Mir Cəfər Pişəvəri
"Azərbaycan" qəzetində
VƏ YA AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ
RƏHBƏRİNİN "NOVRUZ" GİZLİ İMZASI
HAQQINDA QEYDLƏR
(Əvvəli ötən sayımızda)
Burada S. C. Pişəvəri
ilə bağlı daha bir mühüm
məsələyə aydınlıq
gətirmək lazımdır. Bu da Sovet dönəmində
münasibət və
onun irsinin əslində qadağan edilməsi idi. Bu qadağanın səbəbləri M. Ə. Rəsulzadə
və N. Nərimanov irsinin nəşrinə qoyulan qadağaların eyni idi. Pişəvəri irsində, xüsusilə
onun 1945-ci ildən sonrakı qısmində parlaq bir azərbaycançılıq
məfkurəsi vardır.
Bu azərbaycançılıq
isə hakim kommunist məfkurəsinin antipodu və öldürücü
rəqibi idi. Əsasən
bu səbəbdən Pişəvərinin ilk məqalələr
məcmuəsi ancaq
1984-cü ildə çıxdı
(Mir Cəfər Pişəvəri,
Seçilmiş əsərləri.
Bakı, Azərnəşr,
1984. Tərtib və tərcümə edənlər:
Əhməd Əminzadə,
Tağı Musəvi,
Hüseyn Ciddi. Redaktoru Əmirəli Lahrudi).
Kitabı hazırlayan bu
heyət əslində
S. C. Pişəvərini yaxın
silahdaşları olmuşdi.
Bəs nə üçün onlar ədibin bütün gizli inzalarını göstərsələr
də, "Novruz"
imzasının ona məxsus olduğunu göstərmirlər? Qəribədir:
kitabın kollektiv müqəddiməsində "Azərbaycan" qəzetində
"Novruz" imzası
ilə getmiş 4, 7,
12, 18-ci saydan sitatlar verirlər! Bu o deməkdir
ki, tərtibçilər
"Novruz" imzasının
Pişəvəriyə məxsus
olduğunu bilirdilər.
Bəs bunu niyə gizlədirdilər?
Birinci ona görə ki, tərtibçilər Bakıda
yarımleqal fəaliyyət
edən ADF-nin üzvləri və vəzifəli şəxsləri
idilər, onlar Pişəvəri irsinin azərbaycançı hissəsinin
qadağa və məxfilik altında olduğunu bilirdilər. Ona görə
onların kitaba yazdıqları irihəcmli
müqəddimənin 97 faizi
Pişəvərinin İran
kommunist Partiyası tarixinə aid işlərindən
idi. 1945-46-cı illərin Milli Hökumət dövrunə
isə 3 faiz yer verilmişdi. Müqəddiməni yazanlar qətiyyən
Pişəvərinin azərbaycançılığına
qarşı deyildilər.
Amma bilirdilər ki, Milli Hökumət
haqda hər hansı söhbət azərbaycançılıq kimi
qadağan edilib, bu məsələyə yer veriməsi kitabın senzura tərəfindən tamam qadağasına səbəb
ola bilərdi.
Milli Hökumətin məğlubiyyəti
dünya kommunist hərəkatı tarixində
və Moskvanın vicdanında tarixi bir qanlı ləkə idi və bu, hər
yolla gizlədilirdi.
İkincu səbəb, Pişəvərinin
bolşevik və qeyri şantajçılarından
qorxu idi. Hərəkat iştirakçıları
o tayda ölənəcən
təqib olundular, bəziləri əlli il sonra
İrana gedən kimi həbs edildi və öldürüldü. ADF üzvləri İranda misli görünməmiş
qanlı repressiyaların
qurbanı olmuşdular.
Lakin Pişəvəri
özünün bolşevik
əqidəsini də
gizlətmirdi və bu barədə açıq yazırdı. Qəzetin 45-ci sayında getmiş hissədə Xiyabaninin Oktyabr Sosialist İnqilabından çox
təsirləndiyini araşdırır,
V. İ. Leninin adını
çəkir. İşarə
vurur ki, müstəbid İranda geniş siyasi islahatlar üçün planlar düşünən
Xiyabani bolşeviklərin
təcrübəsinə meyllənir:
bu təcrübə əməkçi adamların
hakimiyyətini yaratmaq
və sosial ədalət (sosializm) yaratmaq təşəbbüsləri
idi. 52-ci sayda
Pişəvəri azadlıq
yolunda intizamlı siyasi partiyanın zəruriliyindən danışır
və eyni məsələnin Şeyx
tərəfindən də
irəli sürüldüyü
barədə onun çıxışlarından misallar gətirir. Hər iki rəhbər bolşevik tipli siyasi partiyanı İranın azad edilməsi üçün,
qiyam edən xalqın birliyi üçün zəruri
sayırdı.
