Mir Cəfər Pişəvəri "Azərbaycan" qəzetində

VƏ YA AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ RƏHBƏRİNİN "NOVRUZ" GİZLİ İMZASI HAQQINDA QEYDLƏR

 

(Əvvəli ötən sayımızda)

 

Pişəvəri o tayda azərbaycanlıların öz siyasi partiyasını və Muxtar dövlətini yaratmaq istəyəndə bu yeni layihələri Xiyabaninin Azərbaycan dövləti yaratmaq təcrübəsinin davamı kimi qurmaq istəmişdi. Öz müəlliminin məzarı başında dediyi nitqində Pişəvəri vurğulayır: "Pəhləvi dövründə heç kəsin haqqı yox idi ki, Şeyxin adını dilə gətirsin. Şəhrivər hadisələrindən (25 avqust 1941-ci il hadisələri, Sovet qoşunlarının İrana girməsi nəzərdə tutulur - R.Ə.) sonra 20 il müddətində öz böyüklərinin və dahilərinin fikirlərini oxumaqdan məhrum edilmiş Azərbaycan gəncləri böyük bir rəğbətlə Şeyxin bütün kitablarını və deyimlərini toplayıb mütaliə edirlər. Bu gün demək olar ki, Azərbaycanda yaranmış hərəkat Şeyx Məhəmmədin ideyalarından doğulmuşdur" ("Azərbaycan" qəzeti, say 30, 17 oktyabr, 1945). Yenə orada Pişəvəri Demokrat Firqəsini Şeyxin intiqamını almaq üçün yaradıldığını deyir. Ona görə də yenidən yaratdığı partiyanın adını da, onun qəzetinin adını da saxlayırdı və təkrar edir: Azərbaycan Demokrat Firqəsi və "Azərbaycan" qəzeti. Həmin səbəbdən öz dövlətini qura-qura Xiyabaninin təcrübəsinə 21 məqalə, əslində ayrıca bir siyasi tədqiqat həsr etmişdi. Bu 21 məqalənin 19-u 11 dekabra - Milli Hökumət qurulana qədər-dərc olunmuşdur. 12 dekabrdan, yəni Milli Hökumət elan ediləndən sonra cəmi 3 məqalə çıxdı. Açıq görünür ki, Pişəvəri Milli Hökumət elan olunana qədər hər gün "Təcəddüd" qəzetini vərəqləyir, Şeyxin siyasi təcrübəsini öyrənir və öz qənaətlərini "Novruz" imzası ilə çap etdirirdi. Bu yazıları öz adından çap etmək Milli Hökumət yaradılması barədə məxfi planları açıqlamaq kimi olardı.

1920-ci il aprelin 7-də Xiyabani öz Qiyamının "Məramnamə"sini elan etmiş, onu Tehrana yollamış və Fransız dilinə tərcümə edib xarici dövlət nümayəndəliklərinə yaymışdı. Bu, şübhəsiz ki, iki il əvvəl Tiflisdə Azərbaycan Demokratik Cümhuriyyəti haqda İstiqlal Bəyannaməsinə təqlid və onun təkrarı idi. Həm də Cənubda İkinci Azərbaycan dövlətinin yaranması barədə rəsmi Beynəlxalq Bəyannamə idi. Pişəvəri bu barədə 53 və 55-ci saylarda, Milli Hökumət elan olunmazdan 29 gün qabaq danışır, amma "Novruz" imzası ilə.

Demokrat firqəsinin inqilabi təşəbbüsləri İran feodolları və mollalar tərəfindən düşməncəsinə qarşılandı və Xiyabaninin qətl edilməsi ilə bitdi. Lakin SSRİ-nin İkinci Dünya Müharibəsindəki böyük qələbəsi Rusiyadakı və bu taydakı bolşevik eksperimentini dərin böhran yaşayan İran cəmiyyəti üçün təzədən aktual edirdi. İran kommunistləri və Pişəvəri vətənlərinin bu yola yönəlməsini istəyirdilər.

Cəmiyyətdə Xiyabani haqda gedən mübahisələrə Təbrizdə növbəti siyasi azadlıq hərəkatının başçısı olan Pişəvəri açıq qoşula bilməzdi. Moskvanın barmağı olan marksist Milli Hökumətin lideri marksist meylli Xiyabanidən, onun qanla bitmiş hərəkatından məsafə saxlamalı idi. Hərçənd ki, bunların heç biri Pişəvərinin rəhbərlik etdiyi hərəkatın qanlı sonluğuna mane ola bilmədi.

