Şapşal Cənub folklorumuzun tədqiqatçısı
kimi
(Əvvəli ötən şənbə
sayımızda)
Seraya
Şapşalın XX yüzilliyin başlanğıcında Azərbaycanın cənubunda,
Təbrizdəki fəaliyyətini onun zəngin ömür
yolunun çox da parlaq və şərəfli səhifələrindən
saymağın mümkünsüzlüyü yuxarıda
müasirlərinin rəylərinə əsasən göstərilib.
Lakin həqiqət naminə qeyd edək ki, o,
soydaşlarımız arasında yaşadığı
dövrdə xalqımıza,
dilimizə və mədəniyyətimizə ehtiram nişanəsi olan işlər
də görmüşdü və həmin məqamlara əsaslanaraq
yaxşı mənada yalnız "Şapşal-məmur"
yox, "Şapşal-azərbaycanşünas" haqda da
danışmaq olar.
Belə
düşünməyə əsas verən qaynaqlardan biri alimin 1935-ci ildə Polşa Elmlər
Akademiyası xətti ilə
Krakovda, məşhur Yagellon Universiteti nəşriyyatında çap etdirdiyi "İran Azərbaycanı
türklərinin xalq ədəbiyyatı nümunələri" kitabıdır. Əsərdə toplanan zəngin
filoloji-linqvistik materiallar aydın
göstərir ki, Qacarlar səltənətində
yaşadığı illərdə Şapşal tək siyasi
intriqalarla, sərvət toplamaqla, Rusiya xüsusi xidmət
orqanlarının məxfi
tapşırıqlarını yerinə yetirməklə
və mühafizəkarlara qoşulub Məşrutə
inqilabının qarşısına maneələr
çıxarmaqla məşğul olmamışdı.
O, eyni zamanda bütün bu xoşagəlməz
əməllərindən yüksəkdə dayanan, hətta həmin
"fəaliyyətin" gətirdiyi üz qarasını bəlli
ölçüdə aradan qaldıran bir işlə -
arasında yaşadığı, xoş münasibət və qonaqpərvərliyini
gördüyü xalqın dilinə, ədəbiyyatına təmənnasız xidmətlə
də məşğul olurmuş. Tək elə bu fakt ötən
əsrin əvvəllərində Azərbaycan türklərinə
münasibətdə siyasi baxımdan qaragüruhçu mövqedə
dayanan Şapşala elm adamı və yaradıcı şəxsiyyət
kimi müəyyən tarixi obyektivliklə, hətta rəğbət
hissi ilə yanaşmağa əsas
verir.
"İran
Azərbaycanı türklərinin xalq ədəbiyyatı
nümunələri" kitabının əsasını onun Təbrizdə,
habelə Cənubi Azərbaycanın digər mahal və kəndlərində
yerli azərbaycanlı-türk əhalinin dilindən yazıya
aldığı folklor materialları-nağıllar, lətifələr,
tapmacalar, atalar sözləri, zərb-məsəllər, eləcə
də poetik parçalar-təsniflər, gəraylılar,
bayatılar və s. təşkil edir. Cənub
türkcəsinin dialekt xüsusiyyətləri qorunmaqla mətnlər
S.Şapşalın özü və həmkarı-karaim əsilli
türkoloq A.Zayançkovski tərəfindən polyakcaya tərcümə
edilmişdi. "Nümunələr"i tam əsasla Azərbaycan
folklorunun polyak dilində ilk müxtəsər antologiyası
adlandırmaq mümkündür. Müəllif
Cənubi Azərbaycanda yaşadığı illər ərzində
toplanmış şifahi xalq ədəbiyyatı örnəklərinin
mühüm bir qisminin fasiləsiz yerdəyişmələri
zamanı itirildiyini də təəssüf hissi ilə qeyd
edir.