"Novruz" imzası
ilə Pişəvərinin
yazdığı digər
məqalələr onun
qətiyyətlə həyata
keçirdiyi torpaq islahatları ilə bağlı idi. O bu mövzuda Azərbaycan dilində və farsca xeyli məqalə
yazmışdı. Torpaq islahatı
Milli Hökumətin fəaliyyətinin ən inqilabi və ən qanlı, tragik sahəsi idi. İranda hakim feodallar onlarla
kəndin yerləşdiyi
ərazilərin topaq mülkiyyətçiləri idi.
Bu feodalların hamısı Şahsevən
deyilən tayfalara aid idi və onların
babaları hamısı
fasiləsiz müharibələr
vaxtı İran şahlarının ordusuna
böyük qələbələr
gətirdiklərinə görə
şah fərmanları
ilə bu torpaqların mülkiyyətçisi
olmuşdular. Onlar nəslən
hərbçi və İranda siyasi hakimiyyətin əsl sahibi idilər. Onları ləğv etmədən İranda nə inqilabdan, nə də xalq hakimiyyətindən
söhbət gedə bilərdi.
Bunları gözəl anlayan Pişəvəri həm də 1920-ci illərin əvəllərində İranda
siyasi hakimiyyəti mənimsəyən Rza xanın təcrübəsindən
də istifadə edirdi. Rza xan hər addımda rus bolşevikləri kimi nizami hərbi qüvvəyə əsaslanırdı.
Pişəvəri də dövlət
quruculuğunun əsas
gücünü xalq ordusu və fədai dəstələrini
yaratmağa yönəldirdi.
Bu, təkcə Tehranın yox, sovet generallarının da xoşuna gəlmirdi. Amma Pişəvərinin qətiyyəti
Rza xandan az deyildi.
Rza xan Daxili İşlər
naziri olduğu vaxtdan böyük torpaq sahibləri ilə mübarizə edirdi. Bu feodallar
Rza xanın Tehrandan yolladığı
qubernatorları qəbul
etmirdilər. İran təcrübəsində
paytaxtdan qubernator göndərilməsi ənənəsi
yox idi. İngilis hərbçiləri
isə Rza xana izah etmişdilər:
paytaxtdan qubernatorlar təyin etmədən müasir dövlət və güclü hakimiyyət yaratmaq olmaz. Ona görə Rza
xan öz təyin etdiyi qubernatorlara müqavimət
göstərən feodalları
ordunun gücü ilə həbs etdirirdi, Tehrana gətirdib şəhərin
meydanlarında dar ağacından asdırırdi.
Yerli feodalları belə qanlı yolla ram edəndən sonra, yazıb-oxuya bilməyən Rza xan əvvəlcə baş nazir, sonra şahənşah taxtına oturdu, İranda heç kim səsini
çıxara bilmədi.
Pişəvəri və onun partiyası
Milli Hökuməti yaradan kimi hələ
feodal ölkəsi olan İranda böyük torpaq sahibi feodalların müqaviməti ilə üzləşdi. Rza xan onların
hamısını qırıb
qurtara bilməmişdi.
Bu feodalların hər kənddə, məntəqədə silahlı
nökərləri vardı.
Pişəvəri də onlara
qarşı Hərbi Səhra məhkəmələri
qurdu, zülfüqariləri,
sərtibləri ölüm
cəzasına məhkum
etməyə başladı.
Hətta "Azərbaycan"
qəzetinin 3 yanvar
1946-cı il 92-ci sayında Milli Hökumətin təşkil
etdiyi Hərbi Səhra məhkəməsinin
hökmü ilə asılan feodal və inqilab düşmənlərinin dar
ağaclarındakı şəkilləri
dərc edildi. Pişəvəri İrandakı dövlət
quruluşunun əsaslarını
yaxşı bilirdi.
Qətiyyətli siyasətçi olan Pişəvəri əksinqilaba
qarşı bu mübarizəsinin əhəmiyyətini
"Novruz" imzası
ilə yazdığı
farsca məqalələrdə
də izah edirdi. Çünki bu mübarizələrin
əhəmiyyəti bütün
İranın xalqlarının
tarixi taleyini dəyişirdi. Bəzilərinin qorxduğu məqamda hərəkatın rəhbəri
inqilab tribunallarının
İranın gələcəyu
üçün zəruriliyini,
ölkənin feodal buxovlarından çıxmasının
tarixi mənasını
izah edirdi. İranın yeniləşməsi,
onun yaradıcı qüvvələrinin azad olması kənddə feodal diktaturasının ləğvindən, kəndlilərə
pulsuz torpaq paylanmasından sonra mümkün ola
bilərdi.
