Şəhid Mürsəlin təbəssümü
2020-ci il oktyabrın
24-ü axşamüstü bibimoğlu Eynur mobil telefonuma zəng edib hüznlü səslə
"Mürsəl, deyəsən,
şəhid olub" deyəndə, ürək
döyüntülərimlə beynimdəki uğultu bir-birinə qarışdı.
Bibim nəvəsi Mürsəl
44 günlük müharibə
başlayanda, səfərbərliyə
çağırılmışdı.
Namazlarımda hər gün
müharibənin qələbəmizlə
bitməsini, onun sağ-salamat evə dönməsini arzu etsəm də, həyəcan öz yerindəydi. Eyni zamanda
fikirləşirdim, mən
bu qədər həyəcanlıyamsa, gör,
ata-anası nələr
keçirir. Soyuq
başsa deyirdi: bu, müharibədir, hər an hər şey ola
bilər.
Qısa tərəddüddən (Deyim? Necə deyim?)
sonra xəbəri
evdəkilərə deyəndə,
hamı əvvəlcə
şok vəziyyətinə
düşdü, sonra
ağladıq. Axşama
yaxın artıq hüzr yerində olan bibimoğlu Eynura zəng etdim: "Biz indi gələk, yoxsa sabah?" - "İndi
məsləhət deyil".
- "Telefonu Kamilə ver". Kamil Mürsəlin atası, həm də mərhum atamın bibisioğludur. Doluxsuna-doluxsuna
nəsə dedim, o isə ağlaya-ağlaya
"Belim qırıldı"
dedi, mən
yenə nəsə dedim, telefonu ondan aldılar. Sözüm ağzımda qalsa da, anladım ki, düz edib
danışığımıza son qoydular. Sonralar düşünəcəm ki, doğmasını itirən adama həddindən artıq təskinlik vermək yersizdir. Həmin vaxt zəng etməyə axı nə ehtiyac var idi, onsuz
da sabah
ora gedəcəkdik. Telefonu Eynur götürüb dedi ki, Hacı, (Sərhəd qoşunlarının
istefada olan polkovniki, Kamilin xalasıoğlu) Bərdəyə
- şəhidin nəşinə
baxmağa gedib, son ümid ona qalıb
ki, bəlkə, kimləsə səhv sala bilərlər. Sonralar həmin müharibədə
bəzən belə halların baş verdiyi məlum oldu. Axşam namazında Allaha
yalvardım, səhv olsun, hərçənd, məndə əminlik varıydı ki, şəhid olan Mürsəldir. Onu da fikirləşirdim, belə
düşünməklə başqa bir ailədə ağlaşmaya,
dərdə səbəb
oluram. Nəhayət,
Eynur zəng edib dedi ki,
Hacı Bərdədən
zəng etdi, şəhid olan Mürsəliymiş...
lll
Həyatda adama adi gələn
elə anlar olur, skleroz olmasa,
onlar ömrümüzün
sonuna qədər yadımızda qalır. 1995-ci ilin isti iyul
günlərindən biri
idi, tələbəydim,
Sankt-Peterburqdan Bakıya
yay tətilinə gəlmişdim. Adətən, hər tətildə rəhmətlik Məçi
(Məhluqə) nənəmi
gedib görürdüm,
arada nənəmgillə
qonşu olan Sevil bibimgilə baş çəkirdim.
Bürkülü bir gün, axşamüstü yenə
bibimgildəydim. Bibimin yoldaşı
rəhmətlik Telman əmiylə televizora baxa-baxa nə barədəsə söhbət
edirdik, Mürsəlsə
şirin yuxudaydı.
Birdən onun üzünə təbəssüm
qondu, babasıyla mən eyni anda
ona baxdıq, Mürsəlin üzündəki
təbəssüm bir
az da
böyüdü, gözlərini
yarı açıb nəsə deyib güldü, Telman əmiylə bir-birimizə
baxıb güldük.
Düzdür, adamlar bütün
yaşlarında yuxuda
gülürlər. Mürsəlin xoşbəxtliklə məsumluğun
cəm olduğu təbəssümündə isə
sanki "dünyada pislik deyilən şey yoxdur, bütün insanlar safdır" yazılmışdı.
lll
Dəfn günü Dədə Qorqud qəbiristanlığında
atam əsa ilə izdihamı yara-yara Mürsəlin nəşinin qoyulduğu Azərbaycan bayrağına
bükülmüş mafəyə
tərəf tələsirdi. Tutub saxlamaq
istəyəndə əliylə
əlimi geri itələdi. Qəfil
beş-on il
öncə 90-cı illərin
Qarabağ müharibəsiylə
bağlı atamın
mənə dediyi bu sözlər yadıma düşdü:
"Bizim qohumlardan o müharibədə şəhid
olan olmadı". O zaman atamın bu etirafına görə qıcıq olmamışdım. Elə indi
də mafəyə tərəf gedən atamı qınamırdım,
sadəcə, fikirləşirdim,
görən, dediyi o sözlər atamın yadına düşür?
Kamil oğlunun üçündə
dərindən köks
ötürüb dedi:
"Oğlum doğulanda
elə bilirdim, daha müharibə olmayacaq. Ümidliydim ki, məsələ
sülh yoluyla həll olunar". Kamil o günlərdə bəzən
kədərinə güc
gələ bilirdi, bəzənsə yox.