"Novruz" imzası dərin simvolik məna daşıyırdı. Ana dilimizdə bu söz yeni il, yeni həyat, yeniliyə aparan dirçəliş deməkdir. Bu ad Cənubi Azərbaycan xalqını yeni tarixi dönəmə aparan Milli Hökumətin ideallarına, bu idealların timsalı olan liderə, Pişəvərinin öz şəxsiyyətinə işarə idi. Mirzə İbrahimovun 1947-ci ildə çıxan "Gələcək gün" romanının adı da bu simvolik mənanı ifadə edir.

Nəyə görə indiyəcən Pişəvərinin "Novruz" imsası ilə yazdığı məqalələr onun kitablarına salınmayıb? Pişəvərinin yaxın silahdaşlarının böyük bir qrupu SSRİ-də və Bakıda fəaliyyət göstərirdi. Onlardan bir qismi "Novruz" imzasının Pişəvəriyə məxsusluğunu, şübhəsiz ki, bilirdilər. Lakin Cənubda faciəli surətdə məğlub olan Milli Hökumətin taleyi Sovet Azərbaycanında da milli faciə kimi qarşılanmışdı və bu tayda da milli şüurun yüksəlişinə, milli ovqatların güclənməsinə səbəb olmuşdu. Ona görə Moskva məxfi qərarla Milli Hökumət mövzusunu Firqə üzvləri üçün məxfiləşdirmişdi, Bakı mətbuatı üçün isə qadağan etmişdi. Bakıda yarımməxfi fəaliyyət göstərən Azərbaycan Demokrat Firqəsində hər bir kəs bunu bilirdi.

Məsələn, 1955-ci ildə Pişəvərinin jurnalistik fəaliyyəi haqda namizədlik işi yazmış Həmid Məmmədzadənin dissertasiyasında Milli Hökumət haqqında heçyox idi. Çünki sovet rejimi qayda qoymuşdu: Pişəvəridən marksist publisist kimi yazmaq: Hə! Pişəvəridən İranda Azərbaycan dövləti yaratmaq istəyən siyasi xadim kimi yazmaq: Yox! Bəs niyə Moskva Azərbaycan Demokrat Firqəsini ləğv etmirdi? Çünki İran şahı antisovet mövqedə idi, ADF isə İrana təzyiq üçün qüdrətli silah idi. Hər dəfə Sovet-İran münasibətlərində gərginlik yarananda yarımleqal Demokrat Firqəsinin aktivliyi müşahidə olunurdu, bu isə Moskvanın birbaşa diktəsini ifadə edirdi. Bunlara görə ADF-nin sovet dövrü fəaliyyətini tam sərbəst hesab etmək olmaz.

Şeyx Xiyabani haqda yazılarda Pişəvəri həm də Seyxin dövlətinin məğlubiyyət səbəblərini axtarır və öz xalqının adından tez-tez təkrar edirdi: biz bu səhvləri etməyəcəyik, biz aldanmayacağıq, biz sadəlövh olmayacağıq və mütləq qalib gələcəyik. Burada biz Pişəvərinin 70 və 71-ci saylarda, dekabrın 4-5-də - Milli Hökumət elan olunmazdan səkkiz gün əvvəl çıxmış məqalələri üzərində dayanmalıyıq. Bu məqalənin ikinci başlığı "Şeyxin səhvləri" adlanır. Qeyd edək ki, Pişəvəri bu səhvləri 8-12 abzasda çox qısa və tezisvari göztərir, lakin məsələnin prinsipial mahiyyətinə görə onları qısaca nəzərdən keçirək.

Birinci qeyd budur ki, Seyx qısa vaxtda böyük müvəffəqiyyətlər qazansa da, "müvəffəqiyyətlərin qorunmasına qadir ola bilmədi, ölümə məhkum olub getdi". Əslində Xiyabaninin müəyyən miqdar inqilabi silahlı dəstələri var idi. Amma bu dəstələr Qaradağa göndərilmişdi və bu, yəqin Tehranın hiyləgər planı idi. Bu planın bir hissəsi də Müxbirüssəltənə ilə bağlı idi: Şeyxi öldürmək üçün yollanan bu şəxs İran Demokrat firqəsinin rəhbərlərindən olmuşduŞeyxin başını bişirirdi. Səttar xan kimi Şeyxin hərəkatını da Təbrizdəki rus kazak diviziyası qan içində boğduözünü qətlə yetirdi. Müxbirüssəltənə bunun ancaq pulunu ödəmişdi. İran dövlətinin özünün belə gücü yox idi. Şeyxin meyitini Alaqapının qabağına gətirib sonra atla şəhərdə sürüdülər. Bunlar Pişəvərinin göstərdiyi detallardır. Hələ heç kim Xiyabani Dövlətini bir azərbaycançılıq faktı kimi Pişəvəri səviyyədə təhlil və təqdim edə bilməyib. Və bilməyəcək. Pişəvəri irsinə və "Novruz" imzasına qoyulan bolşevik senzurasının və qadağasının bir səbəbi də budur.

