün çox böyük işlər görmüş yazıçılarımızın üstündən asanlıqla xətt çəkiləndə, mühafizəkarıq. Biz illərlə cilalana-cilalana yaranmış gözəl, saf, dumduru Azərbaycan dilimizlə necəgəldi rəftar olunanda, onun strukturu belə pozulanda, mühafizəkarıq. Biz müasir dünya ədəbiyyatında dəbdə olan hər nə varsa, bizim mədəniyyətə uyğundur, uyğun deyil, özününküləşdirmədən, kor-koranə üzü köçürüləndə - mühafizəkarıq. Tibb elmində insan orqanlarının transplantasiyası deyilən bir metod var; orada hər hansı bir orqanın genetik uyğunluğu, qan qohumluğu, oldu-olmadı, başqasına köçürülməsi yolverilməzdir. Bu qohumluq olmadan orqan köçürülsə, o insan yaşamaz, orqanizmi yad orqanı qəbul etməz. Ədəbiyyatda da belədir. Lakin bu yerdə bir məsələni xüsusi qeyd etməliyəm; Sənətdə, o cümlədən, ədəbiyyatda eksperimentlərə yer var. Və nəinki yer var, hətta bu, vacibdir. Söhbət forma və bədii təsvir vasitələri istiqamətində axtarışlardan gedir. "Azərbaycan" jurnalı həmişə belə axtarışları və bu axtarışlar zamanı labüd olan yenilikləri - əlbəttə, sağlam, ağıllı, dərrakəyə sığışacaq həddə alqışlayıb. Səhifələrimiz hər zaman yaşından, cinsindən asılı olmayaraq, istedadlı qələm sahiblərinin oxucunu düşündürən, insan qəlbinə, ruhuna qida verə bilən əsərlərini səbirsizliklə gözləyir.

 

Yad təsirlərdən danışmışkən, bir neçə kəlmə də ədəbiyyatımızda seks, erotika, ara dilində desək, "açıq-saçıq" səhnələr və söyüşlər barədə... Neçə illər əvvəl gənc və o zaman çoxlarının istedadlı saydığı bir nasir jurnala hekayə gətirmişdi. Hekayəsində o, morqda - ölüxanada işləyən həkimin meyitlə seksual münasibətini çox həvəslə, bütün incəliklərinə qədər təsvir etmişdi. Redaksiyaya gələndə soruşdum ondan: "Evlisənmi?" Dedi: "Bəli". Dedim: "Arvadına bu hekayəni verərsənmi oxusun?" Dedi: "Nə danışırsız, yox, əlbəttə!" "Bacına, anana necə?" Qızarıb-bozarıb: "O nə sözdür? - dedi, - bir o qalmışdı elə..." Çox sakitcə soruşdum: "Onda bəs bizim ana-bacımıza, arvadımıza niyə rəva görürsən? Götür hekayəni, get, biz belə yazıları çap etmirik! Bu, patologiyadır, bədii əsər deyil". Yazısını götürüb gedəndə qapıda: "Sizin haqqınızda düz deyirlər. Siz müasir əsərləri jurnala yaxın qoymursuz, mühafizəkarsız" - dedi. O zaman mən ona cavab verməyi mənasız hesab etdim. İllər keçdi, onun kimi düşünənlərin sayı, təəssüf ki, artdı. Ona görə də indi belələrinə deyirəm: "Bəli, biz mühafizəkarıq, biz qadın-kişi münasibətlərində çox ali bir məqamın ədəbiyyatda bu cür iyrənc təsvirlərinin, eləcə də, eybəcər erotikanın əleyhinəyik. Biz yazıçılarımızı və həmkarlarımızı milli-əxlaqi dəyərlərimizi qorumağa çağırırıq.

 

Keçən ili "Azərbaycan" jurnalı, zənnimcə, uğurla başa vurdu. 2022-ci ilin ilk günləridir: jurnalımızın yanvar nömrəsini mətbəəyə göndərməyə hazırlaşırıq. Çalışırıq ki, ayın 28-nə çatdıraq. Bu, tarixi bir gündür. Jurnalımızın ilk sayı 1923-cü il yanvarın 28-də çıxıb. O zaman jurnal "Maarif və mədəniyyət" adlanırdı. Sonralar adı bir neçə dəfə dəyişdirildi: "İnqilab və mədəniyyət", "Revolyusiya və kultura", "Vətən uğrunda", nəhayət, 1953-cü ildən Səməd Vurğunun təklifi ilə... "Azərbaycan" oldu. Adının dəyişdirilməsinə baxmayaraq, jurnal ilk sayından yaradıcılarının qarşıya qoyduqları əsas məqsəd və vəzifələrə həmişə sadiq olub.

