Boynubükük və yalqız qəsr  

 

 

Dünyada gerçək olan üç acı var. Biri ölümdür, bu, qalan üçün fəlakətdir. İkincisi çarəsiz xəstəliklərdir, bu, hər gün ölmək deməkdir. Üçüncüsü isə ilk ikisindən daha ağır hesab edilən, bütün kədərlərdən daha betəridir. Bu, öz ilə üzləşməkdir. Çünki üzləşmək dəyişməyi, dəyişmək isə insanın özünü yenidən doğmağını tələb edir. Həqiqət isə budur ki, bütün doğumlar sancılıdır. Hal belə olunca kimsə buna qatlanmaq istəmir. Kəlmə olaraq asan görünə, "bunda var ki" deyilə bilər. Amma bu proses dünyanın ən çətin məsələsidir. Ona görə , çağdaş dövrün insanı mütəmadi hərəkət halındadır. Kimsə yalnız qalmaq istəmir ya qala bilmir. Çünki yalqız qalmaq düşünməyi gətirir, düşüncə isə içə boylanmağa sövq edir. Bu söhbət dönür, dolaşır yenə üç acının, üçüncüsünə çıxır. Üzləşməyə...

Əslində tarixi muzeylərə getmək üzləşməkdir. Dünyada müvəqqəti olduğumuzun, əvvəl-axır ölüb gedəcəyimizin, kim oluruqsa olaq, sonumuzun qara torpaq olacağı ilə üzləşməkdir. Bəlkə buna görə, tarixi muzeylərdə ziyarətçilərin sayı bu qədər azdır. Bu günlərdə yolum şüşə göydələnlərin, çoxqatlı binaların, modern plazaların, iç-içə sıralanan evlərin, qarmaqarışıq yaşayış mərkəzlərinin, bir addım atanda o birinə toxunduğun dar səkilərin olduğu ərazidə yerləşən 25 hektarlıq bağı olan bir qəsrə düşdü. Adətən, bu cür qəsrlər dəniz kənarlarında, meşə ətrafında, şəhərdən uzaqda inşa edilir. Çünki hökmdarların, kralların, dövlət başçılarının buralarda qaldıqları, əyləndikləri, bəzən qonaqlarını qəbul etdikləri, işlədikləri, ov ovladıqları, quş quşladıqları yer olduğu üçün şəhər mərkəzləri qəsrlər üçün çox da əlverişli sayılmır. Amma məsələyə digər tərəfdən baxanda xatırlayırsan ki, aradan ötən zaman şəhər mərkəzlərinin yerini bəlkə min dəfə dəyişib.

Yoxdan var etmək...

Bura Nişantaşı ilə Beşiktaş arasında yerləşən İhlamurlar qəsridir. Qəsrdən öncə burada böyük bir bağ vardı. Bu bağ Sultan III Əhmədin dönəmində gəmiqayırma zavodlarından birinin sahibi olan Hacı Hüseyn Ağaya aid idi. Buna görə , ərazi bir dönəm "Hacı Hüseyn Bağları" adı ilə məşhur olub. Lakin bir müddət sonra Hüseyn Ağanın bütün malı-varı dövlət tərəfindən müsadirə edilir. Beləliklə, "Hacı Hüseyn bağları"nın hekayəsi başlayır. Bağ ilk olaraq hasbağçaya, yəni padşahların ən sevimli məkanına çevrilir. Ox atma təlimlərini burada keçirirlər, ovçuluğu sirlərini burada öyrənirlər, bəzi qonaqları burada qəbul edirlər. Hər tərəfi cökə, yəni ihlamur ağacları ilə əhatələndiyi üçün yeni adı İhlamurlar vadisi olaraq dəyişir.

Qeyd edək ki, tarixdə Hacı Hüseyn Ağa ilə bağlı məlumatlar mübahisəlidir. Hətta bununla bağlı uzun məqalələr var. Çünki bəzi mənbələrdə  Hüseyn Ağa gəmi maqnatı, bəzilərində sənətçi fərqli sahələrdən olan zəngin insan kimi təqdim edilir.