Seraya
Şapşalın əhatəli giriş məqaləsi ilə
açılan kitaba karaimşünas alim T.Kovalskinin hazırladığı azərbaycanca-polyakca-almanca
lüğət də əlavə olunmuşdu. Həm də
lüğət yalnız bu əsərlə bağlı Azərbaycan
folkloru nümunələrindəki
söz və ifadələrin
izahını ehtiva etmirdi. Burada daha geniş mənada
Azərbaycan folklorunu, xalqın yaşam tərzini, mənəvi
və ictimai-mədəni özünəməxsusluqlarını
göstərən, üstəlik də müəyyən bir
qismi mətnlərdə təsadüf olunmayan
anlayışların şərhi öz əksini
tapmışdır. Bir sözlə, Şapşal və
yardımçıları - prof. A.Zayançkovski ilə prof.
T.Kovalski dövrün imkanları və elmi səviyyəsi
daxilində kifayət qədər elmi, akademik nəşr
hazırlamağa, zəngin folklorumuzun cənub qolunu
Avropada tanıtmağa çalışmışdılar.
Nəşrə
müqəddimədə Şapşal dövrün
yanlış ənənəsinə uyğun olaraq İran Azərbaycanı
adlandırdığı Cənubi Azərbaycanın tarix və
coğrafiyasına qısa ekskurs edir.
Onun 104 min (əslində 129 min kv. km.
olmalıdır - V.Q.) kvadrat kilometrlik ərazisi ilə bəzi
Avropa dövlətlərindən böyük və iki
İsveçrə boyda olduğuna diqqəti çəkir. Daha sonra akad.
V.V.Bartolda istinadən indiki dövrdə də erməni və
paniranist dairələrdə geniş yayılmış əsassız
iddianı təkrar edir - Azərbaycan türklərinin bu ərazilərdə
kütləvi şəkildə XI əsrdən etibarən məskunlaşdıqlarını
bildirir (Məlum olduğu kimi, daha sonra meydana çıxan kəsrəviçilik
Cənubi Azərbaycan əhalisinin türk əsilli olduğunu
yerli dibli danır, elmi fikri Cənubdakı
soydaşlarımızın türkləşmiş farslar
olduğunu inandırmağa çalışırdı -
V.Q.). Eyni zamanda hazırkı mərhələdə
"İran Azərbaycanı" əhalisinin mütləq əksəriyyətini
türklərin təşkil etdiyi, burada az
sayda fars və kürdlərin
də yaşadıqları göstərilir. Türk əhalinin
özünün də Şahsevən, Qacar, Əfşar,
Qarapapaq, Bəxtiyari, Salar, Qaşqay və s. tayfalardan ibarət
olması haqda məlumat verilir.
Müəllif
"Müqəddimə"də daha sonra yazır:
"Altı il İran Azərbaycanının paytaxtı Təbriz
şəhərində yaşadığım və ölkənin
demək olar ki, hər yerini gəzib-dolaşdığım
üçün bu yerlərin əhalisinin dilini mümkün
qədər dəqiq və incəliklərinə qədər
öyrənməyə çalışdım. Eyni zamanda İran Azərbaycanı türklərinin
folklor və dialektologiyasını tədqiq etmək
üçün çoxlu materiallar topladım. Düşünürəm ki, onların elmi fikrə
açıqlanması yolu ilə V.V.Radlovun məşhur
"Türk tayfalarının xalq ədəbiyyatı
nümunələri" ("Obraztsı narodnoy literaturı
tyurkskix plemyon") kitabında Azərbaycanın tamamilə
diqqətdən qaçırılması ilə bağlı
yaranmış boşluğu qismən də olsa, doldurmaq
mümkün olacaq".
Alman əsilli rus türkoloqu akademik V.V.Radlovun (1837-1918) məşhur
nəşri alimin dərindən araşdırdığı
və dönə-dönə etnolinqvistik ekspedisiyalarda
olduğu Sibir və Mərkəzi Asiya türk arealını əhatə
edirdi. O,
heç vaxt qarşısına İran və Qafqaz türklərinin
xalq ədəbiyyatını toplamaq və araşdırmaq məqsədi
qoymamışdı. Daha doğrusu, sırf
fiziki cəhətdən belə imkanı olmamışdı.