 

Dərginin əsas məqsəd və vəzifələrini 1-ci sayın baş məqaləsində Mustafa Quliyev çox aydın və yığcam şəkildə şərh etmişdir: Azərbaycanda maarifi inkişaf etdirmək, dilimizin saflığını qorumaq və ədəbiyyatımızın inkişafı naminə ədəbi qüvvələri səfərbər etmək. Bu məqsəd və vəzifələr - maarifçilik missiyası, ədəbiyyatımızın inkişafı və dilimizin saflığı, onun daha da təkmilləşməsi uğrunda heç bir meyllərə uymadan aramsız olaraq çalışmaq - bu gün də aktualdır və bizim fəaliyyətimizin ana xəttidir. Bu il "Azərbaycan" jurnalının 99 yaşı tamam olur. Biz artıq 100 yaşın bir addımlığındayıq. Azərbaycan mətbuatında 99 il fasiləsiz nəşr tarixi olan ikinci belə bir jurnal yoxdur və olmayıb da. Jurnalımız təkcə yaşına görə yox, mündəricəsinə görə də bənzəri olmayan nadir bir nəşrdir. 99 ildir ki, Azərbaycan ədəbiyyatının həm həcmi, həm də bədii etibarı ilə əksər ciddi və sanballı nümunələri - iri həcmli romanlar, poemalar, fundamental ədəbiyyatşünaslıq əsərləri, tənqidi məqalələr burda oxunub, burda redaktə olunub, nəşrə hazırlanıb, bir sözlə, burda həyata vəsiqə alıb. "Həyata vəsiqə alıb" deyəndə, bu, asanlıqla olmayıb. Əvvəla, əməkdaşların oxuduqları əsərlərə vicdanlı, xeyirxah münasibəti vacib idi; onlar redaktə işinə başdansovdu yox, ürəklə yanaşaydılar gərək. İkincisi, uzun illər bütün əsərlər - romanlardan, poemalardan tutmuş, ən kiçik məqalələrə qədər - "Qlavlit"dən, yəni senzuradan keçirilməli idi. Burda isə, adətən, yaxşı, mətləbi olan əsərlər müqavimətlə qarşılaşırdı. O sədlərlə bağlı başağrılarımız çox olurdu. Onları aşanda isə, sevincimizin hədii-hüdudu olmurdu. Şükürlər olsun ki, bu sədd götürülüb, senzura yoxdur indi. Amma qələm adamları da yazdığının məsuliyyətini hiss edə gərək. Ümumiyyətlə, ədəbiyyat ciddi bir işdir: sözün həm yaradıcı, quruculuq xüsusiyyəti var, həm də dağıdıcı. Sözlə işləmək minalanmış sahəni keçmək kimi bir işdir; ehtiyatlı olasan gərək. Bütün zamanlarda, xüsusən bu gün, sözlə işləyən insanlarda - yazıçılardan da, naşirlərdən də təmiz vicdanla yanaşı, ayıq baş tələb olunur. Varınızdırsa, buyurun. "Azərbaycan" jurnalı ən ağır tonajlı gəmidir. Belə gəmilər dərin sularda üzmək üçün nəzərdə tutulur. Dayaza salmaq olmaz onları, saya otura bilərlər.

 

Dediyim kimi, "Azərbaycan" jurnalının 99 yaşı tamam olur. 100 yaşın astanasındayıq. Bu yerdə, istər-istəməz, Aşıq Alı yada düşür; onun dili ilə desək: Doğma, sevimli "Azərbaycan"ımız, 99 yaşını haqladın, 100-ə nə qaldı?!

 

 

İntiqam QASIMZADƏ

"Azərbaycan" jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi

 

525-ci qəzet.- 2022.- 29 yanvar.- S.12.