Şəhidin anası, bibimqızı
Lalə ağrı-acını
içindən keçirsə
də, təmkinin gücünə toparlanırdı,
demək olar, bütün hüzrlərdə
mən onda təmkinin emosiyaya qalib gəldiyinə şahid oldum.
Mürsəllə Vətən müharibəsində
iştirak etmiş onun taqım komandiri Rüfət Mustafayev deyir: "Onunla müharibədə
o qədər doğmalaşmışdım
ki, şəhid olanda, elə bildim, öz övladımı itirdim. Ölümündən bir gün əvvəl avtobusla gedəndə bizdən bir az aralı
yola mina atdılar, sağ qalmağımıza
şükür etdik,
yaralanan da olmadı".
Döyüş yoldaşı Rza
Poladlı cəbhə
marşrutunu belə təsvir edir: "Sentyabrın sonu rabitə taqımımızı
Perəküşkül bazasında
təlimə apardılar.
Sonrakı günlər Horadizdə,
Cəbrayılın işğaldan
azad olmuş Daşkəsən kəndində
olduq. Nəhayət, oktyabrın 23-də Kürdlər kəndinə
gəlib çıxdıq.
Piyada getdiyimiz yollarda suyumuz qurtaranda, palçıqlı suyu şüşələrə doldurub,
içinə xlor atıb içirdik. Biz Kürdlər kəndində
olanda, atışma-filan
yox idi deyə,
elə bilirdik, mina atmazlar". - "Bəs Kürdlərə çatmamış sizə
mina atanda, bomba səsləri eşidəndə
qorxu hissi olurdu sizdə?" -
soruşuram. "Əlbəttə, qorxunun heç olmaması mümkün deyil. Amma Mürsəl o hissi
gizlədə bilirdi, gülürdü, dostlarıyla
zarafat edirdi".
Yaxın
dostu Tural Qarayev: "Mürsəllə
tanışlığımız 888 saylı hərbi hissədə oldu. Səfərbər olunanlar ora toplanmışdı. İlk gündən
onunla söhbətimiz
alındı. Onların qrupuna
daxil olanda heç kimi tanımırdım. Mürsəl özü də orda olmağına baxmayaraq, yaxın münasibətdə olduğu
dostu yoxuydu. Gündən-günə dostluğumuz möhkəmlənirdi,
hələ cəbhə
bölgəsinə yollanmamışdıq.
Demək
olar ki, qardaş kimi yaxın olmuşduq. Həmin gün ilk istirahət günümüzüydü, artıq
nahaq etmişdik.
Təhlükənin nə olduğu
ağlımıza gəlmirdi,
Mürsəl həmişəki
kimi yanımda idi. Həmin gün ailəmizlə
danışmışdıq. Anidən partlayış oldu. Düşmən tərəfdən minaatanlardan atəş açıldı. Hər kəs
qaçmağa başladı.
Onlar qaçanda ikinci dəfə minaatanlardan atdılar, mən göyə qalxıb sürətlə yerə çırpıldım. Gözümü açanda qışqırıq
səsləri eşidirdim.
Mən Mürsəlin,
Fərhadın, Rövşənin
yerdə cansız vəziyyətdə uzandığını
gördüm. Mürsəl
məndən on-on beş metr aralıdaydı, tərpənə
bilmirdim, onun adını qışqıra-qışqıra
ağlayırdım, elə
bilirdim yaralanıb. Məni və İsmayılı xərəklə ordan çıxartdılar. Onun şəhid
olduğunu xəstəxanaya
çatanda bildim.
Allah şahiddir ki, özümçün
heç nə istəmirdim, ancaq onun adını qışqırırdım, həkimlər
məni sakitləşdirməyə
çalışırdı. Bu, həyatda ilk ən
böyük itkim idi. Mənim doqquz aylıq
bir oğlan övladım var, adını Mürsəl qoymuşam. Evimizdə daha bir qəhrəman Mürsəl
böyüyür".
Mürsəlin nəşini Bərdədə
görən Hacı deyir, üzündə gərgin bir təbəssüm vardı. "Ağlaya-ağlaya onu bağrıma basdım, sonra gördüm, gözləri yumuldu, təbəssüm hələ
də üzündə
qalmışdı," - əlavə
edir.
Bilmirəm, "Torpağın üzü
soyuqdur" məsəli
nə dərəcədə
düzgündür, çünki
insan qəbiristanlığa
gedəndə, əlini
vurduğu torpaq, məzar daşı qəlbində əvvəlki
istiliyini saxlamasa da, tam soyumur. Amma şəhid qəbirləri
heç vaxt soyumur, məncə, çünki orda yaranan qürur atmosferinin verdiyi istilik daimi olur.
lll
Mürsəl
uşaqlığında yuxuda
gülümsədi, yetkinlik yaşında
təbəssüm üzündən əskik olmadı. Nəhayət,
şəhidlik zirvəsinə ucalanda belə,
təbəssümünü bu dünyaya qoyub o biri aləmə köçdü. Elə bilirəm, o dünyada da, Qiyamət günü Allah qarşısında 70 yaxını üçün şəfaət istəyəndə
də, təbəssümüylə, nurlu
simasıyla ətrafını işıqlandıracaq.
Alpay
AZƏR
525-ci qəzet.- 2023.- 7 aprel.- S.14.