Bu baxımdan
Şapşal həqiqətən bir qədər məhdud
dairədə də olsa, məşhur həmkarının
işinin davamçısı kimi çıxış
etmişdi.
Müqəddimədə
müəllif daha sonra azərbaycanşünaslığın
folklor və linqvistik cəhətdən
araşdırılması ilə
bağlı XX yüzilliyin əvvəllərində Qərbdə
bir sıra təşəbbüslərin meydana qoyulduğunu bildirir, fikrini əsaslandırmaq
üçün alman şərqşünası K.Foyun və
məşhur macar səyyahı H.Vamberinin əsərlərinə
müraciət edirdi. Lakin qeyd etmək
lazımdır ki, Şapşalın üz tutduğu hər
iki avropalı tədqiqatçının bu istiqamətdəki
səyləri uğurlu sayıla bilməzdi.
Çünki K.Foy özünün "Azerbajchanische Studien
mit einer Charakteristik des Südtürkischen" (Berlin, 1903) əsərinə
daxil etdiyi azərbaycanca mətnləri bu dilin təbii
daşıyıcısı olan Azərbaycan türkündən
deyil, nestorian məzhəbinə mənsub
İran mənşəli bir nəfər aysorun dilindən qələmə
almışdır. Bu da öz növbəsində
Azərbaycan türkcəsi və həmin dildə
yaradılmış folklor nümunələrinin ilkinliyinə,
təbiiliyinə ciddi xələl gətirmişdi.
H.Vamberinin "Alt-Osmanische Sprachstudien mit einem Azerbajchanischen
Texte als Appendix" (Leyden, 1901) kitabında
Azərbaycan mətnləri kimi təqdim olunan materialların
isə dil baxımından daha çox Osmanlı türkcəsinə
aid olduğu nəzərə çarpmaqdadır.
Azərbaycan türkcəsi və folklorunun özünəməxsus
keyfiyyətlərini əks etdirən çağdaş tədqiqatlar
sırasında Şapşal H.Ritterin, O.Şatskayanın,
Əhməd Cəfəroğlunun və Ceyhun Hacıbəylinin
ötən əsrin 20-30-cu illərində Berlin və Paris
kimi Avropa paytaxtlarında meydana çıxan
araşdırmalarına da diqqət yetirmişdi. Qeyd edək
ki, son iki azərbaycanlı müəllif S.Şapşalın
müasirləri idi. Çap etdikləri əsərlərdəki
dil materialı isə
daha çox Şimali Azərbaycanla bağlı
idi.
Belə
ki, İstanbul Universitetinin doktorantı Ə.Cəfəroğlu
bayatıya və Gəncə dialektinə dair "75
Azerbajdanicshe Bajaty in der Mundart von Gendze" ("Gəncə
dialektində 75 Azərbaycan bayatısı") əsərini
1930-cu ildə, məşhur alman türkoloqu Fridrix Gizenin rəhbərliyi
altında Breslauda
(indiki Vroslav, Polşa) hazırlamışdı. C.Hacıbəyli isə Qarabağ dialektinə və
folkloruna dair "Le dialecte et le folk-lore Karabagh-Azerbaidzjan du
Caucase" (Qarabağ-Qafqaz Azərbaycanı dialekti və
folkloru) araşdırmasını 1933-cü ildə Parisdə,
fransız şərqşünasların "Journal
Aziatique" məcmuəsində (sayı CCXXII, s.31-144)
çap etdirmişdi. Maraqlı və diqqətəlayiq
haldır ki, S.Şapşal Cənub folkloru və Təbriz
dialektini ehtiva edən toplusu ilə sanki bu tədqiqatları
tamamlamışdı. Nəticədə Cənubda yaranan şifahi ədəbiyyatla
bağlı boşluğun qismən də olsa aradan
qaldırılmasına, tədqiqlərin ümumazərbaycan səciyyəsi
qazanmasına zəmin yaratmışdı.