Müsadirədən sonrakı dönəmdə bağın ortasında padşahların istirahəti üçün taxta bir köşk tikilir. I Əbdülhəmid, III Səlim, II Mahmud taxtda olduqları müddətdə burada dincəlirlər. Ancaq Sultan Əbdülməcid hakimiyyətə gəldikdən sonra həmin taxta köşkü sökdürür. 1849-1855-ci illəri arasında 25 hektara yaxın olan bu ərazidə bir köşk inşa etdirir. Memarı sultanın sənət memarlıq üzrə köməkçisi Nikoqos Balayan olur. Balayanın işinə bələd olanlar qəsrə baxan kimi memarın kim olduğunu dərhal müəyyənləşdirə bilirlər. Ümumiyyətlə, Sultan Əbdülməcidin hökmdarlığı dönəmində, yəni 1839-1861-ci illərdə İstanbulda əfsanəvi tarixə damğasını vuracaq saraylar, köşklər inşa edilir. Onlardan biri əzəməti gözəlliyi bütün dünyada ad çıxaran Dolmabahçe sarayıdır.

Bu qəsrdən Lamartin keçdi...

İhlamurlar qəsrinə gəldikdə isə... sultanlar burada mötəbər qonaqlar, dövlət rəhbərləri, sənətçilər, yazıçılar, şairləri qəbul edirdilər. Həmin qonaqlardan biri Sultan Əbdülməcidin dəvəti ilə 1846-cı ildə İstanbula gələn fransız şair Alfons de Lamartin olur. Burada qaldığı müddətdə qəsrin sehrinə qapılır gördüyü gözəllikləri, ihlamur ağaclarını, çiçəkləri, daşları, memarlığı vəsf edən bir yazı yazır. Bu yazıdan təsirlənən Sultan Əbdülməcid bağın içində ikinci köşkün inşa edilməsi üçün göstəriş verir. Memar Nikos Balayan qolları çirməyir hərəkətə keçir. Sultan, İhlamurlar qəsrindən bir az kiçik olan yeni köşkə, fərahlıq, sevinc mənasına gələn "Nüzhətiyə" adını verir. Daha sonra qəsrin adı Maiyət köşkü adlandırılmağa başlayır. Çünki köşkdə demək olar ki, hər gün çal-çağır, əyləncə olur, xüsusi günlər qeyd edilir. Qəsr isə sultanların əyləncəsi hərəmxanası olaraq istifadə olunur. Qəsrlərin bağı isə ən çox ov əyləncələrinin təşkil edilməsi ilə məşhurdur.

Osmanlı sultanlarının Avropa mədəniyyətinə vurğunluğu

Abidələrin tikintisində mərmərdən fosil daşlarından istifadə edilib. Hər iki köşk iki mərtəbədən ibarətdir. Əsas köşk salon ətrafındakı dörd otaqla əhatələnib kvadrat formasında inşa edilib.  Köşkün fasadındakı əl əməyi, göz nuru olan işləmələri görməmək qeyri-mümkündür. Mərasim köşkünün gilyotin tərzli pəncərələrindən, sütunların üzərindəki balkonlarından  Qərb memarlığı fışqırır. Tavanlar işləməli, qızıl örtüklü naxışlarla bəzənib, xalçalar, örtüklər, pərdələr Avropadan, şamdanlar, çini qablar, sobalar, mebellər isə dünyanın müxtəlif ölkələrindən gətirilib.

Mərasim köşkü - yəni hazırkı İhlamurlar qəsri daha böyük daha dəbdəbəlidir. Digər köşk bir az kiçik daha yalındır. Təbii ki, müqayisə edildiyində bu detallar üzə çıxır. Ancaq ayrı-ayrılıqda ikisi şah əsəridir. Qəsrləri şəhərin hay-küyündən, qarışıqlığından az da olsa uzaqlaşdırmaq üçün ətrafı yüksək divarlarla hasarlanıb. Osmanlı imperatorluğunda, xüsusilə, Lalə dövründən sonra ortalığa çıxan "qərb təsiri" memarlıq sahəsində  özünü güclü şəkildə göstərir.

Əbdülməcidin ölümü...

Qərb memarlığının ilk nümunələrindən biri III Əhməd Çeşməsidir. Bu abidədə rokoko üslubundan istifadə edilib. Yeni üslub bundan sonra digər abidələrdə özünü göstərməyə başlayır. Əsas qəsrdə barok izlərini daha çoxgörürük. Köşklərin önündə divar içindəki oyuqlarda yerləşdirilən vazalar qəsrə 3D görüntüsü qazandıraraq barok ampir dizayn ənənəsinin bir örnəyi olaraq qarşımıza çıxır.

