KƏLBƏCƏR

 

 

Dözmürdük biz sənin ayrılığına,

Elindən aralı qalan Kəlbəcər.

Dərbədər salaraq övladlarını,

Etmişdilər səni talan, Kəlbəcər.

 

Həsrətlə baxırdıq Murova sarı,

Çarə eyləmirdi dağların qarı.

Şükür kərəminə, ey uca Tanrı,

Dönür qucağına balan, Kəlbəcər.

 

Yağı əlindəydi ləlü gövhərin,

Vədəsiz solmuşdu şux gözəllərin.

Aldı qisasını igid ərlərin,

Ayrılıq olubdu yalan, Kəlbəcər.

 

Xanım illər boyu intizarındı,

Dəlidağ əyilməz dağ vüqarındı.

Qarşıla, öz doğma balalarındı,

İndi qucağına gələn, Kəlbəcər.

 

 

 

ŞUŞAM MƏNİM

 

 

 

Şeir, sənət beşiyisən,

Başıqarlı Şuşam mənim,

İllərlə bizi gözlədin,

Etibarlı Şuşam mənim.

 

Qovuşur indi gül-gülə,

Qoynunda Xarıbülbülə,

Bax, gəlirik gülə-gülə,

Düz ilqarlı Şuşam mənim.

 

Buludlardan yuxarısan,

Qarabağın vüqarısan

Babalar yadigarısan,

Xoş baharlı Şuşam mənim.

 

 

 

ANAMDIR

 

 

Nə qədər ürəkdən yananım olsa,

Halıma qalanım anamdır mənim.

Ayağım büdrəyib yıxılan zaman

Qadamı alanım anamdır mənim.

 

Onu əvəz etməz dünyada heç kim,

Odur güvənc yerim, qəlbimə hakim.

Bir gün köçüb getsəm, oxunsa Hökm,

Saralıb-solanım anamdır mənim.

 

O həm sirr yerimdi, həm güvəndiyim,

Tərifə söz yetməz, hansını deyim?

Bəzən nəhs gətirsə bəxtim, taleyim,

Saçını yolanım anamdır mənim.

 

Xanım SEVƏR

525-ci qəzet.- 2023.- 7 aprel.- S.15.