31 Mart soyqırımı: təməl insan haqlarına qarşı qanlı qəsd

 

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 105 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıblar.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən, 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da Prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Millət vəkili Ceyhun Məmmədovun dediyinə görə, 31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Daha əvvəl Qafqaz xalqları sırasında olmayan ermənilərin indiki Ermənistan adlanan əraziyə yayılmaları mürəkkəb bir tarixə malikdir. Qonşu xalqların torpaqlarını zəbt edərək "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər: "Bu soyqırım hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır. Bir çox qədim binalar, tarixi abidələr, o cümlədən ziyarətgahlar, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası top atəşinə tutaraq dağıdılmışdır. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri tərəfindən 30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub".

Millət vəkili bildirib ki, bu soyqırımı hadisəsi tək Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biri hesab olunur: "Bu faciədə dinc, silahsız türk-müsəlman əhali ilə yanaşı, minlərlə ləzgi, tatar, talış, avar, kürd və digər xalqların nümayəndələri, o cümlədən, uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetiriliblər. Ermənilər uşaqlara acımadıqları kimi yaşlılara və gənc qadınlara da rəhm etməyiblər. Planlı şəkildə Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi soyqırımı faciəsində "Daşnaksutyun" partiyasının iştirakı danılmazdır. Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda "Daşnaksutyun" partiyasının 4 minlik silahlı dəstəsinin iştirak etdiyi soyqırımında dinc sakinlərin yaşadığı məhlələrə qəflətən basqınlar edilərək uşaqdan böyüyədək hər kəs qətlə yetirilmişdir. Bu bir daha onu göstərir ki, Bakı Soveti əslində daşnakların və erməni zabitlərinin rəhbərlik etdiyi cinayətkar hərbi-siyasi rejim idi. Bu faciədə öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı və Quba hadisələri ayrıca yer tutur. Yerli tədqiqatçılarımızın apardığı araşdırmalara əsasən Şamaxı qırğınları zamanı ermənilərin tərəfindən 15 mindən çox dinc sakin öldürülüb, 18 min nəfərdən çox insan öz yurd-yuvasından didərgin düşüb, bütün məscidlər, tarixi abidələr yerlə-yeksan edilib, şəhərin məşhur Cümə məscidi oraya sığınmış uşaqlar, qadınlar və qocalarla birlikdə yandırılıb. Quba qırğınları zamanı isə qətlə yetirilmiş insanların sayının 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Araşdırmalar zamanı məlum olan faktlar göstərir ki, öldürülmüş insanların baş nahiyəsindən balta ilə vurub sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Öz vəhşi əməllərindən əl çəkməyən ermənilər bəzi insanları başına mismar vurmaqla qətlə yetirmişlər. Bu qırğınlar zamanı öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülmüşdür".

 

C.Məmmədovun sözlərinə görə, müstəqillik illərindən sonra Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart Soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması işinə başlanılıb. Heydər Əliyev Azərbaycanın Prezidenti kimi 1998-ci il martın 26-da Azərbaycan xalqına qarşı törədilən bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Fərman imzalayıb. Bu Fərmandan sonra 1918-ci il soyqırımı hadisələrinin öyrənilməsi istiqamətində xüsusi işlər görülmüş, çoxlu əsərlər yazılaraq xarici dillərə tərcümə olunub. Həmin Fərmanın icrasının davamlı şəkildə həyata keçirilməsi məqsədilə Ulu öndər Heydər Əliyev tərəfindən 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq edilib. Quba soyqırımı məzarlığı 2007-ci ildə şəhərdə stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri zamanı aşkar edilib. Məzarlıqda 500-dək insan kəlləsi var. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı zamanı öldürüldüyü sübuta yetirilib. 2009-cu ildə Prezident İlham Əliyev sərəncamı ilə Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılması və abadlıq işlərinin aparılması barədə qərar vermişdir. Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilən həmin Memorial kompleks 2013-cü il sentyabrın 18-də açılıb: "Prezident İlham Əliyev tərəfindən 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalanıb. Bu sərəncamın imzalanmasında əsas məqsəd 100 il əvvəl erməni-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha ətraflı çatdırılması idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatiyalar nəticəsində Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq və hərbi təcavüz siyasəti ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir".