S.Şapşal
1932-1934-cü illərdə İstanbulda Əhməd Cəfəroğlunun
naşirliyi və redaktəsi altında çıxan "Azərbaycan
Yurd Bilgisi" jurnalının fəaliyyəti, mündəricə
və müəllif kollektivi ilə ümumən tanış idi. Naşir-redaktorun milli ədəbiyyat, tarix, folklor və
dialektologiyaya, eləcə də Qərbdə və Şərqdə
azərbaycanşünaslıq tədqiqlərinə dair məqalələrini
yüksək qiymətləndirir, bütünlükdə dərgini
haqlı olaraq "Azərbaycan haqqında bütöv biliklər
ensiklopediyası" adlandırırdı.
Cənubi
Azərbaycan xalq ədəbiyyatı nümunələrinə
dair əsərində isə müəllif Firudin bəy Köçərlinin
"Azərbaycan tatarlarının ədəbiyyatı"
(Tiflis, 1903, rus dilində) və "Azərbaycan ədəbiyyatı
tarixinə dair materiallar" (Bakı, 1925), Yusif Vəzir
Çəmənzəminlinin
"Azərbaycan ədəbiyyatına bir nəzər"
(İstanbul, 1922), İsmayıl
Hikmətin iki cildlik "Azərbaycan ədəbiyyatı
tarixi" (Bakı, 1928) və s. ciddi elmi araşdırmalardan
yaradıcı surətdə faydalanmışdı. Sonuncu
üç əsərin Şimali Azərbaycanda meydana
çıxdığına və bu bölgədə yaranan ədəbi
nümunələrin tədqiqinə həsr olunduğuna diqqəti
çəkən S.Şapşal "İran Azərbaycanı türklərinin folklor irsinin bu
ölkənin dili və ədəbiyyatı haqda mövcud təsəvvürləri
daha da genişləndirəcəyinə" ümid bəslədiyini
bildirirdi. Şübhəsiz, İranda fars şovinizminin
gücləndiyi, Pəhləvi rejiminin hər vasitə ilə ölkənin tarixini türk izlərindən
təmizləməyə, yerli türklərin guya monqol-tatar
fütuhatı nəticəsində dilini dəyişən
farslar olduğunu sübuta
çalışdığı dövrdə
S.Şapşalın Avropanın mühüm elm mərkəzlərindən
birində Cənubi Azərbaycanla bağlı belə bir əsər çap etdirməsi
özlüyündə təqdirəlayiq hal
sayılmalıdır.
Müqəddimədə
də göstərildiyi kimi, kitaba 1903-1905-ci illər
arasında azərbaycanlı-türk əhalinin
yaşadığı Təbriz, Urmiya, Marağa, Ərdəbil,
Sərab, Culfa, Miyanə, Zəncan kimi şəhərlərdə,
habelə Təbriz yaxınlığındakı kənd və
qəsəbələrdə yerli sakinlərin dilindən
yazıya alınmış nağıllar, tapmacalar, atalar
sözləri, məsəllər,
bayatılar, gəraylılar, xalq mahnıları, qismən
də erotik ədəbiyyat nümunələri daxil
edilmişdir. Yalnız bir neçə folklor
nümunəsi 1928-ci ildən gec olmayaraq Rusiyada və
Türkiyədə, Cənubdan olan azərbaycanlılardan dinlənilmiş
və yazılmışdır.
Kitabın
polyak və qismən də Avropa oxucusuna
ünvanlandığını nəzərə alan
S.Şapşal bura daxil etdiyi folklor nümunələrinin hər
birinin janr özünəməxsusluqları haqda qısa məlumat verir,
onların fərqli poetik-üslubi cəhətlərini
göstərməyə çalışırdı. Məsələn,
müəllif xalis türk ruhu ilə seçilən Azərbaycan
nağıllarının ənənəvi "Biri var idi, biri yox idi..."
şəklində, fars təsirinə məruz qalan
nağılların isə "Amma raviyani-əxbar və
naqilani-asar və tutiyani-şəkkər dəhani şirin
göftar..." şəklində başladığına
diqqəti çəkir. Eyni zamanda Azərbaycan
nağıllarının trafaret başlanğı kimi ənənəvi sonluğa ("Göydən
üç alma düşdü...") malik olması da nəzərdən
qaçırılmamışdı.