Mərasim köşkünün girişindəki iki qollu pilləkən barok nümunələrindəndir. Kvadrat şəklində tikilən abidənin zirzəmiyə enən alt üst qatları var. Ziyarətçilər sadəcə birinci mərtəbəni görə bilir. Qəsrin tikintisində kəsmə daş mərmərdən istifadə edilib, fasada dəbdəbəli naxışlar işlənib. Dəniz qabıqları, çiçəklər, yarpaqlar, emblemlər, çiçəklər bu işləmələri önə çıxardan motivlərdir.

 

Maiyət köşküiki mərtəbədən ibarətdir. Mərasim köşkündə olduğu kimi, buradakı girişdə də iki qollu pilləkən mövcudur. Abidənin fasadı istifadəsi olduqca əziyyətli və bahalı olan Avstriya stukkosu ilə örtülüb. Digərindən fərqli olaraq Maiyət köşkü neobarok üslubunda ərsəyə gətirilib. Buranın tavan sistemi memar Balayanın ucaltdığı  daha əvvəl gedib gördüyüm qəsr və saraylardan fərqliliyi ilə seçilir. Aynalı tağ, beşik tağ ve monastır tağbu köşkə heyrətamiz bir görüntü bəxş edir. Buradakı mebel seçimləri də göz qamaşdırır.

Qeyd edim ki, Sultan Əəbdülməcid 1861-ci ildə istirahət zamanı İhlamurlar qəsrində vəfat edir. Qəsr sultanın ölümündən sonra hakimiyyətə gələn Sultan Abduləziz və Sultan Rəşadında sevimli yerinə çevrilir.

Dəfələrlə açılıb bağlanan, adlar dəyişən qəsr

İhlamur qəsri İkinci Dünya müharibəsindən sonra uzun müddət boş və baxımsız qalır. 1924-cü ildə Türkiyə Böyük Millət Məclisinin nəzdninə keçir. 1951-ci ildə isə İstanbul Bələdiyyəsinə aid abidə elan olunur və bələdiyyə tərəfindən restavrasiya edilir. Bu yenilənmə və bərpadan sonra "Köşk Tarixi muzeyi" adı altında qapılarını ziyarətçilərə açır.

Lakin gözlənilən marağı görmür, ümidlər doğrulmur. Tezliklə qapılarını qapadır. Qəsr 1966-cı ildə yenidən Böyük Millət Məclisinin nəzdninə keçir. Yenə əldən keçiriliruşaqlar üçün sənət mərkəzinə çevrilir. Abidənin bugünkü əsrarəngiz görkəmi 1987-ci ilə aiddir. Köşkün həyəti yürüş, istirahət  üçün əlverişlidir. Həyətində kafe xidməti mövcuddur. Böyük bağ, bağında hovuzu, hovuzunda iki aslan, bir kaftar heykəli var. Suda üzən ördəklər, bağda sağa solan gəzişən tovuz quşları, rəngbərəng çiçəklər, çeşidli güllər, nadir ağaclar, uca çinarlar və nəhəng cökə ağacları insanı valeh edir.

Yeri gəlmişkən, bağdakı kafe, qəsrlərdən daha çox maraq görür. Ziyarət zamanı qəsrdə məndən başqa heç kim yox idi. Qiymətin ucuz olmağına baxmayaraq, qəsrə maraq hədsiz dərəcədə azdır. Hətta muzeyi gəzərkən beynimi bir kədər bürüdü. Birdən mənə elə gəldi ki, son Osmanlı padşahından sonra bura bir daha heç vaxt padşahlardan gördüyü marağı və dəyəri görə bilmədi və əbədi yalnızlığa məhkum oldu. Niyəsə, bu qəsr gözümə boynubükük göründü.

Yeni dünya içində qədim dünyaya bənzəyir İhlamurlar qəsri! Ancaq yeni dünya hərəkət tələb edir, qədim dünya düşünmək. Muasir insan isə hər şeyin asanını, rahatını, surətli olanını istəyir. Bəlkə də, buna görədir, keçmişdən, özdən qaçış! Bəlkə də buna görədir, İhlamurlar Qəsrinin sonsuzluq kimi uzanıb gedən yalnızlığı!

 

Türkan TURAN

525-ci qəzet.- 2023.- 1 aprel.- S.19.