Millət vəkili Musa Qasımlı bildirib ki, 1918-ci il martın 31-də Bakı şəhərində və Bakı Quberniyasının müxtəlif yerlərində azərbaycanlılara qarşı törədilən soyqırım o vaxtadək həyata keçirilmiş qırğınların davamı və zirvəsi idi. Ona qədər erməni silahlıları ilə azərbaycanlılar arasında İrəvanda Bazar meydanında, 1905-1906-cı illərdə Cənubi Qafqazın müxtəlif yerlərində, Birinci Dünya müharibəsi illərində Şərqi Anadoluda, Rus-Qafqaz cəbhəsi dağıldıqdan sonra Cənubi Azərbaycanda, İrəvan Quberniyasında, Tiflis Quberniyasının Borçalı mahalında və indiki Azərbaycan respublikasının müxtəlif ərazilərində törədildi. Bakı və Abşeronu türksüz, müsəlmansız bir əraziyə çevirmək, Azərbaycanın istiqlala gedən yolunu dayandırmaq, Bakı neftinə sahib olmaq, Avrasiyaya gedən yola yiyələnmək soyqırımın törədilməsində əsas məqsəd idi.

Onun sözlərinə görə, Qafqazda müxtəlif dövlətlərin maraqları toqquşurdu: "1917-ci ilin noyabrında Bakıda qurulmuş, Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti antiazərbaycan siyasəti yürüdürdü. Törədilmiş qırğınlara bəhanə olaraq Hacı Zeynalabdin Tağıyevin oğlunun Lənkərandan nəşinin gətirilməsi və yaranan qarşıdurma göstərildi. Danışıqlar nəticə vermədiyindən ilk atəş açıldı, Bakı Sovetinin erməni daşnaq qüvvələrinin birgə iştirakı ilə azərbaycanlılara qarşı soyqırımı həyata keçirildi və bu proses ən amansız metodlarla törədildi. Bu soyqırımı nəticəsində ingilis mənbələrində yazıldığı kimi Bakıda müsəlman əhalinin dörddə biri öldürüldü. O zaman Bakı şəhərində bütövlükdə 280-300 min nəfər əhali yaşayırdı. Onların 80-100 min nəfəri azərbaycanlı, 80-100 min nəfərin dörddə biri isə 20-25 min nəfər edir. Soyqırımın törədilməsinə baxmayaraq, azərbaycanlıları qarşıya qoyduqları məqsəddən döndərə bilmədilər. Millətimiz bir neçə ay sonra, yəni 1918-ci ilin mayın 28-də müsəlman şərqində ilk dəfə olaraq Xalq Cümhuriyyəti qurdu, sentyabr ayında isə Bakı şəhərini azad etdi. Bakı Azərbaycanın paytaxtı oldu, Azərbaycan milləti öz təbii sərvətinə sahib oldu. Bu hadisəyə qiymət vermək üçün Azərbaycan Xalq Cümhuriyyəti nazirlər şurası iyulun 15-də fövqalədə tədqiqat komissiyası yaratdı. Bu komissiya soyqırıma məruz qalanların yaxınları ilə görüşdü və 36 cildlik materiallar topladı. Sovet dövründə bu hadisə düşünülmüş şəkildə unutduruldu. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı 31 mart azərbaycanlıların soyqırımı günü kimi qəbul edildi. Biz bu tarixdən böyük ibrət dərsi almalıyıq. İlk dəfə olaraq son 200 ilə yaxın müddətdə ermənilərə ən ağır zərbəni Prezident İlham Əliyev 44 günlük müharibədə qazanılan qələbə ilə vurdu. Soyqırımı qurbanlarının xatirəsini indi həm hüzn və ehtiramla, həm də onların qisasını aldığımız üçün qürur hissilə anırıq".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 1 aprel.- S.23.