S.Şapşalın Azərbaycan
nağıllarındakı Şah Abbas ilə "Min bir gecə"dəki
xəlifə Harun ər-Rəşid arasında
apardığı müqayisələr də maraq doğurur. Müxtəlif
xalqların folklor təfəkküründəki
yaxınlığın, oxşarlığın konkret
nümunəsi kimi diqqəti cəlb edir. Təbriz sakini
Mir Əli Seyid Musa oğlunun dilindən yazıya alınan
"İki qardaş" nağılı isə
S.Şapşala Qrimm qardaşlarının oxşar mövzu və
fabulaya malik eyni adlı nağılını
xatırlatmışdı. Ümumiyyətlə, o, Cənubi
Azərbaycan ərazisində "Ağılsız arvad,
ağıllı kişi və dəyirmançının
nağılı", "İki qardaş", "Şah
Abbasın nağılı", "Yalançını
nağılı", "Sultan İbrahimin
nağılı", "Misir padşahının
qızı" və s. populyar nağılları canlı
xalq danışıq dilinin bütün özünəməxsusluqlarını
əks etdirməklə ilk dəfə yazıya
almışdı.
Məcmuəyə istisna kimi 1923-cü ildə əslən
Mərənddən olan savadlı Azərbaycan
türkünün - Mirzə Seyfullanın dilindən qələmə
alınmış "Dər babi rişi-büləndi-sərkərdeyi-Həmədan"
("Həmədan sərkərdəsinin uzun saqqalı
haqqında" - V.Q.) adlı
ərəb-fars və köhnə Osmanlı tərkibləri
ilə dolu olan nağıl da daxil edilmişdi. Müəllif
bu folklor nümunəsini məcmuəyə salmaqla Azərbaycan
türklərinin sadə və təmiz danışıq dili
ilə farscanın təsiri altında formalaşmış
mövcud "ədəbi dil" arasındakı fərqi göstərməyə
çalışmışdı.
Bayatıların
Bayat, varsağıların Varsaq tayfasının adı ilə
bağlılığı məsələsində Əhməd
Cəfəroğlunun fikirləri ilə razılaşan
S.Şapşal Azərbaycan poetik folklorunun geniş
yayılmış başqa bir nümunəsinin - gəraylıların
Krım yarımadasındakı türk əsilli xan sülaləsi-
Gireylərlə əlaqəsi haqqında kifayət qədər
əsaslandırılmayan ehtimal da irəli
sürmüşdü. Müəllif fikrini Şah Abbasın
hakimiyyəti illərində saray münaqişələri nəticəsində
ölkəsini tərk edən Krım xanı Şahin Gireyin
bir müddət Səfəvilər sarayında yaşaması
və çoxunda vətən həsrəti motivi yer alan gəraylıların
da onun adı ilə bağlılığı fikrinə tərəfdar
çıxmışdı.
S.Şapşalın Cənubi
Azərbaycan xalq ədəbiyyatı nümunələri kimi
kitaba daxil etdiyi, hazırda isə əslində mövcud
olmayan dübbələr də diqqəti çəkir.
Müəllifin araşdırmalarına əsasən ərəb
və ibrani dillərində "sataşmaq",
"ayıbını faş etmək" mənalarını
bildirən "dübbə" sözü sonralar
farsların və Cənubi Azərbaycan
türklərinin folkloruna açıq-saçıq ifadələrin,
hətta yazılı nitqdə
məqbul sayılmayan söyüş və təhqirlərin
üstünlük təşkil etdiyi satirik-pornoqrafik şeir
formasının adı kimi daxil olmuşdur. Ədəbsiz,
etikadan uzaq ifadələrin yer alması səbəbindən bu
şeir şəklini müəyyən mənada Azərbaycan
aşıq ədəbiyyatındakı hərbə-zorbalarla
müqayisə etmək qeyri-mümkündür. S.Şapşalın
yazdığına görə, hətta onun Təbrizdə
yaşadığı dövrdə şəhərdə
"Əhli-dübbə" adlı
gizli ədəbi klub, yaxud dərnək də mövcud
olmuşdur. Həmin klub, yaxud dərnəkdə əsasən
bu və ya digər səbəblərə görə cəmiyyətdən
narazı qalanlar - uğursuz şairlər, vəzifəsini
itirmiş məmurlar, ictimai əxlaqa asi olanlar və b.
toplaşır və öz "istedadlarını"
açıq-saçıq şeirlər, yaxud qafiyəlmiş
qaba, kobud təhqirlər vasitəsi ilə ortaya qoyurdular.