Bu məhkəmələrin də qərarları Pişəvəri qələmi
ilə yazılırdı
və hökumət qərarı kimi "Azərbaycan" qəzetində
çıxırdı. Bu hökmlərin İran cəmiyyəti üçün
siyasi əhəmiyyətini
və inqilabi zəruriliyini əsaslandıran
təbliğat xarakterli
yazıları da Pişəvəri özü
yazmalı olurdu, amma "Novruz" imzası ilə. Çünki dövlət qərarlarının
altında artıq S.
C. Pişəvəri imzası
vardı.
Pişəvərinin "Novruz" imzası ilə zülfüqarilər və sərtiblər haqda, və ya farsca "Xalqımızın təhlükəsizliyini pozanlar cəzalandılar" (say 89) yazılarında özü haqda üçüncü şəxsdə danışılır. Hətta Milli Hökumətin qızğın tərəfdarlarının dili ilə "Yaşasın rəhbərimiz" deyə özü haqda şüarı təkrar edir. Lakin belə halları adi və zəruri siyasi təbliğat üsulu kimi qəbul etmək lazımdır. Bunları guya "Novruz" imzasının Pişəvəriyə məxsusluğunu inkar edən dəlil kimi anlamaq doğru deyil. Bu yazıların hər birində, ilk növbədə, Pişəvərinin dəmir məntiqini və qələbəyə inamını görüb tanımaq lazımdır.
Lakin Moskvanın kobud təzyiqi ilə Pişəvəri bütün vəzifələrdən çıxıb Təbrizi tərk edən kimi Rza xanın oğlu Moskva ilə ABŞ arasındakı razılaşmaları pozdu. İran ordusu üç gün Təbrizdən 15 kilometr məsafədə durub şəhərdəki qırğınların başlanmasının qarşısını almadı. Şahsevən feodalları və şah nökərləri, məmurlar Milli Hökumətin minlərlə tərəfdarını orta əsir vəhşiliyi ilə qırdılar.
Xiyabani hərəkatı İran cəmiyyətində qızğın mübahisələrin predmeti idi. Ustəlik Pişəvərinin yaratdığı partiya ilə Xiyabaninin partiyasının adları da eyni idi: Azərbaycan Demokratik Firqəsi! Əslində bu firqə əvvəl ümumiran təşkilatı kimi yaranmışdı və onun Azərbaycan Şurası var idi. Məhz Xiyabaninin təşəbbüsü ilə 1917-ci ilin avqustunda Azərbaycan Demokrat Firqəsi öz müstəqilliyini elan etdi və "Təcəddüd" qəzetini yaratdı. Ayrılma nəticəsində Xiyabani Azərbaycan Demokrat Firqəsinin müstəqil Mərkəzi Komitəsini və proqramını elan etmişdi. Azərbaycanın İran tərkibində Muxtariyyətini yaratmaq artıq o zaman proqram məqsədlər içərisində birmənalı şəkildə göstərilmişdi.
52-ci saydan başlamaqla Pişəvəri "Təcəddüd" qəzetini vərəqləyərək Xiyabani qiyamının (bu söz "inqilab" mənasında başa düşülməlidir) qısa xronikasını verir və onun əsas mərhələlərini şərh edir. Bu xronika çox müxtəsərdir, çünki Pişəvəri ən çox öz Milli Hökumətinin elan edilməsi vəzifələri ilə məşğul idi, 52-ci say çıxan gün - 12 noyabrda Milli Hökumətin elan edilməsinə 30 gün qalırdı!
Aprelin 4-də Şeyxin inqilabı başladı, 7 apreldə İnqilabın Bəyannaməsi elan edildi. 25 mayda İnqilabçı dəstələr Təbrizin inzibati İqamətgahı olan Alaqapını ələ keçirib "Təcəddüd" redaksiyasından ora köçdülər. Bu tarixdən Xiyabaninin nitqləri Alaqapıdan kütlə qarşısında edilirdi.
Azadistan dövləti də özünü Azərbaycan dövləti sayırdı və onun yaradılması əslində İranda azərbaycanlıların öz siyasi qurumunu yaratmaq sahəsində ilk təşəbbüsü idi. Xiyabani öz dövlətində təhsil və dövlət sənədlərini Azərbaycan dilinə keçirdi. Onun adını da bəlkə Xiyabaninin sosializm və sosialist anlayışlarını özünə xas məntiqlə tərcümə etməsinin nəticəsi saymaq olar.
(Ardı var)
Rəhim
ƏLİYEV
525-ci qəzet.- 2023.- 5 aprel.- S.13.