İkinci səhv kimi Şeyxin inqilaba qoşulanların hamısını gözəl niyyətlə qəbul etməsi hesab edilir. Kütləvi xalq hərəkatının rəhbəri başqa cür hərəkət edə bilməzdi. Bəlkə də İnqilabı müdafiə üçün xüsusi məxfi orqan yaradılmalı idi, bolşeviklər "Çeka"nı Oktyabr inqilabından bir ay sonra (06.12.1917) yaratmışdılar. Pişəvəri göstərir ki, "Demokrat firqəsində o zaman üzv olanların çoxusu yalnız öz mənafeyini qorumaqdan ötrü firqəyə daxil olmuşdular. Buna görə də firqənin ən ağır günlərində Şeyxi tək qoyub meydandan qaçdılar". Bu məsələdə Şeyxin şəxsi günahını axtarmaq doğru deyil. Bəlkə də inqilab qalib gələn kimi, köhnə polis tərki-silah olan kimi rus kazak diviziyasının da Təbrizdən, bəlkə bütün Azərbaycandan çıxarılmağına nail olmaq lazım idi. Lakin Şeyxinbuna, nə də inqilabı Təbrizdən uzaq ərazilərə yaymağa qüvvəsi kafi deyildi.

Şeyxin üçüncü səhvi kimi imanlı və imansız inqilabçılara fərq qoya bilmədiyi göstərilir. O, guya öz nitqlərindəki insanları, inqilabi kütləni dəyişdirici təsirə çox aludə olmuşdu. İnqilabi kütlənin toplantılarını təşkil etməyə az fikir verirdi. Pişəvəri burada inqilabın özünü qorumaq üçün strukturlar yaratması zərurətindən danışır. Yazı çıxandan dörd gün sonra (12.12.1945) Milli Hökumətin baş naziri seçilən Pişəvəri əslində özü üçün çıxardığı nəticələrdən danışırdı. Belə də etdi, qurulan hökumətin ilk tədbirlərindən biri Təbrizdəki cilah cəbbəxanasını ələ keçirmək, tərəfdarlarına silah paylamaq və fədai dəstələrini yaratmaq, Milli Ordu təşkil etmək oldu.

Şeyxin dördüncü səhvi kimi inqilabın təşkilatlanmsı, strukturlar yaratması zərurətindən danışılır. İnqilaba hücumlar olanda onun təfdarlarının sayı yox, mütəşəkkilliyi həlledici olur. Pişəvəri yazır ki, "Şeyx qiyamın axır günlərində bu məsələni başa düşdü, amma vaxt keçmişdi". Belə səhvləri nəzərə aldığına görə Pişəvərinin rəhbər işçiləri İran irticasının əlinə keçmədi və mütəşəkkil surətdə bu taya keçə bildilər.

Şeyxin beşinci səhvi: "Şeyx yalnız firqə üzvlərindən nizam-intizam gözləyirdi və çox istəyirdi ki, firqə uniforma şəkilində yaşasın. Daha firqənin hərbi təşkilatına və taktikasına əhəmiyyət vermirdi". Burada da bolşevik təcrübəsindən söhbət gedir. Onların əsas tərəfdarları müharibə istəməyən çar ordusu əsgərləri olmuşdu, hamısı hərbi formada və silahlı idilər. İran ordusu isə Xiyabaniyə tərəf keçməmişdi. Şeyx uniforma sözü ilə hərbi qüvvə yaratmağın zəruriliyini vurğulayırdı, amma o zaman İran gerçəkliyində buna böyük maddi vəsait lazım idi, bu isə Şeyxdə və onun inqilabında yox idi.

Altıncı səhv: "Şeyxin ətrafında toplaşanların içərisində sağlam əqidəli ünsürlər kənarda qalmışdı. Xain, yaltaq, saxtakar, ikiüzlü adamlar, istifadəçilər isə onun dövrəsini əhatə etmişdilər və bütün hadisələri əksinə qələmə verib həqiqəti pərdə altında saxlayırdılar". Biz deyərdik ki, İran reallığında sağlam əqidəli proletariat az idi, lazımi məktəb keçməmişdi, xüsusilə inqilabçılar içində hərbi işi bilənlər çox az idibu da Şeyxin şəxsiyyəti ilə az bağlanan məsələlər idi.

 

(Ardı var)

Rəhim ƏLİYEV

525-ci qəzet.- 2023.- 6 aprel.- S.13.