"Nümunələri"n
müqəddiməsində ədəbi-bədii fikrimizə
yad olan bu "janr" haqda oxuyuruq: "Deyilənə görə,
ilk dübbələrin yaradıcısı İran Azərbaycanın
məşhur şairi, Qaracadağlı Nəbati (Seyid Əbülqasim
Nəbati (1812-1873) - nəzərdə tutulur - V.Q.) olmuşdu. Bu poetik janrın banisi kimi onu hətta "pir"
adlandırmışlar. Lakin əslində
şair ədəbi şöhrətini XIX əsrin 40-50-ci illərində,
Nəsrəddin şahın hakimiyyətinin
başlanğıc dövründə son dərəcə
yüksək qiymətləndirilən nəcib və ləyaqətli
şeirləri ilə qazanmışdır".
Göründüyü kimi, Seraya Şapşal yanlış
fikrinə düzəliş verdiyi, Nəbati
yaradıcılığının tam fərqli istiqamət
daşıdığını göstərdiyi üçün əlavə
izahata ehtiyac yoxdur. Doğrudur, Nəbatinin
yaradıcılığında ustalıqla ifadə edilmiş
erotika nümunələrinə də təsadüf edilir.
Amma şair heç vaxt "dübbə"
yaradıcılığı səviyyəsinə enməmişdi.
Onu da qeyd etmək lazımdır ki, kitabda yer alan "dübbələrin"
heç bir poetik dəyəri yoxdur və onlar ümumən ədəbiyyat
anlayışı ilə bir araya sığmırlar. Dübbə nümunələrinin
polyakcaya tərcüməsi zamanı bir çox sözlərin
yerinə nöqtələrin düzülməsi də bu
"janrın" etik-əxlaqi və mənəvi dəyərlərin
yüksək qiymətləndirildiyi həqiqi xalq
yaradıcılığından nə qədər uzaq
olduğunun göstəricisi
sayıla bilər.
Başqa
bir maraqlı cəhət S.Şapşalın Azərbaycan
folklorunun istər Cənubda, istərsə də Şimalda
yazılı ədəbiyyata təsirini izləmək
istiqamətində göstərdiyi səydir. Doğrudur, belə
analogiya axtarışları epizodik səciyyə
daşıyır, lakin istənilən halda müəllifin Azərbaycan mədəniyyətinə
bələdliyini göstərir. Məsələn,
Şapşal XX əsr milli nəsrimizin təkrarsız hekayə
nəvislərindən olan Ə.Haqverdiyevin "Ayın
şahidliyi" novellasının "Tacirin oğlu"
adlı Azərbaycan
nağılının motivləri əsasında
yazıldığını, həmin nağılın isə süjet, kök və mənşə
etibarı ilə "Min bir gecə"yə gedib
çıxdığını inandırıcı dəlillərlə
sübut etmişdir.
Seraya Şapşalın informatorları haqda verdiyi məlumat
da maraqlıdır və ümumilikdə, həmin dövr azərbaycanlılarının
bilik və intellekt səviyyəsini, düşüncə tərzini,
mental xüsusiyyətlərini aydınlaşdırmaq
baxımından diqqəti çəkir. Müəllif onları təqdim
edərək yazırdı: "Kiçik istisnalarla mənə
nağıl danışanlar, şeir söyləyənlər
sadə və savadsız insanlar idilər. Məsələn,
mənim "Neçə yaşın var?" sualıma
"Şah taxta əyləşəndə
doğulmuşam" - cavabını verirdilər.
Atalarının yaşı haqda soruşanda onun məsələn,
"ikimci yol urus gələndə" - yəni 1828-ci ildə
doğulduğunu bildirirdilər.
Bəziləri qohumunun, yaxud qardaşının
ölümü haqqında danışanda
"ömrünü sənə bağışlayıb"
- deyirdilər. Bunun nə zaman baş
verdiyi ilə bağlı sualın cavabında isə
"Naxoşluq vaxtı" - deməklə kifayətlənirdilər. Belə başa
düşürdüm ki, xatırladılan ifadə ilə Azərbaycanda
vəba epidemiyasının yayıldığı ili nəzərdə
tuturlar". Karaim türkü Şapşalın bu maraqlı
və özünəməxsus müşahidələri
gözəl nasirimiz
Ə.Haqverdiyevin "Mütrüb dəftəri"
hekayəsinin oxşar şəkildə düşünən
və danışan personajlarını xatırladırlar...
Əvvəldə də qeyd edildiyi kimi, həyatının bir neçə ilini Azərbaycanın cənubunda keçirmiş Şapşalın ölkəmiz və xalqımızla bağlı fəaliyyətini iki mərhələyə bölmək mümkündür. Birinci mərhələdə o, ilk yazıda da inandırıcı faktlarla göstərdiyimiz kimi, daha çox siyasətlə məşğul olmuş, təmsil etdiyi rus sarayının maraqlarını və şəxsi mənfəətini güdmüşdür. Lakin daim Qacar sarayında və ölkə həyatında cərəyan edən intriqaların mərkəzində dayansa da, filoloji araşdırmalarından da kənarda qalmamış, Cənubi Azərbaycanda özünün bir sıra gələcək kitab və məqalələri üçün material toplamışdır.
İkinci mərhələdə isə Azərbaycandan uzaqda olmasına rəğmən, S.Şapşal bir vaxtlar arasında yaşadığı, yaxın təmas qurduğu xalqın dilinə və folkloruna elmi münasibətini ortaya qoymuşdu. İllər sonra söz sənətimizin, xalq ədəbiyyatımızın tədqiq və təbliğinə kiçik də olsa, töhfəsini verməyə çalışmışdı.
Bir vaxtlar Mirzə Şəfi irsinin Qərbdəki təbliğatçısı (və təəssüf ki, mənimsəyicisi!), alman şairi və tərcüməçi Fridrix Bodenştdet müasir Azərbaycan ədəbiyyatşünaslığında haqlı olaraq kəskin ifadələrlə ədəbi oğurluqda suçlanırdı. Və elə həmin dövrdə keçmiş Almaniya Demokratik Respublikasından olan filoloq Leon Nebentsal sovet mətbuatında "Sevməyə daha çox əsas var" adlı polemik ruhlu məqalə ilə çıxış etmişdi. Məqalədə alman şərqşünasının ustadına münasibətdə kəmfürsətliyi etiraf olunmaqla yanaşı, məhz Fridrix Bodenştdin təqdimat və tərcümələri sayəsində Mirzə Şəfi irsindən ayrı-ayrı nümunələrin yaşadılması və həm də onların sayəsində şairin dünya şöhrəti qazanması inandırıcı dəlillərlə isbata yetirilmişdi. Bu səbəbdən də alman mütərcimi yalnız ittiham etməyin deyil, həm də xidmətlərini dəyərləndirməyin zəruriliyi vurğulanmışdı.
Şübhəsiz, artıq istər
mənfi, istərsə də müsbət əməlləri
ilə tarixdə yerini tutmuş Seraya Şapşalı
müasir dövrün meyar və tələbləri
baxımından ittiham etməkdən, yaxud sevməkdən
söhbət gedə bilməz. Sadəcə, onun ötən
əsrin 30-cu illərində Azərbaycan mədəniyyətinin
Avropada tanıdılmasına və təbliğinə verdiyi
mütəvazi töhfə
öz elmi dəyərini almalıdır.
Vilayət
QULİYEV
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2022.- 29 yanvar.- S.10-11.